
BEYRUTDA SAKİTLİKDİR?
Livanda qarşı-qarşıya duran qüvvələr barışıq haqda razılığa gəldilər
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Bu günlərdə Livanda yaşananları əsl mö-cüzə saymaq olar. Vətəndaş müharibəsinin bir addımlığında olan, Yaxın Şərq adlı barıt çəlləyinin maketinə çevrilmiş, region sakinlərinin sakit yaşamasına maneə olan bütün elementləri özündə birləşdirən, maraqlı dövlətlərin öz geostrateji təsirini artırmaq üçün hərbi, iqtisadi və siyasi-texnoloji vasitələri sınaqdan keçirdiyi poliqona çevrilmiş Livan daxili sülhün əldə edilməsi istiqamətində böyük addım atdı. Hələlik bu sülh kifayət qədər zərifdir, amma əsas odur ki, razılıq son illərdə yüzlərlə livanlının qurbana çevrildiyi qırğını dayandırıb; tək Livanın yox, bütün-lükdə Yaxın Şərq qarşısında həlli ilk baxışdan mümkünsüz görünən münaqişələrin çözülməsi üçün perspektiv açıb.
Parçalanma
Hələ bir müddət əvvəl Livan son iki onilliyin ən ağır siyasi böhranını yaşayırdı. Ölkə qarşı-qarşıya dayanmış iki düşərgəyə parçalanmışdı. Onlardan biri ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənən hökumət və parlament çoxluğu, digəri isə radikal şiə qruplaşması olan "Hizbullah"ın rəhbərlik etdiyi müxalifət idi. Xatırladaq ki, bu qurum 1982-ci ildə İsrailin Livanı işğalına qarşı mübarizə aparmaq məqsədilə yaradılıb. Qərb və İsrailin terrorçu təşkilat kimi tanıdığı "Hizbullah" Suriya və İrana arxalanır. İki il əvvəl məhz "Hizbullah" 34 gün ərzində radikal qruplaşmanı zərərsizləşdirmək məqsədilə Livan ərazisinə girmiş İsrail ordusuna müqavimət göstərərək, onun raket zərbələrinin qarşısını ala bilmişdi. Bununla da ölkənin daxili siyasi aləmində təşkilatın nüfuzu günü-gündən yüksəlməyə başladı.
Livanda siyasi qüvvələr arasında münasibətlər hələ 2005-ci ildə sabiq baş nazir Rafiq Həririnin qətlindən sonra gərginləşib. Ondan sonrakı 3 il ərzində də ölkədə bir neçə siyasi qətl baş verib. Daxili siyasi qüvvələr bu qətllərə görə, bir-birlərini günahlandırıb, xarici ölkələrin planlarını icra etməkdə ittihamlayıblar. Bununla da Livan aram-aram, lakin birmənalı olaraq vətəndaş müharibəsinə doğru yuvarlanıb. Ölkə parlamentinin ötən ilin noyabrından indiyədək prezident seçə bilməməsi də yaşanan böhranın göstəricisidir. Bu müddət ərzində ali qanunverici orqan qərbpərəst siyasətçi olan baş nazir Fuad əs-Sinyora hökumətini qanunsuz hesab edən müxalifətin boykot qərarı üzündən fəaliyyət göstərə bilməyib. Müxalifətlə parlamentdəki çoxluq arasında fikir ayrılığının kökündə isə hakimiyyətin "daha ədalətli" bölüşdürülməsi, yəni faktiki olaraq, Livanın siyasi gələcəyi məsələsi dayanırdı.
Əs-Sinyoranın labüd addımı
Mayın 5-də - hökumətin "Hizbullah"a məxsus və dövlət qurumlarına tabe olmayan rabitə və tele-radio yayımı şəbəkələrini qanunsuz elan etməsi və paytaxtın beynəlxalq aeroportunun təhlükəsizlik xidmətinin radikal qruplaşmanın tərəfdarı olan rəhbərini vəzifəsindən kənarlaşdırmasından sonra siyasi qarşıdurma dəhlizlərdən Beyrutun küçələrinə çıxdı. Bunu müharibənin elan edilməsi kimi qiymətləndirən "Hizbullah" cəmi bir gün sonra hökumət tərəfdarları ilə toqquşmaya getdi.
Əs-Sinyora kabinetinin qərarı lap əvvəldən lazımi "siyasi təminat"dan məhrum idi. Çünki hökumətin telekommunikasiya şəbəkəsini inhisara almaq cəhdinin hüquqi cəhətdən əsaslı görünməsi üçün cəmiyyət tam olaraq hakimiyyətin legitimliyini tanımalı, hakimiyyət isə ölkə daxilində istənilən müqaviməti qırmaq iqtidarında olmalıdır. Hadisələrin sonrakı gedişi göstərdi ki, hökumət lazımi resurslara malik olmadığından, onun qərarları siyasi intihara bərabər imiş. Şübhəsiz ki, əs-Sinyora yalnız xaricdən alacağı dəstəyə arxalanırdı. Lakin görünür, o bu dəstəyin "Hizbullah"ın daxildə günbəgün artan nüfuzuna adekvat ola bilməyəcəyini nəzərə almayıbmış.
Nəticədə yaşanan toqquşmalar Beyrutun müəyyən müddətdə "Hizbullah" fəalları, onun "Amal" şiə hərəkatının timsalındakı müttəfiqləri, həmçinin yenə də hazırkı hökuməti qəbul etməyən xristian müxalifətinin nəzarətinə keçməsinə səbəb oldu. Onların beynəlxalq aeroporta aparan yolu bağlamasından sonra hökumət başçısının Qərbdən yardım istəməkdən başqa yolu qalmadı. Lakin bu da qırğının qarşısını almadı və iki həftə davam edən toqquşmalarda 80-dən artıq insan həlak oldu, 200 nəfərdən çoxu isə yaralandı.
Livan hökuməti// üçün kritik olan bu dövrdə ABŞ ona "praktiki yardım" etməyə hazır olduğunu bəyan etdi. Və ənənəvi olaraq, yenə də Suriya və İranı "Hizbullah"a dəstək verməkdə günahlandırdı. Lakin vəziyyət yalnız yerli əhalinin yeganə ədalətli hakim kimi qəbul etdiyi ordunun müdaxiləsindən sonra sabitləşdi. İlk günlərdə proseslərə müdaxilə etməyən Livan Silahlı Qüvvələri hesab edirdi ki, o, qarşı-qarşıya dayanan qüvvələrdən hansınasa dəstək versə, ölkənin dini baxımdan parçalanması təhlükəsi real olacaq (ölkədə sünnü müsəlmanlar əsasən hakim koalisiyanın, şiələr isə müxalifətin tərəfindədirlər). Yeri gəlmişkən, xatırladaq ki, 1975-ci ildə Livanda başlamış və 15 il davam etmiş vətəndaş müharibəsinin əsasını məhz ordu daxilindəki parçalanma qoymuşdu. Lakin 2008-ci ilin mayında ordu öz birliyini qoruyub-saxlaya bildi və komandanlıq sabitliyi bərpa etmək naminə güc tətbiqinə qərar verdi. Nazirlər Kabineti daxili siyasi gərginliyin həlli səlahiyyətlərinin hərbi komandanlığa verildiyini elan etdi. Ordu komandanlığı isə dərhal Beyrut küçələrində qanlı toqquşmalara səbəb olmuş hökumət qərarlarının icrasını dayandırdı. Bundan sonra yaraqlılar paytaxt küçələrindəki mövqelərini nizami orduya verərək, şəhəri tərk etməyə başladılar.
Qətar razılaşması
Livanda yaşanan daxili gərginliyin həllində Ərəb Dövlətləri Liqası (ƏDL) da böyük rol oynadı. Qurumun mayın 11-də Qətərdə keçirilən fövqəladə toplantısında təşkilatın baş katibi Əmr Mussa və Qətarın baş nazirinin müavini şeyx Hamad Ben Casem Ben Caber Əl Taninin rəhbərlik etdiyi nümayəndə heyətinin Beyruta göndərilməsinə qərar verildi. Məhz bu nümayəndə heyəti Livan rəhbərliyini faciəli qərarın ləğvinin və "Hizbullah"la razılığın əldə edilməsinin vacibliyinə inandırdı. Bunun ardınca Qətarın paytaxtı Dohada Livanın hakim koalisiyası və müxalifət təmsilçilərinin iştirakı ilə sülh danışıqları başladı.
Beş gün davam edən danışıqlardan sonra tərəflər hakimiyyətin bölüşdürülməsinə dair razılıq əldə etdilər və bununla da dərin hökumət böhranına son qoyuldu. Dialoq zamanı Livan parlamentinin fövqəladə toplantısının keçirilməsi və Mişel Süleymanın prezident və Silahlı Qüvvələrin ali baş komandanı seçilməsi qərara alındı.
Qeyd edək ki, M.Süleyman hər iki tərəfi qane edən nüfuzlu şəxsdir.
Qətar danışıqları zamanı həmçinin milli birlik hökumətinin yaradılmasına dair də razılıq əldə edildi. Razılığa əsasən, yeni hökumətə daxil olacaq 30 nazirdən 16-sı hakim koalisiyanı, 11-i müxalifəti təmsil edəcək, üstəlik, müxalifətə veto hüququ da veriləcək. Üç nazir isə prezident tərəfindən təyin olunacaq.
Bundan başqa, 2009-cu ildə keçiriləcək ümumi seçki müxalifətin tələbinə uyğun olaraq, 1960-cı ilin qanununa əsasən təşkil ediləcək. Bu qanunda "parlamentdə əhalinin ayrı-ayrı qruplarının daha yaxşı təmsil olunması məqsədilə" seçki dairələrinin bölünməsi və onların sayının artırılması nəzərdə tutulur.
Parlamentdəki çoxluğun rəhbəri Saad Həriri tərəflər arasında əldə edilmiş razılığı "Livan üçün yeni səhifə" adlandırıb. "Hizbullah"ın liderlərindən olan Məhəmməd Raad isə hesab edir ki, tərəflərdən heç biri "istədiyini ala bilməsə də, balans yaradılıb".
Maraqlıdır ki, razılaşmanı Livan daxilindəki böhrana bu və ya digər formada aidiyyəti olan bütün kənar qüvvələr də dəstəkləyib. ABŞ, Avropa İttifaqı, Rusiya, Suriya və hətta İran Livan hökuməti ilə "Hizbullah" arasında barışığı alqışlayıb. Hadisə BMT Təhlükəsizlik Şurası tərəfindən də yüksək qiymətləndirilib. Qurum Livan daxilində "dövlətin suverenliyi və xalqın təhlükəsizliyinin təminatı məqsədilə dövlət hakimiyyətinin möhkəmlənməsinə yönəlmiş dialoqun davam etdirilməsini" bəyəndiyini bildirib. Təhlükəsizlik Şurasının bəyanatında Dohada tərəflərin problemin həlli zamanı zor tətbiqinin qadağan edilməsinə dair əldə etdikləri razılıq da alqışlanır.
Zərif ümidlər
Livandaxili barışıq bu ölkəyə uzun müddət davam edən vətəndaş qarşıdurmasından qurtulmaq üçün tarixi şans verir və bu da şübhəsiz ki, ümumilikdə Yaxın Şərqdə sülh prosesinə müsbət təsir göstərə bilər. Bununla yanaşı, son hadisələr sübut etdi ki, beynəlxalq ictimaiyyətin əksər hissəsinin "Hizbullah"a etinasızlıq göstərməsi doğru siyasət deyil. Çünki dünya birliyinin "Hizbullah"ı bəyənib-bəyənməməsindən asılı olmayaraq, bu təşkilat Livan ictimaiyyətinin əhəmiyyətli hissəsi tərəfindən dəstəklənən siyasi qüvvədir. Və həm "Hizbullah"ın Livan daxilindəki rəqibləri, həm də onun xarici əleyhdarları - ilk növbədə ABŞ, İsrail, Fransa, Səudiyyə Ərəbistanı baş verənlərdən nəticə çıxarmalıdır.
İstənilən halda, Qərb dövlətlərində hamı əminliklə bildirir ki, qarşısında rəsmi Beyrutun aciz qaldığı bir siyasi qüvvə ilə danışıqların aparılması zəruridir. Hətta bu qüvvə "islamçı" və "antiqərb" təşkilat kimi tanınsa belə...
Bir məqam da mütləq nəzərə alınmalıdır ki, Livandakı daxili siyasi böhran öz kökləri ilə ərəb-İsrail münaqişəsinə dirənir. Bu faktor birbaşa münaqişəyə cəlb olunmuş ərəb dövlətlərində cəmiyyətin radikallaşmasına, deməli, "Hizbullah" tipli təşkilatların populyarlığının artmasına təkan verir.
Və daha bir məqam: Livan cəmiyyətindəki parçalanma (Qətər razılaşmaları hələlik bu parçalanmanı müvəqqəti olaraq aradan qaldırıb), bütün ərəb dünyasındakı parçalanmanın tərkib hissəsidir. Parçalanmanın katalizatoru, birincisi, ABŞ-a münasibətdir: ərəb dünyasının və xüsusilə Livan cəmiyyətinin bir hissəsi bu fövqəldövlətlə müttəfiq münasibətlərinin qurulmasının tərəfdarıdır. Digərləri isə əmindirlər ki, Vaşinqtonun məqsədi müsəlman Şərqini əsarətdə saxlamaqdır. Bu işdə alət kimi isə İsraildən istifadə edilir.
İkinci və daha bir ciddi məqam yəhudi dövlətinə münasibətin perspektivi ilə bağlıdır. Livanlılar da daxil olmaqla, ərəblər arasındakı parçalanmanın bir səbəbi də bu məsələyə yanaşmadır. Bəzi qüvvələr İsraillə mübarizənin qələbəyədək davam etdirilməli olduğunu düşünürsə, digərləri, məsələn, Livanın qərbpərəst qüvvələri müsəlman Şərqində sülhün əldə edilməsi naminə İsraillə barışığı lazım bilir.
Bu ziddiyyətlərə baxmayaraq, Livanda başlanmış sülh dialoqu onların həlli imkanlarını artıra bilər. Və Yaxın Şərq münaqişəsinin özünəməxsus güzgüsü olan bu dövlət geosiyasi baxımdan böyük əhəmiyyət daşıyan regionda ilk və qiymətsiz sülh nümunəsi göstərə bilər.
Doğrudur, buna ümid çox azdır. Çünki hələ Livanın milli birlik hökuməti çox sınaqlardan çıxmalı olacaq. Amma istənilən halda, bu ümid var. Bu isə uzun illərdir hərbi münaqişələr nəticəsində bölünmüş Yaxın Şərq və onun kiçik incisi olan Livan üçün az iş deyil.
MƏSLƏHƏT GÖR: