
BMT GÜRCÜSTANA TƏRƏF ÇIXDI
Müəllif: Redaksiya
Bu sayımız artıq çapda idi ki, BMT Baş Assambleyası Gürcüstan nümayəndə heyəti tərəfindən təqdim edilmiş gürcü-abxaz münaqişəsi zonasında qaçqınlar və daxili yerdəyişmiş şəxslər haqqında Qətnamə layihəsini qəbul etdi. ABŞ da daxil olmaqla 14 ölkə Qətnaməni dəstəklədi, 11 ölkə isə əleyhinə səs verdi və 105 nümayəndə heyəti bitərəf qaldı. 62 nümayəndə heyəti isə, ümumiyyətlə, səsvermədə iştirak etməməyi qərara aldı.
Gürcüstanı Azərbaycan, Albaniya, Çexiya, Estoniya, Latviya, Litva, Macarıstan, Polşa, Rumıniya, Slovakiya, İsveç, ABŞ və Ukrayna dəstəklədilər. Qətnamənin əleyhinə isə Ermənistan, Belarus, Venesuela, Hindistan, İran, KXDR, Myanma, Serbiya, Suriya və Sudan səs verdilər, yəni Rusiyanın mövqeyini dəstəklədilər.
Sənəddə gürcü qaçqınlarının Abxaziyaya geri qaytarılması qrafikinin işlənilməsinə və bu respublikanın etnik tərkibinin 1992-ci ildə gürcü-abxaz münaqişəsi başlayana qədər olan vəziyyətin bərpasına çağırılıb. Qətnamənin mətninə uyğun olaraq, Baş Assambleya "bütün qaçqınların və daxili yerdəyişmiş şəxslərin Abxaziyadakı evlərinə təxirə salmadan və könüllü şəkildə qaytarılması üçün tezliklə qrafik işlənməsinin vacibliyini qeyd edir".
Bu cür qrafikin işlənməsi, Qətnamənin yerinə yetirilməsi üçün hətta məcburi əsasda olmasa da belə, dəqiq müddətlər qoymağa və bunların yerinə yetirilmədiyi zaman pozucu tərəfi, yəni abxaz tərəfini lənətləməyə imkan verəcək.
Layihədə daha ciddi tələblər də var. Məsələn, BMT-nin bütün üzvlərinə yurisdiksiyasında olan şəxslərə "Abxaziya (Gürcüstan) ərazisində geri qayıdanların hüquqlarının pozulması ilə əmlak almağa imkan verməmək" barədə müraciət var. Bu tələb açıq-aydın Rusiyaya qarşı yönəlib. Bu ölkənin dövlət qurumları və ayrı-ayrı şəxsləri Abxaziyada çox sayda əmlak alıblar. Moskvanın forpostu olan Ermənistan da bu məsələdə "böyük qardaş"ından geri qalmır.
Qətnamənin daha uzunmüddətli məqsədi Baş Assambleyanın Abxaziyada "münaqişə nəticəsində demoqrafik dəyişikliklərin qəbuledilməzliyini" təsdiq etməli olması və bu tanınmamış respublikada "münaqişədən öncəki demoqrafik tərkibi dəyişmək üçün istənilən cəhdi" pisləməli olması barədə bənddə əks etdirilib.
Tbilisinin addımları tamamilə məntiqlidir və keçmiş Yuqoslaviya rəhbərliyinin Kosovo məsələsi ilə bağlı buraxdığı səhvlər baxımından əsaslandırılıb. Belqrad Kosovoda demoqrafik tərkibin zorla dəyişdirilməsi ilə razılaşmalı oldu və bunun nəticəsində diyarda yetərincə sayda serb qalmadı. Nəticədə, referendumda serblərin əleyhinə yönəlmiş qərara, həmçinin diyarın müstəqilliyinin elan edilməsinə qarşı lazım olan kimi cavab verilmədi. Gürcüstan da sübut etməyə çalışır ki, Abxaziya əhalisinin indiki tərkibdə, yəni gürcü qaçqınlar olmadan, diyarın gələcəyi ilə bağlı məsələləri həll etməyə hüquqları çatmır.
Qətnamədə həmçinin BMT baş katibi Pan Gi Muna "hazırkı Qətnamənin yerinə yetirilməsi üzrə hərtərəfli məruzənin təqdim edilməsi" barədə xahiş də əks etdirilib. Bu, sənədin çəkisini daha da artırıb və Tbilisi həm Moskvanın, həm də Suxuminin ünvanına yeni ciddi ittihamlar üçün daha mötəbər əsaslar əldə edib.
Rusiyanın rekasiyası gözlənilən idi və Moskva qətnamənin "şişirtmə və birtərəfli" sənəd olduğunu bildirib. Rusiya tərəfinin fikrincə, Gürcüstanın layihəsi "gürcü-abxaz münaqişəsi ilə bağlı təhrif olunmuş təsəvvürlər yaradır, onun tarixi barədə susmağa üstünlük verir, yalnız bir neçə nəticəyə diqqət yetirir və yaranmış durumun səbəblərini unudur".
Gürcüstan da boş dayanmadı. Gürcüstan rəhbərliyindən ilk danışan Avropa və Avroatlantik strukturlara inteqrasiya üzrə dövlət naziri Georgi Baramidze oldu. O, Qətnaməni "beynəlxalq aləmdə Tbilisinin maraqlarının müdafiəsi baxımından önəmli qələbə" adlandırıb. "Bütün bunların Rusiyanın təcavüzü fonunda baş verməsi önəmlidir və bu təcavüzə yaxşı cavabdır" deyən Baramidze Qətnamənin gözlənilən siyasi və diplomatik nəticələr verəcəyinə ümid etdiyini bildirib.
Bununla belə, Moldovanın mövqeyini bir qədər gözlənilməz saymaq olar. Kişinyov GUAM çərçivəsindəki tərəfdaşını dəstəkləməkdən geri durmağı məqbul sayıb. Böyük ehtimalla burada Kişinyovla tanınmamış Tiraspolun arasındakı münasibətlərin Moskvanın vasitəçiliyi ilə ötərgi "mülayimləşməsinin" rolu az olmayıb.
Lakin ümumi fonda Ermənistanın Gürcüstan əleyhinə yönəlmiş mövqeyi yetərincə aydın görünürdü. Baxmayaraq ki mayın 6-da rəsmi Tbilisi İrəvandakı səfiri Georgi Saqanelidzenin vasitəsi ilə bildirmişdi ki, əgər Ermənistan Gürcüstanın təqdim etdiyi Qətnamənin əleyhinə səs verərsə, "bu, mənfi nəticələrə gətirə bilər". Ancaq Ermənistan Moskvanın əleyhinə getməyə cürət etmədi. BMT-dəki səsvermədən əvvəl Ermənistanın bu qurumdakı nümayəndəsi Zoqrab Mnasakanyanın gətirdiyi arqumentlər buna sübutdur. Erməni diplomat qeyd etmişdi ki, qaçqınlar problemini gürcü-abxaz münaqişəsindən ayrı şəkildə həll etmək mümkün deyil.
"Dondurulmuş münaqişələr"in BMT tribunalarında müzakirəsinin düşmənlərinin nə deməsindən asılı olmayaraq, GUAM ölkələrinin, yəni Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın növbəti qələbəsi göz qabağındadır.
GUAM-ın BMT çərçivəsində birinci parlaq qələbəsi hələ 2006-cı ilin sentyabr ayında qeyd edilmişdi. Onda qurum Baş Assambleyanın sessiyasının gündəliyinə Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və Dnestryanıdakı "dondurulmuş münaqişələr" barədə bənd salmağa nail olmuşdu. Rusiya onda da bu məsələnin gündəliyə çıxarılması əleyhinə idi. Ancaq Baş Assambleyanın üzvlərinin çoxu qərarın lehinə səs vermişdi. Bu yaxınlarda - martın ortalarında isə BMT Baş Assambleyası "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə" Qətnamə qəbul edib. Həmçinin Baş Assambleyanın 63-cü sessiyasının gündəliyinə "GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri" bəndinin çıxaırlması nəzərdə tutulur.
MƏSLƏHƏT GÖR: