15 Mart 2025

Şənbə, 00:38

MƏNƏVİYYAT DƏRSLƏRİ

Dünya şöhrətli yazıçı Çingiz Aytmatovun yubiley ili Azərbaycana səfərlə başladı

Müəllif:

15.03.2008

Tanınmış humanist yazıçı və ictimai xadim Çingiz Aytmatovun Azərbaycana səfərinin fevralın sonuncu həftəsinə düşməsi təsadüfi deyil. Əqidəsinə görə kosmopolit olan Aytmatov həmişə türk toplumunun milli birlik ənənələrinə sadiq oğlu kimi yaşayıb. Ç.Aytmatovun rəhbərliyi ilə qırğız nümayəndə heyətinin səfərinin başlıca məqsədi dünya ictimaiyyətini Xocalı faciəsi ilə bağlı həqiqətlərlə tanış etmək idi. Şəhidlər Xiyabanını və Xocalı  faciəsi qurbanlarının abidəsini ziyarət edən yazıçı Dünya Azərbaycanlıları Konqresində, ATRAM Azərbaycan-Türk Tədqiqat  Mərkəzində görüşlər keçirib. Ölkənin rəsmi şəxsləri və ictimai xadimləri ilə dialoqlar da faydalı olub. 

Səfər zamanı Ç.Aytmatov prezident İ.Əliyevin qəbulunda da olub və  yazıçının Azərbaycan-qırğız münasibətlərinin möhkəmlənməsindəki xidmətlərini yük-sək qiymətləndirən ölkə başçısı onu "Xalqlar dostluğu" ordeni ilə təltif edib.

Müsahibələrinin birində yazıçı belə bir etiraf edib: "Azərbaycanın uğurlarını sevinclə qarşılayıram və demək istəyirəm ki, bu ölkə müstəqillik qazanaraq öz müqəddəratını təyin edib və Avropa Birliyinə fəal inteqrasiyaya çalışır. Bu, bütün postsovet məkanında ən böyük uğurlardan biridir".  

 

Yaradıcılıq yolu 

Onun əsərləri çox şeylə: mövzuları, hadisələri, süjetləri, qəhrəmanları ilə, amma ən çox sevmək istedadının olması ilə fərqlənir. Axı insanı sevəndə onu Tanrının yaratdığı kimi görürsən. Bu tapıntı yazıçının bütün yaradıcılığını işıqlandırır.

"Cəmilə" povesti ona böyük şöhrət gətirib. Qəhrəman - gənc qadın əski patriarxal adətlərə rəğmən məhəbbətinə doğru gedərək, xoşbəxtlik hüququnu təsdiq edir. Sonralar bu əsər "Dağlar və çöllərin povestləri" toplusuna daxil oldu. 1963-cü ildə otuz üç yaşlı Aytmatov bu kitaba görə ölkənin ən yüksək  ödülünə - Lenin mükafatına layiq görüldü.

1961-ci ildə "Qırmızı yaylıqlı qovağım mənim" povesti nəşr olundu, sonralar bu əsər ekranlaşdırılaraq tamaşaçılara "Qırmızı yaylıq" adı ilə təqdim edildi. Növbəti povestlərin - "İlk müəllim", "Ana tarla", "Əlvida, Gülsarı" və s. leytmotivini  əməkçi insana, inamını nə müharibənin, nə dağıntıların, nə aclığın sındıra bilmədiyi qurucu insana himn təşkil edir. Bütövlükdə Aytmatovun bütün qəhrəmanları  mənən zən-gin, güclü, məqsədyönlü, yer üzərində öz xoşbəxtliklərini arayan fəal insanlardır.

1970-ci ildə çap olunmuş "Ağ gəmi" povesti oxucunu valideynli yetimlik, məhrumiyyət, atılmışlıq mövzusu ilə dərindən həyəcanlandırdı. Yazıçını böyüklərin laqeydliyi ucbatından həlak olmuş balaca oğlana qəddar münasibətdə günahlandıran məktublar yazılırdı. Bu oğlan çaya atılır ki, "balıq olsun" və onun gözü qarşısında uşaq qəlbi üçün dəhşətli  cinayət törətmiş böyüklərdən uzaqlaşsın. Oğlan çoşğun dalğalarda qərq olur, onun özünü, dostlarını, arzusunu müdafiə etməyə gücü çatmır. O, İssık-Kula çatmır, ağ gəmini görüb ona "Salam, ağ gəmi!.. "Salam, ata, bu mənəm - sənin oğlun. Məni özünlə gəmiyə apar!" - deyə bilmir. Aytmatov  povesti qəhrəmanın nurlu xatirəsinə xitabla bitirir: "Sən uşaq qəlbinin barışmadığını qəbul etmədin. Və bu mənə təskinlik verir. Sən bir dəfə parlayıb-sönən ildırım kimi yaşadın...". Uşağın dünyadan getməsi ilə bağlı bütün məsuliyyəti yazıçı etinasız böyüklərin üzərinə qoyur. Sonda hər şey yaşamın əbədi məğzinə - Xeyirlə Şərin toqquşmasına çevrilir - bu paradiqma müəllifin "Əsrə bərabər gün", "Edam kötüyü", "Kassandranın damğası" romanlarında və sonuncu - "Dağlar yıxılanda" əsərində çox inandırıcı verilir. Yaradıcılıq qayəsinə sadiq olan Aytmatov əsatirlərə - əfsanələrə, nağıllara müraciət edir. Onun sözlərincə, "miflər - əcdadlarımızdan ismarışlardır və onların bədii qiyməti oxucunu keçmişdən qalmışların sehrinə və fəlsəfəsinə cəlb etməkdədir".     

 

Diplomat missiyası

Martın əvvəlində o, ömrünün son 20 ilini həsr etdiyi diplomatik xidmətdən uzaqlaşdı. Üç müxtəlif ölkənin iki ölkədəki fövqəladə və səlahiyyətli səfiri! Yazıçı vurğulayır: "Bəli, xidmətlə yaradıcılığı uzlaşdırmaq həmişə mümkün olmur. Amma xaricdə və daha çox Avropada yaşamaq gerçəkliyin müasir anlamını qavramağa yardım edir və mən bu gerçəkliyi bacardığım qədər "Kassandranın damğası" romanında verməyə çalışmışam. Bu kitabın ən çox oxucusu məhz Avropadadır. Bu, müəllif kimi mənə dəstək oldu. Yeri gəlmişkən, "Dağlar yıxılanda" romanı  artıq fransız, alman və yapon dillərinə tərcümə olunub. Qloballaşma incəsənətdən, xüsusən, ədəbiyyatdan yan keçə bilməz. Amma onun məkanına daxil olanda milli mədəniyyətləri qorumaq və inkişaf etdirmək vacibdir".

Aytmatov fenomeninin daha bir xüsusiyyəti  - ona Tanrının verdiyi hər iki dildə eyni  istedadla düşünməsi və yazması - bilinqvist olmasıdır.  

 

İki tale

Çingiz Aytmatovu Azərbaycana yalnız ümumi köklər, mədəni əlaqələr, ənənələr deyil, taleyi yazıçının öz taleyi ilə heyrətli dərəcədə oxşar olan insanla dostluq telləri bağlayır. Onlar repressiya zamanından keçmiş müasirlərdir. İyirminci əsrin qara ili, milyonlarla tale arasında sonralar "dünya adamı" adlandırılan Çingiz Aytmatovun atasını da udmuş 1937-ci il həm də Əli Əliyevin, indi ölkəmizdən çox-çox uzaqlarda məşhurlaşan texnika elmləri doktoru, texnologiyaları üzrə bütün postsovet məkanındakı yolların 70 %-i tikilmiş Azərbaycan aliminin ailəsini dağıtdı. Onlar Cambulda rastlaşdılar - Aytmatov zootexnikumun tələbəsi, Əliyev orta məktəb şagirdi idi. "Xalq düşmənləri"nin övladları bütün ömürləriboyu xalqlarına şərəflə xidmət etdilər! Dostluqlarını da Vətən müharibəsinin ağır günlərindən, müharibədən sonrakı aclıq illərindən keçirib-qorudular. Zaman insanın əsl dəyərlərə inamı qarşısında gücsüzdür. Uzun illərdən sonra onlar yenidən  Bakıda görüşdülər və yenə də onları ağrı birləşdirdi - Xocalı körpələrinin güllələnmiş uşaqlıqlarının ağrısı! Uşaqlıqları eyni zamana təsadüf etmiş bu iki mütəfəkkir yaxınlarını itirməyin ağrısını çox gözəl xatırlayırlar...

 

Daha bir dərs

Azərbaycana səfəri gedişində Çingiz Aytmatova ünvanlanmış çoxlu etiraf, maraqlı müsahibələr, arzular, mükafatlar, diplomlar, Rəsul Həmzətovun dediyi kimi, "dünyaya səs salan" istedada təqdim olundu. "Bu mükafatlar böyük məsuliyyətdir. Mən onları doğrultmağa çalışacağam" - bu etirafı ilə yazıçı bizə daha bir dərs - təvazökarlıq dərsi verdi.

Necə deyərlər, yazıçının sözü əməldir.


MƏSLƏHƏT GÖR:

499