
İDMANI SİYASƏTƏ QATMAĞA DƏYƏRMİ?
Olimpiya alovunun "təqibolunma" estafeti ortaya bir sıra suallar çıxardı
Müəllif: İrina XALTURİNA Bakı
Bu nədir - məcburi gizlənqaç oyunu, yoxsa əsirlərin dərinliyindən gələn ənənənin davamı?
Olimpiya məşəlinin öz ərazisindən keçməsi şərəfinə nail olmaq istəyən əksər ölkələrdə bu məşələ əsl ov başlayıb. Çünki Çinin (2008-ci ilin Yay Olimpiya Oyunları məhz bu ölkədə keçiriləcək) Tibetə qarşı yeritdiyi siyasətdən narazı olan hər kəs, o cümlədən, tibetlilərin özləri də nifrətlərinin hədəfi kimi Olimpiadanın rəmzini seçmək qərarına gəldilər. Nəticədə, tarixən çox təmtəraqlı və maraqlı bir hadisə olan məşəl estafeti bu dəfə əməlli-başlı "ov" obyektinə çevrildi.
Hər şey hələ Yunanıstanın qədim Olimpiya şəhərində məşəlin yandırılması zamanı yaşanan kütləvi etirazlarla başladı. Parisdə o, bir neçə dəfə söndürüldü, xüsusi avtobusda gizlədildi, hətta az qala əlil arabasında əyləşmiş qızın əlindən alınırdı.
Polis Olimpiadanın rəmzini Londonda da güclü mühafizə etməli oldu. San-Fransiskoda estafet çox sürətlə keçdi və çətinliyinə görə Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatını xatırlatdı.
100 minədək tibetlinin yaşadığı Hindistanda məşəlin "hərəkəti" zamanı asayişin qorunmasına 15 min polis cəlb edildi, alovun daşındığı əsas prospekt isə divar və metal torla qapadıldı.
Bütün bunlar məşəlin beş qitədə hərəkəti zamanı baş vermiş ekstremal hadisələrin hələ tam siyahısı deyil.
Situasiya o qədər qarışdı ki, bir məqamda, hətta Beynəlxalq Olimpiya Komitəsi məşəlin estafetinin sonrakı mərhələsindən imtina edilə biləcəyini bəyan etdi. Lakin o hələ də davam edir və bütün dünya yenidən sual qarşısındadır: "İdmanı siyasətə qatmağa dəyərmi?".
Bununla yanaşı, bəzi Avropa ölkələrinin siyasi və ictimai təşkilatlarının nümayəndələri, hətta bəzi dövlət başçıları Pekində Olimpiadanın açılış mərasimini boykot edə biləcəklərini bildirirlər. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bəzi siyasətçilərin Pekin Olimpiadasına münasibəti bir qədər anlaşılmaz görünür. Məsələn, bəziləri bildirir ki, onlar bu mötəbər mərasimin açılış yox, başa çatması ilə bağlı mərasimə qatılacaqlar. Burada hansısa prinsipial fərq varmı? Söhbət boykotdan gedirsə, onda 1980-ci illərdə ABŞ və SSRİ-nin seçdikləri "total boykot" taktikasından istifadə edilməlidir. Axı Olimpiadanın açılış mərasimində bu və ya digər ölkənin liderinin iştirak edib-etməyəcəyindən asılı olmayaraq, həmin ölkənin idmançıları yarışa qatılacaqlar.
Hər halda, hələ ki Olimpiadanın boykot olunacağını heç kim konkret olaraq bəyan etməyib. Amma hər halda, belə tendensiyanın mövcudluğu göz qabağındadır.
İstənilən halda, söhbət hər şeydən əvvəl idmandan gedir. Olimpiadanın açılış mərasimi siyasi sammit deyil. Bu, insanın fiziki mükəmməlliyi, cəldliyi, ruhu və sağlamlığı bayramının açılışıdır. Yuxarıda qeyd olunduğu kimi, Olimpiya Oyunlarının tam siyasi səbəblərdən boykot edilməsi artıq "soyuq müharibə" dövründə baş verib. Həmin vaxt ABŞ başda olmaqla bir çox Qərb dövlətləri keçmiş Sovet İttifaqı ordusunun Əfqanıstana girməsinə etiraz olaraq, 1980-ci ildə Moskvada keçirilmiş Olimpiadanın nəinki açılış mərasiminə gəlmədilər, ona ümumiyyətlə qatılmadılar. Buna cavab tədbirləri də özünü çox gözlətmədi - dörd ildən sonra keçmiş SSRİ başda olmaqla, sosialist düşərgəsinin idmançıları Los-Ancelesdə keçirilən Olimpiadaya qatılmadılar.
Bu qəbildən olan digər nümunələr də var ki, onların bəzilərində Çinin özü də iştirak edib.
Almaniya kansleri Angela Merkel bu günlərdə "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində tam ədalətli fikir səsləndirib: "1980-ci il Olimpiadasının boykot edilməsi sonda 1984-cü ildə keçirilən analoji turnirin boykotundan başqa heç nə vermədi". Üstəlik, həmin boykot çoxlu həyəcanlı anların, bəlkə də rekordların itirilməsinə səbəb oldu. Çünki Olimpiya Oyunlarının məğzi bütün dünyadan olan idmançıların oraya axışmasında və həqiqətən ən güclünün qalib gəlməsindədir. Olimpiya ruhu siyasi səbəblərdən qırılarsa (hətta o, ədalətli olsa belə), onda bütün fəaliyyət sadəcə mənasını itirir. Atletlər yarışın keçirildiyi ölkənin yaxşı və pis keyfiyyətlərini qiymətləndirmək üçün yox, qaçmaq, üzmək, tullanmaq və sair üçün bir yerə toplaşırlar.
Kimlərsə bu mövqe ilə razılaşmaya və 1936-cı ildə nasist Berlinində keçirilmiş və boykot olunmayan Olimpiadanı misal gətirə bilər. Sual da oluna bilər: bəs həmin oyunlar boykot olunsaydı, nə baş verərdi? Lakin nəzərə almaq lazımdır ki, birincisi, tarix felin lazım formasını tanımır, ikincisi, indi İnternet və peyk televiziyasının mövcud olduğu XXI əsrdir. Odur ki, boykotlar və razılaşdırılmış siyasi demarşlar çətin ki lazımi effekti versin, çünki hazırkı dövrdə hamı sərbəst şəkildə İnternetdə - bloqlar, forumlar və müxtəliv KİV saytarı vasitəsilə öz mövqeyini sərbəst ifadə edə bilir.
Bundan başqa, əgər BMT-nin qətnamələri, sərt iqtisadi sanksiyalar, hətta bəzən güc tətbiqi belə, bu və ya digər ölkəyə təsir göstərə bilmirsə, Olimpiadanın açılış mərasiminin boykot edilməsi hansı təsirə malik ola bilər?
Amma istənilən halda, Pekin Olimpiadasının boykot edilməsinin hansı nəticə verə biləcəyi haqda sual meydana çıxır. Bu addım Tibet probleminin həllinə və ya əksinə, onun daha da dərinləşməsinə gətirib çıxara bilərmi? Bütün bunlar Çinin qıcıqlanaraq, özünün daxili və xarici siyasətini daha da sərtləşdirməsinə səbəb olmaz ki? Yaşananları insan haqları uğrunda mübarizə yox, onun uğura aparan yolunu kəsməyə cəhd kimi qiymətləndirərkən, düşünürsən: belə nəhəng dövlətin açıq şəkildə aşağılanması nələrə gətirib çıxarar?
Pekində keçiriləcək Olimpiada çinlilər üçün böyük əhəmiyyət daşıyır. Onlar üçün bu, ölkələrinə, onun qədim tarixinə və müasir dünyadakı yerinə verilən özünəməxsus qiymətdir. Bu yer isə adi yer deyil. Gündən-günə iqtisadi qüdrətini artıran Çin özünün fövqəldövlət statusunu da möhkəmləndirməkdədir. Hətta bəziləri tam əminliklə bildirirlər ki, nə vaxtsa Çin qlobal dünya düzənində ABŞ-ı da sıxışdıra bilər.
Bununla yanaşı, siyasətdə idarəedici amilin iqtisadiyyat olduğu məlumdur. Bunun Pekin Olimpiadasının boykotuna nə dərəcədə dəxli olduğuna Çin və Fransanın nümunəsində baxmaq olar. Məsələn, bəzi mətbuat orqanlarının bildirdiyinə görə, Fransa şirkətlərinin maliyyə baxımından Dalay-Lamanı dəstəklədiyini bilən çoxsaylı çinlilər buna cavab olaraq, sözügedən ölkəyə məxsus Carrefour, Louis Vuitton və The Body Shop şirkətlərinin mağazalarına girməkdən imtina ediblər. Beynəlxalq təcrübədə bu fənddən indiyədək dəfələrlə istifadə olunsa da, o, hər dəfə effekt verir.
Artıq qeyd edildiyi kimi, dünyanı tam iqtisadi amillər idarə edir. Son hadisələrin fonunda, hətta Fransa prezidenti Nikolə Sarkozinin Çinə səfəri zamanı iki ölkə arasında imzalanmış çoxmilyonluq müqavilələrin ləğvi haqda təkliflər də səsləndirilib. Bir sıra KİV-də yer alan məlumatlara görə, Carrefour supermarketlər şəbəkəsi ciddi zərərdən ehtiyat edərək, qlobal estafetin qarşısını almaq üçün keçirilən kampaniyaya heç bir aidiyyətinin olmadığını bəyan edib.
Xüsusi olaraq, onu da qeyd edək ki, bu məqalənin müəllifi Tibet probleminin səbəblərinə toxunmaq fikrində deyil. Çoxları etiraf edir ki, Çin Tibetə münasibətdə çox sərt və heç də ədalətli olmayan tədbirlərə əl atır və bu nəhəng dövlətin hökuməti sözügedən məsələdə tamamilə haqsızdır. Pekin isə belə yanaşma ilə qətiyyən razılaşmır. Çin bildirir ki, o, ölkə ərazisində separatizmlə mübarizə aparır və əslində hər şey qaydasındadır. Lakin bütün bunların mübahisəyə heç bir aidiyyəti yoxdur. Tibet probleminə də bütün digər ərazi münaqişələri kimi, çox ehtiyatla yanaşılmalıdır və əlbəttə ki, bu, Olimpiadanın keçirildiyi dövrdə baş verməməlidir.
Yeri gəlmişkən, bu məsələdə ABŞ yaxşı nümunə göstərir. Bir müddət əvvəl bu ölkənin dövlət katibi Kondoliza Rays bəyan edib ki, o, "boykota səbəb görmür" və "Olimpiada təmiz idman hadisəsidir".
Odur ki Birləşmiş Ştatlar prezidenti Corc Buşun Pekində keçiriləcək Olimpiada-2008-in açılış mərasiminə qatılmaq qərarı qüvvədə qalır.
Beləliklə, bizə yalnız Pekin Olimpiadasının sakit və ədalətli idman mübarizəsi ruhunda keçəcəyinə ümid etmək qalır.
Siyasətsiz-filansız.
MƏSLƏHƏT GÖR: