15 Mart 2025

Şənbə, 00:45

İKİ HÖKMDAR

Ukraynada siyasi böhran artıq köklər buraxıb

Müəllif:

15.03.2008

Ukraynada artıq uzun müddətdir davam edən siyasi böhranın növbəti mərhələsinin pik nöqtəsi martın əvvəllərinə təsadüf etdi. Kiyevin NATO-ya inteqrasiyası ilə bağlı qanunvericiliyinə dəyişikliklər tələb edən Regionlar Partiyası və kommunistlər faktik olaraq, Ali Radanın işini iflic vəziyyətinə salıblar. Uzun müddət ərzində keçirilən məsləhətləşmələr və toplantılar nəticə verməyib. Amma getdikcə ukraynalı siyasətçilərin əsəbləri artıq tab gətirmir, çünki ölkə qanunvericiliyinə əsasən, 30 gün ərzində Ali Rada fəaliyyətə başlaya bilməsə, parlament buraxılmalı və növbədənkənar seçkilər elan olunmalıdır.

Bu təhlükənin real olduğunu prezident Viktor Yuşşenko da Təhlükəsizlik Şurasının katibi Rais Boqatıryeva vasitəsilə bəyan etmişdi. Yəqin ki, son iki ildə təkrar-təkrar parlament seçən Ukrayna ictimaiyyəti üçün növbəti dəfə parlament seçkisinə getməyin nə olduğunu izah etməyə ehtiyac yoxdur...

Məlum olduğu kimi, ukraynalı deputatlar müəyyən kritik anlarda hətta əlbəyaxa davadan belə çəkinmirlər. Sonuncu dəfə isə hər şey davasız ötüşdü - sadəcə prezidiumun girişi stullar vasitəsilə bağlandı, spikerin kürsüsünə isə onun sahibi Arseni Yasenyukun əvəzinə, "regional" Aleksey Juravko əyləşdi.

Artıq qeyd etdiyimiz kimi, deputatlar arasında mübahisəyə səbəb Ukraynanın NATO-ya qəbulu ilə əlaqədar qərarın qəbulu mexanizmi ilə bağlı yaşanan fikir ayrılıqlarıdır. Xatırladaq ki, bu ilin yanvarında prezident Viktor Yuşşenko, baş nazir Yuliya Timoşenko və Ali Radanın spikeri Arseni Yasenyuk NATO-nun mənzil-qərargahına məktubla müraciət edərək, Kiyevin alyansa üzvlüklə bağlı Fəaliyyət Planına daxil edilməsini istəmişdilər. Bunu Ukraynanın "zor gücünə NATO-ya sürüklənməsi" kimi qəbul edən narazı "regionçular" və kommunistlər yalnız parlamentin işini iflic etməklə kifayətlənməyərək, kütləvi etiraz aksiyaları keçirməyə qərar verdilər. Nəhayət, sonda müxalifət və hakim koalisiya barışıq qətnaməsini imzalaya bildi. Sənəddə bildirilir ki, Ukraynanın NATO-ya qəbuluna dair qərar "xalqın təşəbbüsü ilə keçiriləcək referendumda qəbul oluna bilər". Xatırladaq ki, əvvəllər bu məsələ sənəddə öz əksini belə tapmışdı: "Qərar xalqın təşəbbüsü ilə keçirilən referendumun nəticələrinə əsasən, Ali Rada tərəfindən qəbul edilir".

Qeyd edək ki, ukraynalı parlamentarilərin stullarla barrikada qurmaqla məşğul olduğu vaxtda Şimali Atlantika Alyansının rəhbərliyi, görünür, problemdən kənar durmaq məqsədi ilə əvvəlcədən Kiyev və Tbilisiyə bloka qəbulla bağlı rədd cavabı verdi: hələlik Ukrayna ilə Gürcüstan NATO-ya qəbul edilməyəcək. Səbəb də açıqlandı - alyans daxilində bu məsələlərlə bağlı konsensus yoxdur.

Bir müddət sonra isə Almaniya kansleri Angela Merkel də bu iki dövlətin NATO-ya qəbuluna qarşı çıxdı. Onun fikrincə, bloka o dövlətlər üzv olmalıdır ki, bu inteqrasiyanı həmin ölkələrin yalnız siyasətçiləri yox, həm də əhalisinin əhəmiyyətli hissəsi istəsin.

Rusiyada alyansın bəyanatı dərhal ölkə prezidenti Vladimir Putinin "Rusiyanın Ukraynanın NATO-ya üzv olacağı halda, öz raketlərini bu ölkəyə tərəf yönəldəcəyini düşünmək belə qorxuludur" bəyanatı ilə əlaqələndirdilər. Bununla yanaşı, bəzi rusiyalı analitiklər bu fikirdədirlər ki, Brüssel bu addımı ilə sadəcə blef edir və Ukrayna ilə Gürcüstanın alyansa qəbulu məsələsində "konsensus" üçün daha əlverişli məqamı gözləyir.

İstənilən halda, hələlik "regionçular"ın müəyyən uğur əldə etdiklərini söyləmək mümkündür. Xüsusilə, nəzərə alsaq ki, onların "Ukrayna zorla NATO-ya sürüklənir" tezisinin arxasında yenidən hakimiyyətə gəlmək məqsədi dayanır. Ən azı, "narıncılar" buna əmindirlər. O da məlumdur ki, həm müxalifətin taktiki qələbəsi, həm də barışıq qətnaməsi yenidən stulların və hədələrin meydana çıxacağı böhran mərhələsi öncəsi yaşanan müvəqqəti sakitlikdir.

Diqqəti cəlb edən isə tamamilə başqa bir məqamdır. Məsələ ondadır ki, hakim koalisiya ilə müxalifət arasında parlamentdə qarşıdurmanın yaşanması tamamilə normal haldır. Ukraynada isə vəziyyəti dramatikləşdirən amil hakim "narıncı koalisiya"nın möhkəm olmamasıdır. Məlum olduğu kimi, onun əsas liderləri olan Yuliya Timoşenko və Viktor Yuşşenko "narıncı ideyalar"a ümumi sadiqliklərinə baxmayaraq, bir-birlərini o qədər də sevmirlər. Bu, çoxdan belədir və məlum olduğu kimi, artıq bir dəfə prezident Timoşenko kabinetini istefaya göndərib. Görünür, bu ssenarinin gələcəkdə də təkrarlanmasının mümkünlüyünü anlayan Y.Timoşenkonun Ukraynada konstitusiya islahatlarının məqamının çatması haqda bəyanatı məhz bununla bağlıdır. Baş nazir hesab edir ki, ölkədə faktik olaraq, icraedici hakimiyyətin iki qanadı var: biri prezidentin, digəri isə baş nazirin başçılığı altında. Timoşenko Brüsseldə keçirilən "Ukrayna - Avropa İttifaqı" konfransında bəyan edib ki, o, Ukraynanın Ali Radasının ölkənin parlament-prezident idarəçiliyindən parlament idarəçiliyinə keçməsinə dəstək verəcək: "Ali Rada yalnız parlament idarəçilik formasına səs verəcək". Onun fikrincə, prezident idarəçiliyi forması Ukrayna deputatları tərəfindən dəstək qazanmayıb.

Ölkədə prezident və baş nazir arasında gərginlik Ukrayna ilə Rusiyanın növbəti "qaz müharibəsi" fonunda daha qabarıq şəkildə üzə çıxıb. Sanki bu iki şəxs Rusiya qazı ilə bağlı problemi kimin aradan qaldıracağı, borcları ödəyəcəyi və Rusiya qazının effektiv şəkildə alınması yolunu təklif edəcəyi məsələsində yarışa girib. Əgər bu ziddiyyətin bütün detallarını bir araya gətirsək, məsələnin mahiyyəti bundan ibarətdir: "Neftoqaz Ukrayna" və "Qazprom" 2008-ci il üçün müqavilə və Ukraynanın Rusiyaya yığılıb-qalmış borcu məsələlərində razılığa gəlməyə çalışırlar. Məsələ hətta o yerə gəlib çıxıb ki, Moskva Ukraynaya qaz ixracını xeyli azaldıb.

Bundan başqa, problemlə əlaqədar fevralın 12-də Rusiya və Ukrayna prezidentləri V.Putinlə V.Yuşşenko arasında əldə edilmiş razılaşma Y.Timoşenkonu qane etmir. Bu məqamda onu da xatırladaq ki, qaz problemi ilə bağlı Ukraynanın baş naziri və prezidenti arasında yaşanan problemin dərin kökləri var. Bu ziddiyyətlərin kökündə isə maliyyə məsələləri dayanır.

Beləliklə, biz Ukrayna siyasətinin üç əsas qüvvələri olan Yuliya Timoşenko, Viktor Yuşşenko və Viktor Yanukoviçin hələ çox mübahisələrinin şahidi olacağıq. Bununla yanaşı, o da tam aydındır ki, onlardan istənilən ikisinin mübahisəsindən üçüncü tərəf yararlana bilər. Hazırkı mərhələdə, yəqin ki, V.Yanukoviç "ölkənin parlament-prezident idarəçiliyindən parlament idarəçiliyi sisteminə keçməsi" prosesinin mümkün gedişini diqqətlə izləyəcək...


MƏSLƏHƏT GÖR:

452