Müəllif: Fasim ƏLİZADƏ Bakı
Amerika Birləşmiş Ştatlarını əbəs yerə dünyanın fövqəlgüclü dövləti adlandırmırlar. Buna səbəb isə ÜDM-in böyük həcmdə olması, hərbi və siyasi silahlar deyil. ABŞ-ın əsas gücünü Amerika dolları təşkil edir. Ən mühafizəkar hesablamalara görə, qlobal valyuta ehtiyatlarının, demək olar ki, 65%-i məhz ABŞ dollarında saxlanılır. Aydındır ki, ABŞ "çap dəzgahını işə salaraq dünyanı dollar selinə qərq edərək, dünyanın müxtəlif ölkələrinin valyuta ehtiyatları dəyərsizləşdirir. Valyuta ehtiyatları arasında dollara ehtiyacın olması dünya ticarətində ABŞ milli valyutasının 80%-ni təşkil etməsidir. Bu gün ticarət sistemində neft, taxıl, hətta qızıl ticarəti də Amerika dolları vasitəsilə həyata keçirilir.
Dollardan qurtulma
Son illər dolların qüdrəti uçurum astanasındadır. Söhbət bir sıra dövlətlərin, əsasən Rusiya və Çinin dünyanın aparıcı ehtiyat valyutası - Amerika dollarına əsaslanan hazırkı valyuta arxitekturasını dəyişmək səylərindən gedir. Amerika dollarına bir sıra inkişaf etməkdə olan dövlətlər tərəfindən həmlələr hələ 2008-2009-cu illərdə dünya maliyyə böhranı zamanı edilirdi. ABŞ Federal Ehtiyat Sistemi (FES) tərəfindən qəbul edilən proqram inkişaf etməkdə olan ölkələrin mənfi reaksiyasına səbəb oldu. ABŞ-ın mövqeyini daha kəskin şəkildə Rusiya prezidenti Vladimir Putin tənqid edirdi. Rusiya dövlət başçısı Ağ Evi "düzgün olmayan oyun"da günahlandırırdı.
Hazırda inkişaf etməkdə olan ölkələr Amerika dollarının ticarət əməliyyatlarında və strateji rezervlərdə çəkisinin azalması istiqamətində bir sıra addımlar atır. 2014-cü ildə Rusiya Mərkəzi Bankı strateji valyuta ehtiyatlarının strukturunda dolların payını 44,8%-dən 39, 6%-ə endirib. Ehtiyatlarda onun yerini avro tutub, bu valyutanın payı 41,5%-dən 46,1%-ə yüksəlib. Maraqlıdır ki, Moskva artıq 2015-ci ildə, təxminən, 30 ton qızıl alıb, bununla da, onun fiziki həcmini 1238 tona yüksəldib.
Rəsmi Pekin isə strateji valyuta ehtiyatları strukturunda yığılmış qızıl haqda məlumat vermir. Çinin qızıl ehtiyatı 5 mindən 10 min tona qədər qiymətləndirilir. Bununla belə, Çin qızıl ehtiyatının artırılması üçün yaxşı maliyyə ehtiyatlarına malikdir və Amerikanın ən çox borcu olduğu ölkə olaraq qalır - 1,26 trln. dollar.
Əlbəttə, rəsmi Pekin çox gözəl anlayır ki, "Amerika maliyyə çap maşınının" hər buraxılışı onun maliyyə yığımlarını yeyir və amerikan dollarının hökmranlığından xilas olmaq üçün qeyri-adi addımlar atmaq zəruridir. Həm də özlərini ABŞ dollarının taleyinin dəyişkənliyindən təkcə iri ölkələr qorumağa çalışmır.
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) da son illər ərzində valyuta ehtiyatlarının diversifikasiyası üzrə fəal addımlar atıb. Əgər əvvəllər ehtiyatların 70%-dən çoxu dollarda saxlanılırdısa, 2015-ci ilin aprel ayına olan vəziyyətə görə "yaşıl pul"un payı 55,8%-ə qədər azalıb.
ARDNF-in ehtiyatlarının 31,6%-i isə avroda, 5,1%-i funt-sterlinqdə saxlanılır. Ehtiyatların qalan hissəsi Avstraliya dolları (0,5%), türk lirəsi (1,1%), Rusiya rublu (1,4%), Koreya vonu (1,2%) və qızıl (3,3%) arasında paylaşdırılıb. Yaxın zamanlarda investisiya portfelində Çin yuanı da olacaq. Bu, 500 mln. dollar məbləğində qiymətli kağızlar və istiqrazlar əldə etmək üçün Çin Milli Bankından əldə olunacaq icazə sayəsində baş verəcək. Ehtimal ki, ARDNF qiymətli kağızların dollar və avro portfelini azaldacaq. Bununla yanaşı, Asiya-Sakit okean regionu ölkələri arasında fondun kapitalı 3,14% səviyyəsinə çatacaq.
Bilməliyik ki...
İnkişaf etməkdə olan ölkələr ABŞ dollarının ticarət əməliyyatlarındakı çəkisini azaltmaq üçün də bir sıra addımlar atır. Son vaxtlar ölkələrarası ticarət əməliyyatlarında milli valyutalara keçid haqda məlumatlar yayılmaqdadır: Türkiyə İranla, Rusiya Çinlə və s. Lakin dolların hakim mövqeyi üçün əsas təhlükəni müxtəlif beynəlxalq təşkilat və maliyyə institutları çərçivəsində imzalanan milli valyutadan istifadəyə dair çoxtərəfli müqavilələr törədə bilər.
Və bu mənada əsas mövqeləri Rusiya, Çin, Hindistan, Braziliya və CAR - BRİKS-in iqtisadi birləşməsi tutur. Təşkilat kapitalı 100 mlrd. dollar olan BRİKS bankının və BRİKS ölkələrinin şərti valyuta ehtiyatları Daxılının yaradılmasını bəyan edib. Onların yaradılmasına dair razılaşma 2014-cü il iyul ayında Braziliyanın Fortoleza şəhərində imzalanıb. Müqavilədə göstərilir ki, BRİKS ölkələrinin şərti valyuta ehtiyatları daxılının yaradılmasında məqsəd bu dövlətlərin milli maliyyə sistemlərində dolların likvidliyi ilə bağlı yarana biləcək problemlər zamanı maliyyə köməyinin göstərilməsindən ibarətdir.
Bundan başqa, Çində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) yaradılması istiqamətində uğurlu iş gedir. Bu bankda ABŞ və Yaponiya istisna olmaqla, demək olar ki, bütün ölkələr iştirak etmək istəklərini ifadə ediblər. Çin yuanının beynəlmiləlləşdirilməsi prosesi sürətlə gedir. Hazırda Çin yuanı 40-dan artıq ölkədə valyuta ehtiyatlarının növlərindən biri kimi qəbul edilib. Çinin xarici tərəfdaşları öz suveren istiqrazlarını Çin yuanına yerləşdirməyə başlayıblar.
Milli valyutaların "diskriminasiyasına" son qoymaq Düzgün oyuna nail olmaq məqsədilə dünya valyuta sistemi "qızıl standarta" qayıtmalıdır. Daha doğrusu, bütün milli zənginlik bundan sonra dollarda, avroda və ya mövqeyini gücləndirən Çin yuanında deyil, qızılda hesablanmalıdır.
Yeni valyuta arxitekturasının başında hər hansı bir ölkənin əsginası və ya dünyanın aparıcı ölkələrinin valyuta səbəti deyil, hər bir ölkənin pul nominalının qızıla olan nisbəti durmalıdır. Deməli, dünya valyuta sistemi bu və ya digər ölkənin milli valyutasının arxasında nə qədər qızıl ehtiyatının dayandığı barədə məlumat verməli və bununla da, bu məsələdə möhtəkirliyə son qoymalıdır.
Qızılın zəif tərəfi nağd hesablaşmalar idi, lakin bir çox ölkələr, demək olar ki, tam olaraq nağdsız hesablaşmalara keçib. Dünyanın bir neçə ölkəsində isə artıq kağız əsginas əvəzinə qızıl sikkələrin verilməsi üçün bankomatlar da quraşdırılıb.
Təbii ki, Ağ Ev Amerika iqtisadiyyatının iflasa uğramasının qarşısını almaq üçün sonuna qədər "qızıl standart"ına qayıtmağa mane olacaq. Xatırladaq ki, 1965-ci ildə 750 milyonluq dollarla yüklənmiş Fransa gəmisi Nyu-Yorka yan alaraq bu əskinasları fiziki qızıla dəyişdirilməsini tələb etmişdi. Sonradan fransızlar qızıl mübadiləsi üçün eyni məbləğdə dollarla yüklü daha bir gəmi göndərmişdilər. Fransanın ardınca Almaniya da öz dollarını qızıla dəyişdirmək üçün müraciət etmişdi. Nəticədə, 1971-ci ildə ABŞ "qızıl standartı"ndan imtina edib.
İstisna deyil ki, 1965-ci ildə dollarların qızıla dəyişdirilməsinə nail olan general de Qoll kimisi XXI əsrdə də tapıla bilər.
OLIMPƏ APARAN YOL
Dünya liderliyi uğrunda mübarizəni dollar Britaniya funt-sterlinqi ilə çətin qarşıdurmada qazanıb. İlk "çap dəzgahını" İngiltərə Bankı 1694-cü ildə işə salıb, ondan sonra Britaniya imperiyası funt-sterlinqin bütün dünyada və ilk növbədə, öz müstəmləkələrində aktiv şəkildə zorla yeritməyə başlayıb.
Dörd əsr ərzində dünya valyutası funksiyasını yerinə yetirən funtu dolların "xaç atası" saymaq olar.
ABŞ hökuməti öz valyutasını 1785-ci ildə qəbul edib və ilk dolları 1794-cü ildə buraxmağa başlayıb. Lakin dollar yalnız 1931-ci ildə funt-sterlinqin qızıla bağlanmasından imtina edildikdən sonra uğur qazanıb halbuki o vaxt valyuta birjasındakı təşvişə baxmayaraq, dollara münasibətdə "qızıl standart" qüvvədə qalmağa davam edirdi.
Buna baxmayaraq, Amerika dolları ildən-ilə öz "qızıl parıltısını" itirir. Dolların necə sürətlə "arıqlamasını" 1 qızıl unsiyasının qiymətinə nəzər yetirməklə olar: 1792-ci ildə-19,3 $; 1934-cü ildə - 35 $; 1973-cü ildə - 42,22 $.
1976-cı ildə Yamayka valyuta sistemi yaradıldı və onun çərçivəsində dolların qızıla bağlılığı rəsmən ləğv olundu, lakin bununla belə dollar üzən məzənnə əmsalı ilə dünya rezerv valyutası olaraq qalırdı. 1980-ci ilin əvvəlində qızılın qiyməti bir troy unsiyasına görə 850 dollara qədər qalxıb. 2008-ci ilin martında isə qızılın qiyməti bir troy unsiyasına görə 1000 dollar həddini aşıb.
2011-ci ilin sentyabrın 6-da qızılın qiyməti öz zirvəsinə - bir troy unsiyasına görə 1920 dollar həddinə çatıb. İndi bir troy unsiyasına görə satış 1200 dollar səviyyəsində gedir.
Lakin 2011-ci il sentyabrın 6-da olan hadisələr Amerika dollarının ucuzlaşmasında son hədd deyil. Belə ki, ekspertlərin fikrincə, 2030-cu ildə bir troy unsiyasına görə qiymət 2400 dollara çata bilər.
MƏSLƏHƏT GÖR: