14 Mart 2025

Cümə, 21:37

ƏLVERİŞLİ MÜDDƏT

Azərbaycanda neft hasilatının pik dövrü uzana bilər

Müəllif:

15.05.2008

Azərbaycanın ildən-ilə artan neft gücü sürətlə öz zirvəsinə yaxınlaşır. Artıq bu ilin II rübündə hökumətin "Azəri-Çıraq-Günəşli" (AÇG) pers-pektiv strukturunun işlənməsi layihəsində payı 80 faizə çata bilər. Bu, gəlirin Azərbaycana çatan hissəsidir və yəqin ki, bu ilin sonuna kimi dünya bazarlarında neftin qiymətinin yüksək olması səbəbindən həmin gəlir bir qədər də artacaq. Qeyd edək ki, aprelin 1-dən "Azəri-Çıraq-Günəşli"də hökumətin payı 50 faizdən 75 faizə qalxıb, 2007-ci ildə isə bu yalnız 25 faiz idi. Sərmayəçilərin layihəyə qoyduqları vəsaitlərin geri qayıdan hissəsi artıqca bu nisbət də dəyişir. 

Bu ilin sonuna kimi isə "Azəri-Çıraq-Günəşli"də hasilatın sutkada 1 milyon barrelə bərabər olan pik nöqtəsinə çatdırılacağı düşünülür. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və onun operatoru "BP-Azərbaycan" zirvə hasilat müddətinin bacardıqca uzadılmasına çalışırlar.  ABƏŞ prezidenti  Bill Şreyderin sözlərinə görə, əgər əvvəllər AÇG-də zirvə hasilatın 1-2 il çəkəcəyi düşünülürdüsə, indi şirkətin səhmdarları bu müddətin uzadılması üçün bir neçə variant barədə düşünürlər. "Məhz bu səbəbdən AÇG-nin "Çıraq-Balaxanı" strukturunda neft hasilatına başlanılmasını nəzərdə tutan Faza-4 layihəsi gerçəkləşdiriləcək. AÇG-də zirvə hasilatın müddətinin uzadılması üçün başqa cəlbedici variantlar da var",- deyə B.Şreyder vurğulayıb.

 

Vaxt az qalıb

Ötən ay ABƏŞ "Günəşli"nin dərinsulu hissəsindəki platformalar kompleksindən neft hasilatına başlanılması barədə məlumat yayıb. Həmin hissədəki qurğuların işə salınması ilə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsinin 3-cü fazası, yəni Faza-3 layihəsi başa çatdırılır. 

Sabit hasilat dövründə "Günəşli"nin dərinsulu hissəsindən çıxan neft gündə, təxminən, 320 min barrelə bərabər olacaq. Bu da "Çıraq", "Şərqi, Qərbi və Mərkəzi Azəri" də daxil olmaqla, AÇG-də ümumi hasilatı gündə 1 milyon barreldən yuxarı səviyyəyə çatdırmağa imkan verəcək. 

Azərbaycan hökumətinin qiymətləndirməsinə görə, AÇG-də hasilat səviyyəsi 2011-ci ildən düşməyə başlayacaq. Həmin il neft hasilatı 2010-cu ildəki 54 milyon 745 min ton səviyyədən 541 min ton azalaraq, 54 milyon 204 min tona düşəcək. 

Ancaq hələ keçən il Bill Şreyder bildirmişdi ki, neft-qaz layihələri çərçivəsində gələcək fəaliyyət planına Balaxanı layının neft hasilatına hazırlanması daxildir,  hələ ki hasilat fasilə layında aparılır. Bunun üçün həmçinin yeni platformaların tikintisi lazım gələ bilər. Bu da elə AÇG-nin Faza-4 layihəsi deməkdir. 

Bu yaxınlarda Şreyder jurnalistlərə bildirmişdi ki, layihəni başlamağa sanksiya 2009-cu ilin sonunda veriləcək və ABƏŞ konsorsiumunun bütün iştirakçıları onun işlənməsinə razılıq veriblər. Şreyderin sözlərinə görə, layihə rəsmən "Çıraq-Balaxanı" adlandırılıb və onun ehtiyatları 350 milyon barrel qiymətləndirilir. Bu layihənin gerçəkləşdirilməsi üçün lazım olacaq kapital qoyuluşları AÇG yatağının işlənməsi üçün nəzərdə tutulan ümumi kapital qoyuluşlarına daxil deyil. Sazişin 2019-cu ilə qədərki bütün fəaliyyət dövrünü əhatə edən ümumi  kapital qoyuluşları 20 milyard dollara bərabərdir. 

"Şahdəniz" yatağından qaz hasilatının zirvəsinə gəldikdə isə, bu, 2009-cu ilin birinci yarısında "Mərhələ-1" layihəsi çərçivəsində əldə ediləcək. Bundan sonra həmin səviyyədə sabitləşəcək. Bill Şreyder bildirib ki, "Mərhələ-1" çərçivəsində sabit hasilat dövründə zirvə göstəricisi ildə 8,6 milyard kubmetr qaz və təxminən, sutkada 45 min barrel kondensat təşkil edəcək. 

Yada salaq ki, 2008-ci ildə yataqdan 7,7 milyard kubmetr qaz və 1,9 milyon ton kondensat çıxarılması proqnozlaşdırılır. Bu ilin birinci rübündə yataqdan 1,8 milyard kubmetr qaz və 0,5 milyon ton kondensat çıxarılıb. 

Beləliklə, hökumət ölkə iqtisadiyyatını neft amilindən məhrumolma təhlükəsindən xilas etmək üçün əlavə vaxt qazanır. Şəksiz ki, bu amili yalnız iri regional layihələr gerçəkləşdirmək  yolu ilə "əvəz" və ya kompensasiya etmək müm-kündür. Bu cür layihələr sırasına istismar müddəti neft və qaz hasilatı zirvəsindən xeyli uzun olan nəqliyyat dəhlizlərini və  tranzit boru kəmərlərini göstərmək olar. 

 

Genişləndirmə gözlənilir 

Fəaliyyətdə olan tranzit marşrutlarını tam hazırlığa gətirmək, onların imkanlarını genişləndirmək məsələsi gündən-günə aktuallıq qazanır.  Bəllidir ki, Azərbaycandan üç neft nəqli marşrutu və hələ ki bir qaz nəqli marşrutu keçir. Neft nəqli marşrutları Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləridir. Sonuncu kəməri ARDNŞ öz neftini şimala ötürmək üçün işlədir. 

2006-cı ildə başlamış  və "BP-Azərbaycan"a 53 milyon dollara başa gəlmiş təmir işləri başa çatsa da, Bakı-Supsa bu gün hələ də işləmir. Ancaq "BP-Azərbaycan" şirkətinin yerüstü əməliyyatlar üzrə vitse-prezidenti Rəşid Cavanşirin sözlərinə görə, hazırda təkrar buraxılış-qəbul sınaqlarının tam proqramı gerçəkləşdirilir. "Biz kəməri texniki durumundan tam razı qaldıqdan sonra istifadəyə verəcəyik",- deyə Rəşid Cavanşir vurğulayıb. 

Bildirmək gərəkdir ki, əlavə iki marşrutun olmasına, həmçinin nefti həm də dəmir yolu ilə göndərmək imkanının mövcudluğuna baxmayaraq, indi Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft boru kəmərinin gücünün artırılması ilə bağlı müzakirələr gedir. Düşünülür ki, indi ötürmə gücü sutkada 1 milyon barrel olan neft kəmərinə xüsusi polimer vurduqda ötürmə gücünü bu ilin sonuna kimi 1,2 milyon barrelə qaldırmaq mümkündür. Bu layihənin əsaslı xərcləri təxminən 70 milyon ABŞ dolları təşkil edəcək. 

"Bu, boru kəmərinin buraxılış gücünün artırılması üçün sadə və ucuz üsuldur. İlin sonuna kimi sutkada 1,2 milyon barrelə qədər ötürmə gücü əldə etmək planlaşdırılır. Halbuki AÇG-də hasilat gücü sutkada  1 milyon barrel təşkil edəcək. Hava şəraiti və başqa amillər üzündən boru kəmərində periodik baş verən texniki dayanmalar və fasilələr nəzərə alınsa, Səngəçaldakı çənləri boşaltmaq üçün bizə sutkada 1 milyon barreldən yüksək ötürmə gücü gərəkdir",- deyə Rəşid Cavanşir vurğulayır. 

Layihənin bəzi bəndləri ilə ARDNŞ-in razılaşmadığı nəzərə alınarsa, sözügedən vaxta kimi bu planı gerçəkləşdirməyin müm-künlüyü sual altındadır. ARDNŞ vitse-prezidenti Elşad Nəsirovun sözlərinə görə, BP ilə onlar arasındakı narazılıq öz xərcini ödədikdən sonra, kəmərin kimin mülkiyyətinə verilməsi məsələsi ilə bağlıdır. Kəmərin xərclərinin 2020-ci ilə qədər ödənəcəyi ehtimal edilir. "Tərəflərin marağını tapdamayan ümumi məxrəcə gəlmək lazımdır", - deyə Elşad Nəsirov vurğulayır. Onun sözlərinə görə, danışıqlarda söhbət BTC-nin buraxılış gücünün 1,2 milyon, 1,6  milyon və ya 2 milyon barrelə qədər artırılmasından gedir. 

ARDNŞ və BP fikir ayrılıqlarının tam məzmununu açıqlamır, lakin Rəşid Cavanşir bildirir ki, hər şey mövcud sazişlər çərçivəsində həll ediləcək. Ancaq böyük ehtimalla, yeni həcmlər nəzərə alınmaqla, göstəricilərdə düzəliş ediləcək. Belə olan halda BTC-nin tikintisinə qoyulmuş xərclərin ödənməsi müddəti və uyğun olaraq obyektin Azərbaycanın mülkiyyətinə keçməsi tarixi də uzanacaq. Ancaq necə olsa, neft kəmərinin gücünü artırmağın vacibliyi fikri ilə hər iki tərəf razıdır və deməli, bu məsələdə konsensus əldə etmək mümkün olacaq. 

 

Kulevidə açılış 

Boru kəmərləri ilə yanaşı, Azərbaycan fəal şəkildə neftin dəmir yolu ilə ötürülməsi imkanları üzərində də işləyir. Bunun üçün ARDNŞ Gürcüstanın Kulevi terminalında modernləşdirilmə layihəsi gerçəkləşdirib. Terminalın tikintisinin başa çatdırılması üçün ARDNŞ 305 milyon dollar sindikatlaşdırılmış kredit götürüb. 

Kreditor kimi "ABN Amro", "Societe Generale" və "BNP Paribas"ın başçılıq etdiyi 15 Avropa bankından ibarət sindikat çıxış edib. Neftin qiymətinin yüksək olması və ARDNŞ-in neft hasilatının artması 2009-cu ildə borcları ödəməyə imkan verəcək. 

İlkin mərhəldə terminal ildə 10 milyon ton neft və neft məhsulları qəbul edə biləcək. Bu məhsul Kuleviyə Azərbaycandan və Xəzər hövzəsinin başqa ölkələrindən dəmir yolu ilə gətiriləcək, oradan isə Avropa ölkələrinə göndəriləcək. Layihəyə görə, terminalın ötürmə gücünü ildə 15-20 milyon tona qaldırmaq nəzərdə tutulur. Çənlərin ümumi tutumunu 380 min kub-metrə qədər qaldırmaq da planlaşdırılır. 

Terminalda dörd dəmir yolu xətti var, həmin xətlərlə giriş kanallarına və üç körpüyə 168 sistern ötürmək mümkündür. Terminalın strukturuna neft və neft məhsullarının keyfiyyətinin yoxlanması üzrə laboratoriya, qazın yüklənməsi üçün xüsusi estakada, doqquz yardımçı xidmət gəmisindən ibarət donanma, həmçinin  uzunluğu 13,8 kilometr olan  yeni "Kolxeti-Kulevi" dəmir yolu xətti  daxildir. Hesablamalara görə, terminal sərbəst şəkildə dedveti 100-150 min ton olan tankerləri qəbul edə bilər. 

Beləliklə, Azərbaycan çağdaş boru kəmərləri sistemlərini inkişaf etdirməklə, neftin dəmir yolu və dəniz yolları ilə ötürülməsi imkanlarını artırmaqla neftin nəqli bazarlarında öz mövqelərini gücləndirir. Bu, ölkəyə savadlı şəkildə gələcəkdə neft-qaz ehtiyatlarının tükənməsinin yaradacağı arzuolunmaz nəticələrdən can qurtarmağa imkan verəcək. Ancaq bu zaman "neft" və "nəqliyyat" sahələrindən asılılığa düşməmək üçün  iqtisadiyyatın başqa sahələrinin də inkişaf etdirilməsini unutmaq olmaz/.


MƏSLƏHƏT GÖR:

451