BALKANLAR YENİ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ
Makedoniya Rusiya-Qərb qarşıdurmasının növbəti qurbanına çevrilə bilər
Müəllif: Eldar PAŞAYEV Bakı
Hər zaman "Avropanın barıt çəlləyi" hesab olunan Balkanlarda yaşanan istənilən hadisə dünyada əməlli-başlı narahatlıq yaradır. Vaxtilə məhz bu regionda baş vermiş məşhur "Sarayevo qətli" Birinci Dünya müharibəsinin başlanması üçün formal səbəb olmuş, sonralar isə keçmiş Yuqoslaviya respublikaları arasında qanlı qarşıdurmalar yaşanmışdı. Bu dəfə bütün diqqətləri Makedoniyada yaşanan daxili siyasi böhran öz üzərinə cəmləyib. İndi yerli sosial-demokratlar 2014-cü ilin aprelində keçirilmiş növbədənkənar parlament seçkisi nəticəsində formalaşmış hökumətin istefasını tələb edir.
Artıq 9 ildir hökumətə rəhbərlik edən Baş nazir Nikola Qruyevski ilə müxalifət lideri Zoran Zayev arasında Strasburqda keçirilmiş görüş, o cümlədən Skopyedə ABŞ səfiri və Aİ-nin Makedoniyadakı missiyasının rəhbərinin müşayiətilə aparılmış danışıqlar hələ ki, ciddi nəticə verməyib.
Hökumətin əleyhidarları parlamentin işini boykot edir, genişmiqyaslı mitinqlər təşkil edir. Belə aksiyalardan biri mayın 17-də Makedoniya paytaxtının mərkəzində yerləşən Hökumət evinin qarşısında keçirilib. Müxtəlif hesablamalara görə, mitinqdə 70 000-dək insan qatılıb. Onlar əllərində üzərində "Əlvida, Nikola!" şüarları yazılmış plakatlar tutublar. Mitinqçilərin əllərində makedon, serb, türk, qaraçı və alban simvolları da olub. Nümayişin başa çatmasının ardından aksiya iştirakçılarının bir hissəsi çadır şəhərciyi qurub və şəhərcik operativ olaraq su, ərzaq məhsulları ilə təmin olunub. Müxalifətçilər hökumət istefa verənədək dağılışmayacaqlarını bildirirlər. Onlar xüsusilə baş nazirin və xarici işlər naziri Nikola Popovskinin istefasını tələb edirlər. Etirazçıların fikrincə, Makedoniyanın "Avro-Atlantika yolundan dönməsi" məhz onların günahıdır.
Mitinqçilərə ilk dəstəklərdən biri avroparlamentari Riçard Xovitdən, Avropa Parlamentindəki sosial-demokratlar fraksiyası sədrinin müavini Knut Flekenştayndan, Bolqarıstanın sabiq baş naziri Sergey Stanişevdən və ziyalılardan gəlib. Xovit bildirib ki, Avropa Makedoniyada baş verənləri kənardan izləyə bilməz və dərhal "dinləməyə, görməyə, iştirak etməyə başlamalıdır".
Zayevin başçılıq etidiyi Makedoniya Sosial-Demokrat İttifaqı (MSDİ) ("Demokratik müxalifət") bu ilin yanvarından hakimiyyətlə mübarizədə yeni mərhələyə qədəm qoyaraq, israrla istəyinə nail olmağa çalışır. O, bu ilin əvvəlində hakimiyyətdə təmsil olunan yüksəkrütbəli şəxslərlə bağlı kompromatlar əldə etdiklərini bildirmişdi. Müxalifət məmurların saxtakarlıqda, məhkəmə sisteminə müdaxilələrdə, minlərlə insanın qeyri-qanuni şəkildə izlənilməsində, müxalifət qüvvələrinə qarşı güc tətbiqi planı hazırlamaqda təqsirləndirir. Bəzi məlumatlara görə, müxalifət bu faktları özündə əks etdirən audioyazıları "xarici xüsusi xidmət orqanları"nın köməkliyilə əldə edib.
Bu bəyanata cavab olaraq, Makedoniyanın xüsusi xidmət orqanları yanvarın 31-də "Qiyam" kod adı altında xüsusi əməliyyat keçirib. Hökumət bunu qanunsuz casusluq və izləmə vasitəsilə dövlət çevrilişinə cəhdin, həmçinin vəzifəli şəxslərin həyatına yaranmış təhlükənin qarşısının alınması kimi təqdim edib. Əməliyyatın ardınca Makedoniya Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və əks-kəşfiyyat idarəsinin sabiq rəhbəri Zoran Veruşevskiyə, xanımı Soniyə, MSDİ liderinə, Strumisa icmasının yerli özünüidarə orqanının rəhbəri Branko Palifrova qarşı cinayət işi qaldırılıb. Zoran Zayevə isə toxunulmayıb.
Bir qədər sonra daxili işlər naziri Qordan Yankuloskaya, qurumun Təhlükəsizlik və əks-kəşfiyyat idarəsinin rəhbəri Saşo Miyalkov, nəqliyyat və kommunikasiya naziri Mile Yanakiyevski istefaya gediblər. Qruyevski isə vəzifəsini tərk etmək fikrində olmadığını bildirir. Artıq onun tərəfdarları da hökumətə dəstək məqsədilə miqyaslı mitinqlərə başlayıblar. Mətbuatın məlumatına görə, hökumətə dəstək aksiyasında, təxminən, 100 min makedoniyalı iştirak edib. Onlar birlik, müstəqillik şüarları səsləndirib, ölkənin daxili işlərinə kənar müdaxilələrə etirazlarını bildiriblər.
Rəsmi Skopye kənar müdaxilələr dedikdə qonşu Albaniyanı və Qərb dövlətlərini nəzərdə tutur. Mayın 9-da Şimali Makedoniyada - Serbiya ilə sərhədə yaxın ərazidə yerləşən, alban anklavının mərkəzi sayılan Kumonovo şəhərində polislə zirehli texnika, avtomatlarla, partlayıcılarla hərəkətə keçmiş terrorçu qrup arasında ciddi toqquşma olub. Məlumata görə, dövlət qurumlarını hədəf seçmiş yaraqlılar "Kosovo azadlıq ordusu" ilə əlaqəli şəxslər imişlər. Qeyd edək ki, ölkədə albanların yaşadığı şimal-qərb rayonlarını güc yolu ilə Makedoniyadan ayırmağa çalışan güclü alban qruplarının olduğu bundan əvvəl də deyilirdi.
Bir neçə saat davam edən toqquşmada 8 asayiş keşikçisi, bir neçə dinc sakin həlak olub, xeyli sayda insan yaralanıb. Müxtəlif məlumatlara görə, hüquq mühafizə orqanları əməkdaşları 10-15 arası yaraqlını məhv edib, daha 20-dək silahlı könüllü şəkildə polisə təslim olub.
Baş verənlərə görə yenə də hökumətlə müxalifət bir-birini ittiham edir. Hökumət nümayəndələri hücumun ölkə rəhbərliyinin xaricdə olduğu, müxalifətin etiraz aksiyalarının səngiməyə başladığı dövrdə baş verdiyini deyir, bunu respublikada sabitliyin pozulmasına cəhd kimi dəyərləndirir. Müxalifət isə hökuməti diqqətləri dərin daxili siyasi böhrandan, Qruyevskinin rəhbərliyi dövründə yığılıb qalmış problemlərdən yayındırmaq üçün qəsdən bu hadisəni təşkil etməkdə günahlandırır. Onların versiyasına görə, DİN və məxfi polisin rəhbərləri məhz bu məqsədlə vəzifələrindən gediblər - guya Qərb diplomatları hökumətlə Kumonovodakı hücumu təşkil etmiş alban yaraqlıları arasında gizli danışıqları sübut edən dəlilləri onlara təqdim ediblərmiş.
Bu arada Serbiyanın "Veçernıye novosti" qəzeti yerli xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən Makedoniyada Çernoqoriya vətəndaşının həbs olunduğunu yazır. Məlumata görə, o, "Kosovo-alban yaraqlılarına yardım göstərməkdə, onları Serbiyadakı potensial hədəflər haqda məlumatlandırmaqda" şübhəli bilinir. Amma saxlanılmış şəxs nədənsə Amerika nümayəndələrinə təqdim olunub və onlar şübhəlini Skopyedəki ABŞ səfirliyinə aparıblar.
Qəzetin xəbəri aldığı mənbənin nə dərəcədə sağlam olduğu bilinmir. Amma bu xəbərlər öz-özlüyündə Balkanlarda müxtəlif maraqların nə qədər qarışıq, keçmiş Yuqoslaviya respublikalarının problemlərinin bir-birilə nə qədər əlaqəli olduğunu göstərir. Bütün baş verənlərlə bağlı "xarici izlər"lə bağlı eyhamlar da diqqətdən qaçmamalıdır. Yeri gəlmişkən, bu eyhamlara Rusiya XİN-in reaksiyası özünü çox gözlətməyib. "Belə təəssürat yaranır ki, Makedoniyada vəziyyətin gərginləşməsilə bu ölkənin rusiyapərəst siyasəti arasında əlaqə var", - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiya baş nazirinin birinci müavini, xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiçlə görüşünün yekununda verdiyi açıqlamada bildirib. Rusiya XİN-də əmindirlər ki, Makedoniyadakı vəziyyət kənardan idarə olunur və bu kənar qüvvələr Makedoniyanı "rəngli inqilab uçurumuna yuvarlatmaq istəyir". Smolensk meydanında da əsas fikir ondan ibarətdir ki, bu işlərin arxasında "Qərb, qərbin bu cür faciəvi ssenarilərinin müəllifləri dayanır və onlar öz planlarını "başqalarının əlilə" həyata keçirməyə çalışırlar".
Rusiya tərəfi Makedoniyada yaşananları hökumətin Moskvaya qarşı sanksiyaları dəstəkləməkdən imtinası ilə əlaqələndirir. Amma, rusların fikrincə, bu, yeganə səbəb deyil. Onlar hesab edirlər ki, Skopyenin Yunanıstanın Pirey limanından Budapeştə Çinin "İpək yolu" layihəsi çərçivəsində sürətli dəmir yolunun çəkilməsi layihəsinə dəstək verməsi, həmçinin Makedoniya ərazisindən keçə biləcək "Türk axını" layihəsini dəstəkləməsi də baş verənlərin səbəbləri sırasındadır. Rusiya KİV-də şübhə yaradan məqamlardan biri ABŞ-ın Makedoniyaya göndərdiyi yeni səfir Cess Beylidir. O, bunadək Birləşmiş Ştatların Türkiyədəki səfiri olub və İstanbulun Taksim meydanındakı iğtişaşlar, etiraz aksiyaları məhz Beylinin səfir olduğu dövrə təsadüf edib.
ABŞ, Aİ, ATƏT və NATO nümayəndələri isə öz növbələrində Makedoniyada yaşananlarla bağlı birgə bəyanatla çıxış ediblər. Bəyanatda bildirilir ki, onlar baş verənlərin Makedoniya liderləri üçün stimul olacağına, "onlarda birliyə, uzanmaqda olan siyasi böhran da daxil olmaqla, ölkəyə aid bütün məsələlərlə bağlı dialoq aparmağa həvəs yaradacağına" ümid edirlər.
Bütün baş verənlər fonunda - istər sıra daxili siyasi böhran olsun, istərsə də ABŞ-la Rusiya arasında növbəti nüfuz savaşı - ən narahatedici məqam makedoniyalılarla albanlar arasında etnik zəmində qarşıdurmanın yenidən qızışdırılması cəhdləridir. Xatırladaq ki, belə toqquşmalar əvvəllər də baş verib və 2001-ci ildə o, formal olaraq Oxrid razılaşmanın imzalanması ilə bitib. 1990-cı illərdə alban azlıq həm Makedoniyanın müstəqilliyinə, həm də alban rayonlarına muxtariyyətin verilməsinə qarşı idilər. O zaman onlar "Böyük Albaniya"nın yaradılması ideyası ilə yaşayırdılar. Xoşbəxtlikdən o dövrdə tərəflər arasında böyük savaşdan qaçmaq mümkün oldu. Oxrid razılaşmasına əsasən, alban yaraqlıları tərk-silah edildi, Makedoniya hökuməti isə üzərinə alban əhalinin hüquqlarının genişləndirilməsi öhdəliyi götürdü. Amma münaqişə 2001-ci ildən sonra da davam etdi. Gərginlik Kosovonun Serbiyadan ayrılmasından sonra da səngimədi və 2013-cü ildə Skopyedə əvvəlcə etiraz aksiyaları, daha sonra iğtişaşlar baş qaldırdı. Buna səbəb alban Tələt Cəfərinin ölkənin yeni müdafiə naziri təyin olunması idi. Makedoniyalı əhali Cəfərinin 2001-ci ildə etnik münaqişədə iştirak etdiyini əsas gətirərək, onun bu vəzifəyə təyinatına etiraz edirdi. İndisə alban icmasının liderləri təhlükə hiss edəcəkləri təqdirdə, Makedoniyanın hökumət orqanlarının işini iflic edəcəklərini bildirirlər. Üstəlik, Albaniya bu yaxınlarda Makedoniyanın NATO-ya üzvlüyə namizə statusu alması planına etirazını bildirib. Albaniya hökumətinin rəhbəri Edi Rama hesab edir ki, "Oxrid razılaşmasına əməl etməyən, insan haqlarına hörmətlə yanaşmayan Makedoniya NATO üzvü ola bilməz". Bəzi məlumatlara görə, müxalifətin Makedoniya hökumətinin albanları sıxışdırdığına dair materialları ortaya çıxaracağı belə, istisna deyil.
Xeyli vaxtdır sülh şəraitində yaşayan Balkanlarda etnik qarşıdurmaların geridə qaldığını düşünmək sadəlövhlük olardı. Bu hadisələri öz maraqları üçün istifadə etmək istəyən qüvvələr hər an keçən günləri geri qaytara bilər. Üstəlik, artıq qeyd edildiyi kimi, Makedoniyanın özündə "etnik kart" istər hökumət (onlar bu yolla diqqətləri öz yanlışlıqlarından, problemlərindən yayındırmağa çalışa bilərlər), istərsə də müxalifət üçün (aranı qarışdırmaq, iğtişaşlara yol açmaq, bununla da hökuməti devirmək və hakimiyyətə gəlmək) sərfəli rıçaqa bənzəyir. Bundan başqa, Makedoniya o qədər də böyük ölkə olmasa da, təəssüf ki, çox problemli ölkədir. O, Avropanın ən yoxsul dövlətlərindən biri sayılır (bu baxımdan o, yalnız qonşu Albaniyadan öndədir). Makedoniyada işsizliyin səviyyəsi 30%-dir. 450 minədək vətəndaş (yəni ümumi əhalinin beşdə biri) daha yaxşı həyat axtarışı ilə Avropanın ayrı-ayrı ölkələrinə üz tutub. Afrika və Yaxın Şərq ölkələrindən daim qeyri-leqal miqrant kütləsinin buraya üz tutması ölkədə vəziyyəti daha da ağırlaşdırır. Miqrantlar Makedoniyaya gələrək, buradan Yunanıstan və digər Balkan ölkələri vasitəsilə Aİ-yə, əsasən Almaniya və İtaliyaya keçməyə çalışırlar. Makedoniya uzun müddətdir ki, Avropanın kandarında qalıb - Yunanıstanın vetosu onun Aİ üzvünə çevrilməsinə imkan vermir. İndi bu, prinsipcə dünyanın bütün nəhəng gücləri qarşısında müdafiəsiz qalmış Balkan ölkəsi yenidən Rusiya ilə Qərb arasındakı geosiyasi və iqtisadi qarşıdurmanın qurbanına çevrilərsə, onun ərazi bütövlüyü, hazırkı beynəlxalq münasibətlər sistemi yenidən təhlükə ilə üzləşərsə və faciəvi zərbə ala bilər.
MƏSLƏHƏT GÖR:






760

