Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Cari ilin əvvəlində Milli Bank sektoru dövlətin valyuta siyasətindəki dəyişikliklə əlaqədar ciddi problemlə üzləşdi. Bankların əksəriyyəti Azərbaycan Mərkəzi Bankının manatın məzənnəsinin aşağı salınmasına dair fevral qərarından sonra aktivlərin sabitliyini qoruya bildi. Lakin daha ciddi problemlər əvvəllər dollar və avroda verilən borcların yeni valyuta ilə yenidənhesablanması zərurəti ilə bağlıdır. Kredit təşkilatlarına borcu olanların əksər hissəsi buna hazır deyildi. Bu mübahisəli məsələ ilə bağlı yekun qərar bu yaxınlarda Azərbaycan Konstitusiya Məhkəməsi tərəfindən verildi.
Son aylar yaranmış vəziyyəti anlamaq üçün xatırlatmaq lazımdır ki, mövcud qanunvericilik banklara əməliyyatları xarici valyutada həyata keçirməyi heç vaxt məhdudlaşdırmayıb. Xüsusən, Azərbaycan Konstitusiyası vətəndaşlara və əcnəbilərə öz əmanətlərini hansı valyutada saxlamağı seçmək hüququna zəmanət verir. Kredit təşkilatlarının müştərilə xarici valyutada nağdsız sövdələşmələr və xarici ticarət əməliyyatları həyata keçirə bilərlər. "Dollar" depozitlərinin açılmasına məhdudiyyətlər qoyulmur, həmçinin banklara "özgə" pulla borc verməyə qadağa yoxdur. Sözsüz ki, bu hüquq pərakəndə satışa, xidmət sahəsinə, icarə, icbari ödənişlər - vergi, sosial sığorta və s. şamil edilmir. Burada xarici valyutanın istifadəsinə icazə verilmir və ödəniş ancaq manatla həyata keçirilməlidir.
Lakin son vaxtlara qədər cəmiyyətdə bankların əməliyyatları hansı valyutada həyata keçirdikləri - kreditlər dollarla, yoxsa manatla ödənilir - suallar yaranmırdı. Təxminən, on il əvvəl denominasiyadan sonra nəzərəçarpacaq dərəcədə möhkəmlənən milli valyuta böyük dayanıqlığa malik idi. Qlobal böhrana və digər mənfi proseslərə rəğmən, Mərkəzi Bank son illərdə məzənnəni sərt çərçivələrdə saxlayırdı - bir ABŞ dollar üçün 0.78 manat. Bu isə bizim valyutanı postsovet məkanında ən dayanıqlı edirdi.
Müvafiq olaraq borcların və onların faizlərinin qaytarılması zamanı bir sıra vətəndaşlar və sahibkarlar onlara sərfəli olan valyuta məzənnəsi ilə bank kreditlərini ödəyirdilər. Lakin başqa bir obyektiv fakta da diqqət yetirmək lazımdır: Azərbaycan manatı konvertasiya olunmur, müvafiq olaraq ölkə bütün xarici ticarət əməliyyatlarını dollar və avro ilə, az hallarda isə digər ehtiyat valyutalarında həyata keçirirdi.
Xarici valyutada əcnəbi donorlarla və investorlarla bütün əməliyyatlar aparılır və xüsusən Azərbaycan bankları üçün xarici kredit xətləri açılır. Uyğun olaraq bu günə qədər ölkənin pul-kredit sistemi "dollarlaşma"nın nisbətən yüksək səviyyəsini saxlamaq məcburiyyətindədir.
Belə ki, Mərkəzi Bankın məlumatına görə, 2015-ci il 1 aprel tarixinə verilmiş 20,6 mlrd. manat kreditin 8,4 mlrd. manatdan çox hissəsi və ya təxminən, 41%-i xarici valyutada olan borclar təşkil edib. İstehlak kreditləri seqmentində valyuta borclarının həcmi son dərəcə mühümdür və nəzərə alsaq ki, bu gün ev təsərrüfatlarının payına Azərbaycan bankları tərəfindən verilən bütün borcların üçdəbir hissəsindən çoxu düşür, bu son dərəcə mühüm məqamdır.
Ümumi kredit portfelində xarici valyutanın son dəcərə nəzərəçarpacaq payı bankların manatın devalvasiya olunacağı halda risklərini xeyli kəskinləşdirdi. Belə təhlükə artıq ötən il hiss olunurdu - neftin dünya qiymətlərinin iki dəfə düşməsindən sonra. Və əgər nisbətən bu yaxınlarda banklar müştərilərin borc valyutalarının seçimində məhdudiyyətlər qoymurdularsa, keçən ilin sonunda bir sıra milli kredit strukturları qabaqlayıcı hərəkət etməklə, istehlak borclarını əsasən dollar və avroda verməyə başladılar.
Amma bank sistemi üçün əsas təhlükə borc götürənlərin ödəmə qabiliyyətinin azalmasından qaynaqlanırdı. Belə ki, sahibkarların əksəriyyətinin gəlirləri və istehlakçıların mütləq əksəriyyətinin maaşı milli valyutada - manatda (cari ilin fevralında manat dollara qarşı 34% dəyərini itirdi) nominallaşdırılmışdı. Müvafiq olaraq xarici valyutada borc götürən bank müştərilərinin öhdəlikləri də artdı.
Burada Mərkəzi Bankın statistikasını misal çəkmək yerinə düşər. Belə ki, cari ilin 1 aprel tarixinə xarici valyutada verilən kreditlərin ümumi həcminin 2,163 mlrd. manatdan çoxu qısamüddətli olub və ödənişlər üzrə gecikmələrin sayı 6,5%-i ötüb. Maraqlıdır ki, qısamüddətli borclar əsasən istehlak seqmentinə aiddir, yəni siravi əhaliyə. Yaranmış vəziyyət pərakəndə kreditlərin təqdim olunma şərtləri hər bankda son dərəcə fərqli olduğuna görə mürəkkəbləşdi, valyuta borclarına gəldikdə isə qüvvədə olan qanunvericiliyin bağlanan müqavilələrlə bağlı izah edilməsi problemi yarandı.
Bütün bu problemlər son nəticədə kredit təşkilatları və onların müştəriləri arasında maraqların ciddi münaqişəsinə gətirib çıxardı. Banklar borcların yeni valyuta məzənnəsi əsasında qaytarılmasına təkid edirdilər, amma borcalanlarınn bir hissəsi borcun ödənilməsindən imtina edirdi.
Bu mübahisəli məsələyə aydınlığı Konstitusiya Məhkəməsi gətirdi: bu yaxınlarda keçən iclasda Azərbaycan Mülki Məcəlləsinin (MM) bir sıra maddələrinin ölkənin əsas qanununa - konstitusiyaya uyğunluğu nəzərdən keçirildi, həmçinin MM-in bəzi maddələrinin bəndlərinin izahına aydınlıq gətirildi. Konstitusiya Məhkəməsinin plenum qərarında bildirilir ki, 439.1.-ci maddənin tələbi əsasında "Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər" və Məcəllənin 439.2.-ci maddəsinin "Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir" bəndi ölkənin 19-cu Əsas Qanununun III maddəsinin hissələrinin tələblərinə zidd deyil.
KM-nin qərarı ilə həmçinin müəyyən olundu ki, 439.1 maddəsindən "Pul öhdəliyi manatla ifadə edilməlidir" bəndi banklar qarşısındakı öhdəliklədən doğan münasibətlərə şamil edilmir. Belə ki, kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmeti xarici valyuta da ola bilər. MM-nin 439.2 maddəsinə uyğun olaraq əsas borc və borc üzrə faizlər kredit müqaviləsində razılaşdırılıbsa, onlar bu müqavilədə nəzərdə tutulmuş valyutada ödənilir. Müqavilədə belə şərt yoxdursa, borc alan əsas borcu və kreditin faizini ödəniş anında tətbiq edilən məzənnə üzrə manatla ödəməlidir.
Bu şəkildə, Konstitusiya Məhkəməsi birmənalı qərar çıxardı - müqavilədə bu məqam qeyd edilibsə, onlar üzrə kredit və faizlər banka borc alana təqdim olunan valyutada qaytarılmalıdır. Xarici valyutada ifadə olunmuş, lakin müqaviləyə əsasən manatla ödənilmiş borc öhdəliklərinə gəlincə burada sözsüz, pul vəsaitlərinin ödənilməsi anında valyutanın məzənnəsi nəzərə alınmalıdır. Borc manatla verilibsə, aydındır ki, o, milli valyutada qaytarılacaq. Bununla belə, hətta milli valyutanın məzənnəsi borc qaytarılan zaman hiss olunacaq dərəcədə ucuzlaşıbsa, bu halda kreditor borc alandan əlavə vəsaitlərin ödənilməsini tələb etməməlidir.
Mütəxəssislər valyuta borcları ətrafında yaranmış vəziyyəti necə dəyərləndirirlər və borcalanların vəziyyətini yüngülləşdirmək üçün hansı zəruri iqtisadi tədbirlər görülməlidir? Bakı Banklararası Valyuta Birjasının (BBVB) rəhbəri Fərhad Əmirbəyovun fikrincə, bank kreditləri üzrə borcların ödənilməsi məsələsinə dair Konstitusiya məhkəməsinin bu yaxınlardakı qərarı - bu heç bir tərəfin xeyrinə olan qərar deyil. Ekspertin sözlərinə görə, məhkəmə əsas məqsədi - ölkədə müqavilə münasibətlərinə riayət olunmağı təmin etmək, bu halda bankla borc alan arasında imzalanmış müqavilənin icra olunmasını izləməkdir. Müvafiq olaraq, ekspertin sözlərinə görə, bu qərarın həlli baxımından gələcəkdə sahibkarlar və vətəndaşlar kredit müqavilələrinin hazırlanması və bağlanmasına böyük diqqət yetirməlidirlər.
Analoji nöqteyi-nəzəri Milli Məclisin deputatı Rüfət Quliyev də bölüşür. Onun sözlərinə görə, bu gün Azərbaycanın bir çox vətəndaşlarının imzalanan müqavilələrin hüquqi aspektləri haqda anlayışları son dərəcə zəifdir: "Əhali müqavilənin bütün bəndlərinə məsələn, kreditin qaytarılacağı valyutanın qeyd edildiyi hissəyə fikir vermir".
Eyni zamanda, KM-nin digər mühüm qərarlarını da diqqətdən qaçırmaq olmaz. Söhbət banklara əhalinin maraqlarını nəzərə almaq və öz maliyyə imkanlarından asılı olaraq kreditlərin ödənilməsi müddətinin uzadılması üzrə tədbirlər, faiz dərəcələrinin azaldılması və xarici valyutada borcu olan vətəndaşlar üçün digər güzəştlərin tətbiqini təklif etmiş Konstitusiya Məhkəməsinin tövsiyələrindən gedir. Rüfət Quliyev hesab edir ki, banklar əhaliyə güzəştə gedə bilər və getməlidirlər. Və bu artıq baş verir - bəzi kreditorlar kreditlərin ödəniş müddətini artırmaqla və faiz dərəcəsini azaltmaqla öz borcalanlarına bu cür güzəştlər ediblər.
MƏSLƏHƏT GÖR: