Müəllif: Nurlanə QULİYEVA Bakı
Bəzən adama elə gəlir ki, Azərbaycan bankları mümkün olan bütün xidmət növlərini təqdim edir və artıq yerli istehlakçını hansısa yeniliklərlə təəccübləndirmək mümkün deyil. Hazırkı şəraitdə bazara yeni məhsul çıxarmaq riskini üzərinə götürüb, onu cəmi bir neçə aya inkişaf etdirmək və həmin xidmətə müştəri cəlb etmək yalnız maliyyə baxımından sabit, gələcəyə güvənən bir bankın işidir.
Azərbaycanın iri banklarından olan PASHA Bankın son vaxtlar kiçik və orta bizneslə məşğul olan müştərilərə təklif etdiyi yeni xidmət növü faktorinq adlanır. Qısa müddət ərzində bu məhsul daxili bazarda özünə istehlakçı bazası formalaşdıra bilib və bu, bankın menecerlərini xidmətin tətbiq edildiyi coğrafiyanı genişləndirməyə sövq edib.
Bəs, faktorinq nədir? Açığı, bankın Biznesin inkişafı departamentinin aparıcı meneceri, bu məhsulun tətbiqi layihəsinin rəhbəri Aynur Piriyeva ilə söhbət edənədək mən özüm də bu məhsul haqqında çox səthi bilgiyə malik idim. Çünki bu vaxtadək Azərbaycanda tanınmayan bu xidmət öz unikallığı ilə fərqlənir - onun öz məqsədləri, strukturu, növləri və s. var. Beləliklə, faktorinqin mahiyyətini açmaq üçün misal gətirək. Tutaq ki, siz kiçik bir şirkətin sahibisiniz və şirkətiniz, əsasən, tikinti işlərindən sonra ərazinin təmizlənməsilə məşğul olur. Bu işləri görmək üçün sizin sifarişçi ilə müqaviləniz var. Həmin müqaviləyə əsasən sifarişçi üzərinə şirkətinizin xidmət haqqını 15 gün ərzində ödəmək öhdəliyi götürüb. Lakin müəyyən olunmuş müddət başa çatsa da, ödəniş həyata keçirilməyib və sifarişçi sizdən bir neçə həftə də gözləməyi istəyir. Bu halda, bir tərəfdən daimi müştərilə münasibətlərin korlanması sizə sərf etmir, digər yandan işçilərin əməkhaqlarının ödənilməsinə, növbəti layihə üçün yeni materialların alınmasına ehtiyac var. Nə etməli? Kredit almaq üçün banka müraciət həm vaxt tələb edir, həm də baha başa gəlir və nəticədə, layihənin rentabellik səviyyəsi aşağı düşür. Elə bu məqamda köməyə yeni məhsul - faktorinq yetişir. İki təsərrüfat subyekti arasında vasitəçi rolunu üzərinə götürən bank kiçik komissiya xərci müqabilində sizə lazım olan məbləği ayırır və sifarişçinin öz borcunu ödəyəcəyi müəyyən vaxta qədər (adətən, bu, uzağı 180 gün çəkir) gözləyir. Bir qayda olaraq, faktorinq şirkəti borcun 90%-ni dərhal ödəməyə hazırdır. Komissiyanın məbləği isə ödəmənin gecikmə müddətindən və onun ödənilməmək riskindən asılıdır. Bir sözlə, söhbət bütün sahibkarlar, xüsusilə kiçik və orta bizneslə məşğul olanlar üçün rahat və asan bir xidmətdən gedir.
Bank qarşısında imiciniz
A. Piriyevanın sözlərinə görə, bu məhsulu əldə etmək üçün ən vacib amil hər iki şirkətin müsbət imicə malik olması, onların arasında rəsmi müqavilənin mövcudluğudur. "Bankımızda yeni ştatlar yaradılıb. Bu əməkdaşlar əvvəlcədən müraciət edən şirkətlərin təhlilini aparır, mümkün riskləri qiymətləndirirlər. Yalnız bundan sonra faktorinq haqqında müqavilə imzalanır. Bank mütəxəssisləri müqaviləyə əməl edilməsinə də nəzarət edirlər", - deyə PASHA Bankın nümayəndəsi bildirir.
Risklər isə, həqiqətən, var və heç də az deyil. Azərbaycanda bütün bankların bu məhsulu təklif edə bilməməsinin əsas səbəbi də, yəqin ki, elə budur. Çünki ortaya dərhal sual çıxır: sifarişçi öhdəliyinə əməl etməzsə, necə olacaq? A. Piriyevanın sözlərinə görə, bu halda podratçının götürdüyü borc bank tərəfindən kredit kimi qeydiyyata alınır. Bu üzdən də, bankın ekspertlərinin işi faktorinq əməliyyatının müddətinin və ödəmə riskinin maksimum dəqiqliklə qiymətləndirilməsindən ibarətdir. "Lakin təcrübə göstərir ki, sifarişçi, adətən, borcun ödənilməsi prosesinə bankın, üstəlik, müsbət imicə malik bankın cəlb edildiyini bildikdə özü müqavilənin şərtlərinə əməl etməkdə maraqlı olur. Çünki bu, həm də onun bank qarşısındakı imicini müəyyən edir - sabah onun kredit almaq və ya digər maliyyə əməliyyatı aparmaq üçün banka müraciəti daha asan başa gələcək", - deyə ekspert bildirir.
Bütün riskləri bank öz üzərinə götürür
Bir sözlə, faktorinq digər maliyyə alətləri qarşısında bir sıra üstünlüklərə malikdir. Məsələn, o, ənənəvi qaydada girov tələb etmir. Bu üzdən də, kiçik və orta bizneslə məşğul olan əksər insanlar, həmçinin biznes fəaliyyətinə yeni başlayanlar bu xidmətdən istifadə edə bilir. Bu xidmətdən istifadə zamanı faktorinq iştirakçısı olan bütün tərəflər, demək olar ki, qazanır: sifarişçi şirkət xidməthaqqının ödənilməsi üçün əlavə zaman udur, podratçı tərəf lazım olan dövriyyə vəsaitini vaxtında əldə etmiş olur, "faktor" tərəfi, yəni bankın özü isə gəlir əldə edir.
Sifarişçinin aldığı mal və xidmətlərin dəyərini ödəmədiyi hallarda atılan addımlardan asılı olaraq, faktorinq iki növə bölünür: "reqres hüququ ilə" və "reqres hüququ olmadan".
Əgər bankın müştərisi ödəmədə yarana biləcək bütün problemlərə görə riski bankın üzərinə qoymaq istəyirsə, bu halda "reqres hüququ olmadan" məhsulunu seçir. PASHA Bank bu xidməti də göstərir. Bu halda podratçıdan borcun tələb edilməsi hüququnu faktorinq şirkəti, yəni bank alır və bütün riskləri öz üzərinə götürür.
Xidmətin perspektiv istiqamətləri
Dünya təcrübəsində həmçinin faktorinq əməliyyatlarını birbaşa maliyyələşdirmədən, müştərinin debitor hesablarının vasitəçi bank tərəfindən inkassasiya edilərək aparılması imkanları da mövcuddur. Bu halda bankın müştərisi malı göndərdikdən və ya sifarişi yerinə yetirdikdən sonra, alıcıya və ya sifarişçiyə faktor-bank vasitəsi ilə hesab göndərir, alıcı və ya sifarişçi isə əldə etdiyi məhsula və ya göstərilmiş xidmətə görə ödəniş edəcəyinə zəmanət verir.
Dünya təcrübəsində, müştəri və faktorinq təşkilatı arasında bağlanmış müqavilə barəsində digər kənar şəxslərin məlumatlandırılması səviyyəsinə görə faktorinqin açıq və qapalı formaları mövcuddur.
Xidmətin sərfəli olması və bütövlükdə PASHA Bankın müsbət imici sayəsində artıq qısa müddətdə (məhsul bu ilin yanvarından təklif olunmağa başlayıb) məhsul öz müştərilərini tapıb. Xidmətə maraq o qədər böyükdür ki, bu gün bank artıq onu inkişaf etdirmək məqsədilə yeni layihə hazırlayır. Söhbət ixrac faktorinqindən gedir. Bu halda tədarükçü (sifarişçi), onun müştərisi və faktorinq xidmətini göstərən bank müxtəlif ölkələrdə yerləşə bilər. Belə ki, ixracatçı bankla qlobal resessiya müqaviləsi bağlayır və bu yolla alıcıların müəyyən qisminin (məsələn, eyni ölkədə yaşayan) debitor borclarını vasitəçi-faktora təhvil verir. "Azərbaycanda Türkiyə, Gürcüstan, Rusiya və digər ölkələrdəki tərəfdaşlarla işgüzar əlaqələrə malik kifayət qədər şirkət var. Buna görə də, biz bu istiqamətdə böyük layihənin hazırlanmasına başlamışıq", - deyə A. Piriyeva qeyd edib.
Bir sözlə, faktorinq Azərbaycanda kifayət qədər "gənc" olsa da, artıq özünü doğrulda və tələbat qazana bilib. Bu artıq ölkənin bank sektoru üçün yetərincə perspektivli istiqamətə çevrilib.
BİZİM ARAYIŞ
Qərbi Avropa ölkələrində faktorinq üzrə dövriyyə, orta hesabla, ÜDM-in 5%-dən çoxdur (Böyük Britaniya və İtaliyada 10%). Şərqi Avropada bu 1,5-2%, Rusiyada 0,1%-dən azdır. Faktorinq dövriyyəsinin, təxminən, 67%-i Avropanın, 22%-i Amerikanın, 11%-i Asiya ölkələrinin, 1%-i Afrikanın payına düşür. Dünyada faktorinqlə, təxminən, 1000 şirkət məşğul olur, onların öhdəsinə verilən debitor borcun ümumi həcmi isə 1 trln. avroya bərabərdir.
MƏSLƏHƏT GÖR: