15 Mart 2025

Şənbə, 00:41

BİRİNCİ RESPUBLİKA: MÜSTƏQİLLİK ƏRƏFƏSİNDƏ

İkinci hissə

Müəllif:

01.04.2008

Seymin azərbaycanlı deputatlarını yalnız Cənubi Qafqazın dinc müsəlman əhalisinə qarşı yürüdülən deportasiya və etnik təmizləmə siyasəti deyil, həm də 1918-ci ilin mart ayında  hərbi çevrilişdən sonra daşnakların Bakıya olan iddialarının möhkəmlənməsi narahat edirdi. Azərbaycanlı siyasətçilər bölgənin bu önəmli şəhərini öz milli mərkəzləri sayırdılar. Mayın 6-da Seymin bütün müsəlman fraksiyalarının birgə toplantısında çıxış edən Xoyski qeyd etmişdi ki, "daşnaksutun" partiyası "Bakının gələcək hakimiyyətinin tam müsəlmanlardan təşkil edilməsini istəmir, beynəlmiləl olmasını və erməni silahlı birləşmələrinin şəhərdə qalmasını tələb edir. Deputatlar bu təklifi rədd ediblər, Seymin üzvü Xasməmmədov bəyan edib ki, "Bakıda və Cənubi Qafqazın şərqində bütün hakimiyyət müsəlmanlara məxsus olmalıdır, əgər biz bu hakimiyyəti müvəqqəti olaraq itirmişiksə, bu yalnız onu bütövlükdə və birdəfəlik geri qaytarmaq üçündür". "Daşnakların təklif etdiyi şərtlər onların qarşısında biabırcasına təslim olmaq deməkdir və qəbuledilməzdir. Bakı məsələsi ortaya çıxan gündən bıçaq sümüyə dayanıb: ya hər şey, ya da heç nə".

Azərbaycan Demokratik Respublikasının yaranmasına qədər azərbaycanlı deputatlar bölgənin konfederativ quruluşunun tərəfdarı olaraq qaldılar. Müsəlman fraksiyalarının mayın 3-də bölgənin inzibati-siyasi quruluşu prinsiplərinin müzakirəsi ilə bağlı keçirilmiş toplantısının protokolunda "Gürcüstanın, Ermənistanın və Azərbaycanın Şimali Qafqazla birgə konfederasiyası ideyasını hərtərəfli dəstəkləmək" qərara alınıb. Bu zaman həm də qeyd edilib ki, "Azərbaycan və Şimali Qafqaz öz aralarında federasiya yaradırlar". Konfederasiya istəkləri azərbaycanlı siyasətçilərin Azərbaycanın müstəqilliyini elan etməyə ideya-siyasi və təşkilati baxımdan hazır olmamaları ilə bağlı idi.   

Bu həm də onların bölgənin xırda hissələrə bölünməsini istəməyən gənc türklərin görüşlərinə meyillənmələri ilə bağlı idi. Ancaq təbii ki, bir sıra xarici tədqiqatçılar, hər şeydən öncə, Rusiya tədqiqatçıları kimi bu meyli şişirtməyə dəyməz. Gənc türklər rejiminin üç əsas liderindən biri olan Ənvər Paşa və onun bölgədə olan emissarları Türkiyə ilə yaxın ittifaqda (və ya Türkiyənin təsiri altında) olan, ümumi Seymə malik, konfederativ quruluşlu Cənubi Qafqazın yaranmasında maraqlı idilər. Türk hərbçiləri müxtəlif xarici, özü də Türkiyəyə düşmən qüvvələrə istiqamətlənmiş üç müstəqil dövlətdən ibarət parçalanmış regional quruluşu Brest sülhünün maddələrinin gerçəkləşdirilməsi və regionda siyasi təsirlərinin möhkəmləndirilməsi üzrə planlarına təhlükə sayırdılar. 

"Cənubi Qafqazın müstəqilliyi"nin sonrakı təkamülü Türkiyə Ordusunun diqtəsi altında baş verib. Aprelin ortalarında Batum, aprelin 25-də isə Qars  tutulub  və aprelin 22-də Seym Türkiyə Ordusunun daha da irəliləməsi təhdidi qarşısında  Zaqafqaziya Federativ Respublikası (ZFR) adı altında regionun müstəqilliyini elan edib. Türkiyə aprelin 28-də ZFR-i tanıyıb.  Bunun fonunda mayın 11-də  Batumda sülh konfransı işə başlayıb və ona 50-yə yaxın adamın yer aldığı Cənubi Qafqaz nümayəndə heyəti qatılıb. Türklərin Cənubi Qafqazın Rusiyadan ayrılaraq müstəqil olmasını dəstəkləməklə əslində nəyə ümid etdikləri məhz Batumda aydın olub. ZFR-in nümayəndə heyətinin rəhbəri, baş nazir və xarici işlər naziri M.Çxenkeli Brest-Litovsk müqaviləsinin şərtləri ilə razı olduqlarını bəyan etdikdən sonra türklər bildiriblər ki, sazişin ZFR-ə aiddiyyəti yoxdur, çünki artıq ZFR Sovet Rusiyasının bir hissəsi deyil və buna görə daha artıq ərazi güzəştləri istəyiblər. Buna paralel olaraq, Cənubi Qafqazın yola gəlmək istəməyən nümayəndələrini razılaşdırmaq üçün Türkiyə ordusu regiona hücümünü davam etdirib və mayın 15-də bölgənin önəmli nəqliyyat qovşağı olan Aleksandropolu tutub. Şəhər üzərində nəzarət türk ordusunun üç önəmli istiqamətdə - dəmir yolu ilə İrəvan - Naxçıvan və Tiflis - Gəncə - Bakı istiqamətlərində, həmçinin Qazax - Gəncə - Bakı istiqamətində və Axalkalakiyə hücumuna imkan yaradırdı.  

Türkiyə ilə müharibə və sülh məsələsində, Brest-Litovsk müqaviləsinin şərtlərini qəbul etmək məsələsində Seymin milli fraksiyaları arasında dərin fikir ayrılıqlarının olması türk ordusunun bölgənin içərilərinə doğru irəliləməsi fonunda Seymin və hökumətin işini qeyri-mümkün edirdi.  Bu isə öz növbəsində onun aparıcı partiyalarının işində mərkəzdənqaçma meyillərinin güclənməsi ilə nəticələnirdi. Mərkəzi Müsəlman Şurasının mayın 16-da keçirilmiş iclasında ilk dəfə olaraq konkret planda Azərbaycanın müstəqilliyi məsələsinə baxılmışdı. İclasda çıxış edən Seym üzvü N.Usubbəyov qeyd edib ki, erməni siyasətçiləri  türk ordusuna müqavimət göstərmək niyyətindədirlər. Deputat qeyd edib ki, belə qərar, şübhəsiz ki, Seymdə hakimiyyət böhranına, məntiqi nəticə olaraq, Gürcüstanın və Azərbaycanın müstəqilliklərini elan etməsinə səbəb olacaq. Seymin üzvü X.Xasməmmədov bildirib ki, Gürcüstan Milli Şurası tərəfindən artıq bu istiqamətdə hazırlıq işləri görülür və "Biz də bu istiqamətdə işlər görməliyik". Buna görə də o, bütün deputatları "lazım olan vaxt müstəqil Azərbaycanın istiqlalından danışmaq imkanı qazanmaq üçün gərək olan bütün formal şərtləri  hazırlamağa" çağırıb. 

Nəticədə, Cənubi Qafqaz respublikalarının müstəqillik elan etməsi məsələsi yaxın zamanın məsələsinə çevrilib. Mayın 25-də Potiyə 25 minlik alman qoşununun çıxması bu prosesi sürətləndirən amil olub. Potiyə bu desantın çıxarılması Brest-Litovsk sülh müqaviləsinin birbaşa hərbi nəticələrinin biri idi. Qara dəniz donanmasının faktiki ləğvi müqavilədə nəzərdə tutulmurdu. Ancaq almanların tələbi ilə Rusiya donanmasının Novorosiyskdən Sevostopola qayıtmalı olduğunu, başqa sözlə, almanların döyüş qənimətinə çevrildiyini nəzərə alan rus heyətləri öz gəmilərini batırdılar. Bundan sonra alman qoşunları maneəsiz şəkildə Potiyə çıxa bildilər, bununla da Gürcüstanın içərilərinə irəliləmək və onun Rusiyaya düşmən münasibətdə olan menşevik hökumətini dəstəkləmək üçün plasdarm əldə etdilər. Seymin Almaniyanın hərbi dəstəyindən ürəklənmiş və bütün Tiflisi alman bayraqları ilə bəzəmiş gürcü deputatlarını artıq heç nə "müstəqil" Zaqafqaziya Respublikasının çərçivəsində saxlaya bilməzdi. Alman hərbçiləri gürcü hökumətini inandırmışdı ki, Gürcüstan ZFR-dən çıxarsa, onda Berlindən Brest-Litovsk müqaviləsi çərçivəsində müəyyən edilmiş sərhədlərdə zəmanət əldə edə bilər.  Beləliklə, Rusiya yönümlü Baksovetdən və Türkiyədən sonra "böyük Cənubi Qafqaz oyununa" qoşulan üçüncü xarici qüvvəyə çevrilib. Doğrudur, bu müdaxilə uzun sürməyib və Gürcüstan sərhədlərindən kənara çıxmayıb.

Dördüncü qüvvə - Britaniya isə onda region üzərində təsir və Bakı nefti üzərində nəzarət uğrunda mübarizəyə yalnız hazırlaşırdı. 1917-ci ilin sonlarında Britaniya komandanlığı Bakının tutulması üzrə əməliyyat planı hazırlamağa başlayıb. Bunun üçün İranın şimalında bu ölkədəki Britaniya  qüvvələrinin komandanı general-mayor L.Denstervilin rəhbərliyi altında xüsusi dəstə formalaşdırılıb.

Mayın 25-də Seymin müsəlman fraksiyalarının səhər iclasında qərara alınıb ki, Cürcüstan ayrılarsa və müstəqilliyini elan edərsə, Azərbaycan da öz müstəqilliyini elan edəcək.  Bu qərar müsəlman fraksiyalarının 18 müsəlman deputat iştirak etmiş axşam iclasında da təsdiqlənib. İclasda çıxış etmiş X.Xasməmmədov bildirib ki, "Zaqafqaziya Respublikasını təşkil edən elementlər arasında sıx və dostluq birliyi heç zaman olmayıb". "Birliyin olmadığı hökumətin iclaslarında xüsusilə aydın görünür. Bu iclaslar bir dövlətin vahid ailəsinə deyil, bir-birinə etibar etməyən ayrı-ayrı dövlətlərin nümayəndələrinin konfransına daha çox bənzəyir". Həmin iclasda Seymin gürcü fraksiyasından dəvət olunmuş deputlalar - Seymin sədri Çxeidze, sosial-demokrat fraksiyasının liderləri Sereteli və Gegeçkori də çıxış ediblər. Sereteli bildirib ki, "sosial-demokrat fraksiyası və ümumiyyətlə, Seymin gürcü sektoru bu fikirdədir ki, Cənubi Qafqaz xalqlarını müstəqillik şüarı ətrafında birləşdirmək mümkün olmayıb və Zaqafqaziyanın parçalanması göz qabağındadır". Gürcü deputatlardan sonra çıxış edən Xoyski qeyd edib ki, "Əgər gürcü xalqının iradəsi belədirsə, bizim buna mane olmağa heç bir haqqımız yoxdur və Azərbaycan türklərinin bu yeni hadisədən asılı olaraq, müvafiq qərar çıxarmaqdan başqa yolu qalmır". İclasda bu məsələni müzakirə etdikdən sonra aşağıdakı qərar verilir: "Əgər Gürcüstan öz müstəqilliyini elan edərsə, bizim tərəfimizdən də Azərbaycanın müstəqilliyinin elan edilməsi vacibdir". 

Barışmaz və bütün deputatlar üçün aydın olan fikir ayrılıqları nəticəsində Seym öz işini dayandırıb.  Seymin 1918-ci il mayın 26-da keçirilmiş son iclasında özünü buraxmaq barədə qətnamə qəbul edilib: "Müharibə və sülh məsələsində müstəqil Zaqafqaziya Respublikasını yaratmış xalqlar arasında köklü fikir ayrılıqları ortaya çıxmasını və buna görə də Qaqafqaziya adından danışan bir müstəqil hakimiyyətin çıxış etməsinin qeyri-mümkün olmasını nəzərə alan Seym Zaqafqaziyanın dağılması faktını təsdiq edir və öz səlahiyyətlərini dayandırır".  Mayın 27-də isə Tiflisdə keçmiş Seym üzvləri - müsəlman deputatlar Zaqafqaziya Müsəlmanlarının Müvəqqəti Milli Şurasını təsis etdilər və Şərqi Zaqafqaziyanın idarəsini boyunlarına götürdülər. Ertəsi gün - mayın 28-də isə Müsəlman Milli Şurası uzun sürən müzakirələrdən sonra 24 lehinə və 2 bitərəf səsi ilə Azərbaycanın təcili olaraq "Şərqi və Cənubi Zaqafqaziya sərhədləri daxilində müstəqil demokratik respublika" elan edilməsini bəyan etdi.  Maraqlıdır ki, Şura üzvü, Azərbaycan hökumətinin birinci tərkibində Nazirlər Şurasının sədri və daxili işlər naziri kimi yüksək vəzifələr tutmuş Xan Xoyski Şuranın iclasında müstəqillik məsələsində həddindən ehtiyatlı mövqedə dayanıbmış. O, təklif edibmiş ki, "yerlərdə bir sıra məsələlərin aydınlaşdırılmasına qədər müstəqillik elan edilməsindən çəkinilsin" və "dövlətlərlə dinc danışıqlar aparılması üçün bərabər hüquqlu Azərbaycan hökuməti təşkil edilsin". Onun bu təklifləri, təbii ki, dəstək görməyib. 

      Azərbaycanın və Ermənistanın müstəqilliklərinin elan edilməsindən dərhal sonra erməni və azərbaycan Milli Şuralarının nümayəndə heyətləri  hər iki respublikanın sərhədlərinin müəyyən edilməsi üçün danışıqlara başlayıblar. Bununla eyni vaxtda erməni dövlətinin paytaxtı məsələsi də gündəmdə olub.   Azərbaycan Milli Şurasının mayın 29-da Tiflisdə keçirilmiş iclasının protokolunda Xoyskinin bu danışıqların nəticələri barədə elədiyi məruzəsindən qeydlər yer alıb: "Fətəli Xan Xoyski öz məruzəsini bu məlumatla bitirir ki, Erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazımdır. Aleksandropol Türkiyəyə keçdikdən sonra belə mərkəz yalnız İrəvan ola bilər. Buna görə də Xoyski deyir ki, İrəvanın Ermənistana verilməsi qaçılmazdır".  Bu məsələ ilə bağlı başqa partiyaların da təmsilçiləri danışıblar, təsdiq ediblər ki, "İrəvanın ermənilərə güzəştə gedilməsi tarixi məcburiyyətdir, qaçılmaz bəladır". Məsələ ilə bağlı səsvermə zamanı İrəvanın güzəştə gedilməsinin lehinə 16 nəfər səs verib, 1 nəfər əleyhinə olub, üç nəfər isə bitərəf qalıb. Qeyd etmək lazımdır ki, həmin dövrdə bir sıra azərbaycanlı siyasətçilər müstəqillik məsələlərinə yetərincə yüngül münasibətləri ilə seçilirdilər. "İrəvanın verilməsi"ndən sonra onlar ermənilərlə konfederasiya yaradılması məsələsinin müzakirəsinə keçiblər və protokolda qeyd edilir ki, "qısa fikir mübadiləsindən sonra bu məsələ də səsverməyə qoyulub, özü də Azərbaycanın və Ermənistanın gələcəyinin bu nizamla qurulması Şura tərəfindən yekdilliklə qəbul edilir". 

Ümumiyyətlə, İrəvanın güzəştə gedilməsi kimi, konfederasiya yaradılması barədə qərar da deklarativ xarakterli bəyanatdan başqa bir şey olmayıb. Sərəncamında hərbi qüvvələri olmayan ADR İrəvan quberniyasının əsasən azərbaycanlılar yaşayan inzibati mərkəzini əldə saxlamaq iqtidarında deyildi. Konfederasiya yaratmaq çağırışı isə müstəqillik elan etməsindən sonra güclü dünya dövlətlərinin, hər şeydən öncə ABŞ-ın himayəsi altına girmək istəyən yeni erməni dövlətinin xarici siyasət prioritetlərinə uyğun gəlmirdi. Bundan başqa, Xoyskinin özü də İrəvan məsələsinə ermənilərlə ərazi məsələləri ilə bağlı danışıqlarda əsas təsir vasitəsi kimi baxırdı. İyulun 31-də İstanbulda olan Azərbaycan nümayəndə heyətinin başçısı Məmməd Əmin Rəsulzadəyə göndərdiyi məktubunda Fətəli Xan Xoyski Azərbaycan Nazirlər Şurasının sədri kimi ermənilərlə danışıqlar üçün aşağıdakı təlimatları verir: "...əgər ermənilər Qarabağla bağlı iddia bildirsələr, o zaman İrəvanı və Qazax qəzasının bir hissəsini onlara güzəştə getməkdən imtina edin. Əgər ermənilər əvvəlki şifahi razılaşmalara əsaslansalar, onda İrəvan qəzasının xəritədə punktirlə göstərilmiş hissələrini onlara güzəştə getmək olar". Bizim əlimizdə sözügedən xəritə yoxdur və buna görə də Xoyskinin hansı əraziləri güzəştə getməyə hazır olduğunu müəyyən etmək çətindir. Ancaq bir şey aydındır ki, erməni dövlətinin gələcək paytaxtı kimi İrəvanın taleyi ilk növbədə ADR-in güzəştləri və bu bölgənin general Nəzərbəyovun komandanlıq etdiyi erməni hərbçilərinin nəzarəti altında olması faktı ilə müəyyənləşmişdi. Onun tabeliyində sayı 5 mini keçən hərbi kontingent var idi. Bundan başqa, müharibə illərində səfərbər edilmiş ermənilər İrəvan quberniyasına toplaşırdılar. Nəzərə almaq lazımdır ki, Birinci Dünya müharibəsi illərində Rusiya ordusunun tərkibində Almaniyaya, Türkiyəyə və Avstriya-Macarıstana qarşı üç yüz minə yaxın erməni vuruşurdu. Qafqaz cəbhəsində erməni çağırışçıların xüsusi çəkisi daha yüksək idi. Erməni tarixçisi A.Arutyunyanın məlumatına görə, 1917-ci il yanvarın 1-nə kimi səfərbərlik üzrə Tiflis yerli briqadasından hərbi xidmətə yararlı 304 164 adam keçib. Onların 121 921-i erməni, yalnız 1314-i isə azərbaycanlı olub. Bu yüksək səfərbərlik potensialı 1917-ci ilin sonlarında Qafqazda erməni və gürcü korpuslarının yaradılmasını və möhkəmləndirilməsini xeyli yüngülləşdirib.          

Yaranmış durumda  Cənubi Qafqazda bu cür hərbi disbalansın təhlükəli nəticələrə səbəb olacağını anlayan müsəlman liderlərinin təzyiqi nəticəsində müsəlman korpusunun yaradılması barədə də qərar qəbul edilib. 1917-ci il dekabrın 19-da Qafqaz cəbhəsinin baş komandanı tərəfindən müvafiq əmr imzalanıb və tanınmış artillerist, çar ordusunun general-leytenantı Əliağa Şıxlinski korpusun komandiri təyin edilib. Ancaq erməni və gürcü korpuslarından fərqli olaraq müsəlman korpusu real fəaliyyət göstərməyib.  Rusiya hərbi tarixçisi A.İ.Deryabin təsdiq edir ki, "1918-ci ilin əvvəlində korpus yalnız kağız üzərində mövcud idi, hissələrin və birləşmələrin az sayda kadrları var idi, onlar başlıca olaraq zabitlər idilər, sıravi heyət, demək olar ki, yox idi, silah-sursat, döyüş ləvazimatı və təchizatı yox idi.

Deryabin əlavə edir ki, bu vəziyyət Azərbaycan müstəqilliyini elan edənə və ADR yaranana kimi davam edib və yalnız "Azərbaycan ərazisinə daxil olmuş türklər yerli hakimiyyətə hərbi qüvvələrin formalaşmasında yardımçı olublar".   

Yeni yaradılmış Ermənistan Respublikasının döyüş qabiliyyətli ordusunun olması İrəvan quberniyasının dinc azərbaycanlı əhalisinin təhlükəsizliyinin təmin edilməsi məsələsini gərginləşdirib. Təəssüf ki, bu məsələdə ADR liderləri yetərincə sərtlik və ardıcıllıq  göstərməyiblər və ya buna imkan tapmayıblar. Sadəcə, erməni milli şurası ilə İrəvana yolun açılması və "bu xətt üzrə müsəlman əhali yaşayan ərazilərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi" məsələlərini müzakirə etməklə kifayətləniblər.     

Təsadüfi deyil ki, Azərbaycan Milli Şurasının iyunun 7-də keçirilmiş iclasında İrəvan quberniyasının təmsilçisi Rzayev bildirib: "Mən əminəm ki, sizin heç biriniz İrəvan quberniyasına getməyəcəksiniz, oraya biz irəvanlılar gedəcəyik. Yalnız sizdən bir xahişimiz var, öz müstəqil Azərbaycanınızı yaradanda Ermənistan Respublikasının ərazisində qalmış bizləri unutmayın".   

ZFR tərəfindən başlanmış Batum danışıqlarını üç müstəqil dövlət davam etməyə başlayıb və iyunun 4-də Türkiyə onların hər biri ilə sülh və dostluq barədə müqavilələr bağlayıb. Həmin müqavilələrdə nəinki Brest-Litovsk müqaviləsinin şərtləri təsdiq edilib, həmçinin Türkiyənin xeyrinə yeni ərazi güzəştləri nəzərdə tutulub. Türkiyə ilə sülh müqaviləsi bağlayan ADR hökuməti milli dövlət quruculuğunun təxirəsalınmaz məsələlərini həll etməyə başlayıb. Bunlardan ən vacibi bütün Azərbaycan ərazisində, hər şeydən öncə isə Birinci Respublikanın paytaxtı Bakıda hakimiyyətin bərpası üçün bolşeviklərlə mübarizə olub. 


MƏSLƏHƏT GÖR:

439