24 Noyabr 2024

Bazar, 22:58

GÜNAHKAR CƏMİYYƏT

Azərbaycanda yuvenal ədliyyə sistemində islahatlar çərçivəsində artıq uşaqlar üçün hüquqi klinikalar yaradılır

Müəllif:

15.05.2008

Böyüklərin törətdikləri və uşaqların törətdikləri cinayətlər var. Bir də var, "azyaşlı cinayətkar". Uşağı törətdiyi cinayətə görə günahlandırmaq və ya uşaq problemlərinin həllinə xüsusi yanaşılmasına ehtiyac varmı? Qərb ölkələrində və demək olar ki, bütün dünyada bu sualın cavabı yuvenal ədliyyə (ingilis dilində juvenile justice) yaradılması ilə tapılıb. Bunun məğzi ondan ibarətdir ki, uşaqlar tərəfindən törədilmiş cinayət böyüklərin fəaliyyətinin məhsuludur. Başqa sözlə, uşaqlar böyüklərin əməllərini əks etdirir. Beləliklə, məntiqi nəticə yaranır: uşağın törətdiyi cinayətə görə, "azyaşlı cinayətkar"ı yox, onun yaşadığı cəmiyyəti cəzalandırmaq lazımdır.

Xoşbəxtlikdən, qanun pozucusu olan uşaqlar və onların sosiallaşdırılması ilə bağlı məsələlərin yuvenal ədliyyə vasitəsilə həlli fikri demokratiyanın inkişaf etdiyi Azərbaycanda da yaranıb. Artıq bizim ölkəmizdə də anlamağa başlayıblar ki, uşaqlar cinayət məsuliyyətinə yox, "uşaq ədliyyəsi"nə cəlb edilməlidir. Burada isə dövlət tərəfindən səlahiyyətlər almış hakim və məhkəmələr olur. Bakıda "Azərbaycanda yuvenal ədliyyə sistemində 2006-2008-ci illərdə aparılmış islahatlar" mövzusunda keçirilmiş konfrans da bunu nümayiş etdirdi. Tədbirin təşəbbüskarı UNICEF-in Bakı ofisi idi.

Yuvenal ədliyyədə əsas diqqət azyaşlı qanun pozucularının sosiallaşdırılması, həmçinin onların gələcəkdə cəmiyyətin qanunlara əməl edən üzvlərinə çevrilmələri məsələlərinə verilir. Hazırda azyaşlıların pis vərdişlərdən və ziyanlı mühitdən qorunmasının əsas himayəçisi kimi məhz dövlət çıxış edir.

 

İşə başlanılıb

Konfransda qeyd olunub ki, Azərbaycanda yuvenal ədliyyənin yaradılması və inkişafı sahəsində işlər dövlət orqanları və qeyri-hökumət təşkilatları, həmçinin beynəlxalq təşkilatlar tərəfindən artıq üçüncü ildir ki, aparılır. Lakin uşaq həbs-xanaları hələ də azyaşlı məhbuslarla doludur, onların saxlanma şəraitlərinin isə hələ də yaxşılaşdırılmasına böyük ehtiyac var. Bu isə göstərir ki, bizdə hələ ki bütün tərəflərin sistemli şəkildə fəaliyyəti qurulmayıb.  Odur ki yetkinlik yaşına çatmamış cinayətkarlarla işlə-yən dövlət strukturlarının təcrübəsinin artırılması, yuvenal ədliyyə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün müvafiq dövlət strukturları, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla birlikdə Azərbaycanda bu sistemin inkişafı üçün əsas yaradılması istiqamətində birgə iş həyata keçirilib.

Azərbaycanın Uşaq Hüquqları üzrə QHT Alyansının rəhbəri Nabil Seyidovun sözlərinə görə, ölkədə yuvenal ədliyyə sisteminin yaradılması və inkişafı məsələsi hələ 1997-ci ildə BMT-nin Uşaq Hüquqları Komitəsi (UHK) tərəfindən tövsiyə edilib. Həmin vaxt Azərbaycan hökumətinin ölkədə uşaqların durumuna dair ilk hesabatı da nəzərdən keçirilib. "1997-ci ildən hökumət bu istiqamətdə tədbirlər görməyə başlayıb. Lakin bir çox subyektiv və obyektiv səbəblər üzündən tammiqyaslı iş getmədi. Onda Azərbaycanda bu sahədə işləmək üçün nə dövlət qurumları, nə QHT-lər, nə beynəlxalq proqramlar, nə də mütəxəssislər var idi", - deyə N.Seyidov qeyd edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Azərbaycanda 4,5 min yetkinlik yaşına çatmamış qanun pozucusu qeydiyyata alınıb - burada Yetkinlik Yaşına Çatmayanlar Komissiyasından keçənlər nəzərə alınmayıb. Qeydiyyata alınmış 60 uşaq cəzasını uşaq həbs-xanasında çəkir, 30-dan 40-dək yeniyetmə isə hələ ki təcridxanada barələrində çıxarılmış qərarın icrasını gözləyir. İnternatların birində 100-dək, digərində isə 30-dək uşaq saxlanılır. Bu gün həbsxanada olan və barələrindəki qərarların icrasını gözləyən uşaqlar haqda dəqiq rəqəm yoxdur. Eyni zamanda, belə uşaqlarla iş zamanı dövlət orqanlarının hansı yanlışlıqlara yol verdiyi də bilinmir. Ölkədə hələ də qız uşaqları üçün nəzərdə tutulmuş həbsxanalar yoxdur və bu, böyük problemdir. Çünki onlar hazırda qadınlar üçün nəzərdə tutulmuş islah-əmək müəssisələrində saxlanılırlar, bu isə nəzərdə tutulmuş müddətdə uşaqların təhsil almasına imkan vermir. Hazırda kolonlarda bir neçə qız uşağı cəza çəkir, onlardan neçəsinin təcridxanada saxlandığı isə bilinmir.

Hazırda bütün bu problemlər məhkəmə sistemi, prokurorluq, DİN, Təhsil Nazirliyi (o qədər də ciddi qanun pozuntusuna yol verməmiş uşaqlar üçün xüsusi təhsil müəssisələri), penitensiar sistem (uşaq kolonları), həmçinin Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə Komissiya səviyyəsində həll olunur. Bütün bu strukturlarda Azərbaycanın beynəlxalq öhdəliklərinə əsasən, dərin islahatların aparılmasına ehtiyac var.

Daxili işlər nazirinin müavini Əsgər Ələkbərov bildirib ki, bu gün Azərbaycan hökuməti ölkənin yuvenal ədliyyə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması üçün əlindən gələni edir.

 

İşçi qrupu var...

Azərbaycanda keçirilən konfransın yekununda dövlət strukturları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət işçi qrup yaradılıb: bu qrup ölkədə yuvenal ədliyyə sistemində islahatlarla məşğul olacaq. Bu qrupun yaradılmasının da təşəbbüskarı kimi UNICEF-in Bakı ofisi çıxış edib. Qrup üzvləri bu sahədə bundan sonra görüləcək işlərə nəzarət etməli, ona yekun vurmalı, dövlət qurumları, QHT və beynəlxalq təşkilatların bu sahədəki fəaliyyətini koordinasiya etməlidir. İşçi qrupun yaradılmasının əsas məqsədi isə Azərbaycanda beynəlxalq hüquqi standartlara cavab verən yuvenal ədliyyə sisteminin qurulması və təkmilləşdirilməsidir.

"ATƏT bundan sonra da mənəvi və maddi baxımdan Azərbaycana yuvenal ədliyyə sistemində islahatların aparılması üçün dəstək verəcək", - deyə konfransda çıxış edən ATƏT-in Azərbaycandakı nümayəndəsi Xose-Luis Herrero bildirib. Onun sözlərinə görə, Azərbaycan bundan sonra da ölkədə cinayət törətmiş uşaqlar üçün bərpa mərkəzlərinin yaradılması yolu ilə getməlidir. Bununla yanaşı, uşaqlar üçün hüquqi klinikaların yaradılması da vacibdir. Xatırladaq ki, belə klinikadan biri artıq 2007-ci il sentyabrın 15-də Ombudsman Aparatı, UNICEF və ATƏT-in Bakı ofisləri, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Uşaq Hüquqları üzrə QHT Alyansı və "Dinc Dünya" ictimai təşkilatı tərəfindən yaradılıb. Bu klinikada uşaq hüquqları ilə bağlı təbliğat və maarifləndirmə işləri aparılır, uşaq hüquqşünasları arasında əməkdaşlığa şərait yaradılır, uşaqlara hüquqi yardım göstərilir, lazım olduqda məhkəmələrdə azyaşlıların hüquqları müdafiə olunur və s.

"Əlbəttə ki, bu bizim sözügedən sahədə yeganə tövsiyəmiz deyil. Düşünürəm ki, belə uşaq klinikalarının fəaliyyətə başlaması Azərbaycanın ədliyyə-hüquq sistemində uşaqların hüquqlarının müdafiəsi üçün daha möhkəm bazanın yaradılmasına, həmçinin bu məsələlərdə Vəkillər Kollegiyasının üzvlərinin iştirakına stimul olacaq. Biz çox ümid edirik ki, Azərbaycanda aparılan islahatlar nəticəsində burada yuvenal məhkəmələri, penitensiar sistemin istintaq təcridxanalarında isə xüsusi yuvenal müəssisələr fəaliyyət göstərəcək. Anlamalıyıq ki, uşaqlar tərəfindən törədilmiş cinayətlər yalnız ayrıca götürülmüş azyaşlının "məhsulu" yox, həm də bu və ya digər dövlətdəki ictimai quruluşun, tərbiyənin nəticəsidir. Bu səbəbdən də bu sistemi yaradan böyüklər də uşaqların əməllərinə görə məsuliyyət daşıyırlar. Biz başa düşməliyik ki, adi ədliyyə ilə yuvenal ədliyyə arasında böyük fərq var. Fikrimcə, artıq Azərbaycanda bu başa düşülür. Azərbaycanda bu sahədə aparılan işlərin uğurunu qeyd etmək istərdim. Bununla yanaşı, ümid edirəm ki, ölkədə yuvenal ədliyyə sisteminin yaradılmasına daha böyük əhəmiyyət veriləcək", - deyə Xose-Luis Herrero qeyd edib.

Sonda bir məqamı da qeyd etmək lazımdır. Amerikalı ekspertlərin apardıqları araşdırmalar göstərib ki, məsuliyyətə cəlb edilmiş yeniyetmələrin 60%-i azadlığa çıxdıqdan sonra yenidən cinayət törədir. Məhkəmələrin alternativ qərar çıxartdıqları uşaqlar arasında isə təkrar cinayətkarlığa yönəlmə cəmi 17% təşkil edir.

Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində belə qənaətə gəlinib ki, daha effektli cəza forması uşaqlara səhvini düzəltmək və cəmiyyətin normal üzvləri kimi qalmaq imkanının yaradılmasıdır.


MƏSLƏHƏT GÖR:

449