14 Mart 2025

Cümə, 23:29

AVROPANIN ARTIQ ÇƏKİSİ

27 ölkəni birləşdirən Avropa İttifaqı növbəti dəfə öz çəkisinə tab gətirə bilmir

Müəllif:

01.07.2008

Avropada birlik yoxdur və yaxın vaxtlarda da gözlənilmir. İyunun 12-də İrlandiyanın Avropa İttifaqının Lissabon müqaviləsindən imtinası bu tezisi bir daha təsdiqlədi. Qeyd edək ki, bu sənəd 2005-ci ildə qurumun digər üzvləri - Fransa və Niderlandda keçirilən referendumla tənəzzülə uğramış Avropa Konstitusiyasını əvəz etməli idi.

Bu tezisin əsaslı olduğu sözügedən səsvermənin ardından Aİ üzvü olan dövlət və hökumət başçılarının iyunun 20-21-də Brüsseldə keçirilən ikigünlük sammitində də bir daha sübuta yetirildi.

Etiraf etmək lazımdır ki, bu qərar Avropa hökumətlərini "dalana dirəyib". Aİ-yə yeni üzvlərin qəbulundan sonra qurumun hazırkı konstitusiyası əvvəlki effektini itirib, islahat cəhdi isə artıq neçənci dəfədir uğursuzluqla nəticələnir.

Qeyd edək ki, İrlandiyanın Aİ-nin islahatları nəzərdə tutan və ötən ilin dekabrında Lissabonda imzalanmış müqaviləni rədd etməsi Avropa dövlətləri üçün gözlənilməz olub. Çünki artıq quruma üzv olan 18 ölkə tərəfindən təsdiqlənmiş bu sənədin İrlandiyada bu cür qarşılanacağını heç kəs düşünmürdü: hər halda, bu ölkədə keçirilən rəy sorğuları burada sənədin iflasa uğrayacağını deməyə əsas vermirdi. Lakin sənədin qəbulu üçün ümumxalq referendumunun keçirildiyi yeganə dövlət olan İrlandiyada əhali ona "yox" dedi. Bununla da irlandiyalıların "səyi" nəticəsində Lissabon müqaviləsi də özündən əvvəlki sənədin - Avropa Konstitusiyasının taleyini yaşadı.

Qurumun sammitində İrlandiyanın baş naziri Brayan Kouenin "dalandan çıxış yolu"nu görmədiyini etiraf etməsi isə vəziyyəti daha da qəlizləşdirib.

Həqiqətən də, irlandiyalıların böyük hissəsinin - 54%-nin sənədi rədd etməsi avrointeqrasiyanın tərəfdarını faktik olaraq həlli mümkünsüz problemlə üz-üzə qoyacaq.

Məsələ bundadır ki, Lissabon müqaviləsinin qəbulu həm də ona görə vacib idi ki, bu sənəd Avropa İttifaqının prezidenti postunu, həmçinin de-fakto ümumi xarici işlər naziri vəzifəsini yaratmaqla yanaşı, qurum daxilində bu və ya digər qərarın qəbulu üçün konsensus prinsipinin ləğvini də nəzərdə tutur.

Vaxtilə - Aİ-nin cəmi 15 üzvü olduğu zaman qərarların konsensusla qəbulu prinsipi, müəyyən mənada, işlək mexanizm sayılırdı. Amma sonrakı proseslər göstərdi ki, artıq 27 üzvü olan birlikdə bu yolla qərarların qəbulu mümkün olmur. Və sıraları getdikcə genişlənən Aİ artıq öz çəkisinə tab gətirmir, yaradılmış sistem istənilən prinsipial siyasi və ya iqtisadi məsələyə dair səsvermə zamanı dağılır. 

Lakin daha effektiv "çoxluq prinsipi"nin əldə edilməsi üçün bu dəfə də bütün ölkələrin yekdil qərarı lazım idi. Və 2005-ci ildən fərqli olaraq, bu gün artıq cəmi bir səs islahatların iflasa uğraması üçün kifayət oldu.

İndi artıq Avropa Komissiyası onsuz da "prinsipsiz sənəd" adlandırılan Lissabon müqaviləsindən də "sadə" sənəd üzərində işləməli olacaq. Düzdür, Aİ-yə üzv dövlət başçıları İrlandiyada təkrar səsvermənin keçirilməsi haqda da qərar verə bilərlər. Lakin bunun üçün onlara bir müddət gözləmək lazım gələcək.

 

Sonunda işıq görünməyən tunel

Avropa mətbuatının yazdığına görə, istənilən halda Avropa İttifaqı hökuməti Lissabon müqaviləsinin qalan səkkiz dövlətdə, həmçinin ənənəvi "separatçılar" istehkamı olan Böyük Britaniya və onun yeni müttəfiqi Çexiyada da ratifikasiya edilməsinə nail olmaq fikrindədir. "İrlandiya presedentinin böhrana çevrilməməsi üçün digər dövlətlər ratifikasiyanı davam etdirməlidirlər", - deyə iyulun 1-dən Avropa İttifaqına rəhbərlik edəcək Fransa prezidenti Nikolə Sarkozi bildirib.

Lakin Avropa liderlərinin əzmi hələ ki bundan o tərəfə keçmir. Ümumi situasiyanı şərh edən İrlandiyanın baş naziri Kouen də bildirib ki, hələ ki prosesi "nə irəli, nə geriyə hərəkət etdirmək mümkündür". 

İnteqrasiya prosesinin lokomotivlərindən biri olan Fransa isə İrlandiyada təkrar səsvermənin keçirilməsini lazım bilir. Bununla yanaşı, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Jan-Pyer Juye hesab edir ki, Dublini təkrar səsvermə üçün tələsdirmək lazım deyil.

İrlandiyanın özündə isə hələ ki bu ideyaya bir qədər soyuqluqla yanaşırlar. "Mən məsələnin təkrar səsverməyə çıxarılması perspektivini təsəvvür edə bilmirəm. Axı bunun (səsvermənin iflasla nəticələnməsinin) daha bir dəfə baş verməsi həm Avropaya, həm də İrlandiyanın özünə daha böyük zərər vura bilər",- deyə AFP agentliyinin məlumatına görə, fransalı həmkarının çağırışına cavab verən irlandiyalı Konor Lenixan qeyd edib.

Qeyd edək ki, təkrar səsvermə presedenti bir vaxtlar artıq İrlandiyada yaşanıb. 2000-ci ildə bağlanmış Nissa müqaviləsi 2001-ci ilin iyununda keçirilmiş referendumda xalq tərəfindən rədd edilib. Lakin bir il sonra sənədə ölkənin neytrallığına zəmanəti verən düzəlişlərin edilməsindən sonra o, yenidən səsverməyə çıxarılaraq qəbul olunub.

Avropa İttifaqında yaranmış vəziyyətə qayıdaraq qeyd edək ki, Lissabon müqaviləsinin iflasından sonra ilk sammitə toplaşan qurum liderləri birlik daxilində islahatlarla bağlı hər hansı qərara gələ bilməyiblər. Böhranlı vəziyyətin müzakirəsi payızadək təxirə salınıb, avropalı liderlər bir-birlərini tənqid ediblər, avropalı məmurlar isə gərgin vəziyyəti bir qədər aradan qaldırmaq üçün sammitdə başqa məsələləri müzakirə etməyə üstünlük veriblər. Slovakiyanın 2009-cu ilin ilk günündən "avro zonası"na qəbuluna dair qərar çıxarılıb, İrana əlavə sanksiyalar tətbiq olunub, eyni zamanda ABŞ-ın istəyinə zidd olaraq, Kubaya qarşı sanksiyalardan imtina edilib.

Sammitdə digər məsələlər müzakirə olunsa da, hər halda, İrlandiya səsverməsi diqqətdən kənarda qalmayıb. Və yaranmış böhrandan çıxış yolu axtarması üçün rəsmi Dublinə daha 4 ay vaxt verilib. 

Bu isə o deməkdir ki, hələ ən azı 4 ay müddətində yekdil konsensus prinsipinə əsaslanan səsvermə qüvvədə qalır. Demək, daxili böhran da davam edir.

Avropa liderləri yaranmış böhranın aradan qaldırılması üçün rəsmi Dublinin özündən hər hansı plan gözləyib-gözləmədiklərini açıqlamayıblar. Halbuki İrlandiyanın özü bunu vacib sayır: ölkənin baş naziri Brayan Kouen prosesin davam etdirilməsi üçün "səsvermənin nəticələrinin analizi və mümkün imkanların öyrənilməsi üçün vaxta ehtiyac olduğunu" bildirib.

Ekspertlər hesab edir ki, Avropa İttifaqının "dalan"dan çıxması üçün iki yolu var. Onlardan birincisi "iki müxtəlif sürətli Avropa" adlanır və burada qurumun bəzi üzvləri daha geniş inteqrasiya proseslərini davam etdirdiyi halda,  digərləri Aİ daxilində qalsa da, hələlik bu prosesə qatılmır. İkinci yol isə yeni baza müqaviləsinin hamını qane edən variantının hazırlanmasına qədər islahatların "dondurulması"dır.

Mətbuatın məlumatına görə, son sammitdə Almaniya kansleri Angela Merkel birinci variantın qəti əleyhinə çıxıb. O hesab edir ki, irəli getmək lazımdırsa, bu hamılıqla olmalıdır: "Biz Avropa müqavilələrinin yekdilliklə qəbul edilməsinə nail olmalıyıq. Başqa yol yoxdur".

Onun italiyalı həmkarı, baş nazir Silvio Berluskoni isə başqa cür düşünür. Avropa ideyası, daha dəqiq desək, hazırda onu irəli çəkənlər Berluskonini məyus edirlər. "Mən iki il əvvəllə müqayisədə Avropanın necə gerilədiyini görürəm",- deyə İtaliya hökumətinin başçısı bildirib. Berluskoni hesab edir ki, Avropanın hazırkı liderləri "daha kiçik şəxsiyyətlərdir". O bu fikrini vaxtilə qurumda Böyük Britaniyanın baş naziri Toni Bler, İspaniya hökumətinin başçısı Xose Mariya Asnar, Almaniya kansleri Herhard Şröyder və Fransa prezidenti Jak Şirak kimi simaların olmaları ilə əsaslandırıb.

"İslahatlar haqda müqavilə" və ya Lissabon müqaviləsi Aİ üzvü olan ölkələrin liderləri tərəfindən 2007-ci ilin dekabrında Portuqaliyanın paytaxtında imzalanıb və indiyədək qurumun 27 üzvündən 19-u sənədi ratifikasiya edib. Müqaviləni təsdiqləyən ölkələr Avstriya, Böyük Britaniya, Bolqarıstan, Yunanıstan, Litva, Latviya, Lüksemburq, Malta, Polşa, Portuqaliya, Fransa, Rumıniya, Almaniya, Slovakiya, Sloveniya, Danimarka, Macarıstan, Finlandiya və Estoniyadır.

Lakin İrlandiyadan başqa da "zəif bənd"lər var və onların sırasında, ilk növbədə, Çexiya ilə Polşanın adını çəkmək olar. Avropa mətbuatının məlumatına görə, bu ölkələrin "avroskeptik prezidentləri" hələ də problemlər yaratmaqdadırlar. Çexiyanın dövlət başçısı Vaslav Klaus hesab edir ki, İrlandiyadakı referendumun nəticələrinin mənfi olması "demokratiya və ağılın Avropa bürokratiyası üzərində qələbəsidir".

Ekspertlərin bildirdiyinə görə, İrlandiya sakinlərinin əksəriyyəti sözügedən sənəddə Avropa İttifaqının milli qanunvericilikdən üstün tutulmasına qarşıdır. Bundan başqa, Aİ-nin hərbi aspektinin qabardılması ehtimalı da irlandiyalıları qane etmir. Onlar hesab edir ki, bu, İrlandiyanın neytrallıq siyasətinə təhlükə yarada bilər.

 

Ağır gəmi

Beləliklə, Avropa İttifaqının getdikcə genişləndirilməsi bu qurum üçün ciddi problemlər yaradıb və yaratmaqda davam edir. Həqiqətən də, ayrı-ayrı suveren dövlətlərin xalqlarının bir anın içində tam suverenlikdən imtina edəcəyini gözləmək çətindir. Ayrı-ayrı dövlətlər milli qurumlardan üstün  institutların yaradılması ideyasını müsbət qarşılamırlar və bu da təəccüblü deyil: əgər kimsə hesab edirsə ki, demokratik Avropa millətçilik kimi "arxaik" anlayışı geridə qoyub, o, kökündən yanılır. Avropa xalqları üçün hələ də milli, müəyyən qədər dini mənsubiyyət, ənənələrə sadiqlik və milli mühafizəkarlıq az rol oynamır. Avropada olanlar bunu təsdiqləyə bilərlər. Özü də ayrı-ayrı dövlətlərin daxili və xarici siyasətin vacib məqamlarına yanaşmaları ənənəvi olaraq müxtəlifdir.

Əvvəlcə anqlosaks emiqrantlar tərəfindən yaradılmış, sonra isə qanlı döyüşlər nəticəsində birləşmiş ABŞ-dan, həmçinin subyektlərini heç də könüllü şəkildə birləşdirməyən Rusiyadan fərqli olaraq, Avropa ölkələri öz tarixlərində belə hallarla üzləşməyiblər. Ayrı-ayrı Avropa ölkələri çoxəsrlik tarixə malikdirlər. Və nisbətən "cavan" demokratiya və kosmopolitizm prinsiplərinin bu dövlətlərin suverenliyini üstələməsi asan deyil: genetik yaddaş çox mürəkkəb nəsnədir və yüzilliklərboyu formalaşır. Üstəlik, nəzərə alınmalıdır ki, Avropada bütün sahələrdə - idmandan başlayaraq, iqtisadiyyata qədər - "millətlərarası yarış" qalmaqdadır. 

Ekspertlərin fikrincə, hazırkı durumun yaranmasının əsas səbəblərindən biri Avropa İttifaqının "pioner"lərinin yuxarıda qeyd olunan çoxsaylı prinsipləri nəzərə almadan genişlənmək istəyidir. Ənənələrə əsaslanan mühafizəkar Avropa Köhnə Dünyanın özündə də aparıcı rol oynamağa başlamış Birləşmiş Ştatların hakim mövqeyə yiyələnməsini çətinliklə həzm edirdi. Bu, xüsusilə SSRİ-nin dağılmasından sonra hiss edilməyə başlamışdı. Buna cavab isə yalnız birləşmək və güclü əks tərəfin yaradılması ola bilərdi. Lakin göründüyü kimi, bu stimul Avropanın bünövrəsinə möhkəmlədici təsir göstərmədi. Avropa İttifaqı de-yure yaradılsa da, de-fakto çiyin-çiyinə addımlayan vahid cərgəni yox, "dişi və dırnağı ilə" özünə ön sıralarda yer etməyə çalışan dağınıq dövlətlər yığınını xatırladır.

İtaliyanın baş naziri ilə də qismən razılaşmaq olar. İdeyalar ətrafında birləşmək mümkündür, lakin onu güclü şəxsiyyətlər həyata keçirməlidir. Tək şəxsiyyətin mövcudluğu isə daha yaxşı olardı. Lakin Avropaya yaxın gələcəkdə bunu gözləmək mümkün deyil.

Odur ki yaxın bir neçə ildə biz təkrar-təkrar eyni nəticəni müşahidə edəcəyik. Çünki Aİ-də hazırda mövcud olan "qu, durnabalığı və xərçəng" situasiyasında son nəticənin əldə edilməsi üçün illərlə gözləmək lazımdır... 


MƏSLƏHƏT GÖR:

446