15 Mart 2025

Şənbə, 00:44

BƏSRƏDƏ SAKİTLİKDİR

İranın İraq şiələri üzərində nəzarəti zəifləyir

Müəllif:

15.04.2008

Martın sonu, aprelin əvvəllərində İraqda radikal şiə siyasətçi Müktəda əs-Sədrin rəhbərlik etdiyi "Mehdi Ordusu" ilə ABŞ və İngiltərənin dəstəklədiyi hökumət qüvvələri arasında yaşanan şiddətli silahlı toqquşmalar dünyanın informasiya agentlikləri üçün bir nömrəli xəbərə çevrilmişdi. Müxtəlif məlumatlara görə, həmin toqquşmalarda ən azı 200 nəfər həyatını itirib.

Əs-Sədrə qarşı döyüşlərə, təxminən, 30 min əsgər və polis cəlb olunmuşdu, əməliyyatın gedişinə isə elə əs-Sədr kimi şiə olan baş nazir Nuri əl-Maliki nəzarət edirdi. O, döyüşlərin getdiyi Bəsrə əhalisini mükafat və amnistiya müqabilində silahları təhvil verməyə çağırdı. Bir qədər sonra isə 2008-ci il aprelin 8-dək qüvvədə olan analoji müraciət İraq hökumətinin məsləhətçisi Sadiq ər-Rakibi tərəfindən də səsləndirildi. O bildirdi ki, bu çağırışın bir müddət əvvəl hökumətin səsləndirdiyi ultimatumla heç bir əlaqəsi yoxdur.

Amma bu çağırış tamam əks-effekt verdi: ona cavab olaraq, Müktəda əs-Sədr döyüşləri paytaxt Bağdada keçirməyə cəhd göstərdi. Nəticədə yaraqlılar və İraq hərbçiləri arasında paytaxtın şiələr yaşayan məhəllələrində baş verən toqquşmalarda 14 nəfər həlak oldu, 61 nəfərsə yaralandı. Toqquşmalar "Mehdi Ordusu"nun istehkamı sayılan Madinat-Sədr şimal-şərq rayonunda da qeydə alındı: jurnalistlər bu rayonu "Sədr-siti" adlandırırlar.

Onu da deyək ki, döyüşlər zamanı hökumət qüvvələrinə ABŞ hərbçiləri və  vertolyotlar dəstək verib. Situasiyanın gərginləşdiyini görən deputatlar onu müzakirə etmək üçün fövqəladə toplantı keçirməyə cəhd göstərsələr də, minaatanlar və raket atəşləri nəticəsində 275 deputatdan cəmi 54-ü parlamentin yerləşdiyi "Yaşıl zona"ya gələ bilib. Raketlərdən biri isə ölkənin vitse-prezidenti Tarek Haşiminin ofisinə düşüb və oranın mühafizəçisinin ölümünə səbəb olub.

ABŞ prezidenti Corc Buş İraqın hökumət qüvvələrinin Bəsrədə yaraqlıların mövqelərinə hücumunu "azad İraqın tarixində həlledici məqam" adlandırıb. Ağ ev sahibinin sözlərinə görə, İraqın baş naziri Nuri əl-Malikinin fəaliyyəti göstərir ki, o, qanunları pozan şiələrə və sünnilərə eyni cür yanaşır və onlara heç bir ayrı-seçkilik qoymur.

Müşahidəçilər isə öz növbələrində hesab edirlər ki, əməliyyatlara səbəb baş nazirin oktyabrda Cənubi İraqda keçiriləcək seçki ərəfəsində "Mehdi Ordusu"nun mövqelərini zəiflətmək istəyidir. 

Qeyd edək ki, əl-Malikinin özünə məxsus yaraqlıları olmasa da, o, əsasən, üzvləri İraqın təhlükəsizlik qüvvələrinin sıralarında xidmət edən "Bədr Korpusu" kimi qruplaşmalarla sıx əlaqəyə malikdir və onlar formal olaraq, məhz baş nazirə tabedirlər.

Bir çox əlamətlərə görə, deyəsən, hazırda İraqda vəziyyət sabitləşmək üzrədir. Əs-Sədrin tərəfdarlarını İraqın nizami ordusu ilə toqquşmaları dayandırmağa çağırmasından sonra Bəsrənin bir sıra rayonlarında vəziyyət normallaşıb.

Pentaqon isə bir həftə davam etmiş şiddətli toqquşmadan hansı tərəfin qalib çıxdığını hələ də müəyyənləşdirə bilmir. "Fikrimcə, bu döyüşlərin strateji nəticəsinin necə olduğunu söyləmək tezdir... Mən hələ ki döyüşlərdə kimin qalib gəldiyini, kimin məğlub olduğunu söyləməyə hazır deyiləm", - deyə Pentaqonda keçirdiyi mətbuat konfransında ABŞ Silahlı Qüvvələrinin Qərargah rəisləri komitəsinin rəhbəri, admiral Maykl Mallen bildirib.

İraq hərbçiləri isə öz növbələrində etiraf ediblər ki, onlar yaxşı silahlanmış "Mehdi Ordusu"na müqavimət göstərməyə hazır deyildilər. Əməliyyata rəhbərlik etmiş general-mayor Abdul Əziz Məhəmməd keçirdiyi mətbuat konfransında bildirib ki, xüsusi xidmət orqanları "Mehdi Ordusu"nun özü ilə yox, sadəcə, şəhərdə geniş yayılmış cinayətkar qruplar və qatillərlə mübarizə aparmağı planlaşdırıbmış.

Göründüyü kimi, hələ ki İraqda möhkəm sülhdən danışmaq çox tezdir. Düzdür, baş nazir əs-Sədrin tərəfdarlarının silahı yerə qoymasını alqışlayıb və onu "doğru addım" adlandırıb. Bundan başqa, hökumət silahı yerə qoyaraq, Bəsrəni tərk etməyə qərar vermiş yaraqlıları cinayət məsuliyyətinə cəlb etməmək haqda da qərar çıxarıb. Lakin əl-Maliki hökumət qüvvələrinin Bəsrədə əməliyyatları dayandırmasını istisna edib. Hökumət başçısı bu əməliyyatın hansısa partiyaya qarşı yox, şəhərin "kriminal və destruktiv elementlərdən təmizlənməsinə" yönəldiyini bildirib.

Əs-Sədr isə öz növbəsində İraq hökumətinin hələ ki reaksiya vermədiyi şərt irəli sürüb. "Mehdi Ordusu"nun rəhbəri ümumi amnistiya və tərəfdarlarının həbsxanadan buraxılacağı təqdirdə, ona tabe olan silahlı şəxsləri şəhərin küçələrindən yığışdıracağına söz verib. Lakin əksər müşahidəçilərin bildirdiyi kimi, Müktəda əs-Sədr centlmen razılaşması əldə ediləcək siyasətçilərdən deyil. Onun "aktivində" artıq bütün şiələr üçün müqəddəs olan ən-Nəcəfdə həyata keçirilmiş və uğursuzluqla nəticələnmiş qiyam var. Həmin vaxt daha çox qan tökülməsinin qarşısını almaq mümkün oldu, əs-Sədr isə silahlı mübarizədən imtina edəcəyinə söz verdi. Amma zaman göstərdi ki, o, sözünə bütöv adam deyilmiş. Hər halda, əs-Sədrin sülh təşəbbüsündən cəmi bir neçə gün sonra ABŞ aviasiyasının Bəsrəni bombardman etməsi o zaman heç kəsi təəccübləndirməmişdi.

Daha vacib olan digər bir məqam da var. "Mehdi Ordusu"na qarşı həyata keçirilən hərbi əməliyyatlar nəinki İraqın şiə icması arasında qarşıdurmanın daha kəskin vəziyyət aldığını göstərir, eyni zamanda, Bağdadla Tehran arasında ziddiyyətin ciddiləşdiyini nümayiş etdirir. Hələ bir müddət əvvəl Tehranda hesab edirdilər ki, İraqda sünnilər və şiələr arasında nüfuz dairəsinin bölüşdürülməsindən sonra bu ölkəni "özəlləşdirilmiş" saymaq olar. Lakin artıq İranın İraqda ABŞ-a qarşı "ikinci cəbhə" açmaq planları iflasa uğrayır: onun bu ölkədəki şiələrə təsir imkanları heçə etməkdədir. Məsələn, bir müddət əvvələdək İraqın şiə icması daxilində hər hansı, özü də açıq-aşkar antiiran xarakterli toqquşmaları təsəvvür etmək belə mümkün deyildi.

Bəsrədə gedən döyüşlər İraqın Səddam Hüseyn rejiminin devrilməsindən beş il sonra belə, hələ də "minalı ərazi" və ya "barıt çəlləyi" olaraq qaldığını bir daha sübut etdi. Son hesablamalara görə, 2003-cü ilin martında başlanan əməliyyatlardan indiyədək İraqda 4 min amerikalı həlak olub. Lakin "İraq müqavimətçiləri" əlindən daha çox iraqlıların özləri, əksər hallarda təsadüfən insidentin baş verdiyi ərazidən keçən insanlar həlak olurlar. Məsələn, martın 6-da Bağdadın Karrada rayonunda baş vermiş iki partlayış nəticəsində 50-dən artıq insan həlak olub, yaralananların sayı isə 130-a çatıb. Martın 17-də Kərbəlada törədilən terror aksiyası zamanı isə ölənlərin sayı ən azı 40, yaralıların sayı isə 100-ə çatıb. Bir gün sonra Bağdadda minaatanlardan atılan atəşlərlə 6 uşaq həlak oldu, 10 nəfər yaralandı. Martın 22-də fuqasın partlaması 2 amerikalı və iki dinc sakinin həyatına son qoydu...

Ölkədə yeni zorakılıq dalğasının başlanmasını əksər analitiklər İraqın işğalının beşinci ildönümünün tamam olması ilə əlaqələndirir. Ölkədə zorakılıq hallarının davam etməsi isə ABŞ başda olmaqla, bir sıra dövlətlərdə İraqdan koalisiya qüvvələrinin çıxarılmasının tərəfdarlarının sayının artmasına səbəb olur. Lakin ekspertlər məhz bu gün ictimai rəydə dönüşün mümkünlüyünü bildirirlər. Məsələ yalnız onda deyil ki, Vaşinqton kürd və şiələrlə yanaşı, çoxlu sayda sünni lideri də öz tərəfinə çəkə bilib. Bunun fonunda iraqlıların amerikalılara qarşı müharibəsi (son anlaradək "İraq müqaviməti" adlandırılan) artıq iraqlıların özlərinə qarşı yönəlmiş terror müharibəsinə çevrilib, barrikadaların o biri tərəfində əli silahla dayananların əksəriyyəti isə daha çox başqa ölkədən gəlmiş muzdlulardır. Terror aksiyaları nəticəsində iraqlıların özlərinin qurbana çevrilmələri ictimai rəydə, həm də yalnız İraqda yox, asta-asta olsa da, dönüşə səbəb olur. Artıq "İraq müqaviməti", hətta ərəb küçələrində də mənəvi dəstəyi itirməkdədir. Artıq islamçılara məxsus saytların birindəki forumda fikirlərini açıqlayan Ayman əz-Zəvahiri sübut etməyə çalışır ki, guya onun təmsil etdiyi qruplaşma İraqda, Mərakeşdə və digər ölkələrdə dinc sakinlərin qətlinə görə məsuliyyət daşımır. 

Odur ki İraqda situasiyanın strateji dəyişiklik ərəfəsində olduğu istisna deyil.


MƏSLƏHƏT GÖR:

317