14 Mart 2025

Cümə, 21:37

BÜDCƏ YENİLƏŞDİ

Azərbaycanın icmal büdcəsi 2007-ci illə müqayisədə 2,2 dəfə artıb

Müəllif:

15.05.2008

Son illərin təcrübəsinə uyğun olaraq Azərbaycan hökuməti bu ilin büdcə proqnozlarına da yenidən baxıb. Dəyişikliklər layihəsi Milli Məclisin iclaslarında müzakirə edilərək, deputatlar tərəfindən, demək olar ki, yekdilliklə qəbul edilib və dövlət başçısı tərəfindən təsdiq edilib. 

Düzəlişlər nəticəsində 2008-ci ilin icmal büdcəsinin gəlirləri bu il üçün əvvəlcə təsdiq edilmiş proqnozlarla müqayisədə 66,4%, 2007-ci ilin faktiki daxilolmaları ilə müqayisədə isə 2,2 dəfə artaraq, 17,5 milyard manat təşkil edib. İcmal büdcənin xərcləri isə 12,8 milyard manat həcmində təsdiq edilib. Bu da 2008-ci ilin əvvəlki proqnozları ilə müqayisədə 25,3%, 2008-ci ilin faktik xərcləri ilə müqayisədə 72,9% artım deməkdir. 

 

Gəlirlər xərclərdən çox artıb 

Proqnozlara yenidən baxdıqdan sonra, dövlət büdcəsinin gəlirləri 10,5 milyard manat səviyyəsində müəyyən edilib. Bu, 2008-ci ilin əvvəlki proqnozlarına nisbətən 41,8% və 2007-ci ilə baxanda isə 74,5% artım deməkdir. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri üzrə proqnoz 219 milyon manata  çatdırılıb ki, bu da 2008-ci ilin əvvəlki proqnozları ilə müqayisədə 1,4% artım, lakin 2007-ci ilə nisbətən 4,3% azalma deməkdir. Dövlət Neft Fondunun gəlirləri üzrə proqnozda da dəyişiklik olub və bu il üçün təxminən 10,2 milyard manat gəlirin daxil olması nəzərdə tutulub. Bu isə ötənilki göstəricidən 5,4 dəfə, bu ilin əvvəlki proqnozundan isə 2,8 dəfə çoxdur. Dövlət Sosial Müdafiə Fondunun da gəlirləri artıb və 1,4 milyard manat olub. Uyğun olaraq bu da 2008-ci il proqnozlarının 10,8% artması deməkdir. 2007-ci ilin göstəricisinə baxanda isə artım 30,2% olub. 

Dövlət büdcəsinin əlavə gəlirləri dörd istiqamətdə formalaşdırılacaq. Vergilər Nazirliyinin xətti ilə vergi yığımı 7,6%  və ya 380 milyon manat artaraq 5,4 milyard manat olacaq. Dövlət Gömrük Komitəsi isə yığımları 0,9% və ya 10 milyon manat artıraraq 1,1 milyard manata çatdıracaq. Dövlət Neft Fondundan büdcəyə köçürmələr 2,7 milyard manat artaraq, 3,8 milyard manata qalxacaq. Büdcə təşkilatlarının pullu xidmətlərindən gələn daxilolmalar isə 1,5 milyon manat çoxalaraq 137,5 milyon manata çatacaq.  

Dövlət büdcəsinin xərcləri isə 2008-ci ilin əvvəlki proqnozlarına nisbətən 29,8% artaraq, 11,2 milyard olacaq ki, bu da 2007-ci ilin göstəricisindən 81,7% çoxdur. Bu həm də ümumi daxili məhsulun (ÜDM) 34%-nə bərabərdir. Əlavə vəsaitlərin 983 milyon manatı (38,1%) cari büdcə ehtiyaclarına, 1,5 milyard manatı (60,7%) sərmayələrə, 17 milyon manatı (0,2%) xarici borcların ödənilməsinə, 3 milyon manatı diplomatik xidmətlərin saxlanmasına, 2,8 milyon manatı isə beynəlxalq maliyyə qurumlarına üzvlük haqlarının ödənməsinə yönəldiləcək. Ölkənin müdafiə potensialının gücləndirilməsi üçün isə əlavə 276 milyon manat veriləcək. Bundan başqa hüquq-mühafizə qurumlarının saxlanması xərcləri də 4,8 milyon manat artıb. 

 

Neft hələ də öndədir 

Yeniləşmədə əsas diqqət dünya bazarlarında neft qiymətlərinin yüksəlməsi şəraitində Azərbaycanın neft gəlirlərinin xüsusi çəkisinin artmasına yönəldilib ki, bu da dövlət büdcəsi daxilolmalarının artmasına səbəb olacaq. Belə ki, Dövlət Neft Fondundan ediləcək 3,8 milyard manat transfer də nəzərə alınmaqla, neft bölməsindən bu il dövlət xəzinəsinə 6,7 milyard manat veriləcək və bu, ümumi büdcə gəlirlərinin 63,9%-nə bərabər olacaq. Əvvəlki proqnozlara görə isə neft gəlirlərinin payı 51,9% (3,83 milyard manat) təşkil edirdi. 

Hökumət də büdcənin gəlir və xərc hissəsinin formalaşması üçün nəzərdə tutulan neft qiymətini bir barrel üçün 50 dollardan 70 dollara qaldırıb. Məhz bu, Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə köçürmələrin məbləğini artırmağa imkan verib. Əgər əvvəlcə ARDNF-dən köçürmələrin 1,1 milyard manat olması nəzərdə tutulurdusa, düzəlişdən sonra bu, 3,8 milyard manata qədər artıb. Bu da icmal büdcəsinin profisitinin 4,7 milyard manata qədər artmasına gətircək. 

Bununla yanaşı, dəyişikliklər Dövlət Neft Şirkətinin (ARDNŞ) köçürmələri üzrə proqnozuna təsir etməyib və bu, əvvəlki kimi 1 milyard 350 milyon manat səviyyəsində qalıb. Neft sektorundan dövlət büdcəsinə daxilolmaların artımı "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi çərçivəsində ABƏŞ-dən gələn mənfəət vergisi hesabına təmin ediləcək. Bu, 1 550 milyon manat səviyyəsində proqnozlaşdırılır və neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulduğu kimi bir barrel üçün 70 ABŞ dollarından hesablanıb. Maliyyə nazirinin müavini Azər Bayramovun fikrincə, dünya bazarında neftin qiymətinin indiki konyukturası saxlanarsa, neft şirkətlərindən dövlət büdcəsi üçün 1,75-1,8 milyard manat almaq mümkün olacaq. 

2008-ci ildə neftin müqavilə (ixrac)  və ölkədaxili topdansatış qiymətləri arasındakı fərqin artıq 30 faizi dövlət büdcəsinə ödənəcək, buna kimi isə 25 faizi ödənirdi. 

Bununla yanaşı, ölkədə iqtisadiyyatın neftdənkənar bölməsinin inkişafı üzrə irimiqyaslı işlər görülməsi ilə bağlı bu sektordan daxilolmalar üzrə proqnoz əvvəl nəzərdə tutulmuş 2,27 milyard manat əvəzinə 2,48 milyard manata qalxıb. 

 

Ərzaq təhlükəsizliyi üçün 156,6 milyon manat

2008-ci ilin yeniləşdirilmiş proqnozlarında əsaslı dövlət sərmayələri əvvəlki  proqnozlara baxanda 53,3% artaraq 4,3 milyard manat təşkil edib. Əsaslı sərmayələr maddəsinə əlavə edilən 1,5 milyard manat vəsaitin energetika proqramı üzrə layihələrin gerçəkləşdirilməsinə, Bakının enerji təchizatının yaxşılaşdırılmasına, avtomobil yollarının yenidənqurulmasına, Bakı metropoliteni üçün vaqonların alınmasına, Xəzər Dəniz Gəmiçiliyinin əsaslı fondlarınn artırılmasına, güc strukturlarının infrastruktur layihələrinə və s.-ə yönəldilməsi düşünülür. 

Ölkə üzrə kapital qoyuluşlarının dinamikasında da müsbət dəyişiklik müşahidə edilir. 6,8 milyard manata bərabər olan ümumi sərmayə həcminin 59,6%-i yerli sərmayələrin hesabına təmin edilib. Bu, özəl bölmənin inkişafı və maliyyə bazasının möhkəmləndirilməsi ilə izah edilir. 10-12 il qabaq ölkə iqtisadiyyatının ümumi kapital qoyuluşlarında yerli sərmayələrin xüsusi çəkisi cəmi 1-2% təşkil edirdi.

Azərbaycan prezidenti İlham Əliyev tərəfindən bu ilin əsas prioritetləri kimi neftdənkənar bölmənin inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün ehtiyatların yaradılması, həmçinin investisiya layihələrinin gerçəkləşdirilməsinin sürətləndirilməsi elan edildiyindən bu istiqamətdə də xərclər artırılıb. 

Belə ki, ərzaq təhlükəsizliyinin təmini üzrə tədbirlərin keçirilməsinə dövlət büdcəsindən əlavə olaraq 156,6 milyon manat ayrılması planlaşdırılır. Bu vəsaitlər dövlət tərəfindən kənd təsərrüfatının dəstəklənməsinə, meliorasiya və irriqasiya işlərinin görülməsinin sürətləndirilməsinə, taxıl saxlanması üçün xüsusi anbarların tikilməsinə yönəldiləcək. Kənd təsərrüfatı naziri həmçinin bildirib ki, ölkə hökuməti taxıl bitkiləri istehsalının həcminin artırılması üçün əlavə addımlar da nəzərdən keçirir. Bununla bağlı olaraq, toxumçuluğun inkişafına böyük önəm veriləcək.

 

Məzənnə amili 

Azərbaycan iqtisadiyyatına neft gəlirlərinin yetərincə təsir etdiyi nəzərə alınsa, büdcə çərçivəsində düzgün məzənnə siyasətinin aparılması məsələsi daha böyük önəm alır.  

Azərbaycan hökuməti bu il milli valyutanın məzənnəsinin ABŞ dollarına nisbətdə 5% möhkəmlənərək, dolların 0,81 manata bərabər olacağını gözləyir. Bir tərəfdən, bu, inflyasiyanın qarşısını alan amildir. Digər tərəfdən isə, proqnozların hazırlandığı ötən il dünya üzrə yetərincə ciddi proseslər baş verib - dünyanın aparıcı valyutalarına nisbətdə dolların qiyməti düşüb. Bununla bağlı olaraq, bütün dünyada dollar aktivlərinin dəyərinin yenidən qiymətləndirilməsi prosesi müşahidə edilib. 

Bununla yanaşı, bu il hökumət yetərincə iri həcmlərdə neft dollarlarının gəlməsini gözləyir və bu, icmal büdcənin gəlirlərinə salınıb. Həm də Azərbaycan iqtisadiyyatına xaricdən böyük sərmayələr gözlənilir. Belə olan şəraitdə manatın dollar qarşısında məzənnəsinin uzun müddətli dönəmdə dəyişməsinin necə olacağını ehtimal etmək çətindir.  Həm də gözlənilir ki, ABŞ Federal Rezerv Sistemi və Avropa Mərkəzi Bankı faiz dərəcələrinin aşağı salınması üzrə addımlar atacaq. Bu da dolları daha da ucuzlaşmaqdan bir qədər xilas edəcək. 

Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, bu gün hökumətin başlıca narahatlığı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarının  ölkəyə idxal edilən malların müqavilə dəyərlərini ABŞ dolları ilə göstərməmələrindən qaynaqlanır. 

"Neft satışından ölkəyə gəlirlər ABŞ dolları ilə daxil olur və müqavilə öhdəliklərinin yerinə yetirilməsi zamanı idxal edilmiş məhsullar üzrə məzənnə fərqi baxımından risk yaranır və biz özümüzü bundan sığortalaya bilmirik",- deyə nazir vurğulayır. 

Digər tərəfdən, dolların məzənnəsinin başqa sərbəst dönərli valyutalara nisbətən kəskin dəyişməsi Azərbaycana idxal olunan malların bahalaşmasına, başqa sözlə, inflyasiya idxalına səbəb olur. Ancaq bu o demək deyil ki, hökumət bu məsələdə müşahidəçi mövqeyi tutmaq niyyətindədir. Nazirin sözlərinə görə, qlobal inflyasiyanın mənfi təsirlərinin azaldılması üzrə artıq müəyyən planlar var. Bu tədbirlər əsasən aztəminatlı ailələrin müdafiəsinə yönəldilib və proqnozlara düzəlişlər ediləndən sonra 2008-ci ilin dövlət büdcəsinə pensiyaların, maaşların və sosial müavinətlərin artırılması üçün əlavə olaraq 400 milyon manat daxil edilib. 


MƏSLƏHƏT GÖR:

472