
HƏR ŞEY ÖZ YERİNİ ALIR…
Pessimist proqnozlara rəğmən, xarici bankların Azərbaycan bazarına marağı artıb
Müəllif: İlahə MƏMMƏDLİ Bakı
2004-cü ildən etibarən, Azərbaycan Milli Bankı xarici kapitalın ölkənin bank bazarına daxil olmasına dair limiti tamamilə ləğv edib. Bu qərar bank sisteminin liberallaşdırılması - ölkənin bank sektoruna xarici investisiyaların artırılması, xarici bankların Azərbaycanın maliyyə sektorunun layihələrində, yerli bankların təkrar kapitallaşdırılması prosesində iştirakının genişləndirilməsi, məşhur xarici bankların dövlət banklarında iştirak etmələri, bank sektorunda rəqabətin inkişaf etdirilməsi və əhaliyə və biznesə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul olunub.
Bütün bu amillər vaxtilə HSVC bankının Azərbaycan filialına lisenziya verilməsi barədə qərarı əsaslandıran amilləri çox xatırladır. 1996-cı ildə Britaniya bankının filialına məhz yuxarıda sadalanan mülahizələrdən çıxış edərək lisenziya verilmişdi. Lakin cəmi 6 il keçdi və bank Azərbaycanda fəaliyyətinə xitam verməsi barədə qərarını açıqlayaraq, ölkəmiz üçün o qədər də xoşagələn olmayan səbəb göstərdi: yaxın 10 ildə ölkədə bank biznesi üçün ciddi perspektiv yoxdur.
Lakin elə həmin 2002-ci ildə Azərbaycanın maliyyə sektorunun Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən aparılan monitorinqləri ölkənin bank sisteminin ümumi iqtisadi göstəricilərin aşağı düşməsi risqinə davam gətirmək imkanlarının yüksək olduğunu üzə çıxardı. Monitorinqlər göstərdi ki, göstəricilər hətta 50-70% pisləşdiyi halda da (ən pis ssenari) bank sistemi kapitalın sıfır səviyyəsinə enməyəcək, onun aktivləri isə öhdəliklərindən üstün olacaq.
HSBC-nin həddən artıq pessimist olmasına baxmayaraq, aparıcı dünya banklarının ölkədə öz təmsilçiliklərini açmaq istədiklərini bildirmələri üçün Azərbaycana cəmi bir neçə il lazım gəldi.
Limitsiz...
Azərbaycanda xarici kapital üçün limit 1996-cı ildən qüvvədə idi. Həmin müddət ərzində limit Azərbaycan banklarının məcmu nizamnamə kapitalının 30%-dən 50%-nə qədər yüksəlib. Bu, özlüyündə, məhdudiyyət deyildi. Sadəcə hansısa bir məqamda yerli bazar xarici banklar üçün maraqsızlaşdı və çətin ki, məhdudiyyətlərin ləğvi özü-özlüyündə onların münasibətini dəyişərdi. Bununla belə, bu qərar yerli bankların xarici səhmdarlar cəlb etmələrini asanlaşdırdı və bunun sayəsindədir ki, hazırda ölkədə xarici kapitalın iştirak etdiyi 21 bank fəaliyyət göstərir. Bunlardan 6 bankda xarici kapitalın xüsusi çəkisi 50-100% arasında, 13 bankda isə 50%-ə qədərdir. Bundan başqa, azərbaycanda 2 xarici bankın filialı işləyir.
Hazırda xarici banklar, yaxud xarici kapitalın iştirak etdiyi banklar Azərbaycan bank bazarının üçdən bir hissəsinə sahibdir. Həm də bu göstərici cəmi son dörd il ərzində formalaşıb ki, bu müddətdə AYİB, Almaniyanın KFW inkişaf bankı (DEG "törəmə"sinin simasında), SIDT beynəlxalq maliyyə korporasiyası, həmçinin Amerikanın Kazemir Partner Limited investisiya fondu Azərbaycanın bir sıra iri kommersiya banklarında səhmlərin bir hissəsini aldılar.
Bank qanunvericiliyinə müvafiq olaraq, səhmlərin önəmli paketini, yəni 10 və daha çox faizini yeni səhmdara (mənşəyindən asılı olmayaraq) satarkən AMB-dən sanksiya istəməlidir. Bu sıradan AMB-nin müəyyənləşdirdiyi ofşor zonaları siyahısında qeydiyyatda olan xarici bank və holdinqlər istisnadır. Həmin hüquqi şəxslər yerli bankların təsisçiləri və ya səhmdarları ola, o cümlədən Azərbaycanda törəmə banklar təsis edə, yerli filial və təmsilçiliklər aça bilməzlər.
...Lakin diqqətlə seçdikdə
AMB artıq xarici bank kapitalının Azərbaycanın bank bazarına daxil olmağa daha çox maraq göstərdiyini qeyd edir. AMB İdarə Heyətinin sədri E.Rüstəmovun dediklərindən: "Bu gün Azərbaycanın bank sektoru müxtəlif xarici banklar, fondlar üçün böyük investisiya marağı doğurur. Təbii ki, biz müraciətləri diqqətlə nəzərdən keçirəcəyik, çünki Azərbaycanın bank sektorunda özlərilə təkcə pul yox, texnologiyalar, yeni korporativ mədəniyyət, kadr hazırlığı yönümündə yardım gətirəcək çox nüfuzlu və güclü bankları görmək istəyirik".
Artıq Fransadan Societe Generale, Qazaxıstandan "Bank TuranAlem" və "Xalık Bank" belə bir addım atmaqda maraqlı olduqlarını bəyan ediblər. Həm də "Bank TuranAlem" Azərbaycanda filialını açmağı, "Xalık Bank" isə bazara yerli bankı, sığorta şirkətini və digər maliyyə institutlarını almaqla daxil olmağı planlaşdırır.
"Fransız Srciete Generale korporativ və investisiya bankı Azərbaycanın bank sektoruna daxil olmaq planlarını qısamüddətli perspektivdə həyata keçirməyi planlaşdırır", - deyə bankın Azərbaycanda regional təmsilçisi Teybə Quliyeva bildirib. Societe Generale bankının strategiyasına görə, artıq fəaliyyət göstərən banklara daxil olarkən o, səhmlərin nəzarət paketinə iddialıdır. AMB-də hesab edirlər ki, hazırda Sociale Generale Azərbaycanda törəmə bank və ya filial açmaq məsələsini nəzərdən keçirir. Bu bank yerli bankda pay iştirakı əldə etmək imkanını nəzərdə tutsa da, tərəfdaş axtarışlarında çətinliklərlə üzləşdi - bir çox Azərbaycan bankı nəzarətli iştirakın satılmasına razı deyil.
Bundan başqa, Rusiyadan olan Vneştorqbank Azərbaycandakı AF Bank-da pay almaq niyyətindədir, Azərbaycanda təmsilçilik qismində fəaliyyət göstərən Latviyadan olan Parex Bank isə statusunu dəyişdirmək arzusunu bildirib.
Yalnız brendlər!
AMB brend banklarının Azərbaycana gəlişini alqışladığını gizlətmir və ötən ilin noyabrında Almaniyanın Commerz Bank, 2008-ci ilin fevralında isə Türkiyənin Citibank banklarına Azərbaycanda təmsilçiliklərini açmaq üçün icazə verilməsi bunu təsdiq edir. Ötən ilin maraqlı hadisələrindən biri də AMB-nin Gürcüstanın TBC Bank-ına Azərbaycan bazarına daxil olmağa icazə verməsi oldu. Bu bank SAO Credit qeyri-bank təşkilatının səhmlərinin 755-nin alınması barədə sövdələşmə həyata keçirdi.
Bəs Azərbaycan bu maliyyə institutlarını nə ilə maraqlandırıb? Birincisi, bu, Azərbaycanda iqtisadiyyatın son illər müşahidə olunan sürətli inkişafı və ölkənin böyük iqtisadi imkanlarıdır. Bunu Bakıda Commerzbank AG İdarə Heyətinin üzvü Martin Blessinq açıqlayıb (bankın aktivləri $900 mlrd təşkil edir, ötən il isə xalis gəliri $3 mlrd olub). Onun sözlərinə görə, bankın əsas funksiyası Azərbaycana alman investisiyalarının dəstəklənməsi olacaq və əksinə. "Bizim dünyanın müxtəlif ölkələrində işləmək təcrübəmiz var. Əvvəlcə, bankımız təmsilçilik kimi fəaliyyət göstərir. Müəyyən müddət işlədikdən sonra isə, biznesdəki uğurlardan asılı olaraq, status növbəti səviyyəyə keçir, yəni o, bankın filialı kimi fəaliyyət göstərir. Fikrimcə, Bakıda da belə olacaq. Qeyd edim ki, Bakıdakı təmsilçiliyimiz MDB ölkələri üzrə artıq 7-cidir", - deyə M.Blessinq bildirib.
Citibank da ölkəmizlə bağlı geniş planlara malikdir və bank əməliyyatlarının bir müddət sonra təmsilçiliyin filiala çevrilməsi yolu ilə həyata keçirilməsinə hazırdır. Bu barədə AMB-dəki görüşdə açıqlama verilib.
Gürcüstanın $7,5 mln müqabilində SOA Kredit qeyri-bank kredit təşkilatında 75% iştirak payı alan TBC-bankına gəlincə, TBC müşahidə şurasının sədr müavini Badri Caparidzenin sözlərinə görə, gürcü bankı SOA Kredit təşkilatını Azərbaycandakı müştərilərə müxtəlif maliyyə xidmətləri və məhsullar təklif edə bilən güclü maliyyə institutuna çevirmək fikri var. Sövdələşmədən sonra SOA Kredit təşkilatının nizamnamə kapitalı artaraq, $10 mln təşkil edib ki (əvvəl $2,5 mln idi), burada $7,5 mln gürcü bankının yatırımıdır. Bundan başqa, TBC-bank gələcəkdə AMB-yə SOA Kredit üçün dolğun bank lisenziyası almaq məqsədilə müraciət etməyi nəzərdə tutur.
Beləliklə, xarici bankların Azərbaycan bazarına gəlişi, onların marağının artmasını ölkənin neft gəlirlərinin artması ilə əlaqələndirən bəzi ekspertlərin pessimistcəsinə dedikləri kimi, heç də müvəqqəti hal deyil. Hərçənd ölkə iqtisadiyyatının digər seqmentlərində olduğu kimi, həmin amil burada da öz müsbət rolunu oynayır. Bununla belə, artıq ölkənin bank sektorunda iştirak edən xaricilərin planlarının uzunmüddətli olması göstərir ki, onlar burada bizneslərini ölkənin enerji ehtiyatlarının satışından əldə etdiyi gəlirdən asılı olmayaraq inkişaf etdirmək niyyətindədirlər. Bu isə, öz növbəsində, hökumətin sabitliyi neft sektorundan asılı olmadan qoruyub- saxlamaq barədə bəyanatlarını təsdiqləyir.
MƏSLƏHƏT GÖR: