14 Mart 2025

Cümə, 22:36

İKİYƏ BÖLÜNMÜŞ SON AVROPA ŞƏHƏRİ

Lefkoşada nəzarət-buraxılış məntəqəsinin açılması kipr problemini çözə bilərmi?

Müəllif:

15.04.2008

Kiprin ən böyük şəhəri olan Lefkoşanın (Nikosiya) mərkəzi kü-çəsi - 1963-cü ildən şəhəri yunan və türk hissələrə ayıran Lokmacı (Ledra) aprelin 3-ü səhər açıldı və bununla da 70 metrlik "ölü zona" minadan təmizləndi. Beləliklə, 45 il əvvəl yaradılmış "yaşıl zona"dakı (bufer zonası) Nəzarət-Buraxılış Məntəqəsi (NBM) qismən dağıdıldı, on illər ərzində oraya yaxın olan və boş qalmış evlərin bərpasına başlanıldı.

Lokmacı münaqişə tərəfləri arasında 2003-cü ilin aprelindən indiyədək açılan sayca altıncı NBM olsa da, o özünə xüsusi diqqət cəlb edib. Bu da tamamilə izaholunandır. Məsələ ondadır ki, onillər ərzində məhz bu NBM Kiprin parçalanmasının rəmzi hesab olunurdu. O, bir dəfə - 1968-ci ildə açılsa da, 1974-cü ildə yunan xuntasından sonra məntəqə birdəfəlik bağlandı. 1963-cü ildə burada qurulan barrikadalar 1974-cü ildə qalın divarla əvəzləndi. Nəticədə şəhərin ticarət sırası, həmçinin turist mərkəzi iki hissəyə parçalandı. Adanı iki sektora ayıran xətt isə o vaxtdan BMT-nin Kiprdə Sülhün Qorunması üzrə Silahlı Qüvvələri tərəfindən mühafizə edilir.

Son aylarda iki icmanın liderlərinin barışıq əhval-ruhiyyəsində olması, NBM-in açılış mərasimində səslənən bəyanatlarda da öz əksini tapdı. Mərasimdə nazirlər, parlamentarilər, hər iki icmanı təmsil edən çoxlu sayda insanlar, həmçinin Lefkoşanın yunan və türk bələdiyyələrinin rəhbərləri iştirak edirdilər. Təntənəli mərasimdən sonra küçə açıq elan edilib. Lakin hələlik yalnız piyadalar üçün...

Qeyd edək ki, NBM-in açılması haqda qərar hələ martın 21-də BMT-nin himayəsilə yunan Kiprinin (Kipr Respublikası) prezidenti Dimitris Xristofiasla Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) lideri Mehmet Əli Tələt arasında keçirilmiş görüşdə qəbul olunmuşdu. Onlar uzun illərdir davam edən Kipr münaqişəsinin həlli üzrə razılaşmanın hazırlanması üçün ekspert qrupunun yaradılması haqda da  razılıq əldə ediblər.

Qeyd etmək lazımdır ki, türk tərəfi ortaya çıxa biləcək bəzi problemli məqamların qarşısını almaq üçün əvvəlcədən müvafiq tədbirlər görüblər. Məsələn, NBM-də xidmət çəkən türk əsgərlərin hərəkəti üçün yerüstü keçid açılıb. Şimali Kipr rəhbərliyinin fikrincə, bu keçid Türkiyə əsgərlərinin şəhərin türk tərəfinə gedib-gələn yunan-kiprlilər ilə əlaqələrini minimuma endirəcək. Keçidin inşası üçün xərclənən 800 min dollar vəsaiti isə Türkiyənin ŞKTC-dəki səfirliyi ayırıb.

Yunan tərəfi ilkin mərhələdə keçidin tikintisinə maneə yaratmağa çalışsa da, Şimali Kipr lideri Mehmet Əli Tələtin Azərbaycanda, baş nazir Fərdi Sabit Söyərin isə Almaniyada səfərdə olduğu zamanda gözlənilməz addım atdı:  2007-ci il martın 8-də bir gecədə Lokmacı Nəzarət-Buraxılış Məntəqəsindən şəhərin yunan hissəsini ayıran divar buldozer vasitəsilə dağıdıldı. Təbii ki, bu, icmaların yaxınlaşması üçün zəmin yaradan bir amildir. 

Hələ ki Lokmacı məntəqəsinin açılmasının siyasi dividentlərindən danışmaq, əlbəttə ki, tezdir. Lakin yerli sahibkarlar artıq qələbəni bayram edirlər: ticarət əlaqələrinin inkişafından əldə olunan gəlir artıq hiss edilməkdədir. NBM-in açılmasının təşəbbüskarları hesab edirlər ki, yerli səviyyədə əlaqələr icmalar arasında iqtisadi əlaqələrin güclənməsinə, sonda isə Kiprin birləşməsinə gətirib çıxaracaq.

Artıq iki icmanı bir-birindən ayıran 180 kilometrlik "yaşıl zona"da bağlı buraxılış məntəqəsi qalmayıb. Başqa sözlə, artıq "lokal xarakterli" problem yoxdur. Bu ilin fevralında Dmitris Xristofiasın yunan-kiprlilərin yeni lideri seçilməsi isə danışıqlar prosesinin "ölü nöqtə"dən tərpənməsinə səbəb olub.

Lokmacının açılması xəbəri hətta əvvəllər münaqişənin həlli ehtimalına bədbinliklə yanaşan türkiyəli politoloqların da nikbinliyini artırıb. Artıq hamı etiraf edir ki, növbəti addım çoxdan gözlənilən sülh razılaşmasının imzalanması ola bilər. Bu isə həm türklər, həm də Türkiyə dövləti üçün çox vacibdir. Türkiyənin yalnız Kipr türklərinə ayırdığı maliyyə dəstə-yinin (bu vəsaitin bir qismi xarici kreditlər hesabına ayrılır) miqyasına diqqət yetirsək, uzun illərdir davam edən münaqişənin həllinin həm sıravi türklər, həm də hökumət dairlələri üçün nə qədər önəmli olduğunu anlayarıq.

Lakin bu məsələdə heç də hamı eyni dərəcədə nikbin deyil. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Böyükanıtın timsalında generalitet bəyan edib ki, Lokmacı buraxılış məntəqəsinin açılması "qeyri-qənaətbəxş addımdır". Lefkoşada səfərdə olan Böyükanıt keçirdiyi mətbuat konfransında bəyan edib ki, "Türkiyə ordusu problemin ədalətli və əhatəli həllinədək adadan çıxmaya-caq". Lokmacının açılışına gəlincə, Böyükanıt vurğulayıb ki, "Lokmacı, açılışı problemin həllinə gətirib çıxaracaq məntəqələrdən yalnız biridir".

Həqiqətən də, adanın birləşməsi haqda danışıqlar çoxdan getsə də, hələ ki heç bir nəticə yoxdur. Bu istiqamətdə sonuncu cəhd 2004-cü il aprelin 26-da "Annan planı"na əsasən, BMT-nin himayəsi ilə keçirilən Referendum zamanı iflasa uğrayıb. BMT-nin təqdim etdiyi Kipr münaqişəsinin həlli planı ("Annan planı") adada vahid Kipr Respublikası əvəzinə, ikiicmalı və ikizonalı dövlətin yaradılmasını nəzərdə tuturdu və yunanların fikrincə, bu, adanın şimal hissəsinin türklər tərəfindən işğalının tanınması olardı. Sənəd qəbul olunsa,  türk tərəfi Kiprin birləşmiş hökumətində veto qoymaq və öz hərbi kontingentini adada saxlamaq haqqına malik olacaqdı. Bununla yanaşı, yunanların adanın şimal hissəsində toxunulmaz əmlakla bağlı əməliyyat hüquqları da məhdudlaşdırılırdı. 

Odur ki referendumda Kipr yunanlarının 75%-i BMT planına qarşı çıxdı. Türklərin əksəriyyəti isə əksinə, planın lehinə səs verdi. Referendumun nəticələri sübut etdi ki, Kipr türkləri vahid Kiprin yaradılması naminə, hətta özləri üçün ən müqəddəs məsələ olan şəxsi dövlət quruculuğundan belə imtina etməyə hazırdırlar. Yunanlar isə, öz növbələrində, maksimum güzəştlərə nail olmaq üçün beynəlxalq rıçaqlardan istifadəyə çalışırlar.

Kipr münaqişəsinin yaranmasına səbəb olmuş tarixi şəraitə nəzər yetirsək, görərik ki, uzun illər davam edən fikir ayrılığının səbəbləri iki icmanın daxili qarşılıqlı problemlərindən çox, Yunanıstan, Türkiyə, Böyük Britaniya, sonradan isə Avropa İttifaqı kimi xarici "oyunçular"ın qüvvələr nisbətindəki ziddiyyətlərdən irəli gəlir.

Yunanlar və türklər əsrlərlə vahid Osmanlı İmperiyasının tərkibində yaşayıblar və o dövrlərdə onlar arasında heç bir qarşıdurma olmayıb. Hər şey xeyli sonralar - XX əsrin ortalarında, ingilis müstəmləkəsində olan Kiprin 1960-cı il avqustun 16-da müstəqillik əldə etməsi ilə başlayıb. Müstəqillik üçün hüquqi əsas 1959-cu ildə Sürix-London razılaşması olub və o, respublikanın suverenliyini ciddi şəkildə məhdudlaşdırıb. Böyük Britaniya, Yunanıstan və Türkiyə bu razılaşma ilə Kiprin "müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə" zamin durublar. Bu müqavilə sözügedən dövlətlərə Kiprin daxili işlərinə qarışmaq haqqı verirdi ("Zəmanət haqqında müqavilə"). 

Bundan başqa, Yunanıstan və Türkiyə adada müvafiq olaraq, 950 və 650 nəfərlik hərbi kontingent saxlamaq hüququ əldə etmişdilər ("İttifaq haqqında müqavilə").

Ayrıca olaraq, Böyük Britaniya Kiprdə 99 kvadrat mil ərazi üzərində öz suverenliyini saxlayıb, həmin ərazidə iki böyük hərbi baza - Dekeliya və Akrotiri fəaliyyət göstərib, həmçinin digər "o qədər də böyük olmayan ərazilər" və infrastrukturu əlində saxlayıb. Bundan əlavə, ölkə ərazisində Böyük Britaniya və ABŞ-a məxsus bir neçə digər hərbi obyekt və tikili də var.

1974-cü ilin iyulunda Yunanıstanın hərbi xuntasının dəstəyi ilə adada hərbi çevriliş baş verib. Prezident Makarios hakimiyyətdən uzaqlaşdırılıb, adaya nəzarət isə Yunanıstanın gizli fəaliyyət göstərən ultramillətçi EOKA-B təşkilatının rəhbəri, Kiprin Yunanıstana birləşdirilməsinin tərəfdarı olan Nikos Sampsonun əlinə keçib. Etnik türklərin planlı şəkildə sıxışdırılması, kütləvi istismar və qətllər başlayıb və Türkiyə zamin ölkə olaraq, yerli türklərin müdafiəsinə qərar verib. Nəticədə o, 1974-cü il iyulun 20-də adanın şimalına öz qoşunlarını yerləşdirib. Bununla da adanın 33%-nə nəzarət türklərin əlinə keçib.

Danışıqların ilk illəri heç bir nəticə verməyib. 1975-ci il fevralın 13-də türk icmasının rəhbərliyi "Kipr Türk Federativ Dövləti"ni elan edib və Rauf Denktaş onun ilk prezidenti seçilib. 1983-cü il noyabrın 15-də isə Kipr Türk Federativ Dövlətinin qanunverici Assambleyası Kipr türk dövlətinin müstəqilliyini elan edib. 

Prinsipcə, Kipr yunanlarının problemi hər iki tərəfi qane edəcək formada çözmək üçün kifayət qədər vaxtı var idi. Lakin adanın cənubunda millətçi tendensiyalar bu ideyanın gerçəkləşməsinə imkan vermədi.

Reallıq sübut edir ki, Türkiyənin adanın türk icmasına, Avropa İttifaqının isə Kipr yunanlarına təzyiqlərinə baxmayaraq, tərəflər arasında yaxınlaşma heç də asan keçmir. Axı münaqişə nəticəsində Kiprin hər iki tərəfi monoetnik bölgəyə çevrilib. 1974-1975-ci illərdə orada əhalinini "dəyişdirilməsi" baş verib: Kipr türkləri, praktiki olaraq, tamamilə adanın Türkiyə qoşunları tərəfindən işğal edilmiş ərazisinə, qarşı tərəf isə əksinə, cənuba köçüblər (hazırda adanın şimalında cəmi bir neçə yüz yunan yaşayır).

Avropa İttifaqı Kipr probleminə xeyli sonra - adanın yunan hissəsinin 2004-cü il mayın 1-də quruma qəbulundan sonra cəlb edilib. Kiprin bu üzvlükdən əldə etdiyi bütün imtiyazlar və üstünlüklər onun yalnız yunan hissəsinə aid olub, Avropa İttifaqı isə hələ də Şimali Kiprə qurumun kənar hərbi qüvvənin iş-ğalı altında olan ərazisi kimi baxır.

Bu mövqe Ankaranın Aİ-yə üzvlüklə bağlı apardığı danışıqlara da mane olur. Yunanıstan və yunan Kipri bütün mümkün rıçaqlarla Ankaraya təzyiq etməyə çalışır, Türkiyə limanlarının cənubda Yunanıstan gəmilərinin üzünə açılmasını tələb edirlər. Gömrük İttifaqı da eyni tələbi irəli sürür. Məhz bu məqam üzündən Türkiyənin Aİ-yə qəbulu ilə bağlı danışıqlar qismən dondurulub.

Bununla yanaşı, Ankara bu məsələdə bir sıra Qərb dövlətlərinin, həmçinin ABŞ və Böyük Britaniyanın dəstəyinə malikdir. Bu dövlətlər beynəlxalq sanksiyalar və Yunanıstanın müqavimətinə baxmayaraq, Şimali Kiprdə rəsmi nümayəndəliklərinin açılmasına razılıq veriblər, həmçinin ŞKTC ilə müəyyən ticarət əlaqələrini dəstəkləyirlər. Türkiyə isə Yunanıstanın problemə dair danışıqları BMT-dən Avropa İttifaqı masasına keçirmək cəhdlərinə qarşı çıxır. Çünki bu, dialoqun "sıfırdan", həm də Türkiyə üçün sərf etməyən formada başlanması deməkdir. Qarşı tərəfin bu istəyinə cavab olaraq, Ankara yunan tərəfinin rədd etdiyi "Annan planı"nın müzakirəsini bərpa etməyə çağırır.

Bu gün tərəflər danışıqlar prosesinin mahiyyətindən yaxşı xəbərdardırlar. Münaqişənin nizamlanması yunan Kiprinin rədd etdiyi, ŞİKC-nin isə dəstəklədiyi qarşılıqlı güzəştlər vasitəsilə mümkündür.

Hələ ki Kipr Respublikasının yeni prezidenti Dimitris Xristofiasın bu məsələdə nə dərəcədə çevik olacağı, Levkoşada ölkəni ayıran divarın dağıdılmasının arxasınca böyük razılaşmanın gəlib-gəlməyəcəyi məlum deyil. Beynəlxalq vasitəçilik, faktik olaraq, susur. Belə qənaət yaranır ki, situasiyadan yeganə çıxış yolu icma liderlərinin özləri tərəfindən hazırlanacaq yeni sülh sazişi ola bilər. Amma buna da inanmaq çətindir. Çünki Ankara ilə Afina kiprlilərin arzuları ilə öz maraqlarını çox vaxt səhv salırlar.

Odur ki hələlik tunelin sonu görünmür. Top meydanın yunanlara aid hissəsindədir. 


MƏSLƏHƏT GÖR:

349