
NEFT SƏRVƏTLƏRİN BAŞIDIR
Son illər Azərbaycan-Ukrayna əməkdaşlığı yeni keyfiyyət və daha dərin məzmun qazanıb
Müəllif: Nisə KAZIMOVA Bakı
Azərbaycan prezidentinin Ukraynaya rəsmi səfəri və onun nəticələri iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha təsdiqlədi. Prezident İlham Əliyevin Kiyevə bu səfəri sayca dördüncü səfər idi. İndiyədək Azərbaycan lideri Ukraynaya 2004, 2005 və 2006-cı illərdə baş çəkmişdi. Ukraynanın dövlət başçısı Viktor Yuşşenko isə öz növbəsində Azərbaycanda iki dəfə rəsmi səfərdə olub. Bu faktlar öz-özlüyündə iki lider arasında qarşılıqlı etibara əsaslanan münasibətin və dövlətlər arasında tərəfdaşlığın göstəricisidir. Azərbaycan prezidenti İlham Əliyevin Kiyevdə iki ölkə arasında münasibətlərin öz inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu bəyan etməsi heç də təsadüfi deyildi.
Doğrudan da, postsovet məkanında Azərbaycanın çox az ölkə ilə belə yaxın, daxili və xarici konyukturaya əsaslanmayan münasibətləri bərqərar olub.
Onların hüquqi əsasını 2000-ci il martın 16-dan etibarən qüvvədə olan dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilədə, həmçinin 90-dan artıq hökumətlərarası və qurumlararası razılaşma və müqavilələr tənzimlənir. Bu sənədlər iki dövlətin praktik olaraq, bütün fəaliyyət sahələrini əhatə edir. Son səfər çərçivəsində isə bu sıraya daha 7 sənəd əlavə olunub ki, onların sırasında qiymətli kağızlar, dövlət xidməti, məlumatlan-dırma və informasiya texnologiyaları, mədəniyyət və turizm, gənclər və idman sahələrində əməkdaşlıqları nəzərdə tutan razılaşmalar var.
İmzalanmış sənədlər sırasında, təbii ki, daha vacibi Dostluq və strateji tərəfdaşlıq bəyannaməsi və Azərbaycan ilə Ukrayna Prezidentləri Şurasının Nizamnaməsi idi.
Birinci şəxslərin imzaladığı bəyannamə ənənəvi olaraq, rəsmi xarici səfərlərin vacib elementi və iki ölkə arasında münasibətlərin inkişafının göstəricisi sayılır. Bu səfərlə əlaqədar onu qeyd etmək olar ki, Kiyev bəyannaməsinin məzmunu öz adını tamamilə doğruldub. Sənəddə tərəflər beynəlxalq və regional əhəmiyyətli ən vacib məqamlarla bağlı vahid mövqe ortaya qoyublar. Hər iki liderin müasir Avropa siyasətindəki nüfuzu və Ukrayna ilə Azərbaycanın fəal xarici siyasi fəaliyyətini nəzərə alsaq, bunun daha vacib olduğu üzə çıxır.
Rəsmi Kiyev sözügedən bəyannamədə BMT Baş Assambleyasında 2008-ci il martın 14-də "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnaməyə dəstək verməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq aləm tərəfindən tanınmış sərhədləri çərçivəsində həllinin vacibliyini qeyd edib ki, bu da, təbii olaraq, Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən, Ukrayna paytaxtında aparılan danışıqların gedişində İ.Əliyev V.Yuşşenkoya BMT BA-dakı səsvermədə Kiyevin Bakıya dəstəyinə görə, xüsusi təşəkkürünü bildirib.
Əməkdaşlıq və dialoqun daha bir prioritet istiqaməti GUAM-dır. İmzalanmış bəyannamədə tərəflər bir daha qurumun inkişafını prioritet saydıqlarını, GUAM çərçivəsində münaqişələrin həlli ilə əlaqədar qarşılıqlı fəaliyyətin artırılmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, həm Azərbaycan, həm də Ukrayna Avropa İttifaqının postsovet məkanında Avropa qonşuluq siyasəti çərçivəsində vacib tərəfdaşlarıdır. Bununla əlaqədar olaraq, hər iki ölkənin avrointeqrasiya prosesində səylərini birləşdirməsi vacib məqamdır. Bu, Kiyev bəyannaməsində də əksini tapıb. Sənəddə tərəflər Avropaya inteqrasiya proseslərində, hər şeydən əvvəl nəqliyyat, kommunikasiya və enerji layihələrində birgə iştiraka hazır olduqlarını, həmçinin Aİ ilə ikitərəfi münasibətlərin qurulmasında əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq istəklərini ortaya qoyublar. Yeri gəlmişkən, Ukrayna Avropaya inteqrasiya yolunda Bakıdan daha böyük yol qət edib və bizim bu dövlətdən öyrənə biləcəyimiz çox şey var. Xüsusilə, Ukraynanın qanunvericiliyini Avropa qanunlarına adaptasiyası, Aİ ilə azad ticarət zonası haqqında razılaşmanın hazırlanması, qeyri-leqal miqrasiya və readmissiya problemlərinin həlli, Aİ ölkələrinə humanitar məqsədlərlə gedən vətəndaşlar üçün (tələbələr, turistlər, elm və mədəniyyət xadimləri və s.) daha güzəştli viza rejiminin yaradılması və digər sahələrdə təcrübəsi diqqətəlayiqdir.
Azərbaycan-Ukrayna münasibətlərində iqtisadi və enerji əməkdaşlığı ənənəvi olaraq, prioritetdir. Ötən ilin yekunlarına görə, Ukraynanın Azərbaycanın iqtisadi-ticari tərəfdaşları sırasında 6-cı yeri tutması da (Türkiyə, Rusiya, İtaliya, İran və ABŞ-dan sonra) tamamilə qanunauyğundur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon dollar təşkil edib. 2008-ci ilin ilk rübündə isə bu göstərici 150 milyon dollardır ki, bu da ikitərəfli ticarətin inkişafında pozitiv göstəricidir. Hər iki paytaxtda bu fikirlə razıdırlar ki, qarşılıqlı ticarətin və investisiya əməkdaşlığının inkişafı Ukrayna və Azərbaycan şirkətlərinin iştirakı ilə həyata keçirilən nəhəng beynəlxalq nəqliyyat və enerji layihələri ilə birbaşa bağlıdır.
Bu mənada, Kiyev "Odessa-Brodı-Plotsk-Qdansk" layihəsinin dəstəklənməsi və "Sarmatiya" konsorsiumunun (onun yaradılmasına dair razılaşma 2007-ci il oktyabrın 10-da keçirilmiş Vilnüs sammiti zamanı əldə edilib) fəaliyyətinə xüsusi əhəmiyyət verir. Layinə Xəzər dənizinin enerji resurslarının Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa ərazisindən keçməklə, Avropa bazarlarına çıxarılmasını nəzərdə tutur. Məlumdur ki, Ukrayna tərəfi bu layihəyə son dərəcə böyük önəm verir və ona özünün enerji təhlükəsizliyinin təminatı üçün vacib faktor kimi baxır. Layihə neftin Ukrayna ərazisindən nəqlini yox, həm də burada infrastrukturun inkişafını - zavod tikintisini, AZS şəbəkəsinin yaradılmasını və s. nəzərdə tutur.
"Əsas olanı odur ki, biz Avropa İttifaqı ölkələrinə neft məhsullarının yeni ixrac meydanını formalaşdırırıq", - deyə Kiyevdə V.Yuşşenko bildirib.
Bu kontekstdə Polşa və Ukrayna mətbuatı yazır ki, Kiyev, hətta Xəzər neftinin emalı üçün neft-emalı zavodunun (ola bilsin ki, Brodıda) inşasına dair Azərbaycana (ARDNŞ) və Polşaya müraciət edib.
Bu məqamda qeyd etmək lazımdır ki, Odessa-Brodı neft kəməri 2003-cü ildə, ilk növbədə, Qazaxıstan neftinin Ukrayna vasitəsilə Avropaya nəqli üçün inşa edilib. Lakin bu kəmərlə neft ixrac etmək istəyən olmadığından, 2 il müddətində o, istifadəsiz qalıb. 2005-ci ildən isə bu kəmər Rusiya neftinin Odessa limanına nəqli məqsədilə revers rejimində fəaliyyət göstərib. 2006-cı ilin sonunda "Ukrtransnafta" və "Transneft" Odessaya Rusiyadan ildə ən azı 9 milyon ton neft nəqlinə dair razılaşma imzalayıblar və bir müddət əvvələdək Rusiya neftçiləri həqiqətən də bu boru ilə fəal şəkildə neft nəql ediblər. Ötən il sistem vasitəsilə 9,6 milyon tonadək neft nəql edilib ki, bunun da 40%-i TNK-bp və "Lukoyl", 10%-ə yaxını "Qazpromneft", 7%-dən artığı isə "Rosneft"in payına düşür.
Bu il isə bu istiqamət üçün nəzərdə tutulan güzəştlər ləğv edildiyindən vəziyyət dəyişib. Amma buna baxmayaraq, o yenə də Rusiyanın ilin sonunadək nəzərdə tutulmuş ixrac qrafikinə daxildir. Apreldən dekabra qədərki dövr üçün təsdiqlənmiş cədvəldə Odessa-Brodı vasitəsilə 7,2 milyon ton neftin nəqli nəzərdə tutulur ki, ondan yalnız 1,6 milyon tonu kiçik şirkətlərə aid Rusiya nefti, qalanı isə Rusiya ərazisindən tranzit kimi keçəcək Qazaxıstan neftidir.
Lakin bir müddət əvvəl NAK "Naftoqaz Ukrayna"nın rəhbəri Oleq Dublin Rusiya mətbuatına müsahibəsində bildirib ki, Odessa-Brodı neft kəməri artıq ilk yarım ilin sonunda Rusiya neftinin nəqlindən imtina edə bilər. Onun sözlərinə görə, bu, artıq xammalın indi olduğu kimi, Brodıdan Odessaya yox, əks istiqamətdə nəql edilməyə başlayacağı ilə bağlıdır. Neft kəmərinin fəaliyyət sxeminin dəyişdirilməsi üçün isə hazırkı Urals texnoloji nefti yüngül Xəzər nefti ilə əvəz etmək lazımdır.
Viktor Yuşşenko və Ukrayna hökumətinin bu planda Azərbaycana da ümid bəslədiyi sirr deyil. Ukrayna prezidentinin Kiyev danışıqları zamanı bildirdiyi kimi, sözügedən layihənin hər ikisi rentabellidir və böyük perspektivə malikdir.
Bakı isə bu məsələdə maraqlı olmaqla yanaşı, ehtiyatlı mövqe nümayiş etdirir. Prezident İlham Əliyev Kiyevdə verdiyi açıqlamada Odessa-Brodı layihəsinə siyasi dəstək nümayiş etdirsə də, onun iqtisadi rentabelliyinin təsdiqlənməsini gözləməyi məsləhət bilib. "Bu layihəyə cəlb edilən bütün tərəflər ona siyasi dəstək verir. Biz bundan sonra məsələnin iqtisadi və texniki detallarını razılaşdırmalı, onu təcrübədə sınaqdan keçirməli və nəticəyə baxmalıyıq", - deyə İ.Əliyev ukraynalı həmkarı ilə apardığı danışıqların yekununa dair keçirilən birgə mətbuat konfransında qeyd edib.
Bununla əlaqədar olaraq, Kiyevdə işçi qrupunun yaradıldığı elan edilib və bu qrup iyulun 1-nə müvafiq məruzə hazırlamalıdır.
İ.Əliyev onu da bildirib ki, həmkarı ilə apardığı danışıqlarda Azərbaycanın bu layihədə daha geniş formada iştirakı müzakirə edilib. Söhbət neft emalı, distribusiya, neft məhsulları ilə Ukrayna və qonşu dövlətlərin bazarlarına çıxmaq kimi sahələrdə birgə fəaliyyətdən gedir. "Bu layihə yalnız Ukrayna və Azərbaycan arasında yox, həm də layihəyə cəlb olunmuş digər ölkələr arasında geniş əməkdaşlıq spektri baxımından davamlı olmalıdır. Bu gün biz Xəzər və Baltik dənizlərini birləşdirəcək enerji dəhlizindən danışırıq. Bu, regional əməkdaşlığın yeni elementidir", - deyə İ.Əliyev bildirib.
İki ölkə arasında Bakı-Tbilisi-Poti/-Batumi-İlyiçevsk dəmir yolu-parom nəqliyyat dəhlizinin inkişafı, Qazaxıstandan Ukrayna və Moldova vasitəsilə Azərbaycana konteyner daşımaları (Almatı-Aktau-Bakı-Poti) layihəsi çərçivəsində də əməkdaşlıq çox perspektivli görünür.
Strateji münasibətlərin daha bir vacib göstəricisi Kiyevdə Azərbaycan və Ukrayna Prezidentləri Şurasının Nizamnaməsinin imzalanması olub. Məlum olduğu kimi, dialoqun bu formatının yaradılması haqda qərar Kiyevdə 2006-cı il sentyabrın 7-də imzalanmış Azərbaycan-Ukrayna birgə bəyannaməsində əks olunmuşdu. Güman olunur ki, Prezidentlər Şurası ikitərəfli münasibətlər və beynəlxalq siyasətin aktual məqamlarının müzakirəsi, həmçinin heç də daha az əhəmiyyət kəsb etməyən məsələ - iki ölkə və onların liderləri arasındakı razılaşmalara əməl edilməsinə nəzarəti həyata keçirəcək. Hər iki paytaxtda inanırlar ki, Şuranın fəaliyyəti ikitərəfli əməkdaşlıq və effektivliyin artırılması məsələlərində koordinasiyanın güclənməsinə gətirib çıxaracaq.
Kiyevdə humanitar əməkdaşlıq məsələsi də diqqətdən kənarda qalmayıb. Tərəflər bu ilin payızında Bakıda Ukrayna mədəniyyət günlərinin keçirilməsi haqqında razılığa gəliblər. Lap tezliklə isə Azərbaycan paytaxtında Ukrayna ədəbiyyatçısı Taras Şevçenkonun abidəsinin açılışı olacaq.
MƏSLƏHƏT GÖR: