15 Mart 2025

Şənbə, 00:40

BAŞLANDI…

Müəllif:

15.03.2008

Ötən nömrəmizdə Kosovo presedentinin ilk növbədə bölgənin birtərəfli qaydada elan etdiyi müstəqilliyini tanımış Avropa üçün təhlükə olduğunu yazmışdıq. İndi məlum olur ki, pis nümunə həqiqətən də yoluxucu imiş... Kosovonun müstəqilliyini elan etməsindən bir ay keçmədi ki, Avropanın bir neçə ölkəsində yaşayan etnik macarlar yaşadığı dövlətlərdən geniş müxtariyyət tələb etməyə başladılar. Bununla belə, onlar Kosovoya presedent kimi yox, etnik problemlərin nəzərə alınması üçün səbəb kimi yanaşdıqlarını deyirlər.

Xatırladaq ki, Kosovonun müstəqilliyini elan etməsindən dərhal sonra Macarıstan baş verənlərdən narahatlığını ifadə etmişdi. Rəsmi Budapeşt serb millətçilərinin öz hirsini Serbiya əyaləti olan Voyavodinada yaşayan macarların (onların öz muxtariyyəti var) üstünə tökəcəyindən ehtiyat edir. Qeyd edək ki, 2 milyon əhalisi olan Voyevodina bölgəsində 300 min macar yaşayır və onlar Kosovo ətrafında baş verənləri əsl presedent hesab edir. 

Rumıniyada isə macarların sayı daha çoxdur - 1,4 milyon (bu, ölkə əhalisinin 7%-i deməkdir). 

Slovakiyada isə əhalinin düz 10%-i (560 min nəfər) etnik macarlardır. Təsəvvür edin: Avropada birdən-birə üç yeni macar dövləti yaranır! 

Kosovo "virusu"nun yayılma sürəti dünya tarixinin xeyli sayda digər "infeksiya"larını geridə qoyub. Məsələn, artıq Kosovonu yamsılamağa çalışan Basklar ölkəsi var, həmçinin korsika separatçıları böyük məmnuniyyətlə Priştinaya dəstək verib. Biz hələ İspaniyada Kataloniya, Belçikada Flandriya, İtaliyanın şimalında Lombardiya və digər potensial münaqişə ocaqlarından danışmırıq...

Qərb diplomatları iddia edirlər ki, Kosovo unikal haldır və o, presedent ola bilməz. Doğrudur, hər bir situasiya öz-özlüyündə unikaldır. Amma belə getsə, Avropa xəritəsi orta əsrlərdəki kimi, ayrı-ayrı knyazlıqlardan ibarət "parça yorğan"a bənzəməyə başlayacaq. 

Həqiqətən də, hər bir situasiyanın öz xüsusiyyətləri var. Lakin o da faktdır ki, bu gün çoxları Kosovodan presedent kimi istifadə etməyə çalışacaq. ABŞ və bir sıra Avropa ölkələri Kosovonun müstəqilliyini tanımaqla, Rusiya və digər maraqlı dövlətlərin tanınmamış respublikalarla əlaqələrini möhkəmləndirmək işini asanlaşdırdı. Yeri gəlmişkən, bu prosesə artıq başlanıb. Doğrudur, Rusiya qonşu dövlətlərin ərazilərindəki "respublikalar"ın müstəqilliyini tanımaq fikrində olmadığını bildirir. Lakin Qərbin Kosovonun müstəqilliyini tanımasına cavab olaraq, Moskva qonşuluqdakı tanınmamış qurumlarla münasibətinin formatını dəyişib.

Martın 13-də Rusiya Dövlət Dumasının qurumun MDB dövlətləri və vətəndaşları ilə əlaqə komitəsində "MDB məkanında münaqişələrin həlli vəziyyəti və Abxaziya Respublikası, Cənubi Osetiya Respublikası və Dnestryanı Moldova Respublikasının müstəqilliklərinin tanınması ilə bağlı Rusiya Federasiyasına müraciətləri" mövzusunda dinləmələr keçirilib. Təbii ki, Duma bu qurumlardan heç birinin müstəqilliyini tanımağı planlaşdırmamışdı. Lakin hökumətə tövsiyə layihəsində Abxaziya, Cənubi Osetiya və Dnestryanı Respublikada Rusiyanın missiyasının açılması, Cənubi Osetiya və Abxaziya ilə rüsumsuz ticarətin yaradılması və s. təkliflər yer alıb.

Bundan əvvəl isə Rusiya 1996-cı ildə MDB-nin Abxaziyaya qarşı sanksiyaların tətbiqi haqda qəbul etdiyi birgə qərardan imtina edib və bu, Qərbin ciddi narazılığına səbəb olub. ABŞ Moskvanın bu addımından təəssüfləndiyini bildirərək, onu Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb. 

Lakin cəmi bir ay əvvəl Rusiya da eyni qaydada, qarşı tərəfi Serbiyanın ərazi bütövlüyünə hörmətə dəvət etmişdi. 

Göründüyü kimi, Kosovo presedent olsa da, olmasa da, o, dünyanın güclü dövlətləri arasında münasibətlərin aydınlaşdırılması zamanı vasitəyə çevriləcək. Söhbət, ilk növbədə, Rusiya-NATO qarşıdurmasından gedir. 

Moskvanın diqqəti NATO-ya üzv olmağa can atma-yan Azərbaycanın deyil, Gürcüstan və Moldovanın ərazisindəki separatçı rejimlərin tanınması məsələsinin üzərinə çəkməsi heç də təsadüfi deyil. Hər halda, Qarabağ separatçıları çətin ki Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgədən olan həmkarlarının müraciətlərinə qoşulmaq istəməyə idilər. "Kommersant" qəzetinin yazdığına görə, bu sənəd (separatçı rejimlərin müstəqilliklərinin tanınması ilə bağlı müraciətləri) hələ ki sadəcə NATO-nun Gürcüstanla bağlı fəaliyyətindən "sığortalanma" xarakteri daşıyır. "NATO-nun apreldə Buxarestdə keçiriləcək sammitinədək Tbilisinin alyansın üzvlüklə bağlı fəaliyyət planına dəvət aldığı məlum olsa, Rusiya dərhal bu sığortadan istifadə edəcək və həm Abxaziyanın, həm də Cənubi Osetiyanın müstəqilliklərinin faktik olaraq tanınması istiqamətində digər addımlar atacaq", - deyə qəzet yazır.

Digər tərəfdən, Moldova prezidenti Vladimir Voronin bu günlərdə bildirib ki, "Rusiya Moldovanın NATO-ya üzvlükdən imtina edəcəyi təqdirdə, bu ölkənin ərazi bütövlüyünün bərpasına zəmanət verməyə hazırdır". "Heç kim Avratlantik məkana inteqrasiyanın mütləq NATO-dan keçməli olduğunu demir. Biz proqramlar çərçivəsində alyansla işləyirik və həmin proqramlar Moldovanın NATO-ya üzvlüyünü nəzərdə tutmur", - deyə Voronin qeyd edib.

Göründüyü kimi, Qərb Kosovonun müstəqilliyini tanımaqla, özünü heç də yaxşı vəziyyətdə qoymayıb. "R+"un ötən sayında yazdığımız kimi, "Kosovo bombası mexanizmi" artıq işə düşüb. 

Vaxt gedir və bu "mina" hər an partlaya bilər.


MƏSLƏHƏT GÖR:

467