14 Mart 2025

Cümə, 22:35

İPƏYİN SEHRİ

Azərbaycanın dağlar qoynunda gizlənmiş basqal kəndində ipəkçilik dirçəldilir

Müəllif:

01.05.2008

Nə vaxtsa Azərbaycanda toxunmuş ipəyə əllərinizlə toxunmusunuzmu? Bu, heyrətamiz parçadır! Onda sevginin gücü və səhra küləyinin yumşaq mehri, günəşin bol hərarəti və dağ səhərinin sərinliyi, dəniz dalğasının gümrahlıq gətirən qüvvəsi və göylərin ipək adlı sehrli hədiyyəsinin sirlərini qorumağı bacarmış xalqın yüzilliklərboyu topladığı müdriklik gizlənib. 

 

Yaşıl çay və ipək teli

Tarixçilər müəyyən ediblər ki, ipək teli xammal kimi Çində ixtira edilib. Əhvalat, təxminən, aşağıdakı kimi olub. Yetərincə isti bir yay günü Çin hökmdarının qızı tut ağacının kölgəsində dincələrək çay içirmiş. Qız həddindən artıq gözəl imiş və yaxşı geyinibmiş. Şərq üslubunda çox gözəl ənliklənib - kirşanlanıbmış, uzun-uzun dırnaqları da varmış. Və birdən əlindəki gözəl, incə çini fincana nəsə düşür. Çağırılmamış qonağa təəccüblə baxan qız özünü itirməyib və dırnaqları ilə onu götürüb. Qız birdən aşkar edib ki, dırnağına nəsə yapışıb. Əllərini fırça ilə təmizləyərkən o görüb ki, yerə düşən baramadan hörümçək torundan da nazik tel ayrılır. Qız onu əli ilə qopartmaq istəyib, bacarmayıb. Tel qırılmaq bilməyib ki bilməyib, dartdıqca uzanıb. Əfsanəyə görə, bu incə, günəş işığında parlayan sapı ilk dəfə görən məhz həmin Çin şahzadəsi olub və dərhal qulluqçularına özü üçün ondan parça toxuyub, paltar tikməyi əmr edib. Amma bunu necə etməyi kimsə bilməyib. Ancaq şıltaq gözəlin qəzəbindən qorxaraq, onun tapşırığını yerinə yetirməyə başlayıblar. Hadisələrin sonrakı gedişi necə olub, bəlli deyil, ancaq bu Şərq gözəlinin şıltaqlığına günü bu gün də dünyanın bütün qadınları, özü də kişilərlə birgə borcludurlar. Uzun yüzilliklər boyunca qızıldan baha olan parça belə yaranıb. Bu parça getdikcə daha sehrli, getdikcə daha cazibədar olur. İpək adlı bu parça Şərqin sehrli telidir. Ondan nələr tikmirlər. Ondan xalılar toxuyub, paltarlar tikiblər. Qədim Azərbaycanda ondan geyimlə yanaşı kəlağayı da toxuyublar. Kəlağayı yüzilliklərboyu Azərbaycanın milli qadın geyiminin ayrılmaz hissəsi olub və müxtəlif etnoqrafik bölgələrdə öz rəng çalarlarına, naxışlarına görə fərqlənir. Şamaxının ipək geyimli qadın hökmdarı barədə hekayəni eşitməyən yoxdur. Məsələ bundadır ki, bu, uydurma əhvalat deyil. Qadın hökmdar da, onun ipək geyimi də tarixi gerçəklikdir. Özü də bütün dünyanı həsəd aparmağa məcbur edən gerçəklikdir. Knyaz Qriqori Qaqarinin "Şamaxılı qadın" adlı əsərini xatırlamağa dəyər. Şəkildə araqçınının üzərinə dördkünc parça atılmış qadın təsvir edilib, qadının başındakı məhz kəlağayıdır. Bundan başqa, qadının paltarında şalvarın və tumanın qırağı ilə rəngbərəng ipək saplardan əllə düzəldilmiş ip çəkilib. Bu geyim çaxçur adlanırdı. Adətən, yalnız ipəkdən tikilirdi, ortada tikişi olmayan, qırçınları dartılaraq topuqda ipək corablara bərkidilən iki ayrı-ayrı genbalaq şalvardan ibarət idi. Azərbaycan qadınının, hətta bir santimetr açıq bədəni də görünə bilməzdi. Şəhərdə və şəhərətrafı kəndlərdə qadınlar çadra bağlayırdılar. Varlı adamların qızları və qadınları ipək çadra örtürdülər. Bir az aşağı təbəqələrin sakinləri isə atlaz və ya çit geyinirdilər. Bu, başdan-ayağa bütün bədəni örtən böyük parça kəsiyi idi. Bu ya saya, ya da damalı parça ola bilərdi. Ancaq hətta çadraya büründükdə belə, şəhər qadınları başlarına ipək yaylıq örtməyi unutmurdular. 

Kəlağayıçılıq sənəti çox-çox qədim və özünəməxsusdur, dünyanın başqa yerində bunun oxşarı yoxdur. Ölkənin ən qədim şəhərlərindən biri olan Basqalda öz torpağının tarixi və mədəni dəyərlərinə laqeyd olmayan insanlar - R.İbrahimbəyov və D.Tarıverdiyev tərəfindən yaradılmış İpəkçilik Mərkəzi kəlağayıçılığın istehsal texnologiyasını öyrənir. Məqsəd Azərbaycan torpağında min illərdir yaşayan kəlağayıçılıq sənətini məhvdən qorumaqdır. Bu sadəcə iddia deyil. Mərkəz daim sənətlə bağlı faktların axtarışı üzrə iş aparır. Əsl vətənpərvər olan əməkdaşlar Şəkidə kustar ipək istehsalının və Basqalda kəlağayıçılığın bərpası üçün həm İpəkçilik Mərkəzinin yerləşdiyi ərazilərdən tutmuş, qədim poeziya nümunələrinə qədər çox sahədə buna dəlillər axtarırlar. Tarixən sənətkar emalatxanalarının yerləşdiyi ərazilər öyrənilir. Həmin ərazilərin birində barama qurdları yetişdirilib, digərində ipək parça toxunub, üçüncüdə parça boyanıb və naxışlar vurulub. Ənənəvi xalq sənətini bərpa etmək, insanları işlə təmin etmək, nəsillərdən-nəsillərə, atalardan-oğullara ötürülən peşə vərdişlərini qoruyub-saxlamaq üçün bütün bu prosesi bərpa etmək lazımdır. Bununla, bəlkə də, itmiş sənəti bərpa etmək mümkün oldu. Bu cür hallar tez-tez - çəkişmələr, iqtisadi böhranlar və siyasi gərginliklər vaxtı baş verib. Bunun üçün Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə "Kəlağayı" layihəsi işlənilib. Layihənin bədii hissəsinin gerçəkləşdirilməsinə gənc rəssamlar da cəlb edilib. Onlar ənənəvi tarixi naxışlarla yanaşı, bu qədim baş örtüyünün milli mənsubiyyətindən asılı olmayaraq, çağdaş qadınların qarderobuna dönməsi üçün müasir ritmlərə uyğun kəlağayıların layihələşdirilməsində, kəlağayıların rəng çeşidinin genişləndirilməsində yardımçı olublar. 

 

Rəngli buta, xırda şax... 

Üzərinə naxışlar çəkilmiş və qaynar basma üsulu üzrə ipək parçanın üzərinə bəzək vurmaq üçün istifadə edilən qəliblər bərk ağac növlərindən - armuddan və qozdan düzəldilir. Tez-tez də metaldan düzəldilirlər, çünki metal daha möhkəmdir və uzun müddət saxlamaq mümkündür. Onda "süsən", "gilas çiçəyi", "ağ üzüm", "qara üzüm" kimi kiçik çiçək naxışlarından ibarət nazik xətlər alınır. Ağac qəliblərin hesabına isə "güllü buta", "xırda şax", "palıd", "portağal", "göbək", "günəş" və sair kimi naxışlar çəkilir. Onların hamısını sadalamaq mümkün deyil. Axtarış işləri apardıqca getdikcə bu qəliblərdən daha çox əldə edilir. Bağçalarda və bostanlarda işləyərkən bu cür qəliblər gözlənilmədən torpağın altından çıxır. Elə bil ki, torpaq özü bu qədim peşəni dirçəltməyə çalışan insanlara yardım edir. Axı Basqal dolanışığını yalnız kəlağayı düzəltməklə quran sənətkarların dağlarda gizlənmiş kiçik şəhərciyidir. İndi - vəziyyətin dəyişdiyi və kustar üsullarla kəlağayıçılıq peşəsi ilə məşğul olmağın mümkün olmadığı bir zamanda, bu bədii sənətkarlıq növünün yoxa çıxması təhlükəsi yaranıb, çünki kəlağayı ustaları, demək olar ki, qalmayıb. İndiki gənclər də bu qaynar basma sənətinə can atmırlar. İşdə gəlir yoxdur, ağır və gərgin zəhmət tələb edir. Məsələn, yeddirəng kəlağayı hazırlanan zaman usta əlləri ipək parçanı doqquz dəfə 80 dərəcə istiliyi olan qaynar suya salmalıdır! Bu elə də sadə iş deyil. Görünür, elə buna görədir ki, bu işlə ənənəvi olaraq  kişilər məşğul olur. Kəlağayı naxışları ayrı-ayrı həndəsi ritmlərin sadə birləşməsi deyil, müəyyən bilgi daşıyan rəmzlərin xüsusi kodlaşdırılmış dilidir. Məsələn, Basaq zonasının kəlağayıları rəsmlərin sıxlığı ilə seçilirlər. Özü də rəsmlər insan həyatının iki həddinə - yer və ruhun uçuşu ilə bağlı olan ali hədlərinə bölünür. Yaylığın mərkəzində sənətkar rəssamların "göbək" adlandırdığı, dörd hissədən ibarət və hansısa gerçəkliyi rəmzləşdirən dairə yerləşir. Bu, insanın doğuşdan can atdığı mütləqdir. 

Basqaldakı kəlağayıçılıq mərkəzində yalnız unudulmaq ərəfəsində olan qaynar basma üsulunu bərpa etməyiblər, həm də düyçə boyağı texnologiyasını bərpa ediblər.  Bu, qədim boyama üsuludur və indi çox maraqlı nəticələr verir. 

Bakı qadınları ipək kəlağayıları çox sevirlər. Xarici qadınların da onlara marağı artıb. Xaricilər çox həvəslə qohumları üçün Milad hədiyyəsi kimi  kəlağayı alırlar. Onu gecə geyimləri dəstinə əlavə edərək, Cənub-Şərqi Asiya və Polineziya qadınlarının ənənəvi baş örtüyü olan pareo kimi istifadə edirlər.  Kəlağayının köbə xəttinin üzərinə düşmüş rəngli ləkələr onları heç də narahat etmir, əksinə, buna sevinirlər. Bu, aldıqları materialın gerçəkdən əl işi olmasının sübutudur, əl işi olması isə kəlağayının keyfiyyətli və bənzərsiz olması deməkdir. 

Təəssüf ki, biz sadəcə bu torpaqda doğulduğumuz üçün bilməli olduğumuz çox şeylərlə az maraqlanırıq. Bu əskiyi düzəltmək üçün vətənpərvər təşəbbüskarlar artıq iki ildir ki, İpəkçilik Muzeyinin yaradılması ilə məşğuldurlar. Bunun üçün onlar qədim dəzgahların detallarını axtarırlar. Bu detallara xoşbəxtlikdən hələ də bir çox kəndlərdə və İçərişəhərdəki dükanlarda rast gəlmək olur. Orta yüzilliklərdə Azərbaycanda istehsal edilən ipək parçalar həm də ölkədən kənara - Rusiyaya, Avropaya və Yaxın Şərq ölkələrinə aparılırdı.  

Muzeydə həm də ipəkçilik və kəlağayı boyaması ilə məşğul olmuş ulularımızın yaşadığı şərait də bərpa edilir. Muzey interaktiv olacaq. Ora gəlmək və öz əl işinin yaradılması üzərində çalışmaq olar. 

İndi Azərbaycanda qaynar basma üsulu ilə işləyərək ipək parça üzərində maraqlı bədii əsərlər yaradan qadın rəssamlar da var. Ancaq Nizaminin yazdığına görə, ilk belə əsəri Bərdənin hökmdar qadını Nüşabənin təbəələri yaradıblar, bu, Makedoniyalı İsgəndərin portreti olub. Hadisə belə olub. Böyük fateh səyyah görkəmində Nüşabəyə qonaq gedir. Ancaq qadının dərin fəhmi, ağlı və hissiyyatı oturuşuna, duruşuna və yürütdüyü fikirlərə görə qarşısında kimin olduğunu müəyyən etməyə imkan verir. Bunu anladığını üzə verməyərək, hökmdar qadın qonağı ilə söhbət etməyə davam edir. Nahar vaxtı çatandan sonra qadın aclıq içində olan İsgəndərin qarşısına yemək əvəzinə böyük bir qabda daş-qaş qoyur. İsgəndər dəhşətli dərəcədə heyrətlənir və əsəbiləşir. Ancaq Nüşabə ona Şərq müdrikliyindən  dərs verib, yəni başa salıb ki, insana yaşamaq üçün çörək, su, üzüm və şərab yetərlidir, heç kim bu fani dünyada qiymətli daşların parıltısı ilə qarnını doydura bilməz. Nüşabə sonra böyük fatehi tanıdığını söyləyib və ona hədiyyə kimi ipək üzərində işlənmiş şəklini verib. Böyük Nizaminin "İsgəndərnamə"də yazdığına görə, İsgəndər hökmdar qadının ağlına və istedadına heyran qalıb. Bu, bir daha sübut edir ki, ipək üzərində qaynar basma sənəti bizim ölkənin qədim ənənələrindən biridir. 

İvan Qroznıya üzərinə mirvari düzülmüş tafta əlcəklər hədiyyə verilməsi də tarixi faktdır.  Həmin çağlarda Azərbaycanda hazırlanan sıx toxunuşlu ipək parça, yəni tafta Rusiyada çox populyar olub və onu "şemaxeyka" adlandırırmışlar və çox sevilən bahalı hədiyyə sayılırmış. 

İpək parçalara Avropada da böyük qiymət verirmişlər, çünki gigiyena baxımından və məişətdə çox əlverişli imiş. Mələfələri, alt paltarlarını və saray qulluqçularının geyimlərini ipəkdən tikirmişlər, hətta evlərdəki divarları belə ipəklə örtürmüşlər. Ona görə də bu əsrarəngiz parçaların istehsal edildiyi Vətənimizin təsvirinə Aleksandr Dümada da, Marko Poloda da və başqalarında da rast gəlinir. Şərqin bir çox ölkələrində hələ də ipəyə hörmətlə yanaşırlar. Məsələn, Yaponiyada indi də nişan günü bəy gəlinə  bir kəsik təbii ipək parça hədiyyə gətirir. Bu, rifahın rəmzi sayılır. İndi tərkibinə ipək daxil olan kosmetika dəbə minir. 

 

Əlamətlər və qaydalar 

İpək müəyyən mənada canlı energetik substansiya sayılır. Onun yaradılması barədə bir xeyli mif, hər cür əlamətlər və əxlaq qadağaları var ki, çağdaş insan bunlara mövhumat kimi baxmağa alışıb. İpəkçilik Mərkəzində ənənəvi müsəlman üslubu ilə hazırlanmış və üzərinə kufi xətlə Allahın adı yazılmış kəlağayıda beşbarmaqlı əlin izləri hiss edilməyə başlanıb. İz çox aydın hiss edilirmiş və bu, böyük təəccüb yaradıb, bəziləri hətta bu anlaşılmaz fakt qarşısında qorxuya düşüblər.  Kəlağayını yerli seyidə göstəriblər. Seyid rəsmə baxdıqdan sonra bildirib ki, bu, xalq sənətinin bərpası kimi savab bir işə Allahın xeyir-duasıdır. Gerçəkdən belədir. Çünki milli sənət yoxa çıxmamalıdır və indiyə kimi itirdiklərimiz az deyil.  Buna görə də kəlağayıçılıq sənətini gələcək nəsillər üçün saxlamaq ən önəmli məsələlərdəndir. Məhz buna görə, istehsal prosesinin bərpası üçün bu qədər qüvvə, bilik və vəsait qoyulur. 

İpəyin "əsiri" olmaq bu proseslə məşğul olanlar üçün həyatın mənasına çevrilib, bu yaradıcılıq həvəsi onlara dünyada əbəs yerə yaşamadıqlarını düşünməyə imkan verir. Onların öz işlərinə bu qədər bağlılığı başqalarını da ipəyin vurğununa çevirir. Bu ecazkar parçaya həyatıboyu bircə dəfə ürəklə toxunan insan ondan ayrıla bilmir və ürəkdən bağlanır. 

Barama qurdlarının yerləşdirildiyi isti tikililərdə - baramaxanalarda dayanmadan çevrilmə prosesi gedir. Baramadan kəpənək yaranır və son 5 min ildə insanın sayəsində uçmağı unutmuş bu canlı iki həftə ərzində durmadan xaş-xaş dənəsi boyda olan yumurtalar tökür. Keçmişlərdə qadınlar həmin yumurtaları cunaya bükərək qoltuqlarının altına qoyurmuşlar. Yüngülvari tərpəniş hiss edəndən sonra onları bəsləmək üçün qutuya yerləşdirirmişlər. Bu proseslə də bağlı bir xeyli əlamət var və baramaçılar özlərini onların hamısına əməl etməyə borclu sayırlar. Məsələn, başqa adamların yanında öz baramalarının yaxşı inkişaf etdiyini demirlər, əks halda hamısının qırılacağına inanırlar. Buna görə də baramaxanaların girişinə gözmuncuğu asırlar. Həm də qızıl və gümüş bəzəklər, qol saatı taxmış şəkildə, kefsiz halda, pis yuxu görəndən sonra baramaxanaya girmək qadağandır. Buna müxtəlif cür baxmaq olar. Ancaq bu cür yanaşmanı doğru saymaq olar, hər halda yüz illərlə sınaqdan çıxmış qaydalardır. Mümkündür ki, baramalar bizdən fərqli olaraq daha yüksək səviyyəli dalğaları tutmaq və hiss etmək qabiliyyətinə malikdirlər. 

Eyni sözləri kəlağayı istehsalı haqqında da demək olar. Nəsillikcə kəlağayıçılıqla məşğul olan insanların heç bir halda pozmadığı xeyli əlamət və qaydalar var. Kəlağayıçılar arasında artıq səkkizinci nəsildir ki, bu sənətlə məşğul olanlar var. Bu adamlar dəqiq bilirlər ki, hansı rəsmi hara yerləşdirmək olar, hansı rəngi hansından sonra çəkmək lazımdır. Mumun yaxılmaması və ləkə salmaması üçün də üsulları bilirlər. Burada yalnız təbii boyalardan istifadə edilir. 

Ənənəvi olaraq, qadın baş örtüyü kimi, ipək kəlağayılar Şamaxı, Gəncə və Şəki şəhərlərində və Qarabağda hazırlanıb. Onlar kustar yolla, yəni indiki dillə deyilsə, əl ilə istehsal ediliblər, parçanın toxunuş sıxlığı, keyfiyyəti və  rəsmləri ilə seçiliblər. Bunlar xalq arasında qaz-qaz, naz-naz və örpək adlanan ipək yaylıqlar olublar. Müxtəlif rayonlarda onları müxtəlif cür bağlayıblar. Məsələn, Naxçıvanda əvvəlcə araqçın geyiniblər, üstündən yaylıq atıblar. Yaylığı araqçına elə bərkidiblər ki, ucu qadının çiyininə düşərək qadının saçlarını və pencəyin kürəyini örtüb. 

Bir baramanın çəkisi 1 qramdır və 150x150 sm ölçülü bir kəlağayı isə 150 qram gəlir. Bir baramanın sapının uzunluğu 350 metrdən 1100-1200 metrə qədər çata bilər. 30 qram barama toxumundan onlarca kiloqram ip alınır. Bu ipin təmiz olması üçün bəslənmə vaxtı barama qurdlarının üzərində davamlı və ciddi nəzarət aparmaq lazımdır. Barama çox yeyir, buna görə də məhsulun keyfiyyətli və sapların çoxçalarlı olması üçün tullantıları vaxtında yığışdırmaq lazımdır. Təbii ipək sapın özəlliyi ondadır ki, o, işıq şüalarını udmur və özündən əks etdirərək müxtəli çalarlara salır. Günəş şuaları altında xüsusi rəng qammaları yaradaraq, görüntü ritmlərinə və səthin yumşaq rəngdəyişmə effektinə səbəb olur. Başqa bir özəlliyi də ondadır ki, boyama vaxtı rəngi içəri buraxmır və boyanı üstdə saxlayır. Bu da ipək sapın çox möhkəm olmasına imkan yaradır. Onu çox böyük uğurla aviasənayedə paraşüt ipləri və paraşütlər hazırlanmasında istifadə edirlər. 

Ən azından, ulularımızın yüzilliklərin dərinliyindən gələn öyüdlərinin kodlaşmış sirləri ilə tanışlıq üçün İpəkçilik Muzeyi Azərbaycana çox lazımdır. Kosmoqramlar kimi bu öyüdlərin dilini öyrənmək və insanlara bildirmək çox vacibdir. 


MƏSLƏHƏT GÖR:

535