Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI Bakı
Keçən yüzillikdə Azərbaycan bazarına çıxarılan məhsulların keyfiyyəti ilə bağlı elə də problem yox idi. Bu həm istehsal və idxal üzərində sərt nəzarətin olması, həm də ovaxtkı sənayenin süni əsaslarla yeyinti məhsulu istehsal edə bilməməsi ilə bağlı idi. Ancaq ticari-iqtisadi münasibətlərin liberallaşması nəticəsində Azərbaycan istehlakçısı "genetik dəyişdirilmiş ərzaq", "kustar istehsal" kimi ifadələrlə rastlaşmağa başladı. Bütün bunlar istehlak bazarında nəzarətin gücləndirilməsini vacib edirdi. Lakin ərzaq məhsullarının qıt olduğu və bazarın nə ilə isə doldurulmasının vacib olduğu zamanlarda bu barədə söhbət belə gedə bilməzdi.
Yerli keyfiyyətli ərzaq məhsulları istehsalının bərpa edildiyi və yeni istehsal sahələrinin yaradıldığı, həmçinin əhalinin maddi vəziyyətinin keyfiyyətli xarici məhsullar almağa imkan verdiyi bu günlərdə bazarda yararsız məhsulların olması adamlarda getdikcə artan hiddətə səbəb olur. Ancaq sadalanan obyektiv səbəblər üzündən vəziyyət bu sahədə o qədər başlı-başına buraxılıb ki, uyğun səlahiyyətlərə malik çoxsaylı dövlət qurumları hələ də vəziyyəti düzəltmək iqtidarında deyil. İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəhbəri Xaliq Məmmədov isə ilin sonuna kimi ən azından Bakı ərazisində istehlakçılara keyfiyyətsiz ərzaq məhsullarının satışının dayandırılacağına söz verir.
Bu boyda problem hardan yaranıb?
Azərbaycanda istehlak bazarının monitorinqi ilə bir neçə təşkilat məşğuldur və onların çoxunun inzibati cəza tətbiq etməyə hüququ var. Belə olan halda problem niyə həll edilmir? Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin rəhbəri Arif Əşrəfovun fikrincə, Azərbaycanda bu qurumların fəaliyyətinin əlaqələndirilməsinə ehtiyac duyulur. İqtisadi siyasət üzrə parlament komissiyasının başçısı Ziya Səmədzadə də bu fikri dəstəkləyir və ölkənin istehlak bazarındakı vəziyyəti tənzimləyən ayrıca qurumun yaradılmasını da mümkün sayır.
Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinin, qanunu pozan istehsalçılara və ticarətçilərə qarşı cərimə sanksiyalarının sərtləşdiriməsinin vacibliyi də həllini tələb edən ciddi problemdir. Hazırda bu sahədə qanunu pozan fiziki şəxslərə 44 manat, hüquqi şəxslərə isə 220 manat cərimə kəsirlər. İndiyə kimi İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən qanunu pozanlara qarşı 145 min manat cərimə kəsilib. Bu, Azərbaycan istehlakçısının hər gün ərzaq və xidmətlərin keyfiyyəti ilə bağlı rastlaşdığı problemlərin fonunda qəpik-quruşdur.
Bütün bunları nəzərə alan İqtisadi İnkişaf Nazirliyi yararsız məhsulların istehsalına və satışına kəsilən cərimələrin məbləğini artırmaq üçün məsələ qaldırmaq niyyətindədir. "Biz cərimələri o səviyyəyə qədər qaldırmaq istəyirik ki, istehsalçılar buraxdıqları məhsulun keyfiyyətinə görə məsuliyyət hiss etsinlər. İndiki cərimələr o qədər aşağıdır ki, sahibkarlar onu ödəyərək yararsız məhsulu istehsal etməyə və ya satmağa üstünlük verirlər",- deyə iqtisadi inkişaf naziri Heydər Babayev vurğulayıb.
İstehlak bazarı sahəsində normativ-hüquqi bazaya gəlincə isə müstəqil ekspertlərin fikrincə, bu baza olsa da, bəzi hallarda ondan yan keçirlər. Hazırda daha iki qanunvericilik aktı hazırlanır. Bunlar 2008-2012-ci illər üzrə ticarətin tənzimlənməsi üzrə Dövlət Proqramı və "Ticarətin tənzimlənməsi haqqında" qanundur. Onların təsdiqindən sonra yalnız istehlakçıların deyil, həm də istehsalçıların, o cümlədən ticarət və ictimai iaşə obyektlərinin yiyələrinin hüququndan danışmaq mümkün olacaq.
Bundan başqa, ekspertlər bu sahədə kadr hazırlığı sisteminin təkmilləşdirilməsinin vacibliyini də vurğulayırlar. "Əvvəllər iqtisadiyyat ali məktəblərində əmtəəşünaslar yetişdirirdilər və onlar istehsal edilən məhsulu yoxlayırdılar. İndi onlar işsiz qalıblar, halbuki bazara yararsız məhsul daxil olması ilə bağlı yaranmış bir çox problemlərin həllində yardımçı ola bilərlər",- deyə Ziya Səmədzadə bildirir. Bununla yanaşı, dövlət qurumları bazar iqtisadiyyatı şəraitində bu cür xidmətin tətbiqini mümkünsüz sayırlar. "Biz hər müəssisədə bir müfəttiş və ya hansısa ticarət müfəttişliyi yarada bilmərik. Sanırıq ki, istehsalçıları maarifləndirməklə vəziyyəti düzəltmək olar", - deyə Heydər Babayev bildirir.
"Ekoloji təmiz" zəhər
İndi ən təhlükəli durum məhz ərzaq bazarında yaranıb. Ən azından ona görə ki, yararsız ərzaq məhsullarının qəbulu birbaşa əhalinin sağlamlığına ziyan vurur. Qlobal səviyyədə ərzaq məhsulları qıtlığının mənfi təsirləri Azərbaycanda da hiss edilir. Burada hələ də genetik dəyişdirilmiş məhsullar geniş yayılıb və özü də "ekoloji təmiz" adı altında satılır.
Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sözlərinə görə, fermerlər bazardakı məhsul qıtlığının yerini doldurmaq üçün kimyəvi gübrələrdən və yüksək məhsuldarlıqlı genetik dəyişdirilmiş bitkilərdən istifadə edirlər. Bu da istehlakçının sağlamlığına ziyan vurur.
Azərbaycan bazarının başqa problemi isə saxta spirtli içkilərdir. Nazirlər Kabinetinin 16 avqust 2005-ci il və 12 fevral 2005-ci il tarixli sərəncamlarına uyğun olaraq Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində spirtli içkilərin və metil spirtinin istehsalı və satışını nəzarətdə saxlayan işçi qrup yaradılıb.
Hazırda ən problemli məhsullar kərə yağı və kolbasa sayılır. "Kərə yağının kiloqramının qiyməti 1 manat 90 qəpik, yəni 2 dollardan bir az çox ola bilməz. Bu heç marqarin də deyil. İstehlakçılar bu məhsulu alanda gərək həddindən diqqətli olsunlar. Ən təhlükəlisi də odur ki, bu cür "yağ" hərdən uşaq bağçalarına və məktəb bufetlərinə satılır",- deyə Xaliq Məmmədov qeyd edir.
Onun sözlərinə görə, xidmət bir il ərzində istehlak bazarındakı durumu düzəltmək istiqamətində xeyli irəliləyiş əldə edib, ancaq problemlər yenə də qalmaqdadır. "Məsələn, biz hələ də bəzi un məmulatlarının - bulkaların və pirojkilərın küçələrdə satışını dayandıra bilməmişik. İstehlakçı bu məhsulların içinə vurulumuş ətin və kartofun haradan gəldiyindən xəbərsizdir. Biz qısa müddətdə bu məsələni respublika səviyyəsində həll etmək imkanında deyilik, ancaq istehlakçı da bu məsələdə bizə kömək etməlidir və əldən bu cür məhsulları almamalıdır",- deyə Xaliq Məmmədov vurğulayır.
Həm də küçələrdə süd məhsullarının satışına qarşı mübarizə aparılır. "Biz bu yaxınlarda əllə kəsmik hazırlanan sex aşkarlamışdıq. Bizim xəbərdarlığımızdan sonra sexin yiyəsi kustar üsulla istehsal prosesini dayandırmaq barədə yazılı öhdəlik verib",- deyə İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəhbəri bildirir.
Onun sözlərinə görə, bu cür qanun pozuntuları ilə mübarizə aparmaq elə də asan deyil. Bakıda məhsulu saxlamaq və satmaq üçün lazımi şəraiti olmayan çox sayda kiçik ticarət nöqtələri var. "Nə vaxt onların yiyələrinə qarşı lazımi irad təqdim edirik, gileylənirlər ki, biz iş yerlərini bağlayırıq. Amma istənilən halda biz bu problemi həll etməliyik və bizim xidmət istehlakçılara yararsız ərzaq məhsullarının satışını tam dayandırmağı bacarmalıdır. Düşünürəm ki, bu ilin sonuna biz bu işin öhdəsindən gələcəyik",- deyə Xaliq Məmmədov söz verir.
Bu vədin yerinə yetirilib-yetirilməyəcəyini öyrənmək elə də çətin deyil. Bunun üçün sadəcə bazara getmək lazımdır...
MƏSLƏHƏT GÖR: