24 Noyabr 2024

Bazar, 14:30

İXRAC EKSPANSİYASI

Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracının subsidiyalaşdırılması imkanlarını nəzərdən keçirir

Müəllif:

02.06.2015

İqtisadiyyatın, xüsusən də onun ixrac potensialının diversifikasiyası - Azərbaycan hökumətinin yaxın illərə olan əsas məqsədlərindən biridir. Bu mənada yüksək səviyyədə dəfələrlə səsləndirilib ki, ölkənin kənd təsərrüfatının ixrac potensialına ciddi diqqət ayrılır və o, gələcəkdə iqtisadiyyatımızın əsas hərəkətedici qüvvəsi olacaq. Prezident İlham Əliyev istehsal və keyfiyyətli ərzaq məhsullarının xaricdə satışının qarşısında duran bütün problemlərin qısa müddətdə həllinə göstəriş verərək, bu məsələyə xüsusi diqqət ayırıb. Hərçənd hələlik problemlər az olmasa da, bu sahədə müəyyən irəliləyişlər artıq var. 

Bu gün Azərbaycanda yüksək keyfiyyətli məhsul istehsal etmək, brendlərini xarici bazara çıxarmaq qabiliyyətinə malik bir sıra aqroholdinqlər və iri müəssisələr səmərəli fəaliyyət göstərir. Mövcud məlumatlara görə, artıq 25 adda məhsul yaxın və uzaq xaricə ixrac edilir. Brendlər yüksək keyfiyyəti ilə seçilir, ekoloji təmizdir və xarici istehlakçı tərəfindən böyük tələbat duyulur. Aqroixracın strukturunda əsas yeri tərəvəzlər, meyvələr, kartof, qara çay, üzüm tutur. Bu gün ölkədə onların ümumi gücü hər il 750 mln. şərti banka konservləşdirilmiş meyvə və tərəvəz məhsulu buraxmağa imkan verən, meyvə və tərəvəz emalında ixtisaslaşan 80-dən artıq müəssisə fəaliyyət göstərir. Belə ki, keçən il təzə meyvə-tərəvəz məhsullarının ixrac həcmi ümumi ifadədə 291 mln. dollar təşkil edib, yəni 2013-cü illə müqayisədə 16,1% artıq olub. Eyni zamanda ölkəyə idxal 13,5% azalaraq, cəmi 25,2 mln. dollar təşkil edib. 

Müvafiq olaraq Azərbaycan ixracının ekspansiyasının koordinasiyası üçün institutlar da formalaşıb - Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), "Azərbaycan İnvestisiya Şirkəti" ASC. Məhz onlar tez xarab olan qida məhsullarının xaricə çıxarılmasını asanlaşdırmaq üçün logistika mərkəzləri və yükboşaltma mərkəzlərinin yaradılmasını dəstəkləyirlər. Məsələn, Qazaxıstanın Aktau limanında AZPROMO, həmçinin fərdi sahibkarların dəstəyi ilə aqrar-logistika kompleksinin açılışı baş tutdu. Abşeron yarımadasında 110 min ton kənd təsərrüfatı məhsullarının emalına hesablanmış üç yükboşaltma mərkəzləri tikilir. Bakının Qaradağ rayonunda "Meyvəli" iri ərzaq logistika mərkəzi açılıb. O, meyvə-tərəvəz məhsullarının topdansatış və ixracı üzrə tam şəkildə ixtisaslaşıb. Ötən ilin noyabr ayında respublikada ilk aqroparkın təməli qoyuldu - "Aqropark Şəmkir" istehsalçı - vasitəçi şirkət. Bundan başqa, bütün regionlarda meyvə və tərəvəz üçün rahat anbarlar qurulub. Onlar Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına tikilib. 

Lakin yaxın və uzaq xaricin bazarlarını fəth etmək üçün, həmçinin yerli sahibkarların ixrac üçün dəyərli məhsulun istehsalını təşkil etmək istəyi də son dərəcə mühümdür və burada brendin hazırlanması, qablaşdırma dizaynının, düzgün reklam şirkətlərinin keçirilməsinə səy göstərmək zəruridir. Kənd Təsərrüfatı Nazirliyinin eksperti İmran Cümşüdovun sözlərinə görə, meyvələrin təkcə MDB və Avropa ölkələrinə ixracı ölkəyə onlarla milyon dollar gətirə bilərdi. "Sadəcə, fermerlərə kömək etmək, qablaşdırma, saxlama və nəqliyyat üçün şərait  yaradılmasına dəstək vermək lazımdır. Bunun sayəsində on minlərlə ton alma, nar, üzüm, xurma ixrac etmək mümkün olacaq", - deyə o, qeyd edib.

Onun sözlərinə görə, şübhəsiz, yerli məhsulun dad keyfiyyəti xarici şirkətləri özəl sektorla əməkdaşlığa cəlb edəcək. "Keyfiyyətə nəzarəti saxlamaq üçün öz standartlarının laboratoriya və normalarını, kadrların hazırlanması işini yaratmaq lazımdır. Bundan başqa, respublikada qablaşdırma materialının olmaması ixrac potensialını xeyli azaldır", - deyə İ. Cümşüdov qeyd edib. Həmçinin, təəssüf ki, bir çox fermerlər beynəlxalq standartlar haqqında az məlumatlıdırlar, ixrac subsidiyaları yoxdur, aqrar sektorda xarici kapitalla birgə müəssisələrin yaradılma səviyyəsi aşağıdır, kənd təsərrüfatı məhsullarının istehsalında beynəlxalq elmi-texniki əməkdaşlıq kifayət qədər inkişaf etməyib.

Yeri düşmüşkən, kənd təsərrüfatı məhsullarının ixracının subsidiyalaşdırılması, daha doğrusu, onun olmaması bir qədər təəccüb doğurur. Axı, 2007-ci ildən Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına subsidiyalar təqdim edilir, onların fəaliyyətinin, demək olar ki, tamamilə vergidən azad olunmasını hələ demirik. Son vaxtlar aqrar sektora dövlət dəstəyi, ümumiyyətlə, sürətlə artır. Azərbaycan prezidentinin suvarma sistemləri və avadanlıqlarının alınması zamanı 40% həcmində güzəştin təqdim olunması, kənd təsərrüfatı istehsalçılarının istifadə etdiyi yanacaq və mühərrik yağlarının əldə olunması üçün dövlət büdcəsindən ayrılan yardımın 25% artırılmasına dair sərəncamı xatırlamaq kifayətdir. Həmçinin elmi tədqiqat institutlarında yetişdirilən məhsulun dəyərinin 30-40%-i dövlət tərəfindən ödənilir. Fermerlər yanacağı 50%-lik, gübrəni isə bu ildən 50-75%-lik güzəştlə alırlar. Bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyi ölkə hökumətinə subsidiyalaşdırmanın mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflər təqdim edib. Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin bildirdiyi kimi, aqrar sektor üzrə dövlət subsidiyaları ildə bir dəfə veriləcək. "Bu, həmin prosesin operativliyini və şəffaflığını təmin edəcək", - deyə o, bildirib. 

Yəni bir tərəfdən dövlət son dərəcə həvəslə aqrar sektora bütün güzəştləri təqdim etməyə hazırdır, digər tərəfdən - hazır məhsulun ixracının subsidiyalaşdırılması haqqında bir kəlmə də yoxdur. Bəzi məlumatlara görə, burada səbəb xarici ölkələrin bu sahədə mənfi təcrübələrində gizlənir. Həmin ölkələrdə ixraca dövlət dəstəyi sisteminin tətbiqi hətta "saxta ixrac" termininin yaranmasına gətirib çıxarıb. Qeyd edək ki, "saxta ixrac" - malın sənədlər üzrə daha yüksək qiymətə satılmasıdır ki, əsasən dövlət tərəfindən hazır məhsula olan ƏDV-nin qaytarılma sistemi ilə bağlıdır. Məhz mümkün kütləvi fırıldaqlar qarşısında təhlükə də hökuməti aqro məhsulun ixracı üçün əlavə dəstəyin tətbiq olunmasından çəkindirir. Hərçənd bir sıra ekspertlər əmindirlər ki, nəzarətin düzgün mənbələrinin hazırlanacağı təqdirdə, bu problemi həll etmək olar. Subsidiyalar isə Azərbaycan kənd təsərrüfatı məhsullarının ixrac xəritəsini əhəmiyyətli dərəcədə genişləndirməyə kömək edərdi. İqtisadiyyat və Sənaye Nazirliyi bu yaxınlarda ixracın təşviqi mexanizmlərinin təkmilləşdirilməsi imkanları haqqında informasiya yaydı. Bu məlumat kollegiyanın geniş iclasında müzakirə edildi. İstisna deyil ki, təkliflər paketində aqroixrac kimi mühüm seqmentin dəstəklənməsi məsələsi də öz əksini tapacaq.

Bu günə satış bazarlarının coğrafiyası hələlik məhduddur və ən sərfəli istiqamət hələ də Rusiyadır. Qonşu dövlətin bir çox regionlarından son dərəcə səmərəli təkliflər gəlir. Bir sözlə, hiss olunan nəticələrə nail olmaq üçün, yəni kənd təsərrüfatı məhsullarının mövcud ixrac potensiallarının böyük hissəsinin reallaşdırılması, tədarüklərin coğrafiyasının genişlənməsi və nəzərəçarpan gəlirin əldə olunması üçün sahibkarlar və ölkənin dövlət büdcəsi hələ xeyli problemin öhdəsindən gəlməlidir. Əsas konkret tapşırıqlar və məqsədlər ən yüksək səviyyədə müəyyənləşdirilib. Deməli, onlara nail olmaq üçün nəzarət də kifayət qədər kəskin olacaq ki, bu da məsələlərin operativ və düzgün şəkildə həllinə ümid yaradır.


MƏSLƏHƏT GÖR:

685