15 Mart 2025

Şənbə, 00:39

GƏLƏCƏYƏ YATIRIMLAR

Azərbaycan dövlət neft şirkəti regional və Avropa miqyaslı sərmayədar rolunu gücləndirir

Müəllif:

15.03.2008

Yaxın keçmişdə - cəmi 10-15 il bundan əvvəl xarici şirkətləri respublika ərazisindəki neft-qaz yataqlarının işlənməsinə sərmayə yatırılmasının sərfəli olduğuna inandırmaq üçün Azərbaycan böyük səylər sərf edirdi. Bir çox hallarda yenicə peyda olan, perspektivliliyinə yerli geoloqların əmin olduqları strukturları "qeyri-rentabelli" elan edən sərmayədarların o qədər də sərfəli olmayan şərtlərilə barışmaq da lazım gəlirdi.  

Hazırda isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) imkanlarının güclənməsi sayəsində durum, demək olar ki, kökündən dəyişib. Bu gün ARDNŞ nəinki əcnəbilərin "bəyənmədikləri" yataqları tək işləməyə, hətta xaricdəki layihələrə sərmayə yatırmağa da qadirdir. Bundan başqa, artıq ARDNŞ iri neft-kəmər layihələrində iştiraka fəal dəvət edilir ki, bu da, şübhəsiz, onun dünya neft-qaz arenasındakı rolunu daha da gücləndirəcək. 

 

"Transxəzər"dən "Sarmatiyaya" qədər

Hələ 2007-ci ildə ARDNŞ onunla ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında 2007-ci ilin avqustunda imzalanan qrant razılaşması çərçivəsində transxəzər neft-qaz kəmərinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanması üçün podratçı seçilməsi üzrə tender elan etdi. İştirak üçün 11 şirkətin təkliflər təqdim etdiyi tender 2008-ci il martın əvvəllərində uğurla başa çatdı.  Təqdim olunan təkliflərin dəyərləndirilməsi nəticəsində, tenderin qalibi ABŞ-ın Kellog Brown & Root (KBR) şirkəti oldu. O, Granherne şirkətilə alyansda çıxış edir. Alyansın subpodratçıları ARDNŞ "Neftqazlayihə", McDermott, həmçinin, Azekoservis və KazEcoProject müəssisələri olacaq. Tenderin qalibi layihənin texniki, kommersiya və hüquqi aspektlərini hazırlamalı və boru kəmərinin ilkin layihələşdirilməsini həyata keçirməli, resurs bazasını, transxəzər tarifini və ixrac bazarına qədər tarifi (neft üçün - Aral dənizi və Qara dəniz, qaz üçün - Avropa  bazarları) müəyyənləşdirməlidir. Həm də bu layihə çərçivəsində əsas tranzit ölkələrinin - Qazaxıstan, Gürcüstan, Türkiyənin müvafiq strukturları və "mavi yanacaq"ın Avropadakı potensial alıcıları ilə əməkdaşlıq da planlaşdırılır. Xatırladaq ki, USTDA transxəzər neft və qaz kəmərlərinin tikintisinin qiymətləndirilməsi üçün $1,7 mln ayırıb. Birinci kəmərlə Qazaxıstandan neft nəql edərək, sonradan onun BTC ilə Avropa ölkələrinə tranziti, ikinci ilə isə Qazaxıstan və Mərkəzi Asiyanın digər ölkələrindən qazın Xəzərin dibilə Avropaya və dünya bazarına nəqlinin təmin edilməsi planlaşdırılır.   

Beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və investisiya siyasətinin inkişaf etdirilməsi üzrə daha bir addım ARDNŞ-nin "Sarmatiya" beynəlxalq boru-kəmər müəssisəsi" MMC-nin səhmdarları tərkibinə daxil olması oldu. Xatırladaq ki, Odessa-Brodı neft kəmərinin Plotska qədər olan təxminən 490 km uzunluğunda sahəsinin inşası üçün "Ukrtransnafta" və Polşa neft nəqli monopoliyaçısı  Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A. (PERN Przyjazn) 12 iyul 2004-cü ildə birgə "Sarmatiya" müəssisəsi yaradıblar. BM-in fəaliyyətinin əsas istiqamətləri layihə-smeta sənədlərinin hazırlanması, sərmayə cəlb edilməsi, tikinti işlərinin təmin olunmasıdır. Layihəyə görə, Brodıdan Polotsk və Qdanska qədər 500 km-lik sahənin tikintisini Avropa Birliyi öz üzərinə götürəcək. 

ARDNŞ-dən başqa, "Sarmatiya"ya Gürcüstanın Georgian Oil and Gas Corporation Ltd. (GOGC), Ukraynanın "Ukrtransnafta" və Polşanın PERN Przyjazn şirkətləri daxil olub. Cari ilin fevral ayında "Sarmatiya" səhmdarları, Litvanın  AB Klaipedos Nafta şirkəti istisna olmaqla, öz iştirak paylarını 24,75%-ə qədər artırdılar. Qeyd edək ki, buna qədər ARDNŞ-nin BM-də payı 23% təşkil edirdi.

ARDNŞ-nin "Sarmatiya" BM-də iştirakı təsadüfi deyil. Ölkəmizdə karbohidrogen hasilatı durmadan artmaqdadır. Belə ki, təkcə bu il  Azərbaycanda 53 mln. t neft və 18 mlrd. kub m qaz hasil ediləcək. Bunu Polşada olarkən Azərbaycan prezidenti İlham Əliyev açıqlayıb. Dövlət başçısı ölkənin Baltika-Qara dəniz bölgəsi-Qafşaz xəttilə əməkdaşlığa hazır olduğunu təsdiq edib. "Ölkə daha böyük enerji potensialına malikdir", - deyə İlham Əliyev bildirib. 

Başqa sözlə, enerji potensialını ardıcıl şəkildə artıran Azərbaycan üçün neft və qazın satışının yeni bazar və yolları çox önəmlidir.

Qeyd edək ki, hazırda Xəzər neftinin Avropaya Odessa-Brodı-Qdansk boru kəmərilə çatdırılmasının bir neçə variantı mövcuddur. Onlardan biri də Gürcüstanda ARDNŞ-ə məxsus Kulevi terminalı vasitəsilədir. Yəni neftin nəqli ya dəmir yolu ilə Batum və ya Kulevi terminalına, ya da Bakı-Supsa neft kəmərilə həyata keçirilməlidir. ARDNŞ prezidenti Rövnəq Abdullayev isə hesab edir ki, Bakı-Supsa ilə paralel ikinci boru kəmərinin çəkilməsi Qazaxıstan Azərbaycan ərazisindən keçərək, sonradan Cənubi Qafqaz nəqliyyat dəhlizilə Qara dənizə çıxarılan neftin həcmini artırmaq istədiyini  rəsmi şəkildə açıqladığı halda mümkündür. Hər hansı bir halda, bu gün artıq aydındır ki, AB ölkələri Qazaxıstanın bu istiqamətdə neft ixracına "cəlb olunması" üzrə işləri fəallaşdırırlar. 

 

Gürcüstanda biznes

Məlum olduğu kimi, Azərbaycan Gürcüstan üçün bir neçə nəqliyyat layihəsinin iştirakçısı olmaq imkanı yaradıb və bu ölkənin ərazisindən keçən BTC boru kəməri və Cənubi Qafqaz neft kəməri onun iqtisadiyyatında önəmli rol oynayır. İndi isə artıq Azərbaycan Gürcüstanın ən iri sərmayədarlarından birinə çevrilir və bu işdə əsas rolu məhz ARDNŞ oynayır.

Belə ki, ARDNŞ artıq 2007-ci ilin yanvar ayında Gürcüstanın Qara dəniz akvatoriyasında Tsiva və Xobi çayları arasındakı sahilboyu ərazidə yerləşən Kulevi terminalını alıb (bu obyekt məşhur gürcü iş adamı Badri Patarkasişviliyə məxsus idi və o, terminalın tikilməsinə təxminən $150 mln vəsait xərcləsə də, Kuleviyə dəmir yolu çəkilməsi məsələsində hakimiyyət orqanları ilə razılığa gələ bilməmişdi). 

Dövlət Neft Şirkəti bu addımı neft və neft məhsullarının dəmir yolu ilə daşınmasında alternativliyi təmin etmək məqsədilə atıb. Terminal xam neft, dizel yanacağı və mazutun qəbulu, saxlanması və gəmilərə yüklənməsi üçün nəzərdə tutulub. Hazırda terminalın ötürmə qabiliyyəti ildə 10 mln t təşkil edir (3 mln t neft, bir o qədər dizel yanacağı və 4 mln t mazut). Rezervuar parkının ümumi tutumu 320 kub. m təşkil edir. Ötürücülük qabiliyyətini 15-20 mln tona, rezervuarların ümumi tutumunu isə 380 min kubmetrə qədər artırmaq planlaşdırılır. Bu zaman ötürmənin həcminin 35 mln tona qədər artırılması imkanı da istisna edilmir. 

2007-ci ilin ikinci yarısında istismara verilən terminal artıq indi Azərbaycana ildə on milyonlarla dollar gəlir gətirir. Üstəlik, Kulevinin yaxınlığında yerləşən Poti limanı 150 tona qədər su tutumuna malik tankerləri qəbul edə bilir. ARDNŞ gələcəkdə Kulevidə Qara dəniz sahillərinə çatdırılan nefti emal edəcək neftayırma müəssisələri də tikmək fikrindədir.

ARDNŞ Gürcüstanda neft biznesini digər istiqamətlərdə, o cümlədən özünün yanacaqdoldurma məntəqələri şəbəkəsini artırmaqla genişləndirməyi də planlaşdırır.

 

"Hədəf" Avropadır

Dövlət Neft Şirkəti Avropa bazarını da fəal şəkildə mənimsəyir. Belə ki, hazırda ARDNŞ-nin 2007-ci ildə açılan təmsilçiliyinin uğurla fəaliyyət göstərdiyi Rumıniyada dörd iri neftayırma zavodlarından birinin alınması barədə danışıqlar aparılır. Şirkət burada yanacaqdoldurma məntəqələri şəbəkəsi də yaratmaq fikrindədir. Paralel olaraq, Xəzər neftini Mərkəzi Avropaya çatdıra bilən Konstantinopol-Triyest boru kəmərinin inşası məsələsi də araşdırılır. Həmin layihənin gerçəkləşdirilməsində isə Serbiya, Xorvatiya və Avstriya son dərəcə maraqlıdır.

Bu gün Bakı Yunanıstanla bu ölkədə neft məhsullarının pərakəndə satışı müəssisəsinin yaradılması barədə uğurlu danışıqlar aparır. Artıq Azərbaycan neftinin ixrac olunduğu İsrail də ölkəmizlə enerji əməkdaşlığında maraqlıdır. İsrail Azərbaycan neftini Ceyhandan Aşkelon-Eylat boru kəmərilə Qırmızı dənizə, oradan Hindistan və Çinə çatdırılmasını, həmçinin İsraildəki zavodlarda emalını da təklif edir. 

Lakin güman ki, ən irimiqyaslı hadisə ARDNŞ-nin Türkiyənin "Petkim" holdinqinin səhmlərinin (Petkim Neft-Kimya Holding A.S.) $2,04 mlrd dəyərində nəzarət paketini alması oldu. Şirkətin səhm paketinə sahib olan ARDNŞ müəssisəni inkişaf etdirmək, mövcud istehsal güclərini, enerji təchizatı sistemini, logistikanı modernləşdirmək, həmçinin yeni məhsullara və şirkətin yeni inkişaf istiqamətlərinə sərmayə yatırmaq fikrindədir. ARDNŞ təmsilçiləri hesab edirlər ki, onların hazırda sahənin lideri kimi tanınan müəssisəni fəal inkişaf etdirmək imkanları var.

Daha bir məqam. Bu sövdələşmə Petkim şirkətinin də aid olduğu iri beynəlxalq müəssisələrin ARDNŞ-nin imkanlarına nə dərəcədə əmin olduqlarına bir sübutdur. Üstəlik, Türkiyə bazarı nəhəng artım potensialına malikdir və odur ki, Dövlət Neft Şirkətinin bu müəssisədə pay iştirakından əldə olunacaq dividentlər göz önündədir.

Yeri gəlmişkən, bu yaxınlarda (cari ilin fevralında) ona $500 mln həcmində sindikatlaşdırılmış kredit ayrılıb. Vəsait ARDNŞ-nin özəl investisiya proqramının prioritet istiqamətlərinin icrasına, o cümlədən milli və xarici layihələrin hazırlanması və gerçəkləşdirilməsinə yönəldiləcək. ARDNŞ-də qeyd ediblər ki, "kreditin bir hissəsi Petkim neft-kimya holdinqinin özəlləşdirilməsinin gedişindəki işlərə sərf olunacaq". Kredit 3 il müddətinə illik LIBOR +1,75% dərəcəsilə verilib. Əvvəlcə kreditin məbləği $300 mln olsa da, sonradan $500 mln qədər artırılıb. Bu kredit Azərbaycan şirkətinə dövlət təminatı olmadan ayrılan ilk irimiqyaslı kreditdir ki, artıq beynəlxalq maliyyə strukturlarında buna diqqət yetirilib.


MƏSLƏHƏT GÖR:

396