14 Mart 2025

Cümə, 22:35

AŞIQLAR ÜÇÜN "DƏYİRMİ MASA"

Mədəniyyət nazirliyinin dəstəyi ilə aşıq yaradıcılığı haqqında sənədli filmlər seriyası hazırlanır

Müəllif:

15.03.2008

Azərbaycan aşıqlarının 1928-ci ildə keçirilən I qurultayının 80 illik yubileyi diqqətdən yayınmadı. Mədəniyyət və Turizm Nazirliyi bu əlamətdar hadisə ilə əlaqədar, Muzey Mərkəzində "Azərbaycanın aşıq sənəti: müasir durum və inkişaf perspektivləri" mövzusunda "dəyirmi masa" keçirdi.  "Dəyirmi masa" ətrafında Azərbaycanın mədəniyyət və turizm naziri Əfülfəs Qarayev, aşıq yaradıcılığının müxtəlif aspektlərinin görkəmli tədqiqatçları və aşıqlar - incəsənətin bu qədim növünün ölkəmizin müxtəlif bölgələrindən olan müasir xadimləri toplaşdılar. "Dəyirmi masa"nın xüsusi qonaqları UNESCO təmsilçisi Devid Ştel və bu təşkilatın eksperti Jan Dürinq oldu.   

Tədbirin gedişində iştirakçılara Azərbaycan aşıqlarının qurultaylarından arxiv materialları əsasında hazırlanan qısametrajlı videofilm nümayiş etdirildi. 1928, 1938, 1961...  İllər keçir, Azərbaycan aşıq yaradıcılığının əfsanəvi nümayəndələri ekranda bir-birini əvəzləyir. Kadr arxasından Səməd Vurğunun şeiri  səslənir. Sonuncu kadr - 2008-ci il. Hələlik  yalnız tarix göstərilir, bütün nailiyyətlər isə hələ irəlidədir. Sanki filmin davamı kimi, mədəniyyət və turizm naziri bəyan etdi ki, rəhbərlik etdiyi qurumun kino şöbəsinin himayəsilə aşıq sənətimizin görkəmli nümayəndələri haqqında sənədli filmlər seriyası çəkiləcək. 

"Dəyirmi masa"nın gündəliyinə aşıq sənətinin Azərbaycan xalqının mədəniyyət tarixində yeri, bu sənətin təkrarsız özəllikləri, qonşu ölkələrin incəsənətinə təsiri, müasir problemləri, dünya səviyyəsində mühafizəsi və təbliği barədə diskussiyalar daxil edilmişdi.

Ölkə rəhbərliyinin aşıq yaradıcılıgına verdiyi önəmi qeyd edən Əbülfəs Qarayev bildirdi: "Muğam bəşər mədəniyyəti tarixinə qızıl hərflərlə yzılıb və nazirliyimiz aşıq yaradıcılığının da dünyada belə məşhurlaşması üçün səylərini əsirgəmir. Qloballaşma şəraitində biz aşıq sənətinin mahiyyətini dünyaya çatdırmalı, səylərimizi UNESCO və digər beynəlxalq mədəniyyət institutları ilə birləşdirməli, bu sahədə bütün mövcud araşdırmaları bir yerə toplayaraq, dünya ictimaiyyətinə təqdim etməliyik". 

 

Təkrarsız sənət

 

Çıxış edən alimlər müxtəlif səpkili məsələlər qaldırdılar. Məsələn, tanınmış tədqiqatçı, AMEA İncəsənət və Memarlıq İnstitutunun böyük elmi işçisi, UNESCO-nun qeyri-maddi irs üzrə eksperti Sənubər Bağırova aşıq sənətini "ümumdünya auditoriyasına ünvanlanan" incəsənət kimi səciyyələndirdi. O xatırlatdı ki, aşıq məktəbləri müasir Azərbaycan dövlətilə həmsərhəd ərazilərdə - Göyçə, Təbriz, Borçalıda da mövcud olub. Üstəlik, tarixi faktlar iddia etməyə imkan verir ki, digər xalqların aşıqları da şeirlərini Azərbaycan dilində və ya Azərbaycan şeir üslubunda qoşurdular! Bununla yanaşı, alim son onilliklərdə Şimali Azərbaycanda aşıqların sayının kəskin azaldığını və bu təkrarsız yaradıcılıq növünün özünün keyfiyyətinin təəssüf doğuracaq dərəcədə aşağı düşdüyünü də bildirib. Lakin o da qeyd edilib ki, Lider telekanalının keçirdiyi aşıq musiqisi müsabiqəsi, bütün çatışmazlıqlarına baxmayaraq, elə təkcə ilk belə təşəbbüs olduğuna görə qiymətlidir. 

Çıxış edənlər vurğulayırdılar ki, aşıq sənətinin unikallığı onun hər bir təmsilçisinin multifunksionallığındadır. Axı aşıq həm bəstəkar, həm şair, həm müğənni, həm də musiqiçidir. Elə bircə onu demək kifayətdir ki, bölgələrimizdə heç bir toy aşıqsız keçmir. Dilinin və şeir ölçülərinin bölgədəki qonşular (həm də təkcə onlar yox) tərəfindən əxz olunmasından savayı, məhz Azərbaycan aşıq sənətinin unikallığına dəlalət edən daha bir fakt Azərbaycan aşıqlarının musiqi alətlərinin forma və quruluşlarının kəskin özünəməxsusluğu ilə fərqlənməsidir.

Tədqiqatçılar toplaşanlara xatırlatdılar ki, aşıq sənətinin müasir (həm də fövqəlzaman!) aktuallığını elə bircə o sübut edir ki, onun melodiyaları yeni dövr Azərbaycan bəstəkarlarının bir çox əsərlərinin ruhuna hopub - ilk milli operadan Qara Qarayevin Üçüncü simfoniyasına qədər. 

Alimlər mövzunun daha bir çox maraqlı cəhətini qeyd etdilər: son üç əsrdə Azərbaycan aşıq yaradıcılığı həm də xalq yaradıcılığında heyrətamiz gender tarazlığına örnəkdir. Bunun müsəlman ənənəli incəsənətdə olması xüsusilə dəyərlidir. Axı hələ XIX əsrin ortalarında Azərbaycanın ən ucqar bölgələrində kişilərlə yanaşı, qadın aşıqlar da vardı. Aşıq Pərinin istedadlı qız və gəlinləri öz ətrafına toplayan və bir növ, antik Safo dərnəyinin Vətənimizdəki analoqu olan məşhur məclisi buna bariz nümunədir. Bir sözlə, artıq 200 ildir ki, Azərbaycan aşıq sənətində qadın ifaçılar heç də qeyri-adi bir hadisə deyil. Halbuki milli teatr tariximizdə peşəkar qadın aktrisalar yalnız ötən əsrin 30-cu illərində meydana çıxıb. Ona qədərsə ağlasığmaz dərəcədə cəsur Sarabskidən başlayaraq, Azərbaycan səhnəsində qadın rollarını kişilər ifa edirdilər. Maraqlıdır ki, indi artıq durum tam əksinədir: Azərbaycanda kinoda, teatrda, estradada yüzlərlə qadın olsa da, cəmi bir qadın aşıq var - Ulduz Əliyeva. Yeri gəlmişkən, o, aşıq sənətinin öyrədilməsi proqramının layihəsini yaradıb. 

İncəsənət, ozan, 

xüsusi məktəb

 

Bir az da layihələr barədə danışaq. "Dəyirmi masa" arxasında fikir mübadiləsinin gedişində yeni formaların axtarılması, aşıq sənətinin ensiklopediyasının, Bakıda ozan mərkəzinin, ölkənin bölgələrində isə onun filiallarının, xüsusi məktəbin yaradılması, həmçinin mədəniyyətin bu sahəsinə dövlət dəstəyinin artırılması ilə bağlı təkliflər açıqlandı. 

Təkliflərin hərtərəfli düşünülmüş olduğu dərhal hiss edilirdi. Əslində, bunlar bu və ya digər qəbildən olan bütöv layihələr idi. Belə ki, "dəyirmi masa" iştirakçılarının diqqətinə aşıq kostyumlarının İncəsənət Akademiyasının tələbələri tərəfindən slaydlar şəklində hazırlanan bir neçə eskizi təqdim edilmişdi. İştirakçılar bir səslə ən sadə, o qədər də bəzək-düzəyi olmayan, lakin klassik aşıq simasına ən yaxın eskizi bəyəndilər. Mütəxəssislərin rəyi həm bu, həm də digər  məsələlərin rəsmi müzakirəsi zamanı nəzərə alınacaq. Müzakirələr bitdikdən sonra konsert proqramı təqdim edildi. Bu, tədbirə gələn bütün məşhur müasir Azərbaycan aşıqlarının çıxışları - əsl sənətkarların həqiqi sənətsevərlərə möhtəşəm bir töhfəsi idi. Konsert əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü İsfəndiyar Rüstəmovun rəhbərliyi altında Gədəbəy xalq aşıqları ansamblının ifasında "Gəraylı" kompozisiyası ilə başladı. Sonra səhnəyə Tovuz, Kəlbəcər, Göyçə, Borçalı, Qazax, Şirvan aşıqları çıxdılar.

Ozanlıq əsasən kişilərə xas sənət olsa da, onlarla ən yaxşı ifaçımızın sırasında xanım aşıq Ulduz Əliyeva da parlayır. O, aşıq yaradıcılığının Gədəbəy ocağını təmsil edərək, Kələntər Zeynalovla birlikdə "Sönməz"i ifa etdi.

Konsertdə o da aydın oldu ki, aşığın papaq, uzunboğaz çəkmə və qalife şalvarda olması mütləq deyil. Bunu gənc aşıq Ramin Qarayev müvəffəqiyyətlə sübut etdi. Borçalı ocağının "Misri"ni ifadə edən bu təmsilçisi səhnəyə adi kostyumda çıxdı. Lakin bu onun parlaq ifasının yaratdığı təəssürata zərrə qədər də təsir göstərmədi. Tədbirin rəngarəng konsert hissəsi  aşıq sənətinin zamanın fövqündə durduğunu deyən alimlərin sözlərinə ən gözəl illüstrasiya oldu. 


MƏSLƏHƏT GÖR:

473