
RİSKLƏRƏ BAXMAYRAQ
Milli bank bankların xarici borclanmaları ilə bağlı vəziyyəti nəzarətdə saxlayır
Müəllif: Nurlanə QULİYEVA Bakı
Azərbaycan Milli Bankı (AMB) 2008-ci ildə ölkənin bank sektorunun subyektlərinin artım dinamikasının azalacağını proqnozlaşdırır. Məsələ bundadır ki, dünya maliyyə böhranı şəraitində AMB banklara artım siyasətinə daha təmkinli yanaşmağı tövsiyə edir və bu xüsusilə də ildə 2-3 dəfəlik artım planlaşdıran banklara aiddir.
AMB İdarə Heyətinin sədr müavini Rüfət Aslanlının sözlərinə görə, bu heç də ölkə iqtisadiyyatının maliyyə xidmətləri ilə tam əhatə edilməyəcəyi demək deyil. "Bizim siyasətimiz ona yönəlib ki, artım özü ilə daha çox inkişaf və daha az risk gətirsin", - deyə Aslanlı vurğulayıb.
Avropa səviyyəsi
Bu gün ölkə iqtisadiyyatı bankların artımı üçün şərait yaradır, yəni maliyyə xidmətlərinə ehtiyac yaranır. Ancaq xüsusi üçillik inkişaf strategiyası hazırlayan hər bir bank risklərin qiymətləndirilməsini nəzərə almaqla öz institusional potensialına diqqətlə yanaşmalıdır. "Ancaq biz bu ilin ilk iki ayının göstəricilərinə baxsaq, görərik ki, bütün bank bölməsi üzrə artım dinamikası ötənilkindən aşağı deyil. Belə ki, bu müddət ərzində bankların məcmu aktivləri 9 faiz artıb, ötən il bu göstərici 4 faizə bərabər olmuşdu. Bizim proqnozlarımıza görə, 2008-ci ildə bank bölməsinin artım dinamikası 60-70 faiz təşkil edəcək", - deyə R.Aslanlı vurğulayır.
Ümumiyyətlə, artıq bu gün Azərbaycanın aparıcı bankları məxsusi kapitalın minimum ölçüsünün səviyyəsi üzrə Avropa standartlarına çatıblar, buna görə də Milli Bank artıq bu göstərici üzrə tələblərin yenidən baxılmasına ehtiyac duymur. İndi bu tələb 10 milyon manata çatıb və bu, Avropa Birliyi ölkələrindəkindən yüksək göstəricidir.
Bəllidir ki, kapital bankların aktivlərindən gələ biləcək mümkün risklərin qarşısının alınmasına yardım edir. Beynəlxalq təcrübəyə uyğun olaraq bu, kapitalın uyğunluq normativi ilə tənzimlənir. Bu normativ isə bankın kapitalının idarə edə biləcəyi aktivlərin həcminə nisbəti ilə təyin edilir. Hazırda bu normativ 12 faizdir, Bazel standartları isə bunun ən azı 8 faiz olmasını nəzərdə tutur, buna görə də AMB bu məsələyə yenidən baxmaq fikrində deyil. "Ancaq bu normativin olması banklardan lazım olanda kapitallaşmalarını artırmağı tələb edir, çünki bu normativlərin pozulması zamanı onlar öz akitvlərini artıra bilmirlər",- deyə R. Aslanlı vurğulayır.
Onun sözlərinə görə, hazırda Azərbaycan bankları üçün orta kapital uyğunluğu göstəricisi 20 faizə bərabərdir. Bu da onların yetərincə kapitallaşmış olmasının göstəricisidir. Elə banklar var ki, bu göstərici 15-16 faiz arasında dəyişir və onlar daim kapitallaşmanı artırırlar. 2007-ci ildə Azərbaycanda bankların məcmu kapitallaşması 2 dəfə artıb və 1 milyard manatı ötüb. "Əgər bu il banklar artım templərini 50-60 faiz səviyyəsində saxlaya bilsələr, kapitalın uyğunluq normativi nəzərə alındıqda, bankların məcmu kapitallaşması orta hesabla 30-35 faiz olacaq",- deyə Rüfət Aslanlı vurğulayır.
Kreditlər təhlükəli deyil... Hələlik!
AMB idarəçilərinin fikrincə, orta müddətli və qısa müddətli perspektivdə Azərbaycan bank sistemini xarici borclara ödənişlər üzrə risklər gözləmir. Cəlb edilən vəsaitlərin yarıdan çoxunun - 600 milyon manata qədərinin yaxın illərdə ödənilməli olması Milli Bankda buna inam yaradır. "Bu borclar Azərbaycanın fəaliyyətdə olan 46 bankının 21-i tərəfindən cəlb edilib. Milli Bank bu proses üzərində diqqətlə müşahidə aparır və bu gün aydındır ki, bu bankların likvidliyi borcları ödəməyə imkan verir",- deyə Rüfət Aslanlı vurğulayır. Onun sözlərinə görə, banklar bu borcların üçdəiki hissəsini beynəlxalq maliyyə institutlarından alıblar.
Milli Bank bu məsələ ilə bağlı MDB-nin digər ölkələrinin, məsələn, Qazaxıstanın təcrübəsini nəzərə alaraq, bankların xarici borcları üzrə məcburi ehtiyatlarının formalaşdırılması normalarının sərtləşdirilməsi üçün tədbirlər görməkdə davam edir.
Rüfət Aslanlının sözlərinə görə, bu proses 2007-08-ci illəri əhatə edir. "Əgər kreditlər üzrə əsas borc və faizlər üzrə borclar əmlakla təmin edilirsə, onda kreditlərin qiymətləndirilməsi üzrə prudensial normalar, yəni etibarlılığın, likvidliyin, ödəmə qabiliyyətinin və s. təmin edilməsi üçün qanunla müəyyən edilmiş normalar tətbiq edilir. Biz bu normaları bir az sərtləşdirmişik. Həmçinin mümkün itkilər zamanı riskləri azaltmaq üçün bankların aktivlərinin ehtiyatlarının formalaşdırılması üzrə tələbləri də artırmışıq",- deyə Rüfət Aslanlı vurğulayır.
Qeyd etmək gərəkdir ki, bütövlükdə Azərbaycanın valyuta ehtiyatlarının 32 faizinə bərabər olan xarici borcunun səviyyəsi regionun digər ölkələri ilə müqayisədə çox aşağıdır.
MƏSLƏHƏT GÖR: