
DOLLAR VƏ AVRO BİR SƏBƏTDƏ
Azərbaycan milli bankı abş dollarının ucuzlaşmasından yaranan risklərdən sığortalandı
Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Dünya maliyyə bazarlarında baş verənlər Azərbaycan Milli Bankını (AMB) məzənnə konsepsiyasını dəyişməyə vadar edib. Bankın idarə heyətinin qərarı ilə martın 11-dən Azərbaycan manatının dəyərinin dollar və avrodan ibarət ikivalyutalı səbətə uyğun şəkildə qorunması konsepsiyası tətbiq edilir.
Manat daha da möhkəm olacaq
Səbətdə valyutaların payı mərhələ-mərhələ dəyişəcək. Son nəticədə AMB beynəlxalq iqtitsadi əməliyyatlarda aparıcı olan valyutaların rolunu nəzərə almaqla valyuta səbətinin optimal strukturunu əldə etmək istəyir.
Bu qərar ölkəyə gələn valyuta axınının 90 faizini təşkil edən ABŞ dollarının dəyərdən düşməsi ilə bağlıdır. Bununla bağlı olaraq bir qədər əvvəl Dövlət Neft Fondu aktivlərini faktiki ikivalyutalı struktura ($55% və 35% avro) keçirib. Bu da aktivlərin dəyərinin milli valyuta ilə götürdükdə kəskin azalmasının qarşısını almağa imkan verib.
İkivalyutalı sistem valyutaların birinin məzənnəsinin kəskin şəkildə aşağı düşməsi hallarında mövcud bazar, faiz və valyuta risklərinin azaldılması üçün əməliyyatlardan istifadəyə, həmçinin milli valyutanın məzənnəsinin Azərbaycan iqtisadiyyatının xarici rəqabət qabiliyyətini aşağı salacaq dərəcədə ifrat yüksəlməsindən qaçmağa imkan verir.
Qeyd edək ki, martın ortalarına dünya bazarlarında 1 avronun 1,56 dollara bərabər olduğu məzənnə qərarlaşıb. "Goldman Sachs"ın qiymətləndirməsinə görə, 2007-ci il üçün ümumi daxili məhsulu (ÜDM) yeni məzənnə ilə hesabladıqda avro zonasının 15 dövlətinin toplam ÜDM-i ABŞ ÜDM-dən çox olub.
Azərbaycan Milli Bankının qərarından sonra milli valyutanın ABŞ dollarına nisbətdə məzənnəsi 1 dollar üçün martın 11-dəki 0,8417 manat səviyyəsindən martın 12-də 0,8407 manat səviyyəsinə kimi möhkəmlənib. Avronun məzənnəsi isə uyğun olaran 1,2931 manatdan 1,2924 manata dəyişib.
İnflyasiya idxalının qarşısını necə almalı?
Azərbaycan Milli Bankının Tədqiqatlar və Statistika Departamentinin direktoru Emin Huseynovun sözlərinə görə, AMB-nin ikivalyutalı səbətə əsaslanan məzənnə siyasəti aparması nominal effektiv məzənnənin (NEM) sonrakı ucuzlaşmasının qarşısını almaq məqsədi daşıyır. Səbətə məhz bu iki valyutanın daxil edilməsi onunla bağlıdır ki, dollar və avro xarici ticarət əməlliyyatlarında ən aparıcı valyutalardır.
"Əgər 2007-ci ildə baş verən proseslərə baxsaq görərik ki, inflyasiyanı yaradan əsas amillərdən birinin onun ölkəyə idxal olunmasıdır. İnflyasiyanın üçdəbiri ticarət tərəfdaşlarımızda qiymətlərin qalxması üzündən baş verib. Bu da nominal effektiv məzənnəyə - ölkənin xarici ticarət tərəfdaşlarının valyutaları qarışında manatın orta ölçülmüş məzənnəsinə təsir göstərib", - deyə Emin Hüseynov vurğulayıb.
Ölkəyə gətirilən mallar manatla satıldığından, aparıcı dünya valyutalırının məzənnəsinin dəyişməsi idxal mallarının qiymətini qaldırır. Ötən il manatın məzənnəsi dollara nisbətən 3 faiz möhkəmlənib. Ancaq avro ilə münasibətdə milli valyuta ucuzlaşıb. Bu, dolların məzənnəsinin yalnız avroya nisbətən deyil, həm də digər ticarət tərəfdaşlarımızın valyutalarına nisbətən həddindən artıq ucuzlaşması hesabına baş verib. Emin Hüseynovun sözlərinə görə, manatın nominal effektiv məzənnəsinin lazım olandan çox möhkəmlənməsinin qarşısını almaq üçün AMB qərara alıb ki, onun hesablanmasında yalnız indiyə qədər olduğu kimi manatın daxili bazarda dollara münasibətdə məzənnəsini deyil, həmçinin Azərbaycanın xarici ticarət tərəfdaşlarının valyutalırının dünya valyuta bazarlarında dollara qarşı məzənnəsinin dinamikasını da nəzərə almaq lazımdır.
"Nominal effektiv məzənnəyə təsir etməyi asanlaşdırmaq üçün biz manatın avroya nisbətdə məzənnəsini tənzimləməyə başlayacağıq. Bu da nominal effektiv məzənnə üzrə təxmini proqnozlar verməyə və ölkəyə inflyasiya idxalının qarşısını almağa imkan verəcək", - deyə Milli Bank təmsilçisi dəqiqləşdirib.
Azərbaycanın Avropa iqtisadi sisteminə inteqrasiyası nətcəsində ölkənin avro zonası ölkələri ilə əməliyyatlar aparan bir çox subyektləri valyuta risklərinə məruz qalırlar. Bunun qarşısını almaq üçün manatın dollara nisbətən məzənnəsi formalaşan zaman Amerika valyutasının başqa aparıcı dünya valyutalarına görə məzənnəsi də nəzərə alınacaq.
Emin Hüseynov düşünür ki, iki valyutalı səbətin yardımı ilə məzənnənin tənzimlənməsi yerli valyuta bazarının - onun iştirakçılarının və iqtisadi agentlərinin inkişafına və dərinləşməsinə imkan verir. Çünki onlar avronun məzənnəsini və dünya bazarında gedən başqa qlobal prosesləri izləməyin vacibliyini anlayacaqlar. Bu həm də bazar iştirakçılarının risklərin idarəetməsi zamanı daha mükəmməl üsullardan istifadə etməsinə imkan yaradacaq.
Daxili bazarda avro ehtiyacı
Milli Bankın ikivalyutalı səbətə keçmə qərarını Bakı Banklararası Valyuta Birjası (BBVB) da dəstəkləyir. BBVB-nin rəhbəri Fərhad Əmirbəyov bildirib ki, avronun idxal əməliyyatlarında rolunun artdığı və dünya bazarlarında dramatik məzənnə dəyişiklikləri baş verən bir zamanda iki valyutalı səbətin tətbiqi vaxtında atılmış bir addım oldu. "Artıq Azərbaycan idxalının 65 faizi avro zonası ölkələrinin və ya Türkiyə də daxil olmaqla bu zonaya can atan dövlətlərin payına düşür. Bu da daxili valyuta bazarında avronun dövriyyə həcmlərinin artmasına səbəb olur. Bunun nəticəsində onların valyuta bazarındakı payı 2006-cı ildəki 4 faiz səviyyəsindən 2007-ci ildə 9,9 faiz səviyyəsinə qalxıb. Həcmin hələ də kiçik qalmasına baxmayaraq, 2008-ci ildə BBVB-də bu valyuta ilə əqdlərin həcmi 3 dəfə artıb",- deyə F.Əmirbəyov vurğulayıb.
2006-cı ildə birjanın avro üzrə dövriyyəsi 438 min avro, 2007-ci ildə 16,506 milyon avro, 2008-ci ilin əvvəlindən isə 3,440 milyon avro təşkil edib.
"İki valyutalı səbətin tətbiqi manat/avro məzənnəsinin dəyişmə sürətini gücləndirəcək, dolların məzənnəsinin düşmə prosesini sürətləndirəcək. Eyni zamanda, valyuta riskləri kəskin artacaq. Və dolların məzənnəsinin həmin düşməsinin dərinliyi də həll olunmamış qalır. Həmçinin, səbətin optimal strukturu da bəlli deyil",- deyə F.Əmirbəyov vurğulayıb.
Birja başçısı hesab edir ki, idxalın strukturuna uyğun olaraq vahid Avropa valyutasına tələbin artması daxili bazarda bu seqmentin bir neçə milyard avroya qədər yüksəlməsinə gətirəcək. Ancaq avronun daimi məzənnə qiymətləndirilməsi aparılmır və bu valyutanın məzənnə qiymətləndirilməsini gerçəkləşdirəcək sabit EUR bazarı operatorları hələ ki yoxdur. Avro ilə əməliyyatların önəmli bölümü hələ də bankdaxili məzənnə uyğunlaşdırmalarının payına düşür.
Yaranmış durumda ölkədə yerli avro bazarının yaradılmasının önəmi ortaya çıxır və sıralarında AMB səhmdarları da yer almış BBVB səhmdarları birja valyuta bazarına qeyri-rezidentlərin buraxılması məsələsinə də baxa bilərlər. "Bu, ölkə içində avro ticarətinə müsbət təsir göstətərdi, birjadan isə valyuta seksiyasına üzvlük qaydalarını dəyişməyi tələb edərdi. Qeyri-rezidentlər tərəfindən maraq artıq var. Həm də AMB avro bazarının yaranması ideyasına müsbət baxır. Hələ ki yerli bazarda avro ilə mütəmadi məzənnə qiymətləndirmələri gerçəkləşdirilmir və AMB hələ uzun müddət avronun məzənnəsini hesablamaq üçün dollarla kross-məzənnədən istifadə etməli olacaq",- deyə F.Əmirbəyov bildirib.
Birja aprelin əvvəlində ona üzv olan banklarla birgə ikivalyutalı səbətin tətbiq edilməsinin sonucları və valyuta bazarında dəyişmiş duruma uyğun yanaşma alətləri barədə müzakirələrlə bağlı toplantı keçirəcək. "Biz banklara likvidliyin idarə edilməsi üçün mövcud alətlərdən - valyuta svoplarından, yəni bir valyutada qeydə alınan tədiyyə öhdəliklərinin başqa valyutaya keçirilməsindən və valyuta forvardlarından, yəni təcili əqdlərdən, həmçinin ertəsi günü valyutalaşdırılan birja əqdlərindən (T+1 və ya TOM), pul bazarı alətlərindən istifadə etməyi təklif edirik. Öz tərəfindən BBVB birbaşa dollar və avro (USD|EUR) konvertasiyası alətinin tətbiqinin perspektivlərinə baxmağa başlayıb. Bu məsələ banklar ilə onlar üçün aktuallığı baxımından müzakirə ediləcək. Müzakirələrin yekununda bu alətin tətbiq müddətləri dəqiqləşdiriləcək.
Bununla yanaşı, BBVB hesab edir ki, ikivalyutalı səbət valyuta risklərinin tənzimlənməsi alətlərinə və beynəlxalq bazarlarda durum barədə məlumata tələbi artıracaq. "Yeni şərtlər banklar üçün iri müştərilərlə xarici valyutalarda maliyyə planlarını heç olmazsa üç ay qabaq razılaşdırmağı önəmli edir", - deyə F.Əmirbəyov bildirir. Plan qabaqcadan müştərinin ehtiyacı üçün valyuta ehtiyatı yaratmağa imkan verir. "Eyni zamanda bankların əlində aktivlərinin qorunmasına 100 faizlik zəmanət verən bir dənə də alət yoxdur. Buna görə də, bankların öz kapitallarını artırmaqdan və likvidliyi yüksək səviyyədə saxlamaqdan başqa yolları yoxdur",- deyə F.Əmirbəyov ehtimal edir.
Bundan başqa, Bakı Banklararası Valyuta Birjası likvidliyi tənzimləmə alətlərinin genişləndirilməsini də vacib sayır. "Bu gün burada əsas alət AMB-nin qısamüddətli notları üzrə repo əməliyyatlarıdır. Ancaq notlar üzrə reponun 90-92 faizi AMB-nin özü tərəfindən gerçəkləşdirilir. Banklararası diler reposu isə dövriyyənin 10 faizini belə keçmir. Bank sistemini səmərəli təkrar maliyyələşdirməsi üçün Milli Banka başqa alətlər də vacibdir",- deyə F.Əmirbəyov bildirib.
Göründüyü kimi, Milli Bankın iki valyutalı səbətə keçmək qərarı Azərbaycan iqtisadiyyatını dünya bazarında baş verən mənfi meyllərdən qorumaqda müsbət rol oynayacaq. Ancaq bu addımın nəticələrinin səmərəliliyini təmin etmək üçün həm də indi yalnız nəzərdə tutulan bir sıra əlavə tədbirlərin gerçəkləşdirilməsini təmin etmək önəmlidir.
MƏSLƏHƏT GÖR: