
İLK DƏFƏ QAFQAZDA
Rusiyanın yeni prezidenti Dmitri Medvedev dövlət başçısı qismində qafqaza ilk səfərinə gəlir
Müəllif: Fuad AXUNDOV, politoloq Bakı
İyulun əvvəlində Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana baş tutacaq səfəri, əlbəttə ki, həm ikitərəfli münasibətlərdə, həm də ümumilikdə ölkəmizin siyasi həyatında mühüm hadisə olacaq. Rusiyanın yeni dövlət başçısının postsovet məkanında ikinci səfərini (Qazaxıstandan sonra) Azərbaycana etməsi faktı iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsinin, Şimal qonşumuzun xarici siyasi maraqlar strukturunda Azərbaycanın prioritet yer tutmasının daha bir göstəricisidir.
Son illər iki ölkə arasında bir çox istiqamətlərdə - iqtisadi-ticari, siyasi, humanitar və s. qarşılıqlı fəaliyyət dinamik şəkildə inkişaf edir. Ötən ilin yekunlarına görə, Rusiya Azərbaycanın Türkiyədən sonra ikinci iqtisadi-ticari tərəfdaşı olub. Ölkələrimizin ayrı-ayrı nazirlikləri və qurumları, həmçinin güc strukturları arasında da əməkdaşlıq fəal surətdə inkişaf edir.
Azərbaycan-Rusiya dövlət sərhədlərinin delimitasiyası ilə bağlı işlər də konstruktiv məcrada aparılır. Bundan başqa, Bakı ilə Moskva arasında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsinin razılaşdırılması kimi vacib məsələ ilə bağlı da qarşılıqlı etimada söykənən dialoq gedir.
Ötən il iyunun 16-da keçirilmiş Xəzəryanı dövlət başçılarının Tehran sammitində prezident İlham Əliyev Azərbaycan, Rusiya və Qazaxıstan arasında Xəzərin dibinin orta xətt prinsipi ilə bölüşdürülməsinə dair ikitərəfli razılaşmaların əldə edilməsini yüksək qiymətləndirərək bildirmişdi ki, bu, dənizin yekun statusunun müəyyənləşdirilməsinin özülü və vacib hissəsi sayılmalıdır. Bu səbəbdən, Bakı sammitinin gedişində bu istiqamətdə də konstruktiv dialoqun aparılması üçün yaxşı imkan var.
Bununla yanaşı, əminliklə söyləmək olar ki, əvvəlki görüşlər və sammitlərdə olduğu kimi, bu dəfə də iki ölkə prezidentləri əsas diqqəti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə yönəldəcəklər. Məlum olduğu kimi, rəsmi Moskva bu il martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasında səsə qoyulmuş "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" qətnaməsinin əleyhinə səs verib. Azərbaycan mətbuatının yazdığı kimi, sonradan Rusiya tərəfi ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini bəyan etsə də, Moskvanın Nyu-Yorkda keçirilən səsvermədəki demarşı iki ölkə arasındakı münasibətlərdə müəyyən gərginliyin yaranmasına səbəb oldu.
Görünən odur ki, Bakıda Azərbaycan tərəfi, əsasən, bu məsələyə diqqət ayıracaq və sözügedən münaqişənin Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədləri çərçivəsində həllinə nail olunması üçün Moskvanın daha fəal və davamlı mövqe tutmasına səy göstərəcək.
Obyektivlik naminə qeyd etmək lazımdır ki, bu cür yanaşma Medvedevin şəxsi mövqeyinə də uyğundur. Belə ki, Kremlin yeni sahibi öz açıqlamalarında dəfələrlə bəyan edib ki, dünyada idarəolunan inkişaf üçün əsas şərt daxili və beynəlxalq məsələlərdə hüquq normalarına əməl edilməsidir.
İyunun 5-də Berlində Almaniya-nın siyasi və ictimai dairələrinin nümayəndələri ilə görüşü zamanı etdiyi çıxışında Rusiya prezidenti bildirib ki, onun ölkəsi beynəlxalq məsələlərdə hüququn aliliyinə, bütün dövlətlərin, ilk növbədə aparıcı ölkələrin beynəlxalq hüquqa əsaslanmasına israr edəcək.
XII Peterburq Beynəlxalq İqtisadi Forumundakı çıxışında isə D.Medvedev Rusiyanın qlobal oyunçu olduğunu, dünyanın tale-yindəki məsuliyyətini hiss etdiyini, "yeni oyun qaydalarının formalaşdırılmasında iştirak etmək istədiyini" bildirib. Bununla yanaşı, prezident qeyd edib ki, Moskvanın bu istəyi bədnam "imperiya ambisiyalarından" irəli gəlmir, Rusiyanın bunun üçün imkanlar və müvafiq resurslara malik olması ilə əlaqədardır.
Ermənistan-Azərbaycan münaqişəsi isə qanunun aliliyinin çoxdan təsdiq edilməli olduğu bir sahədir. Yəqin ki, Bakı görüşü zamanı Azərbaycan prezidenti rusiyalı həmkarının diqqətini artıq uzun illərdir ki, Bakının etirazına baxmayaraq, bəzi Rusiya şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərməsinə də yönəldəcək.
Söhbət, əsasən, telekommunikasiya və bank xidmətləri sahəsində fəaliyyət göstərən qurumlardan gedir.
Müxtəlif çəkiliş qrupları və jurnalistlərin Azərbaycanın bu regionunu rəsmi Bakının icazəsi olmadan ziyarət etməsi də qəbuledilməzdir. Bakı ümid edir ki, Moskvanın daxili və xarici siyasətində hüquqi qayda-qanunun yaradılması kimi prioriteti belə halların aradan qaldırılmasına səbəb olacaq.
Azərbaycan üçün ikitərəfli iqtisadi-ticari və xüsusilə, investisiya əməkdaşlığına yüksək dinamizmin verilməsi də son dərəcə vacib məqamlardan biridir. Bakı görüşündə bu məsələnin də diqqət mərkəzində olacağını söyləmək müm-kündür.
Yuxarıda qeyd olunduğu kimi, ötən il Rusiya Azərbaycanın ticari tərəfdaşı olan ölkələr sırasında 1,5 milyard dollarlıq göstərici ilə (Rusiya tərəfinin məlumatında bu rəqəmin 1,7 milyarddan artıq olduğu bildirilir) ikinci yeri tutub. Lakin bu rəqəm iki ölkədə sürətlə inkişaf edən iqtisadiyyatın fonunda son hədd deyil. 2008-ci ilin ilk 4 ayına əsasən, Rusiya ilə Azərbaycan arasında bu rəqəm 488 milyon dollardır ki, bu da Moskvanın müvafiq göstərici üzrə İtaliya (1,1 milyard dollar) və ABŞ-dan (559 milyon dollar) sonra üçüncü yerdə olması deməkdir.
İnvestisiya sahəsində isə vəziyyət bir qədər pisdir.
2006-cı ildə Azərbaycanın Rusiya iqtisadiyyatına qoyduğu investisiyanın həcmi 7 milyon dollar, Rusiyanın ölkəmizə yatırdığı kapitalın həcmi isə 72 milyon dollar olub. Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci ildə Rusiya investisiyasının həcmi cəmi 2 milyon dollar təşkil edib və bu ilin ilk beş ayı üçün olan göstərici də təxminən bu qədərdir.
Bu cür situasiyanın aradan qaldırılması üçün məsələyə qeyri-adi yanaşma vacibdir. İnvestisiya əməkdaşlığına yeni impuls verilməsi hər iki ölkənin marağındadır və bunu birgə nəhəng (o cümlədən, yüksək texnologiyalar sahəsində) layihələrin reallaşdırılması vasitəsilə etmək mümkündür.
Bundan başqa, dünya bazarlarında və üçüncü ölkə bazarlarında Azərbaycan və Rusiya şirkətlərinin öz səylərini birləşdirmək imkanında olduğunu da unutmaq lazım deyil.
Rusiyanın yeni prezidentinin iqtisadi strategiyasında prioritet yer tutan nanotexnologiyadan istifadə və iqtisadi inkişafın innovasiya modelinin mənimsənilməsi, dünyada baş verən böhranlı halların, xüsusilə ərzaq böhranının qarşısının alınması üçün birgə fəaliyyətin qurulması kimi sahələrdə əməkdaşlıq da perspektivli sayıla bilər. Bu sahələrdə fəal əməkdaşlıq həm də ona görə vacibdir ki, müasir şəraitdə dünyada gedən sürətli qloballaşma prosesində heç bir ölkə təcrid durumda olmaqla innovasion inkişaf modelinə keçə bilməz.
İki ölkə arasında əməkdaşlığın və birgə fəaliyyətin uğurlu alınmasını şərtləndirən amillərdən biri də həm Rusiya, həm də Azərbaycanda prezidentlərin öz səylərini sənaye və infrastrukturun əsas sahələrinin modernləşdirilməsinə yönəltməsidir.
Həm İlham Əliyev, həm də Dmitri Medvedev informasiya cəmiyyətinin, İnternet texnologiyalarının sürətli inkişafının vacibliyini etiraf edirlər və anlayırlar ki, ölkələrimizin müasir qloballaşan dünyada lider roluna yüksəlməsi yalnız bu vasitə ilə mümkündür.
Ümumilikdə götürsək, Rusiya ilə iqtisadi və investisiya sahəsində əməkdaşlığın yeni formalarına keçid Azərbaycan üçün son dərəcə əlverişlidir. Çünki bu keçid ölkədə 21-ci əsrə uyğun rəqabətədavamlı milli iqtisadiyyatın qurulmasına təkan verir. Müasir elmi-texniki, texnoloji və informasiya inqilablarının nəticələrini isə yalnız bu cür iqtisadiyyat operativ şəkildə qəbul edə və reallaşdıra bilər.
Bir çox beynəlxalq problemlərlə bağlı Bakı ilə Moskvanın mövqeyi bir-birinə yaxındır və ya üst-üstə düşür. Bunu, həmçinin, Rusiyanın dünyada artan rolunu, Azərbaycanın xarici siyasi fəallığını nəzərə alsaq, iki ölkə diplomatiyasının beynəlxalq və regional məsələlərlə bağlı ən geniş spektrdə effektiv birgə fəaliyyət göstərməsi üçün bütün əsasların olduğunu söyləmək mümkündür.
Bu kontekstdə D.Medvedevin iyunun 5-də Berlində Almaniyanın siyasi, ictimai və parlament nümayəndələri qarşısındakı çıxışı zamanı irəli sürdüyü təşəbbüsə diqqət yetirməyə dəyər.
Məlum olduğu kimi, Rusiya prezidenti Berlindəki çıxışında hüquqi öhdəliklərin olduğu Avropa Təhlükəsizlik Müqaviləsinin - belə demək mümkünsə, "Helsinki-2"nin hazırlanması və qəbul edilməsi təklifini səsləndirib. Onun qeyd etdiyi kimi, bu sənəd BMT Nizamnaməsinə əsaslanan regional pakt rolunu oynaya və Avropada bütünlükdə təhlükəsizliyi və silahlanmaya nəzarəti təmin edə bilər.
Bu təşəbbüsünü daha da inkişaf etdirən Rusiya prezidenti Ümumavropa sammitinin keçirilməsi ideyası ətrafında düşünülməsini də təklif edib. Prezident hesab edir ki, məhz bu sammitdə sözügedən müqavilə üzərində işləmək mümkündür.
Azərbaycanla Rusiyanın regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində tərəfdaşlığı da xeyirli olardı. Bakı və Moskva bu məsələdə səylərini və potensiallarını birləşdirməklə, qlobal enerji bazarlarının sabitliyinin təmin edilməsinə böyük töhfə verə bilərlər.
İki ölkənin humanitar sahədə, xüsusilə təhsil, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığı daha dolğundur.
Rusiya tərəfi ənənəvi olaraq, rus dilinin və informasiya məkanının öz mövqeyini qoruması məsələsinə böyük önəm verir və Azərbaycanda da buna nail olmağı vacib sayır. Bu məsələdə bizim ölkəmiz MDB-də Rusiyanın ən etibarlı və nümunəvi tərəfdaşıdır və gələcəkdə də bu cür davam edəcək. Bununla əlaqədar müəyyən faktlara nəzər salmaq kifayətdir: Azərbaycanda 350 məktəbdə tədris prosesi Azərbaycan və rus dillərində, 20-də isə yalnız rus dilində aparılır.
Azərbaycanda milyon yarım məktəblinin 100 mindən artığı, 100 min tələbənin isə 15 mindən artığı məhz rus dilində təhsil alırlar. Azərbaycanın bir çox ali tədris ocaqlarında rus dili və ədəbiyyat kafedraları var, həmçinin Bakıda Slavyan Universiteti fəaliyyət göstərir ki, onun məzunları, hətta Azərbaycanın Xarici İşlər Nazirliyində də işlə təmin olunurlar.
Bütün bu faktlar göstərir ki, Azərbaycan rəhbərliyi ölkədə rus dili, mədəniyyəti və ümumilikdə Rusiyanın humanitar mövcudluğuna son dərəcə müsbət yanaşır.
Lakin humanitar sahədə "açıq qapı və pəncərə" siyasətini yürüdən Bakı, ilk növbədə, Rusiya tərəfinin də adekvat addımlarına ümid bəsləyir. Məsələn, sirr deyil ki, hazırda Moskvada azərbaycanlıların sayı Azərbaycanda yaşayan etnik rusların sayından dəfələrlə artıq olsa da, Rusiya paytaxtında cəmi bir Azərbaycan məktəbi fəaliyyət göstərir. Bununla əlaqədar, rəsmi Bakı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 2007-ci ilin mayında Azərbaycana etdiyi səfəri zamanı üzərinə götürdüyü öhdəliyə əməl olunacağını gözləyir. Söhbət Rusiyada Azərbaycan dilinin tədrisi üçün şəbəkənin genişləndirilməsindən gedir.
Bundan başqa, artıq bir neçə ildir ki, iki ölkənin humanitar sahədə əməkdaşlığında Rusiyanın böyük ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı kafedralarının açılması məsələsi gündəmdədir (onların sayı az ola bilər, lakin əsası odur ki yaradılsın).
Bu məsələdə də Moskva hələ ki susur.
Bununla yanaşı, humanitar sahədə daha ciddi problemlər var. Hər şeydən əvvəl söhbət Rusiyada yaşayan və işləyən azərbaycanlıların hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsindən gedir. Etiraf etmək lazımdır ki, bu sahədə vəziyyət çox pisdir. Rusiya rəsmilərinin ksenofobiya və rasizmə qarşı mübarizənin gücləndirildiyinə dair çoxsaylı bəyanatlarına baxmayaraq, bu sahədə mövcud statistik məlumatlar vəziyyətin hələ də dəhşətli olduğunu göstərir.
Kifayət qədər nüfuzlu informasiya mənbəyi sayılan Moskva İnsan Haqları Bürosunun (MİHB) məlumatına görə, 2007-ci ildə Rusiyada skinhedlərin hücumundan 5 azərbaycanlı həlak olub, 43-ü yaralanıb, özü də onların arasında Rusiya vətəndaşları olan şəxslər də var. 2008-ci ilin yanvar-may ayları ərzində Rusiyada ksenofobiya zəminində 150 hücum faktı qeydə alınıb.
Ümumilikdə, bu müddət ərzində 76 nəfər qətlə yetilirib, 163-ü isə yaralanıb. Hədəf seçilənlər arasında 20-dən artıq millətin nümayəndələri var. Ölənlərdən 6-sı, yaralananların isə 8-i azərbaycanlılar olub.
Göründüyü kimi, bu ilin ilk beş ayında qətlə yetirilənlərin sayı ümumilikdə 2007-ci ildə öldü-rülənlərin sayından artıqdır. Təəssüf ki, Rusiyanın hüquq-mühafizə orqanlarının bu sahədəki fəaliyyəti qaneedici hesab oluna bilməz. Milli zəmində hücumlar təşkil edən şəxslərin əksəriyyəti həbs edilməyib, saxlanılanlar barəsində isə çox yüngül, rəmzi hesab olunacaq cəza qərarı çıxarılıb.
Ksenofobiya zəminində Rusi-yada törədilən cinayətlərin xarakterik cəhəti ondadır ki, belə halların sayına görə ilk yerlərdə yenə də meqapolislər gəlir. Bu isə mərkəzlərdə millətlərarası münasibətlər sahəsində profilaktik situasiyanın nəzarətdən çıxdığını göstərir.
Ölkənin hüquq mühafizə orqanları isə skinhedlərə və digər cinayətkar qruplara qarşı sistemli mübarizə aparmaq iqtidarında olsalar da, bunu etmirlər.
Bundan başqa, MİHB bildirir ki, artıq bu prosesin xüsusiyyətində dəyişiklik də var. Rusiyanın nəhəng mərkəzlərində, xüsusilə Moskvada, vilayətlərdə və Sankt-Peterburqda qətllər üzrə ixtisaslaşmış xüsusi skinhed qrupları formalaşıb.
Belə qruplar ilk dəfə 2004-2005-ci illərdə peyda olsalar da, artıq onlar kütləvi xarakter almaqdadır.
Bütün bu tendensiyalar Rusiyanın hüquq-mühafizə orqanlarının fəaliyyətinin effektiv olmadığının, ölkənin sabiq prezidenti Vladimir Putinin 2008-ci il fevralın 22-də Moskvada MDB dövlət başçıları ilə görüşdə bu biabırçılığa son qoymaq tələbi səsləndirməsinə baxmayaraq, ayrı-ayrı rəhbər şəxslərin bu istiqamətdə ciddi tədbirlər görmək istəməməsinin göstəricisidir.
Bakı ümid edir ki, Rusiyanın hüquq və hüquqi qaydaları prioritet elan etmiş yeni lideri ikitərəfli münasibətlərdə kifayət qədər həssas olan bu sahədə səliqə-sahman yaradacaq.
Ümumilikdə, Azərbaycan-Rusiya münasibətlərindəki potensial və tərəflərdə strateji tərəfdaşlığın dərinləşdirilməsi ilə bağlı siyasi iradənin olması ikitərəfli əməkdaşlığa aid bütün sahələrdə kompleks şəkildə irəliləyiş üçün ciddi özül yaradır.
Bu yalnız bizim xalqlarımız və dövlətlərimiz üçün yox, daha geniş kontekstdə qonşularımız və ümumilikdə region üçün vacibdir. Bakı ilə Moskva arasında münasibətlərin pozitiv xarakter daşıması bütünlükdə Qafqaz və Xəzər regionunda siyasi sabitlik və iqtisadi rifahın təmin edilməsi üçün vacib faktordur.
MƏSLƏHƏT GÖR: