
İLHAM ƏLİYEVİN QƏLƏBƏSİNƏ ŞÜBHƏ YOXDUR
Rəy sorğuları göstərir ki, əhalinin əksəriyyəti hazırkı prezidentə alternativ görmür
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Oktybarın 15-də Azərbaycanda prezident seçkisi keçiriləcək. Bununla əlaqədar olaraq, Milli Məclis ölkənin Seçki Məcəlləsini müzakirəyə çıxararaq, ona əlavə və dəyişikliklər etdi. Redaktə xarakterli dəyişiklikləri nəzərə almasaq, diqqətçəkən və mübahisəyə səbəb olan əsas məqamlar seçki kampaniyası müddətinin 4 aydan 75 günə enidirilməsi, seçki girovu vasitəsilə namizədin qeydə alınması təcrübəsinin ləğvi, həmçinin prezidentliyə və deputatlığa namizədlərin seçki fondunun miqdarının dəfələrlə artırılması oldu. Müxalifətin təbəblərinə rəğmən, siyasi baxımdan ən kəskin mübahisə doğuran məsələyə - seçki komissiyalarının formalaşdırılması qaydasına dəyişiklik edilmədi.
Seçki kampaniyasının rəsmən başlanmasına bir aya yaxın vaxt qalsa da, ölkədəki siyasi ab-hava seçkiqabağı situasiyanı az xatırladır. Düzdür, bəzi siyasi qüvvələr və birliklər seçkini boykot edəcəklərini açıqlayıblar, digər partiya və siyasi liderlər prosesə qatılacaqlarını bildirirlər və s. Lakin bu qüvvələrin heç birinin siyasi prosesləri öz istədikləri istiqamətə yönləndirmək şansları yoxdur.
Yerli və əcnəbi analitiklər və müşahidəçilərin böyük əksəriyyəti əmindir ki, bu ilin payızında Azərbaycanda keçiriləcək prezident seçkisinin qalibi hazırkı dövlət başçısı İlham Əliyev olacaq. Keçirilən rəy sorğuları göstərir ki, qarşıdan gələn seçkidə müxalifət vahid namizədlə mübarizə aparsa belə (hərçənd, müxalifət cəbhəsinə nəzər saldıqda onların yarışa vahid namizədlə qatılmaq ehtimalının az olduğu görünür), onların hazırkı prezidentə qalib gəlmək şansı yoxdur.
İlham Əliyevi isə sıralarında yüz minlərlə insanı birləşdirmiş Yeni Azərbaycan Partiyası, həmçinin çoxsaylı müttəfiq partiyalar, nüfuzlu ictimai birliklər dəstəkləyir.
Aparılan əksər sorğuların nəticələrinə görə, xalqın inandığı siyasətçilər sırasında İlham Əliyev lider mövqeyini qoruyub-saxlayır. İlin əvvəlində "Puls-R" sosioloji xidmətinin bu yazının müəllifinin rəhbərliyi ilə keçirdiyi sorğu göstərib ki, ölkədə sabit atmosfer hökm sürür, insanların maddi durumu isə yavaş-yavaş olsa da yaxşılaşır.
Diaqramlardan göründüyü kimi, bu ilin payızında keçiriləcək prezident seçkisinə maraq kifayət qədər yüksəkdir.
Qeyd edək ki, mayın ortalarında "Rəy" Monitorinq Mərkəzinin keçirdiyi ümumxalq sorğusunun nəticələri də analojidir.
Seçkinin demokratik keçirilib-keçirilməyəcəyi ilə bağlı sualı cavablandıranların əksəriyyəti praqmatik olaraq belə düşünür ki, prosesdə müəyyən pozuntular qaçılmaz olsa da, nəticə həqiqətən də xalqın iradəsini əks etdirəcək.
Bununla yanaşı, respondentlərin böyük əksəriyyəti hazırkı dövlət başçısına alternativ görmür.
Alternativ olaraq, birinci ledi Mehriban Əliyevanın adının çəkilməsi isə cəmiyyətdə ona olan pozitiv münasibətin və birinci xanımın artan siyasi çəkisinin göstəricisidir. Digər tərəfdən, M.Əliyevanın seçkiyə qatılmayacağına şübhə yoxdur, bu isə birinci xanımın səslərinin də İ.Əliyevə veriləcək səslərin üzərinə gəlməsi deməkdir.
"Puls-R" tərəfindən keçirilən sorğu nəticəsində hazırkı prezidentə əsas alternativ kimi daha çox Müsavat Partiyasının başqanı İsa Qəmbərin adı çəkilsə də, onu dəstəkləyənlərin sayı o qədər də çox deyil. Bu, "Rəy" MM-in sorğusu ilə də təsdiqlənir: respondentlərin cəmi 1,4 %-i İ.Qəmbərə səs vermək fikrində olduqlarını bildirib.
Seçkiyə qatılmaq fikrində olduğunu bildirən Müsavat rəhbərinin, bununla belə, məsələni hələ də açıq saxlaması da məhz bununla bağlıdır.
"Puls-R" tərəfindən keçirilən sorğunun nəticəsinə görə, digər mümkün namizədlər ümumilikdə cəmi 5,6% səs toplayır (sorğu açıq formada keçirilib və respondentlər Əli Kərimli, Lalə Şövkət, Rəsul Quliyev, Eldar Namazov, Etibar Məmmədov və Ayaz Mütəllibovun adlarını çəkiblər).
Sabiq spiker R.Quliyev və keçmiş prezident A.Mütəllibovun seçkiyə qatılması uzun müddətdir ölkədən kənarda yaşamaları və barələrində cinayət işinin olması üzündən mümkün deyil.
AXCP sədri Ə.Kərimli və liberal-demokratların lideri Lalə Şövkət isə seçkini boykot etmək qərarı veriblər. Onlar bu qərarlarını hakimiyyətin Mərkəzi Seçki Komissiyasının tərkibini dəyişməyə razılaşmaması və ölkədə azad və ədalətli seçkinin keçirilməsi üçün şəraitin olmaması ilə əsaslandırıblar.
Amma bir məsələ də var ki, Azərbaycan qanunvericiliyi aktiv boykotu vətəndaşların sərbəst səsvermə hüququnun pozulması kimi qiymətləndirir və buna icazə vermir, seçkilərdə kvoruma ehtiyac olmaması isə bu aksiyanı ümumiyyətlə mənasızlaşdırır.
Digər potensial namizədlərə gəldikdə, Etibar Məmmədov hələ ki gözləməyə üstünlük verir və niyyətini açıqlamır. Onu başa düşmək olar: E.Məmmədovun lideri olduğu Milli İstiqlal Partiyası çoxsaylı parçalanmalardan sonra acınacaqlı durumdadır. Partiyanın lideri isə ötən prezident seçkisində cəmi 3% səs toplayıb, parlament seçkisində isə iflasa uğrayaraq, öz dairəsində heç ikinci də yox, üçüncü yeri tutub.
Payızda keçiriləcək seçkiyə qatılmaq niyyətini daha fəal şəkildə nümayiş etdirən "Azərbayan naminə" İctimai Forumun rəhbəri Eldar Namazovdur. Ötən prezident seçkiləri zamanı onun namizədliyini qeydə almaqdan imtina etmişdilər. Və bu gün E.Namazov işə ikiqat entuziazmla başlayır.
Amma özünü müstəqil namizəd kimi göstərən E.Namazovun siyasi müxalifətin müəyyən hissəsinin dəstəyini əldə etmək şansı yoxdur. Hər halda, hələ ki E.Namazovun səyləri nəticə vermir və müəyyən qədər məşhur olan partiyalardan heç biri onun namizədliyini irəli sürmək və kampaniyasını həyata keçirmək fikrində deyil. QHT-lərin isə qanuna əsasən, siyasi mübarizəyə qatılmaq hüququnun olmadığını nəzərə alsaq, bu gün E.Namazov yalnız ayrı-ayrı şəxslər və vətəndaş cəmiyyətinin fəallarının dəstəyinə bel bağlaya bilər.
Odur ki E.Namazova namizədliyinin qeydiyyata alınması üçün 40 min imza toplamaq heç də asan olmayacaq.
Bütün bunlara baxmayaraq, E.Namazov seçki qərargahına bənzər struktur yaradıb və və hazırlıq işi aparır.
Digər namizədlərdən Milli Məclisin üzvü, Böyük Birlik Partiyasının sədri Fazil Qəzənfəroğlunun, "Ümid" partiyasının lideri, deputat İqbal Ağazadənin adlarını çəkmək olar. Sosial-Demokrat Partiyasının rəhbəri Araz Əlizadə, yerli "Yaşıllar" partiyasının həmsədri Mais Güləliyev və digərləri də seçki kampaniyasına qoşulmağa hazırlaşdıqlarını vur-ğulayıblar. Əgər onlar üçün maliyyə qaynaqları yaranarsa, efir imkanı verilərsə və populizm yarışına qatılmalarına şərait yaradılarsa, onda onlar daha nüfuzlu namizədlərin səslərinin bir hissəsini ala bilərlər.
Müxalifətin İlham Əliyev üzərində qələbə qazanmaq imkanı olmasa da, onların heç olmasa hazırkı prezidentin opponentlərinə rəqib qismində çıxış etməsinin yeganə yolu vahid namizəd ətrafında birləşməkdir.
Lakin müxalifət sıralarındakı əhval-ruhiyyəyə nəzər salmaq, buna inanmaq çox çətindir.
Beləliklə, qüvvələr nisbəti və keçirilən ictimai rəy sorğuları göstərir ki, hazırkı dövlət başçısı İlham Əliyev tam demokratik seçki ilə təkrar prezident seçilə bilər.
MƏSLƏHƏT GÖR: