15 Mart 2025

Şənbə, 00:30

QANUNVERİCİ DALAN

Tiqran torosyan öz xalqını məhz buna sürükləyir

Müəllif:

15.04.2008

Erməni ekspansionistlərinin liderləri beynəlxalq hüquqda "kəşflər" etməyi xoşlayırlar. Qonşu ölkənin ərazilərinə iddianın qeyri-qanuniliyini ört-basdır etmək üçün isə müxtəlif terminlərin "kəşfi"nə xüsusi önəm verirlər. Bu səbəbdən Ermənistan parlamentinin spikeri Tiqran Torosyanın mənim "Rusiya Qlobal siyasətdə" jurnalında dərc olunmuş "Qarabağ dalanında günahkar kimdir?" məqaləmə belə kəskin reaksiya verməsi təəccüblü deyil. "Day.az"ın müxbirilə söhbətində BMT Baş Assambleyasının Dağlıq Qarabağ münaqişəsinə dair son qətnaməsini şərh edən T.Torosyan bu məqalənin üzərində dayanmağı özünə borc bilir və növbəti dəfə inadla sübut etmək istəyir ki, guya Qarabağın zorla Azərbaycandan ayrılması tələbinə legitimlik donu geydirmək mümkündür. Beynəlxalq hüququn buna imkan vermədiyini yaxşı anlayan spiker sadəcə öz ictimaiyyətini yanıltmaqda davam edir. 

1988-ci ildə başlanan "Qarabağ hərəkatı"nın fəalları Sovet Konstitusiyasının müttəfiq respublikaların ərazilərinin onların razılığı olmadan dəyişdirilməsini qadağan etməsi faktı ilə üzləşmişdilər. Və məlum olmuşdu ki, onların "müqəddəratını həlletmə və ayrılma" haqda iddialarının da heç bir xeyri yoxdur. Belə bir vəziyyətdə "Qarabağ hərəkatı" kifayət qədər xoş səslənən termin kəşf etmişdi: "qanunverici dalan". 

SSRİ dağılandan və onun tərkibinə daxil olan müttəfiq respublikaların dünya ictimaiyyəti tərəfindən müstəqil dövlətlər kimi tanınmasından sonra isə aydın oldu ki, "Qarabağ hərəkatı"nın tələbləri beynəlxalq hüquqa da ziddir. Çünki bu hüququn təməl daşını dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipi təşkil edir, millətlərin "öz müqəddəratını təyinetmə"si isə yalnız həmin ərazi bütövlüyü çərçivəsində mümkündür. 

Yəni, bu gün dünyada Ermənistanın Azərbaycana  aid olan Dağlıq Qarabağa qarşı törətdiyi əməllərə hansısa qanunilik verəcək bircə qanunverici akt və ya mexanizm yoxdur.

Dünyada zamanın sınağından keçmiş çox populyar bir siyasi hikmət var (müxtəlif tədqiqatçılar bu kəlamın müəllifi kimi, Avraam Linkolndan tutmuş, Franklin Ruzveltədək ABŞ prezidentlərini göstərirlər): müəyyən vaxt ərzində müəy-yən sayda insanı aldatmaq olar. Bir qrup insanı isə kifayət qədər uzun bir dövr aldatmaq mümkündür. Müəyyən dövrdə hamının aldadılması da istisna deyil. Lakin daimi olaraq hamını aldatmaq mümkün deyil. Ermənistanda isə, görünür, bütün qüvvələri sərf edərək "müəy-yən dövrü" uzatmağa, inadla öz həmvətənlərini aldatmağa, onlara yalan məlumat verməyə çalışırlar. O insanları ki öz rəhbərlərinə inanır, onları məlumatlı və savadlı hesab edirlər.

Erməni siyasətinin nəzərəçarpan xüsusiyyətlərindən biri rəsmi tarixi sənədlərdə əslində orada olmayan fikirləri "tapmaları"dır. Məsələn, erməni dairələrində əsaslı və əsassız şəkildə iddia edirlər ki, Hitler yəhudilərə qarşı soyqırımı hazırlayarkən, özünə bəarət qazandırmaq üçün guya "Bu gün dünyada kimsə vaxtilə ermənilərin məhv edildiyini xatırlayırmı?" deyə "arqument" gətiribmiş və guya bunun təsdiqini Nürnberq prosesi sənədində tapmaq mümkündür. Əslində isə Nürnberq tribunalı zamanı sübut olunub ki, amerikalı jurnalist Lui Loxner tərəfindən təqdim olunan Hitlerin Oberzalsberqdəki çıxışında - yeri gəlmişkən, həmin çıxışda söhbət yəhudi yox, polyakların məhvinə hazırlıqdan gedirdi - ermənilər haqda səslənən fikir həqiqi sənəd sayıla bilməz. Odur ki Nürnbreq prosesində sübut kimi Hitlerin çıxışının digər iki variantı qəbul edilib ki, orada da ermənilərlə bağlı heç bir fikrə rast gəlinmir. 

Və ya belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Amerika diplomatiyası üçün Ermənistan-Türkiyə sərhədləri haqda "Vudro Vilson arbitraj qərarı" (bu qərarda Türkiyə ilə Ermənistanın hazırkı sərhədləri üst-üstə düşmür) hələ də fəaliyyətdə olan sənəd sayılır, yaxud Sevr müqaviləsini hələ də necəsə bərpa etmək, Qars və Moskva müqavilələrinə isə yenidən baxmaq olar. 

Bu sahədə rekordu isə 2004-cü ildə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri işləmiş Hamlet Qasparyan müəyyənləşdirib. Məhz o, 1915-ci il hadisələrini "soyqırım" adlandırmaqdan imtina etdiyi və bunun ölkəsinin mövqeyi olduğunu söylədiyi üçün Böyük Britaniyanın Ermənistandakı səfiri Tord Ebott-Uottu məhvedici tənqidə məruz qoyub.  XİN-in mətbuat katibi səfirə məsləhət görüb ki (!), bu mövzunun Ermənistan üçün nə qədər həssas məsələ olduğunu "yadından çıxarmasın". Başqa sözlə, Yerevanda istəyirlər ki, britaniyalı diplomat bu məsələyə dair rəsmi Londonun mövqeyi haqda geniş ictimaiyyəti məlumatlandırmasın.

Əslində isə öz xalqına, xüsusilə də vacib siyasi məsələlərlə bağlı yanlış informasiya verməkdən böyük cinayət ola bilməz. Ermənistan parlamentinin spikeri postunu tutan Tiqran Torosyan isə məhz bununla məşğuldur.

"Day.az" saytına müsahibəsində Torosyan Helsinki aktının erməni diplomatiyası üçün ölümə bərabər sayılan 4-cü prinsipindən sitat gətirib: "BMT-yə üzv dövlətlər qurumun Nizamnaməsinin prinsiplərinə zidd, digər üzv dövlətlərin ərazi bütövlüyü, siyasi müstəqilliyi və bütövlüyünə qarşı istənilən əməldən, xüsusilə güc tətbiqi və ya bununla təhdiddən çəkinməlidir. İştirakçı dövlətlər bir-birilərinin ərazilərini hərbi işğal obyektinə çevirməkdən, bununla bağlı digər birbaşa və ya dolayı addımlar atmaqdan və ya bu kimi addımlar və təhdidlər vasitəsilə özününküləşdirməkdən çəkinməlidirlər. Heç bir işğal və ya buna oxşar əməl qanuni sayılmayacaq". 

Spiker bu deyilənlərin Qarabağ avantüristlərindən başqa, hamıya aid olduğunu sübut etməyə çalışıb: "Fikir verirsinizmi, bu prinsip iştirakçı dövlətlərin (məsələn, Ermənistan və Azərbaycanın) münasibətlərinə şamil olunur, Azərbaycan-Dağlıq Qarabağ münasibətlərində isə öz müqəddəratını həlletmə hüququ (prinsipi) qüvvədədir", - deyə cənab Torosyan bildirir. 

Amma Yerevanın baş verənlərdə guya Ermənistanın heç bir rolu olmadığını, hər şeyin "öz müqəddəratını həlletmə" ilə bağlı olduğunu sübut etməyə göstərdiyi sürəkli cəhdlər çətin ki beynəlxalq ictimai rəydə onların istədikləri effekti versin. Hər halda münaqişə tərəfləri kimi Azərbaycan və Dağlıq Qarabağ yox, Azərbaycan və Ermənistan tanınıb və elə təkcə bu məqam Helsinki aktının 4-cü maddəsinin birbaşa Ermənistana aid olduğuna şübhə yeri qoymur. Və istənilən qərəzsiz tədqiqatçı, hətta elektron mikroskop altında belə, kənar hərbi gücün köməyi ilə Azərbaycandan qoparılmış Dağlıq Qarabağla "müqəddəratını həlletmə" prinsipi arasında heç bir əlaqə tapa bilməz. Lakin Torosyan öz xəttini davam etdirir və deyir: "Odur ki Azərbaycanın ərazi bütövlüyünün tanınması qeyri-adi bir şey deyil və onun Dağlıq Qarabağa aidiyyəti yoxdur. Bunu ATƏT-in Minsk Qrupunun həmsədrləri də deyib, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsində də yazılıb". 

Sən demə, Torosyana inansaq, "bəzi azərbaycanlı siyasətçilər bu sənəddən sitat gətirməyi sevsələr də, orada nəinki ayrılmadan, hətta onun mexanizmlərindən belə aşkar şəkildə yazıldığını "nəzərdən qaçırırlar".

Məlumat üçün bildirək ki, söhbət 1416 saylı qətnamənin 2-ci maddəsindən gedir. Və bu maddənin tam açıqlanmasına, məncə, ehtiyac var: "Assambleya hərbi əməliyyatların və ondan əvvəl yaşanmış etnik düşmənçiliyin nəticəsində etnik mənsubiyyətinə görə insanların kütləvi şəkildə qovulması və etnik təmizləmənin dəhşətli konsepsiyasını xatırladan monoetnik rayonların yaranması faktından narahatlığını bildirir. Assambleya bir daha bildirir ki, müstəqillik və hansısa regional ərazinin bir dövlətin ərazisindən çıxması etnik mənsubiyyətə görə insanların qovulması ilə nəticələnmiş silahlı münaqişə və faktik olaraq, həmin ərazinin digər dövlət tərəifndən işğalı ilə yox, yalnız qanuni və sülh prosesi əsasında, həmin ərazinin sakinlərinin demokratik dəstəyi ilə mümkündür. Assambleya bir daha bəyan edir ki, istənilən üzv dövlətin başqa bir ölkənin ərazisini işğal etməsi bu dövlətin Avropa Şurasının üzvü kimi üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulmasıdır və münaqişə ərazilərindən qovulmuş insanların öz evlərinə təhlükəsiz şəraitdə qayıtmaları haqqını tanıyır". 

Torosyanın fikrincə, sən demə, bu, qətiyyən Ermənistanın etnik təmizləmə və işğalda ittiham edilməsi, belə vasitələrlə digər dövlətin sərhədlərini dəyişdirməyin yolverilməzliyi haqda xatırlatma yox, sadəcə, "ayrılmanın göstərilmiş mexanizmi"dir.

Əlbəttə, deyə bilərsiniz ki, Torosyandan bundan artığını tələb etmək və gözləmək lazım deyil. Çünki o, ölkə parlamentinin spikeri olsa da, insan haqları sahəsində mütəxəssis deyil: Yerevan Politexnik İnstitutunu bitirib, texniki elmlər namizədi dərəcəsini alıb, sonra isə siyasətlə məşğul olmağa başlayıb... Amma hər halda, Torosyan haqqında "qanun onun üçün yazılmayıb, yazılıbsa, oxunmayıb, oxunubsa, başa düşülməyib, başa düşülübsə, düz başa düşülməyib" söyləmək doğru olmazdı. Həm Helsinki aktında, həm AŞPA-nın qətnaməsində nə yazıldığını anlamaq üçün hüquq elmləri doktoru olmaq vacib deyil və hüquq üzrə ali məktəbin tələbələri üçün olan hüquq kursunu keçmək kifayətdir. Torosyan da parlamentin spikeri olaraq, beynəlxalq sənədlərdən orada əslində yazılmayan fikirləri oxumağa çalışdığını dərk etməyə bilməz.

Bəlkə də, bu cür, yumşaq desək, "hüquqi misteriya" hansısa marginal partiyanın lideri və ya Yerevanın "tanınmış" "Paplavok" restoranının daimi müştəriləri üçün bağışlanıla bilər. Torosyan isə parlamentin sədri, ən nüfuzlu siyasətçilərdən biridir və öz çıxışları və sözlərinə görə məsuliyyət daşımalıdır. Eyni zamanda, T.Torosyan onu da dərk etməlidir ki, Qarabağla bağlı tələblərə guya legitimlik verilməsinin mümkünlüyü haqda iddialarını davam etdirməklə, o, ölkəsini daha çox siyasi və qanunverici dalana sürükləyir. Həmin dalandan isə bir çıxış yolu var: başqasının ərazisinə iddialardan əl çəkmək və qonşularla sülh şəraitində yaşamağı öyrənmək.

Eyni zamanda, burada Torosyanın şəxsi karyera maraqlarının olduğu da istisna deyil. Xatırladaq ki, 2004-cü ildə AŞPA-da 1416 saylı qətnamənin qəbulu zamanı Ermənistanın qurumdakı nümayəndə heyətinə məhz Torosyan rəhbərlik edirdi. Bu gün BMT Baş Assambleyasında qəbul edilmiş sənədə görə Vardan Oskanyanın üzləşdiyi tənqid və hücumları görən Torosyan anlayır ki, 2004-cü ildə rəhbərlik etdiyi nümayəndə heyətinin AŞ PA-dakı sənədin qəbuluna mane ola bilməməsi də unudulmayıb. Odur ki spiker indi hamını əmin etmək istəyir ki, yuxarıda qeyd etdiyimiz 2-ci maddə Ermənistan üçün son dərəcə əlverişlidir. Bunu "sübut etmək" üçün isə o, əməlli-başlı siyasi detektiv "yazaraq", iddia edir ki, indiyədək bu sənədin ermənilər üçün "qələbə" olduğunu ona görə qabartmayıb ki, azərbaycanlılar bunu başa düşməsinlər. Odur ki "sirrin üstünü" yalnız indi açır... Necə deyərlər, kədərli olmasa idi, çox gülməli olardı. Torosyana yaxşı məlumdur ki, onun hakimiyyətdəki həmkarı, xarici işlər naziri Vardan Oskanyan artıq "Qarabağ minası"na düşüb və yeni dövlət başçısı Serj Sarkisya onunla vidalaşmalı olub. Lakin bu da xalqın qəzəbinin qarşısında çox kiçik cəzadır, erməni xalqı isə artıq anlamağa başlayır ki, nə Köçəryan, nə Oskanyan, nə Torosyan, nə Sarkisyan, nə də başqa heç kim qonşu ölkəyə qarşı ərazi iddialarına qanuni don geyindirə bilməyəcək.

Aydındır ki, bu detektiv oyunu təcrübəsiz insanları nəyəsə inandıra bilər. Lakin Ermənistanda baş verən son faciəvi hadisələr göstərdi ki, artıq getdikcə daha çox erməni öz ölkəsinin nədən transsərhəd və transqitə əhəmiyyətli layihələrdən kənarda qaldığını, regional əməkdaşlıqda iştirak edə bilməməsini, ciddi iqtisadi itkilərə məruz qalmasını, nəhayət, ermənistanlı gənclərin Qarabağda nəyin uğrunda vuruşduğunu soruşmağa başlayır. Ermənistan hakimiyyətindən həmçinin soruşmaq lazımdır ki, indi ermənilər harada yaxşı yaşayır - Azərbaycanın işğal olunmuş ərazilərində, Ermənistanda, yoxsa Fransa və ya Kaliforniyada? Və Ermənistan artıq 20 ildir ki, Azərbaycan torpaqlarının işğalını qanuniləşdirə bilmirsə, onların bu şəraitdə yaşaması nə qədər çəkəcək? 

Aydındır ki, indi erməni xalqı və seçicilər "ərazi əldə edilməsi"nin legitimləşdirilməsinin müm-künsüzlüyünü anlasa, bu, Ermənistanın Qarabağa dair şüarlarla hakimiyyətə gəlmiş hazırkı elitası üçün siyasi intihar olacaq: o, sadəcə etiraz edən xalq kütləsi ilə süpürülüb kənara atılacaq. Odur ki indi Torosyan kimi şəxslər öz xalqına yalan informasiya verilməsini davam etdirir, ağa qara, qaraya ağ deyir, Ermənistanın məğlubiyyətə uğ-rayan diplomatiyasını isə qələbə kimi qələmə verirlər. 

Bir vaxtlar Səddam Hüseyn də oxşar taktikadan istifadə edirdi - İraq diktatoru "Səhrada fırtına" əməliyyatı zamanı hamını bütün dünya üzərində qələbə qazandığına inandırmağa çalışırdı. Xalqı aldatmaq cəhdinin ona nəyin bahasına başa gəldiyini hamımız yaxşı gördük.


MƏSLƏHƏT GÖR:

409