14 Mart 2025

Cümə, 21:37

AMERİKASAYAĞI YARIŞ

Demokratların bir-birilə çəkişməsini izləyən respublikaçılar, baş verənlərdən məmnun görünürlər

Müəllif:

15.05.2008

ABŞ-da seçkiqabağı yarış dünya KİV-i üçün "bir nömrə" olaraq qalır. Burada məsələ heç də yalnız hazırda dünyanın informasiya məkanında Amerikanın mediakonsernlərinin dominatlığı ilə əlaqədar deyil.

Ən vacibi odur ki, "çoxqütblü dünya", Çinin artmaqda olan qüdrəti və Rusiyanın "dirçəlişi" haqda söhbətlərə baxmayaraq, ABŞ dünyada yeganə fövqəldövlət olaraq qalmaqdadır. 

Əksər dairələrin fikrincə, ABŞ-da keçiriləcək prezident seçkisində kimin qələbə qazanacağından asılı olmayaraq, Vaşinqtonun daxili və xarici siyasətində hər hansı ciddi dəyişiklik baş verməyəcək: bu ölkə inqilablar dövrünü çoxdan arxada qoyub. 

Odur ki Birləşmiş Ştatlarda keçiriləcək prezident seçkisinə olan böyük maraq Ağ evin beynəlxalq münasibətlərə göstərdiyi təsirlə bağlıdır. 

Bundan başqa, ölkədə seçkiqabağı kampaniya da kifayət qədər maraqlı keçir. Bu fikri xüsusilə onun hazırkı mərhələsinə - "praymeriz"ə aid etmək olar.

Amerikada prezident seçkisi çoxmərhələli prosesdir. Və bu gün ABŞ-da baş verənlər qanun nöqteyi-nəzərindən hələ ki seçki yox, Respublikaçılar və Demokratlar partiyalarından namizədlərin müəyyənləşdirilməsi üçün partiyadaxili mübarizədir. Lakin analitiklər gizli razılaşmaların baş verdiyi, seçki favoritlərinin daim mövqeyini dəyişdiyi və hər səs uğrunda mübarizənin getdiyi bu dövrü daha intriqalı mərhələ hesab edirlər. Bu müddət ərzində iddiaçılar kameraların hədəfində olur, bəyanatlar səsləndirir, jurnalistlər isə onların tərcümeyi-halındakı ən kiçicik "yanlış"lıqları belə diqqətdənkənar qoymurlar. Əslində, bu mərhələdə söhbət sadəcə respublikaçılar və demokratların nümayəndələrinin partiya qurultayında edəcəyi seçimdən gedir  - hər bir partiya prezidentliyə öz namizədini məhz bu qurultayda müəyyənləşdirəcək. 

Namizəd olmaq uğrunda mübarizə aparanlar bu və ya digər ştatın nümayəndələrinin səslərini qazanmağa çalışır. Bunu "kokus", yəni fəalların səsverməsi və ya "praymeriz" - ilkin seçki adlandırırlar.

Budəfəki seçkilərin autsayderi kimi lap əvvəldən respublikaçılar göstərilirdi. Səbəb kimi isə Ağ evin hazırkı rəhbəri Corc Buşun populyarlığının ən aşağı həddə olması gətirilirdi. Doğrudan da, prezidentin hazırkı reytinqi fonunda onların seçkilərdə uğur qazanmaq şansı az görünür. Amma demokratlar arasında gedən daxili rəqabət vəziyyəti dəyişə bilər. 

Məlum olduğu kimi, demokratların təmsilçiləri - Hillari Klinton və Barak Obama bir-birlərinə güzəştə getmək fikrində deyillər. Onlardan fərqli olaraq, respublikaçılarda yarışın lideri artıq müəyyənləşib - Con Makkeyn. 

Yeri gəlmişkən, ABŞ-ın azərbaycanlı və türk lobbisi məhz onu dəstəkləyir, ermənilər isə Barak Obamaya üstünlük verirlər.

"Praymeriz"in növbəti mərhələsi - İndiana və Şimali Karolina ştatlarında keçirilən ilkin seçki də demokratlar daxilindəki yarışa aydınlıq gətirməyib. İndianada Klinton o qədər də ciddi fərq olmadan - 52% səs toplamaqla qalib gəlib. Obama bu ştatda 48% səs toplayıb. 

Şimali Karolinada isə nəticələr əksinə olub: Obama 56%, Klinton isə 42% səs toplayıb. 

Qeyd edək ki, İndianadakı "praymeriz"də 72, Şimali Karolinada isə 115 qurultay nümayəndəsinin səsi uğrunda mübarizə gedirdi.

Partiyanın prezidentliyə rəsmi namizədi olmaq üçün demokratların iddiaçısı qurultayda ən azı 2025 nüma-yəndənin səsini qazanmalıdır. Lakin nə Obama, nə də Klinton hələ ki bu rəqəmə yaxınlaşa bilirlər. Analitiklərin əksəriyyəti isə hesab edir ki, son günədək onlardan heç biri lazımi dəstəyi əldə edə bilməyəcək.

Məsələ ondadır ki, nə Obama, nə də Klinton "ikinci" olmağa, yəni seçkiyə vitse-prezidentliyə namizəd kimi qatılmağa razılaşmırlar. Şimali Karolinada əldə etdiyi qələbədən sonra Barak Obama bəyan edib ki, o artıq Demokratlar Partiyasından ABŞ prezidentliyinə rəsmi namizəd olmağa daha yaxındır. "Rəsmən prezidentliyə namizəd olmaq üçün biz artıq cəmi 200-dən də az nümayəndənin səsini qazanmalıyıq", - deyə Obama qeyd edib.

Senator Klinton da İndianada əldə etdiyi qələbədən sonra mübarizəni davam etdirmək fikrində olduğunu açıqlayıb: "Artıq sizin sayənizdə biz Ağ evə doğru sürət götürürük". Bundan sonra Qərbi Virciniya, Kentukki, Oreqon və digər ştatlarda da qələbə qazanmaq əzmini gizlətməyən sabiq birinci ledi növbəti "praymeriz"lərin "yeni sınaq olacağını" bəyan edib.

Analitiklər isə hesab edirlər ki, yerdə qalan ilkin seçkilər də demokratların namizədini müəyyənləşdirməyə kömək etməyəcək. Nəzərə almaq lazımdır ki, artıq qurultay nümayəndələrinin daha çox səsini vəd edən "super-çərşənbə axşamları" və "super-meqa çərşənbə axşamları" geridə qalıb.

Bu şəraitdə partiyanın super-nümayəndələrinin səsini əldə etmək vacib məsələyə çevrilir. Qeyd edək ki, bu nümayəndələrə qubernatorlar, senatorlar, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri, partiyanın tanınmış aparatçıları və digər məşhur şəxslər aiddir. İlkin seçkidə müəy-yənləşdirilmiş nümayəndələrdən fərqli olaraq, super-nümayəndələr heç bir öhdəliyə malik deyillər və qurultayda istədikləri namizədə səs verə bilərlər.

Hazırda Obamanı 257, Klintonu isə 267 super-nümayəndə dəstəkləyir. Bununla yanaşı, 270 super-nümayəndə hələ də mövqeyini müəyyənləşdirməyib. Odur ki məsələyə hələ ki aydınlıq gəlməyib. 

Bir sözlə, qurultayadək demokrat namizədlərin birləşmə şansı son dərəcə azdır və məhz bu səbəbdən belə bir fikir daha çox səsləndirilir ki, daxili çəkişmənin uzanması demokratların yarışı uduzmasına gətirib çıxaracaq. 

Belə vəziyyətdən çıxış yolu isə var: namizədlər öz aralarında "prezident - vitse-prezident bölgüsü"nü həyata keçirməlidirlər. Lakin bu halda kim birinci, kim ikinci olacaq? 

Xatırladaq ki, hələ Pensilvanidə keçirilən "praymeriz"dən əvvəl Klinton Obamaya "vitse-prezident" olmağı təklif etsə də, qarşı tərəf bunu dərhal rədd etmişdi: axı səslərin sayına görə Obama Klintonu üstələyir. 

Eyni zamanda, Hillari də vitse-prezidentliyə razı deyil: həyatının 8 ilini Ağ evdə "birinci ledi" qismində - prezidentin kölgəsində keçirən Hillari Klinton, indi də vitse-prezident rolu ilə razılaşmaq istəmir.

Əksər dairələrin fikrincə, demokratlar namizədin müəyyənləşdirilməsi ilə bağlı son şansı Pensilvanidəki "praymeriz"də əldən veriblər. Əksər analitiklər əmindirlər ki, bu səsvermədə qələbəni Barak Obama qazansa  idi, Hillari Klintonun mübarizəni davam etdirməsinin mənası qalmayacaqdı. Lakin qaradərili namizəd buradakı ilkin seçkidə məğlub oldu. Odur ki Klinton və Obamanın rəqabəti daha da kəskinləşib və bu, demokratlar arasında parçalanmanı bir qədər də dərinləşdirib. Şübhəsiz, baş verənləri kənardan izləyən respublikaçılar gördükləri mənzərədən çox məmnundurlar. Niyə də olmasınlar?

Demokratların daxilindəki rəqabət qalmaqallara da yol açır. Bunlardan ən səs-küylüsü Barak Obama ətrafında, daha doğrusu,  onun özünün yox, vaxtilə kilsədə eyni prixoda mənsub olduğu pastor Ceremi Rayt ətrafında baş verib. Qeyd edək ki, gənc Obama ilə onun xanımının nikahını məhz Rayt bağlayıb, onların övladlarının xaç atası da odur. Bu pastor Amerikada böyük reaksiya doğurmuş səs-küylü bəyanatların müəllifi kimi tanınır. Düzdür, bu gün özünü Raytdan uzaq saxlayır və onun antiamerika əhval-ruhiyyəli bəyanatları ilə razılaşmadığını deyir. Amma istənilən halda, müşahidəçilər hesab edirlər ki, bu qalmaqala görə Obama artıq ağ mühafizəkarların "orta sinif"inin dəstəyini itirib. Bu isə demokratların elektoratının böyük bir hissəsi deməkdir.

İstənilən halda, getdikcə Demokratlar Partiyasının daha çox tanınmış simaları namizədləri öz aralarında sülhə gəlməyə çağırırlar. Cənubi Dakotadan olan sabiq senator Corc Makqovern isə Hillari Klintonu partiyanın maraqları naminə yarışdan çəkilməyə çağıran ilk şəxs olub. CNN telekanalının efirindən verdiyi açıqlamada o bildirib ki, Şimali Karolina və İndiana ştatlarında keçirilən "praymeriz"lərin nəticələri Klintonun praktik olaraq 2008-ci il noyabrın 4-də keçiriləcək seçkidə Demokratlar Partiyasından namizəd olmaq şansının qalmadığını göstərib. 

Xatırladaq ki, hələ ötən ilin oktyabrında Makqovern rəsmən Klintonun namizədliyini dəstəkləyirdi. Amma bu gün artıq o, sabiq birinci ledinin rəqibi Barak Obamaya dəstək verəcəyini açıqlayıb. "Artıq partiyanın vahid namizəd ətrafında birləşmək haqda düşünməsinin vaxtıdır", - deyə keçmiş senator qeyd edib. Onun fikrincə, Demokratlar Partiyası mümkün qədər tez müddətdə prezidentliyə namizədini müəyyənləşdirməlidir: "Klinton-Obama mübarizəsinin partiyanın qurultayı və ya forumadək davam etməsinə imkan verilməməlidir". 

Makqovern xatırladıb ki, 1968 və 1972-ci illərdə də partiyanın qurultayı analoji vəziyyətlə üzləşmişdi: həmin vaxt prezidentliyə namizəd gərgin siyasi mübarizə nəticəsində müəyyənləşmişdi. Nəticədə isə baş verənlər partiyanın zəifləməsinə, onun seçicilərin gözündə nüfuzdan düşməsinə səbəb olbu. Və respublikaçı namizəd Riçard Nikson həm 1968, həm də 1972-ci illərdə demokrat rəqibini böyük üstünlüklə geridə qoya bildi.

Makqovern əmindir ki, Obama artıq praktiki olaraq partiyanın namizədi olmaq məsələsini həll edib: "O, qurultayın seçilmiş nümayəndələrinin səsini qazanmağa çox yaxındır. Mən ümid edirəm ki, Klinton öz seçki kampaniyasını mümkün qədər tez dayandırmaq haqda qərar qəbul edəcək, bununla da partiya noyabrda diqqəti Ağ evə rəhbərliyi ələ keçirmək uğrunda mübarizəyə yönəldəcək", - deyə sabiq senator qeyd edib. 



MƏSLƏHƏT GÖR:

336