
MÜQƏDDƏS TORPAQ SÜLH İNTİZARINDA
Qlobal təhlükəsizlik və sabitlik məhz bundan asılıdır
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Yaxın Şərq, çox güman ki, böyük dəyişikliklər ərəfəsindədir. Artıq 60 ildir, dünya ictimaiyyətini gərginlikdə saxlayan Yaxın Şərq münaqişəsi bu ilin sonunadək həllini tapa bilər. Amma illərboyu fələstinli və israillilərin bir neçə nəslinin qurbanı olduğu bu münaqişənin həlli yalnız problemə cəlb edilmiş bütün tərəflərin ardıcıl səyləri nəticəsində mümkündür.
Düşmənçilik "girdabı"
Fələstin-İsrail münaqişəsinin həlli üzrə beynəlxalq "dördlük"ün (ABŞ, Rusiya, Avropa İttifaqı, BMT) son iclasında bir daha təsdiqlənib ki, artıq bu ilin sonunadək Yaxın Şərq münaqişəsilə bağlı sülh əldə oluna bilər. Lakin bunun üçün tərəflər arasında ən azı prinsipial fikir ayrılıqlarının bəzi məqamları aradan qaldırılmalıdır. Birincisi, buraya fələstinli qaçqınların problemi aiddir (hazırda onların sayı 4,5 milyon nəfərə çatır. Çünki BMT-nin qərarına əsasən, 1948-ci ildə İsrail dövlətinin yaradılmasından sonra doğma torpaqlarından kənar düşmüş insanların sonrakı nəsilləri də bu siyahıya aiddir). İkincisi isə, ərazi problemi məsələsi həllini tapmalıdır. Burada söhbət İordan çayının qərb sahili və Qəzza zolağı, İsraillə Fələstinin sərhədinin müəy-yənləşdirilməsi və əlbəttə ki, yəhudi dövlətinin özünün paytaxtı elan etdiyi Qüdsün taleyindən gedir.
Hələlik tərəflərin mövqelərinin kifayət qədər ziddiyyət təşkil etdiyi bütün bu məsələlər ətrafında razılaşmanın əldə edilməsini gözləmək tezdir. Çünki tərəflər arasında ziddiyyətlərlə yanaşı, qarşılıqlı nifrət də çox dərindir. Son zamanlar İsrailin Qəzza zolağına, fələstinlilərin isə İsrailin blok-postlarına hücumları da buna əyani sübutdur.
Məlum olduğu kimi, artıq rəsmi Təl-Əviv yaraqlıların İsrail-Fələstin sərhədində "Naxal-Oz" terminalına hücumuna cavab olaraq, Qəzza zolağına yanacaq nəqlini dayandırıb. Bu isə, təbii ki, fələstinlilərin yaşayış səviyyəsinə, həmçinin Birləşmiş Millətlər Təşkilatının yerli nümayəndəliyinin fəaliyyətinə olduqca neqativ təsir göstərib: artıq BMT yanacaq çatışmazlığı üzündən Qəzza zolağı sakinələrinə humanitar yardımın paylanması prosesini dayandırıb.
Bütün bu neqativ halların fonunda yeganə ümidverici məqam odur ki, İsrail və Fələstinin liderləri istənilən halda, münaqişənin həlli yollarını axtarmaqda davam edirlər. Hər halda, israillilər üçün bu, təhlükəsizliyin təmin olunmasının yeganə yolu, fələstinlilər üçün isə özlərinin müstəqil dövlətinin yaradılması üçün yeganə vasitədir.
"Yaxın Şərqin gələcəyi uğrunda dava başladı"
Yaxın Şərqdə sülh prosesinin hazırkı mərhələsinin əsas "mühərriki" ABŞ-dır. Hər şeyə rəğmən, Vaşinqton əmindir ki, dünya ictimaiyyətində antiamerika əhval-ruhiyyəsinin aradan qaldırılmasına təsir göstərə biləcək qlobal və sivilizasiyalararası razılaşmanın əldə edilməsi ərəb-İsrail münaqişəsinin həllindən keçir. Bunun təməlində isə dünya xəritəsində Fələstin adlı dövlətin yaranması dayanır. 2009-cu ilin yanvarında prezidentlik müddəti başa çatan Corc Buş, həmin vaxta qədər fələstinlilərlə israilliləri barışdırmaq üçün əlindən gələni edir. Ötən ilin noyabrında Amerikanın Annapolis şəhərində keçirilmiş sülh konfransı da məhz buna xidmət edirdi. Hələ ki problemin həllində nəzərəçarpacaq irəliləyiş hiss edilməsə də, Annapolisdə əsas məqsədə nail olundu - 7 il əvvəl dayandırılmış Fələstin-İsrail danışıqları, nəhayət, bərpa edildi. Nəticədə müasir dünyanın ən uzun-müddətli və ağrılı münaqişəsinin həlli prosesinin "ölü nöqtə"dən tərpənəcəyinə ümid yaranıb.
İsrailin baş naziri Ehud Olmertlə Fələstin lideri Mahmud Abbasın Annapolisdə qəbul etdikləri birgə bəyanatda bildirilirdi: "Biz xalqlarımız arasında onilliklərlə davam edən münaqişəyə, əzablara və zorakılığa son qoyulmasına çalışırıq. Biz Fələstin və İsrail tərəfi olaraq, qeyri-zorakılıq mədəniyyətini dəstəkləmək, qarşılıqlı nifrət və terrorçuluğa qarşı fəaliyyət göstərmək əzmindəyik".
Artıq İsraillə Fələstin ABŞ-ın nəzarəti altında sülh danışıqlarının aparılması üçün daimi qrupun yaradılmasına dair razılıq əldə ediblər. Bu prosesin qiymətləndirilməsi və monitorinqi funksiyasını ABŞ öz üzərinə götürüb.
Yeri gəlmişkən, Annapolisdə keçirilmiş konfransdan bir ay sonra Yaxın Şərqə səfər etmiş ABŞ prezidenti Corc Buş bəyan etdi ki, "Yaxın Şərqin gələcəyi uğrunda döyüş başlandı". "İsraillilər və fələstinlilər anlayırlar ki, onlar bir-birlərinə yardım etsələr, bu onlara şəxsi maraqlarının reallaşmasına imkan yaradacaq. Onların hər ikisinə müstəqil, demokratik, həyat qabiliyyətli Fələstin dövləti lazımdır. Bu dövlət fələstinlilərə azadlıq, israillilərə isə neçə-neçə nəslin uğrunda mübarizə apardığı əmin-amanlıq və qonşularla sülh şəraitində yaşamaq imkanı verəcək", - deyə ABŞ prezidenti qeyd etmişdi.
Yaxın vaxtlarda Corc Buşun yəhudi dövlətinin yaradılmasının 60 illiyinə həsr edilmiş tədbirdə iştirak etmək məqsədi ilə Yaxın Şərqə yeni səfəri gözlənilir. Artıq bununla əlaqədar, Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays regiona səfər edib. Hər iki tərəfin himayəçisi qismində çıxış edən Rays İsraili İordan çayının qərb sahilində fələstinlilərin sərbəst hərəkətinə imkan yaratmağa, fələstinliləri isə regionun təhlükəsizliyinə görə məsuliyyəti öz üzərlərinə götürməyə çağırıb.
Türk missiyası
Son zamanlarda Yaxın Şərqdə sülhün əldə edilməsində əvəzsiz rol oynaya biləcək Türkiyə də müvafiq təşəbbüslə çıxış edib. Xatırladaq ki, 2007-ci ilin aprelindən etibarən rəsmi Ankara İsraillə Suriya arasında vasitəçi kimi çıxış edir və bununla da özünün regionun aparıcı "oyunçu"larından olduğunu təsdiqləyir. Artıq Ankaranın bu missiyasının müəyyən müsbət nəticələri göz qabağındadır. Dəməşqdəki mənbələrin bildirdiyinə görə, İsrailin baş naziri Ehud Olmert türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar zamanı ölkəsinin 1967-ci ildə ələ keçirdiyi Holan yüksəkliyini geri qaytarmağa hazır olduğunu bildirib. Buna Suriya prezidenti Bəşər Əsədin "dost ölkələrin Suriya və İsrail arasında əlaqə yaratmaq cəhd-ləri" haqda bəyanatı da təsir edib.
Xatırladaq ki, bundan əvvəl də dəfələrlə oxşar bəyanatlar və fikirlər səslənirdi, amma sonradan onların həqiqətdən uzaq olduğu üzə çıxırdı. Bu dəfə isə situasiya bir qədər fərqlidir. Təl-Əvivlə Dəməşq arasında razılaşmanın ehtimalının real olduğunu ABŞ-ın sabiq prezidenti, Nobel mükafatı laureatı Cimmi Karter kimi nüfuzlu şəxs də təsdiqləyib. Xatırladaq ki, o da Yaxın Şərq münaqişəsinin həllində vasitəçi kimi çıxış etməyə cəhd göstərir. Suriya prezidenti Bəşər Əsədlə görüşdən sonra Ağ evin sabiq rəhbəri bəyan edib ki, artıq İsrail və Suriya arasında fikir ayrılıqlarının 85%-i aradan qaldırılıb və sərhədlərin müəyyənləşdirilməsi, təhlükəsizlik zonasının yaradılması və bölgədə beynəlxalq sülhməramlı kontingentin yerləşdirilməsi məsələlərinə dair razılıq var.
Hələlik tərəflər arasında tezliklə razılaşmanın əldə ediləcəyinə olan ümidlər kövrək olsa da, Təl-Əviv və Dəməşqin həqiqətən də razılığa gəlməkdə maraqlı olduqları şübhə doğurmur. İsrail üçün bu, ərəb dünyasında qəbul edilmək və təhlükəsizlik zəmanətinin artması, Suriya üçün isə Qərblə münasibətlərin yaxşılaşdırılması və ölkə iqtisadiyyatına böyük investisiyaların cəlbi deməkdir.
Parçalanmış Fələstin
Fələstinin radikal HƏMAS qruplaşması ilə bağlı vəziyyət ətrafında da müəyyən işıqucu var. Məlum olduğu kimi, 2006-cı ildə Fələs-tin parlamentinə keçirilən seçkidə HƏMAS-ın qələbə qazanmasından sonra, bu qruplaşma ilə Mahmud Abbasın rəhbərlik etdiyi FƏTH partiyası arasında qarşıdurma yaşanıb. Və bu gərginlik bu gün Fələstinin, faktik olaraq, ikiyə parçalanmasına səbəb olub. Hazırda Qəzza zolağını tam ələ keçirmiş HƏMAS İordan çayının qərb sahilini FƏTH-ə "verib". Bu səbəbdən də İsrail və Fələstin təmsilçiləri arasında danışıqlar yalnız Abbasa loyal qüvvələrin nəzarətindəki ərazilər ətrafında gedir. Başqa sözlə desək, Olmert hökuməti FƏTH administrasiyası ilə sülh danışıqları ilə paralel olaraq, HƏMAS-la müharibə aparır.
Və belə bir qeyri-müəyyən şəraitdə, nəyahət, fələstinli radikalların İsraillə sülh əldə etməyə hazır olmasına dair məlumat yayılıb. Bu haqda aprelin sonlarında HƏMAS rəhbərliyinin misirli vasitəçilər və Cimmi Karterlə apardığı danışıqlarından sonra məlum olub. Doğrudur, HƏMAS sülh razılaşmasının əldə edilməsi üçün öz şərtlərini irəli sürür. Və bu şərtlər sırasında nəzarət-buraxılış məntəqələrinin açılışı və HƏMAS-ın nəzarətində olan ərazilərdə bütün hərbi əməliyyatların dayandırılması tələbi də var. Amma istənilən halda fakt faktlığında qalır: indiyədək İsraili dövlət kimi tanımaqdan imtina edən və terrorçu qurum kimi tanınan bu radikal Fələstin qruplaşması ilk dəfə olaraq İsrailin tanınmasının mümkünlüyünü etiraf edib.
Bu kontekstdə bir məqam da şübhə doğurmur ki, Yaxın Şərqdə sülhün əldə edilməsi yolunda parçalanmış Fələstin, heç də ərəb-İsrail münaqişəsindən az əngəl deyil. Bu baxımdan, "Fələstinin bütövlüyünün bərpası əsas məqsəddir" deyən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla razılaşmamaq mümkün deyil. Onun fikrincə, buna nail olmadan istənilən nailiyyət, hətta Qəzza zolağında humanitar problemin aradan qaldırılması və Fələstinlə İsrail arasında yekun sülh razılaşması belə effekt verməyəcək.
"Cahanda sülh məhz buradan başlayır"
Mayın 5-də Qüdsdə Ehud Olmertlə Mahmud Abbas arasında keçirilmiş növbəti görüş bir daha göstərib ki, çoxlu problem və maneələrə rəğmən, Yaxın Şərq münaqişəsinin həlli üçün, həqiqətən də, real şans yaranıb. Bu ilin yayında Moskvada keçirilməsi gözlənilən beynəlxalq konfransda bu sahədə ciddi irəliləyişin əldə olunacağı istisna deyil. Xatırladaq ki, Annapolisin davamı kimi qəbul olunan bu tədbir, özündə ərəb-İsrail probleminin yalnız Fələstin məsələsində deyil, Suriya və Livan istiqamətlərində də çözülməsi perspektivlərini əks etdirməlidir.
Bu gün ərəb-İsrail qarşıdurması beynəlxalq münasibətlərin ən ağrılı problemidir və müasir dünya üçün əsas siyasi təhlükə sayılan "sivilizasiyalar müharibəsi" də məhz bu qarşıdurmadan qaynaqlanır. Münaqişə tərəfləri və oraya cəlb edilmiş bütün iştirakçılar 3 dinin birləşdiyi bu torpaqda uzun illərdir davam edən və qlobal sabitliyə problem yaradan bu münaqişədən bezib. Sülh prosesinin iflasa uğrayacağı təqdirdə isə regionu daha bir onillik ərzində sülhsüz yaşamaq və yeni zorakılıq təhükəsi gözləyir. İndiyədək çoxlu əzablarla üzləşmiş Müqəddəs torpağın sakinləri isə, əlbəttə ki, bunda maraqlı deyillər. "Bütün dünyada sülh buradan başlayır", - deyə Fələstin lideri Mahmud Abbas bildirir.
Və bu, danılmaz həqiqətdir.
MƏSLƏHƏT GÖR: