
HƏMSƏDRLƏR AZƏRBAYCANA, BMT BAŞ ASSAMBLEYASI İSƏ HƏMSƏDRLƏRƏ QARŞI
Martın 14-də BTM Baş Assambleyasında qəbul olunmuş qətnamə ABŞ, Fransa və Rusiyanın danışıqlar prosesinə passiv yanaşmasını dəyişməsinə xidmət edir
Müəllif: Fuad AXUNDOV, politoloq Bakı
Martın 14-də Azərbaycanın xarici siyasət tarixində qeyri-adi hadisə baş verdi. BMT Baş Assambleyası 39 səs lehinə, 7 səs əleyhinə və 100-ü bitərəf olmaqla, Azərbay-canın təklif etdiyi "İşğal olunmuş ərazilərdə vəziyyət" adlı qətnaməni qəbul etdi. Bununla da Azərbaycan faktik olaraq, BMT Baş Assambleyasında fövqəldövlətlərin dəstəyi olmadan, xüsusilə də belə vacib məsələ ilə bağlı öz qətnaməsini qəbul etdirən ilk MDB ölkəsinə çevrildi. Şübhəsiz ki, jurnalın bu nömrəsi işıq üzü görənədək sözügedən hadisə KİV-lərdə, həmçinin, siyasətçilər və politoloqlar tərəfindən hərtərəfli şərh ediləcək. Odur ki biz məsələnin ən mühüm aspektlərinə və nəticələrinə diqqət ayırmaq istərdik.
Qətnamənin vacib əhəmiyyəti ondan ibarətdir ki, bu sənəd ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan və daha çox Azərbaycan adlı posienti güclü anesteziya dozası ilə yatırmaq cəhdini xatırladan "danışıqlar" prosesində Bakının mövqeyini möhkəmləndirir. Sənədin preambulasında açıq şəkildə Dağlıq Qarabağ regionunun Azərbaycana məxsus olduğu qeyd edilir ki, bu da bəzi vasitəçilərin və onların müttəfiqlərinin bu faktı şübhə altına almaq cəhdlərinin üzərindən xətt çəkir. Məlum olduğu kimi, Rusiya və Fransa diplomatiyasının Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu etiraf etməsi üçün xeyli əyziyyət çəkmək lazım gəlir. Yeri gəlmişkən, həmsədrlər hələ də bu məsələdə təhlükəli-ikimənalı mövqe nümayiş etdirir. Bir tərəfdən onlar Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır, digər tərəfdən isə Dağlıq Qarabağın müstəqilliyini tanımadıqlarını bəyan edir. Bu isə bizdə ciddi sual yaradır: görəsən onlar bu regionu bizim ölkəmizin tərkib hissəsi sayır, yoxsa yox?
Lakin bundan sonra Azərbaycan diplomatiyası BMT BA-nın dəstəyindən yararlanmaqla, Dağlıq Qarabağ üzərində suverenlik məsələsində daha sərt və israrla iş aparmaq üçün lazımi əsaslara malikdir. Aydındır ki, həmsədrlər və onların erməni protejeləri üçün konstruktiv ikimənalılıq formulu, bizə isə konstruktiv birmənalılıq lazımdır. Bu baxımdan, sözügedən qətnamə irəliyə doğru atılmış vacib addım və Azərbaycan diplomatiyasının, şübhəsiz, uğurudur.
Yeri gəlmişkən, tam, istisnasız suverenlik prinsipi qətnamənin qərar hissəsində də əksini tapır və orada Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinə hörmət, erməni qüvvələrinin işğal olunmuş ərazilərdən tam və qeyd-şərtsiz çıxarılması kimi vacib prinsiplər yer alır.
Qəbul edilmiş qətnamədə münaqişənin nəticələrinin ədalətli şəkildə aradan qaldırılması ilə bağlı yer almış bir sıra prinsiplər də az əhəmiyyət daşımır. Orada "Azərbaycanın işğal olunmuş ərazilərindən qovulmuş insanların öz ev-eşiklərinə qayıtmaq haqqı" birmənalı tanınır və qeyd olunur ki, "bu qayıdış üçün münaqişədən zərər çəkmiş ərazilərin bərpası da daxil olmaqla, lazımi şərait yaradılmalıdır". Başqa sözlə, işğalçı qüvvələrin oradan çıxarılması, köçkünlərin həmin ərazilərə qaytarılması və nəqliyyat əlaqəsinin bərpası sülh prosesinin özülünə çevrilir. Bu məqamlar hər şeydən əvvəl beynəlxalq təşkilatlarda Ermənistandan Azərbaycan iqtisadiyyatı, flora və faunasına vurduğu çoxmilyardlıq zərərə görə kompensasiya tələb edilməsinə hüquqi baza yaradır.
Lakin ən əsası ondan ibarətdir ki, qətnamədə "Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmalar üçün normal, təhlükəsiz və bərabər yaşayış şəraitinin yaradılmasının vacibliyi və bunun həmin bölgənin Azərbaycanın tərkibində demokratik özünüidarəetməsinə imkan yaradacağı" qeyd edilib.
Başqa sözlə, sənəddə Dağlıq Qarabağın statusu ilə bağlı bizim üçün sərfəli olan şərtlər təsbit olunur - Azərbaycanın tərkibində özünüidarə. Əlbəttə, öz-özlüyündə bu faktın BMT BA-nın qətnaməsinə daxil edilməsi onun avtomatik olaraq həyata keçməsini təmin etmir, lakin bu fakt problemin Azərbaycanın maraqlarına uyğun şəkildə həllinə nail olmaq baxımından bizim mövqelərimizi möhkəmləndirir.
Erməni tərəfi tez-tez Bakını Dağlıq Qarabağın gələcəyini necə gördüyünə dair mövqeyini açıqlaya bilməməkdə və ya açıqlamaq istəməməkdə günahlandırırdı. Martın 14-dən sonra isə artıq bu ittihamlar üçün əsas qalmayıb. Biz açıq və dəqiq şəkildə məsələyə dair baxışlarımızı göstərdik və daha vacibi, bununla onu beynəlxalq hüquqi baza ilə əsaslandırdıq, Baş Assambleyanın siyasi dəstəyini qazandıq. Başqa sözlə desək, Azərbaycan Dağlıq Qarabağı sülh şəraitində yaşayan və çiçəklənən bölgə kimi, erməni və azərbaycanlı icmasının dostluq və təhlükəsizlik şəraitində yaşadıqları bölgə kimi görmək istəyir.
Qətnamənin qəbulundan sonra Baş Assambleyanın kluarlarında sənədin müzakirəsi zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusilə Rusiya ölkəmizi sənədin birtərəfli xarakter daşımasında günahlandırıb. Rusiyanın Xarici İşlər Nazirliyi KİV üçün xüsusi bəyanat yayıb və bildirib ki, Azərbaycan sözügedən sənədin layihəsinə "münaqişənin həllinin yalnız birmənalı olaraq, Bakının maraqlarına cavab verən bir neçə prinsipini daxil edib və burada Dağlıq Qarabağın yekun hüquqi statusunun bölgə əhalisi arasında plebissit keçirilməsi yolu ilə müəyyənləşdirilməsi məsələsi əksini tapmayıb". Rusiya XİN hesab edir ki, məsələyə bu cür yanaşma layihəni "erməni tərəfi üçün qəbuledilməz edir və Ermənistanın yeni prezidentinin fəaliyyətə başlamasından sonra iki tərəfin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində yüksək səviyyədə dialoqu bərpaetmə perspektivinə kölgə salır".
Bu bəyanat Moskvanın Yerevanın maraqlarına nə dərəcədə lobbiçilik etdiyinin açıq nümayişidir. Görəsən, bu fövqəldövlət Ermənistanın maraqlarının nəzərə alınmasının vacibliyini vurğulayan bəyanatsız keçinə bilməzdimi? Bundan sonra Rusiyanın vasitəçiliyinin qərəzsizliyindən necə danışmaq olar? Əgər Bakı yalnız öz maraqlarını güdürsə belə, burada kriminal nə var ki? Bəlkə Yerevan, əksinə, Azərbaycanın maraqlarını dü-şünür? Hər bir ölkə və onun diplomatiyasının yalnız öz maraqlarını güdməsi tamamilə təbiidir. Xüsusilə də nəzərə alsaq ki, Azərbaycan artıq 15 ildir həmsədrlərin fəal şəkildə kömək etdiyi Ermənistan deyil.
Səsvermənin motivi ilə bağlı ABŞ, Fransa və Rusiyanın birgə bəyanatında hər üç ölkə sənədə qarşı çıxmalarını onunla əsaslandırıblar ki, Azərbaycanın bu addımı birtərəfli, vaxtsız və qeyri-səmərəlidir. Bu mövqe aydındır - faktik olaraq, irəliləyişə mane olan vasitəçilər danışıqlar prosesindəki status-kvonun hansısa formada pozulmasına qarşıdırlar. Lakin məhz bu baxımdan qətnamə yerinə düşüb - məhz indi dünyanın bütün ölkələrinə xatırlatmaq lazım idi ki, Azərbaycanın yaranmış vəziyyəti sayı milyona çatan qaçqınların maraqlarına uyğun, ölkənin suverenliyi və təhlükəsizliyi, regionda sülhün və əminamanlığın bərqərar edilməsi istiqamətində dəyişməyə həm imkanı, həm də istəyi var. Bütün bunlar isə münaqişənin ədalətli həlli olmadan mümkün deyil.
Daha bir vacib məqamın üzərində dayanmaq istərdik. Azərbaycanın öz hərbi büdcəsini artırmasını və ölkə prezidentinin sərt bəyanatlarla çıxış etməsini əsas gətirən dünyanın və regionun bəzi qüvvələri, rəsmi Bakını hərbi kurs götürməkdə və münaqişəni müharibə yolu ilə həll etməyə meyilli olmaqda günahlandırırlar. Sözügedən qətnamənin qəbulu faktı isə göstərir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ilk olaraq sülh yoluna, siyasi və diplomatik vasitələrə üstünlük verir. Bu kontekstdə onu da qeyd etmək lazımdır ki, qətnamənin əhəmiyyətini şişirtmək düzgün olmasa da, onu yetərincə dəyərləndirməmək də qeyri-mümkündür. Bu sənəd dünyanın həm bizə qarşı çıxan, həm də bitərəf qalan ölkələrinin tərəfimizə çəkilməsi istiqamətində daha fəal siyasi və diplomatik fəaliyyətə başlamaq istiqamətində ilk siyasi-hüquqi baza olmalıdır.
MƏSLƏHƏT GÖR: