24 Noyabr 2024

Bazar, 14:39

MƏQSƏDƏ NAİL OLUNDU

FAO Azərbaycanı kənd təsərrüfatı sahəsində uğurlu islahatların həyata keçirildiyi nümunəvi ölkə sayır

Müəllif:

02.06.2015

İyirmi il əvvəl Azərbaycanda torpaq islahatlarına start verilmiş, bununla da, kənd təsərrüfatı sahəsində bazar iqtisadiyyatına keçidə start verilmişdi. Bu gün ölkənin aqrar-sənaye kompleksi daxili ərzaq tələbatının 80%-dən çoxunu ödəmək iqtidarındadır. Bu sahədəki intensiv inkişaf yoxsulluğun aradan qaldırılması, əhalinin 40%-nin işlə təmini və ölkədə aclıq təhlükəsinin aradan qaldırılması işində əsas rol oynayıb. Bu nailiyyətlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən də dəfələrlə təsdiqlənib. Qurumla bu günlərdə imzalanmış saziş isə Azərbaycanı dünyanın öncül dövlətlərilə bir sıraya yüksəldib.

2000-ci ildə BMT-nin və onun struktur bölməsi olan FAO-nun təşəbbüsü ilə dünyanın 185 ölkəsi "Minilliyin inkişaf məqsədləri" bəyannaməsini qəbul edib. Məqsəd 2015-ci ilə planetdə aclığın və yoxsulluğun ciddi şəkildə azaldılması idi. Ötən dövr ərzində bəşəriyyətin kollektiv səyləri, ilk növbədə, inkişaf etməkdə olan ölkələrdə ərzaq istehsalının artırılmasına imkan verib. Nəticədə, dünyada aclıqdan əziyyət çəkənlərin sayı xeyli azalıb. FAO-nun məlumatına görə, yeni əsrin əvvəlindən dünyada aclıq içərisində yaşayanların sayı 209 milyon nəfər azalıb. Amma bu nailiyyətə rəğmən, 800 milyondan artıq insan və ya planetin hər 10 sakinindən biri hələ də aclıqdan əziyyət çəkir. Dünyanın ən geridə qalmış regionları əvvəlkitək istənilən təbii və sosial kataklizmlər, yaxud bazar konyunkturundakı kəskin dəyişikliklər qarşısında acizdir.

Yeni minillikdə Azərbaycanın aqrar sektorunda da vəziyyət tam fərqlidir. Kənd təsərrüfatı sahəsində islahatların ikinci mərhələsi, həmçinin 2008-2015-ci illər üçün nəzərdə tutulmuş Azərbaycan əhalisinin ərzaq məhsulları ilə etibarlı təmininə dair dövlət proqramı, 2004-2008 və 2009-2013-cü illər üzrə regionların sosial inkişafı dövlət proqramları ölkənin aqrar setkorunun yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinə şərait yaradıb. Fermerlerə ayrılan subsidiyalar, güzəştli kreditlər, texniki yardımlar, emal güclərinin və logistikanın hərtərəfli inkişafı, irriqasiya və digər infrastruktur layihələrinin reallaşdırılması ölkəni ərzaq idxalı yükündən azad edib. Cəmi 10 il əvvəl Azərbaycanın ümumi idxalının, təxminən, üçdə biri ərzaq məhsullarının payına düşürdüsə, bu gün ərzaq idxalı ümumi çəkidə cəmi 11% təşkil edir. Nəzərə alsaq ki, bir çox inkişaf etməkdə olan ölkələrdə bu göstərici 50%-ə yaxındır, Azərbaycanın bu sahədə kifayət qədər yaxşı göstəriciyə nail olduğunu söyləmək olar. Azərbaycan fermerləri və emalçıları, təxminən, 80% məhsula olan daxili tələbatı ödəyir, üstəlik, aqrar sahədə ixrac xeyli artırılıb.

İdxal sahəsində əsas effekt heyvandarlıq və quşçuluq sahələrində əldə edilib. FAO-nun məlumatına görə, 2013-cü ildən Azərbaycan daxili istehsal hesabına bu sahədə daxili tələbatın 92%-ni ödəyir. Meyvə-tərəvəzçilik və bostançılıq məhsullarına olan tələbatın 5/6-dən çoxu daxili istehsal hesabına ödənilir.

FAO məhz bu uğurları digər ölkələr üçün dəfələrlə nümunə göstərib. Qurum hələ 2012-ci ildə Azərbaycanı aclığın ən aşağı səviyyədə olduğu ölkələrin siyahısına daxil edib - 5%-dən az. FAO-nun "Ərzaq və kənd təsərrüfatı sahəsində vəziyyət-2014" məruzəsində Azərbaycan uğurlu kənd təsərrüfatı islahatlarının aparıldığı ölkə kimi, nümunə göstərilir. Sənəddə bildirilir ki, Azərbaycanda 850 min ailə fermer təsərrüfatı yaradılıb və onların fəaliyyəti aclıq təhlükəsinin aradan qaldırılmasına, əhali arasında işsizliyin azaldılmasına imkan verib.

Beləliklə, FAO ekspertləri Azərbaycanın "Minilliyin inkişaf məqsədləri" bəyannaməsinin tələblərini lazımi səviyyədə, hətta qrafiki qabaqlayaraq yerinə yetirdiyini etiraf edir. Burada söhbət həm də kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsindən, yeni intensiv texnologiyalara investisiyaların cəlbindən, aqrar sahədə effektiv dövlət və özəl sektor tərəfdaşlığından gedir.

Bütün bu faktlara əsaslanan FAO rəhbərliyi 2015-ci ilin iyununda keçiriləcək konfransda Azərbaycanı xüsusi medalı ilə təltif etməyi düşünür. Medal Azərbaycana ərzaq təhlükəsizliyinin təmini və aclıqla mübarizə sahəsindəki səylərinə görə təqdim olunacaq. Məhz bu uğurlar FAO-nu Azərbaycanı donor dövlət səviyyəsinə qaldırmağa da vadar edib. Tərəflər arasında müvafiq razılaşma mayın 25-də Bakıda imzalanıb. "FAO-Azərbaycan əməkdaşlığı proqramı ölkəmizin donor dövlətə çevrilməsini nəzərdə tutur. Bu, şübhəsiz ki, ölkəmizin kifayət qədər ciddi status qazanması deməkdir", - deyə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov sazişin imzalanması zamanı bildirib. Azərbaycan yeni statusda dünyanın aparıcı dövlətlərilə birlikdə BMT ilə birlikdə üçüncü dövlətlərlə sövdələşmələrin bağlanmasına, maliyyələşdirmə işlərinə cəlb olunacaq. Bununla da, o, regional səviyyədə ərzaq təhlükəsizliyini təmin edəcək.

Daha bir sazişlə isə FAO-nun Bakıda fəaliyyət göstərən tərəfdaşlıq və koordinasiya, həmçinin texniki yardımların təmini ofisinin statusu müəyyənləşib. Bakı ofisinin saxlanılmasına ildə 100 min dollar ayrılacaq. Tərəflər burada 5 azərbaycanlı mütəxəssisin də işləməsi haqda razılıq əldə ediblər. Daha 6 Azərbaycan vətəndaşı qurumun Romadakı mərkəzi ofisinə göndəriləcək. Öz növbəsində 5 il üçün nəzərdə tutulmuş və dəyəri 10 milyon dollar olan saziş (texniki layihə üzrə) paritet əsaslarla reallaşdırılacaq. Bu məbləğin əsasən Azərbaycanda reallaşdırılacaq layihələrə yönəldilməsi nəzərdə tutulub. "Məsələn, texniki yardım layihəsi yeni irriqasiya sistemlərinin yaradılmasına, həmçinin transsərhəd çaylarla bağlı razılaşmalara yenidən baxılmasına yönəldiləcək. Çünki onlardan istifadə bir sıra hallarda həmsərhəd ölkələr arasında fikir ayrılıqları yaradır", - deyə FAO-nun direktoru Joze Qrasianu da Silva bildirib.

"Maraqlıdır ki, Azərbaycanda FAO-nun yalnız regional ofisi deyil, həm də koordinasiya və əməkdaşlıq ofisi yerləşir. Bu, ölkəmizin xüsusi statusundan xəbər verir. FAO-nun cəmi 5 koordinasiya ofisi var və onlardan 1-i Azərbaycandadır", - deyə H.Əsədov qeyd edib. BMT-nin bu qurumu ilə Azərbaycan arasında əməkdaşlığın potensialını genişləndirən daha bir əlamətdar hadisə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın FAO-nun xoşməramlı səfiri seçilməsidir. Bəs, yaxın perspektivdə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə FAO hansı əsas istiqamətlərdə əməkdaşlığı genişləndirməyi planlaşdırır?

Aqrar sektorun inkişafına dair yeni strategiya çərçivəsində ölkədə kənd təsərrüfatı məhsullarının istehsal həcminin getdikcə artırılması ixracın artması ilə əsaslandırılır. FAO da bu məsələnin həllinə hərtərəfli dəstək verməyə hazırdır. "Bizim Prezident İlham Əliyevlə keçirdiyimiz görüş zamanı Azərbaycanın aqrar məhsullarının reallaşdırılması üçün yeni bazarların tapılmasına, həmçinin bu sahədə mümkün problemlərin həllinə FAO tərəfindən dəstək göstərilməsi məsələsi müzakirə olunub", - deyə Joze Qrasianu da Silva bildirib: "Hesab edirik ki, bu problemin həlli üçün, ilk növbədə, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının keyfiyyəti artırılmalı, həmsərhəd zonalarda yayılmış xəstəliklərlə mübarizə gücləndirilməlidir".

FAO-nun dəstəsilə bu yaxınlarda iki illik "Ekoloji təmiz kənd təsərrüfatı" layihəsinə start verilib. Layihə aqrar məhsulların ixracı üçün xarici bazarların öyrənilməsini, rəqabət qabiliyyətli bitkiçilik sahələrinin seçilməsi və dəstəklənməsini, ekoloji təmiz məhsulların sertifikatlaşdırılmasını və s. nəzərdə tutur.

FAO ekspertləri heyvandarlığın inkişafı üzrə milli strategiyanın hazırlanmasına da cəlb olunacaqlar: söhbət, məsələn, damazlıq işinin təşkilindən, elit cinslərin yetişdirilməsindən, heyvanların süni mayalandırılmasından, heyvanların genetik rezervlərin qorunmasından gedir.

Kənd Təsərrüfatı Nazirliyi ilə FAO arasında 6 illik "Kənd əhalisinin həyat səviyyəsinin quşçuluğun inkişafı yolu ilə yüksəldilməsi" proqramı çərçivəsində əməkdaşlıq da böyük perspektivlərə malikdir. Bu proqramın məqsədi damazlıq seleksiya işlərinin təkmilləşdirilməsi, Qafqaz bal arılarının populyasiyasının bərpası, onların arealının genişləndirilməsi, həmçinin, əlbəttə ki, fermerlərə bal satışı bazarının genişləndirilməsi üçün konsultasiyaların verilməsidir.

Bir sözlə, yeni birgə layihələrə əsasən, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və FAO mütəxəssisləri diqqəti yerli aqrar sektorun ixrac potensialının genişləndirilməsinə yönəltmək niyyətindədirlər.

 

 

BİZİM ARAYIŞ:

Azərbaycanın FAO-ya üzv olduğu 20 ildə bu strukturun dəstəyilə, təxminən, 20 birgə layihə həyata keçirilib. Hazırda FAO ilə birlikdə 3 milli və 3 regional layihə reallaşdırılır. 


MƏSLƏHƏT GÖR:

581