
MUĞAM SEVGİSİNİN SEHRİ
Şərq musiqisinin təbliği sahəsində tarixboyu öndə gedən Azərbaycan indi də bu liderliyi qoruyub-saxlamaqdadır
Müəllif: Arif Hüseynov Bakı
Azərbaycanın yerüstü və yeraltı sərvətlərinə görə əfsanəvi diyar olduğu dünyəvi xarakter daşıyır. Hazırda ərazicə çox da böyük olmayan bu ölkədə dünyanın bütün coğrafi gözəlliklərinə təsadüf edilir.
Vətən övladlarımız Tanrının verdiyi təbii gözəlliklərdən zövq alaraq lap qədim zamanlardan musiqiyə, heykəltəraşlığa, rəngkarlığa maraq göstərmiş, qarğıdan, ağac parçasından düzəltdikləri primitiv musiqi alətlərində ilkin musiqi "əsərləri" bəstələmiş, ovladıqları vəhşi heyvanların sərt sümüklərindən düzəltdikləri tişə ilə qaya rəsmləri yaratmışlar. Əlbəttə, insanı yaradıcılığa şirnikləndirən amillərdən ən ümdəsi onun qida məhsulları ilə təmin olunması idi. İbtidai insan ye-yib-doyduqdan sonra gördüklərini qaya təsvirlərində maddiləşdirməyə çalışırdı. Rəsmlərin yaxşı görünməsi üçün cızdığı konturlara heyvan yağı sürtürdü. Belə gözəlliklər aləmində yaşayanlar çox zaman keçdikdən sonra poezi-yaya və musiqiyə də maraq göstərməyə başlamış, beləliklə də ilk incəsənət nümunələri yaranmağa başlamışdı. Tarixin gedişiboyu yaranmış incəsənət nümunələrindən biri də minilliklərin sınağından çıxaraq ölməzlik qazanmış muğamlarımızdır.
Azərbaycanda bütün mahnılar, rəqslər muğam əsasında ərsəyə gəlmişdir. Muğam sehrli musiqidir, onun çox mürəkkəb quruluşu vardır. Xalq artisti, bənzərsiz muğam ustadı Hacıbaba Hüseynov deyirdi ki, muğamı dərindən öyrənə bilmək hələ heç kimə müyəssər olmamışdır. Muğamı mən də dərindən bilmirəm, o, əfsanəvi dünyanın əfsanəvi örnəyidir.
Muğam şifahi xalq musiqi yaradıcılığı nümunəsidir. Onun nə vaxt və kimlər tərəfindən ərsəyə gətirildiyi də bir sirr olaraq qalır. Muğam ecazkarlıq nümunəsidir. Muğam bütün musiqi əsərlərinin açarıdır. Ona görə ki, bütün musiqi əsərləri bu və ya digər muğam üstündə yazılır. Muğam bir sıra tarixi səbəblərə görə xüsusi bir sistemə malikdir və tamamilə formalaşmış müstəqil bir incəsənətdir. Hər muğamın xüsusi əhəmiyyəti, özünəməxsus xüsusi koloriti vardır.
Azərbaycanın professional opera musiqisinin banisi Üzeyir bəy Hacıbəyovun "Azərbaycan musiqisinin əsasları" kitabından məlum olduğu kimi,Yaxın Şərq xalqlarının musiqisinin nəzəri və praktik inkişafı tarixində iki Azərbaycan alimi - Səfiəddin Əbdülmömin bin-Yusif əl-Urməvi (12-ci əsr) və Əbdül Qadir Marağayi (14-cü əsr) böyük rol oynamışlar. 19-cu əsrin musiqişünas alimi, əslən şuşalı olan Nəvvab Mirmöhsüm Hacı Seyid Əhməd oğlu Qarabaği yuxarıda adları çəkilən alimlərin əsərlərinə istinad edərək yazdığı "Vizuhul Arqam" (musiqi terminlərinin izahı) kitabında Yaxın Şərq xalqlarının qədim musiqisindən bəhs edir. Məlum olur ki, bu xalqların musiqi mədəniyyətlərinin ən geniş çiçəklənmə dövrü 14-cü əsrə təsadüf edir. Həmin musiqi mədəniyyəti xanəmanı 12 sütunlu və 6 qülləli tikili (yəni dəstgah) üzərində qərar tutmuşdu. Oradan baxanda dünyanın Əndəlisdən Çinə qədər və Orta Afrikadan Qafqaza qədər dörd bir tərəfi aydın görünürdü. Musiqi mədəniyyəti sarayının inşa olunmasında ensiklopediyaçı alim və qədim yunan musiqi nəzəriyyəsinin bilicisi Əbu Nəsr- Fərabi, böyük alim, Avropada Avisenna kimi tanınan Əbu -Əli Sina və başqaları iştirak etmişdilər. Üzərində bu musiqi tikilisinin möhkəm qərar tutduğu 12 sütun 12 əsas muğamı, 6 qüllə isə 6 avazı təmsil edirdi. 12 əsas muğam aşağıdakılar idi: Üşşaq, Nəva, Busəlik Rast, İraq, İsfahan, Zirafkənd, Bozurq, Zəngulə, Rahavi, Hüseyni və Hicaz. 6 havacatsa bunlardı: Şahnaz, Maye, Selmək, Novruz, Gerdaniyə, Kuvast.
14-cü əsrin sonunda baş vermiş sosial-iqtisadi və siyasi dəyişikliklər ilə əlaqədar olaraq, bu musiqi binasında yaranan çatlar son nəticədə sütunların və qüllələrin uçulub dağılması ilə nəticələnmişdi. Yaxın Şərq xalqları dağıntılar arasından qiymətli parçaları toplamış və hər bir xalq öz üslubunda məxsusi musiqi sarayları ucaltmışdır.
Şifahi ənənələrə əsaslanan muğamlara ərəblər və osmanlı türkləri "makam", azərbaycanlılar "muğam", mərakeşlilər və əlcəzairlilər "nuba", tacik və özbəklər "makom", uyğurlar "mukam", iranlılar "dəstgah", hindlilər "raqa", yaponlar "qaqaku", indoneziyalılar "patet", qazaxlar "küy", qırğızlar "kü" deyirlər. İran istisna olmaqla, bu ölkələrin hamısında muğamı xorla oxuyurlar. Azərbaycanda isə muğamı, məlum olduğu kimi, xanəndələr oxuyurlar. Həm zildə və həm də bəmdə oxuya bilən xanəndələrin ifasında muğam dəstgahlarımız xoş təsir bağışlayır və dinləyicidə yüksək ovqat yaradır. Muğam ifasının uğurla nəticələnməsində oxunacaq qəzəllərin yerinə görə düzgün seçilməsi böyük şərtdir. Hər necə gəldi seçilmiş qəzəllər dinləyicinin ovqatının ancaq korlanmasına gətirib çıxarır.
12 muğamın adı, habelə muğamlarımızın özləri də çox illərdən bəri böyük dəyişikliyə uğramışdır. Əvvəllər müstəqil sayılan muğamlar ayrı-ayrı xalqlarda muğam şöbələrinə, şöbələr isə müstəqil muğamlara çevrilmişdir. Zamanın və hadisələrin viranqoyucu təsirinə dözüm göstərərək özünün ilkinliyini saxlaya bilən yeganə muğam "Rast" olmuşdur. Bu muğamın durumu o qədər möhkəm və məntiqlidir ki, öz adının mənasını tamamilə doğrultmuşdur. "Rast" sözünün mənası düzgün, sərrast deməkdir. Qədim musiqişünaslar "Rast"ı muğamların anası adlandırmışlar. "Rast" indimizə qədər təkcə adını və özünün səs sırasını saxlamaqla bərabər, səs yüksəkliyini də saxlamışdır.
Yaxın Şərqin bütün xalqlarında "Rast" muğamının quruluşu və tonika yüksəkliyi eynidir. Ərəb-İran və Avropa musiqişünasları təsdiq edirlər ki, qədim yunanların anlamına görə yeddi səma cismindən hər biri Pifaqorun kəşf etdiyi 7 tondan birinə uyğun gəlir. Bu tonlar aşağıdakılardır:
1. mi - yunanca Ay; 2. fa - Merkuri; 3. sol - Venera; 4. lya - Günəş; 5. si - Mars; 6. do - Yupiter; 7. re - Saturn. Ərəb və farsca: 1. Nəva; 2. Busəlik; 3. Rast; 4. İraq; 5. Üşşaq; 6. Zirəfkənd; 7. Rahavi.
19-cu əsrdə muğamların sayı 18-dən artıq idi: Kərəmi, Omani-Gərayi, Qəribi, Qara kürd, Arazbarı, Bayatı, Osmanlı, Cığatayı, Ovşarı, Şikəsteyi-Şirvan, Şikəstəyi-Fars, Qarabağ şikəstəsi, Kəsmə-şikəstə, Əşiran, Keşiş oğlu, Heydəri, Aşığı, Bağlama və s.
Həmin muğamların ifası bəzən 3-4 saat çəkirdi. Dahi Üzeyir bəy öz həmkarlarını ətrafına toplayaraq muğamların sayını 12-yə endirmişdi. Muğam dəstgahları aşağıdakılardır: Rast (Rast ailəsinə daxil olan muğamlar- Mahur- hindi dəstgahı, Orta Mahur, Bayatı-Qacar, Dügah; Şur; Segah, Zabul-Segah; Çahargah; Şüştər; Bayatı-Şiraz; Hümayun.
Kiçik həcmli muğamlar - Qatar, Rəhab, Şahnaz, Bayatı-Kürd, Dəşti.
Zərbi muğamlar - Heyratı, Arazbarı, Mənsuriyyə, Səmayi-Şəms, Mani, Ovşarı, Heydəri, Qarabağ şikəstəsi və Kəsmə-şikəstə.
Üzeyir bəy geniş miqyaslı əsərlərin ərsəyə gəlməsində muğamın rolunu belə açıqlamışdı: ""Segah" muğamı lirik aşiqanə xarakterlidir. Bütün aşiqanə incə xalq nəğmələri bu muğam üstündə qurulmuşdur. Buna görə də mən öz operalarımda aşiqanə səhnələri bu muğamdan faydalanmaqla vermişəm. Musiqi boyaları ilə xalqın məzlum vəziyyətini, yaxud istismarçı siniflərin qəddarlığını ifadə etmək lazım gəldikdə, mən "Çahargah" muğamından faydalanıram. Bundan savayı, mərdlik, sevinc, mübarizə xarakterli "Rast" muğamı da vardır. Şəxsən bu fikirdəyəm ki, muğam sistemi ümumi musiqi mədəniyyətinə bir çox yeniliklər və təravət gətirəcəkdir. Təcrübə göstərdi ki, "Koroğlu" operası bütünlükdə geniş tamaşaçı kütləsinə çata bilmişdir. Bunun səbəbi də operanı yazarkən onun musiqi mətnində və həmçinin yaradıcılıq fantaziyamda muğam sistemini əsas götürməyim olmuşdur".
Böyük muğam bilicisi Əlibaba Məmmədov deyir ki, "Müxtəlif muğamlar üstündə yüzdən artıq mahnı bəstələmişəm, amma hansısa bir muğam şöbəsi yaratmaq təşəbbüsüm heç vaxt baş tutmayıb. Yəqin etmişəm ki, muğam özünün yaranma sirlərini əbədi olaraq özündə qoruyub-saxlayacaq. Muğam və Azərbaycan bir-birini tamamlayan ayrılmaz məfhumlardır. Pifaqor, Aristotel (Ərəstun), Platon, Əl-Fərabi, İbn Sina və Səfiəddin Urməvinin əsərlərini oxumuş Azərbaycan musiqişünası, əslən şuşalı olan Mir Möhsün Nəvvab muğamın yüksəkliyinə görə dörd əsas elementini (od, hava, su və torpaq) müəyyənləşdirmişdir. Milli muğamlarımızla tanış olanlar bilirlər ki, muğam şöbələrinin yeri onların səs yüksəkliyinə görə müəyyənləşir. Məsələn, Çahargah- (Bərdaşt) Mayeyi-Çahargah, Bəstənigar, Hasar, Müxalif, Mənsuriyyə şöbələrindən ibarətdir. Azərbaycan muğam dəst-gahının ifaçısı oxumağa aşağı tonlardan başlamalı, get-gedə yüksəklərə qalxmalı, kulminasiyaya çatmalı və axırda əvvəlki yerinə düşməlidir. Beləliklə, Azərbaycan məqamındakı "Od" inkişafın yüksək pilləsidir, bu isə öz növbəsində fiziki xassəyə uyğun gəlir. "Musiqi-muska-muğam məfhumlarının bir-birilə əlaqələndirilməsi göstərir ki, muğam termini ərəblərin Azərbaycana gəlişindən qabaq da mövcud olmuşdur . Bunu muğamlarda Novruz, Mani, Xürrəm, Kebri şöbələrinin olması da sübut edir.
Azərbaycan şəhərlərində 19-cu əsrin 20-ci illərindən başlayaraq 20-ci əsrin başlanğıcına qədər davam etmiş ədəbi-musiqi məclisləri muğam ifaçılığının yayılmasında, ustad muğam ifaçılarının meydana gəlməsində əvəzsiz rol oynamışdır. Şuşadakı "Məclisi fəramuşan", Şamaxıda Mahmud Ağanın "Musiqiçilər Cəmiyyəti" və "Beyt üs-Səfa", Bakıdakı "Məcma üş-Şüara", Gəncədə "Divani-hikmət", Ordubadda "Əncü-man üş-Şüara", Lənkəranda "Fövcül-fusaha" çox məşhur məclislər kimi tanınmışdır. Dövrün tanınmış şair, ədəbiyyatçı, musiqiçi, ziyalı, klassik poeziya xiridarı və biliciləri belə məclislərə toplaşaraq oxunan mu-ğamların və qəzəllərin incəliklərinə varır, hamını maraqlandıran mətləbləri müzakirəyə çıxarırdılar. Bir sözlə, həmin məclislər muğam ifaçılığı mərkəzləri sayılırdı.
Azərbaycan musiqiçiləri müsəlman Şərqində ilk dəfə olaraq Avropada qastrol konsertləri verməklə əcnəbi dinləyici auditoriyasını muğamlarımızın gözəllikləri ilə tanış edir, həm də ifalarını qramofon vallarına yazdırırdılar. İlk dəfə 1906-cı ildə ingilis səhmdar cəmiyyəti- "Qrammafon" Azərbaycan musiqisini məşhur xanəndə Cabbar Qaryağdı oğlunun və digər Azərbaycan musiqiçilərinin ifasında vala yazdırmışdı. 1906-1914-cü illərdə bir neçə Avropa qramyazı firması, o cümlədən Fransanın "Pate qardaşları" şirkəti, Almaniyanın "Sport-Rekord" səhm-dar cəmiyyəti, Rusiyanın "Ekstrafon", "Konsert-Rekord", "Monarx-Rekord", "Qrammafon-Rekord", "Premyer-Rekord" şirkətləri Azərbaycan muğamları, təsnifləri və rəngləri yazılmış çox sayda valları satışa çıxarmışdılar.
Azərbaycanda sovet rejimi hakimiyyətə gələndən sonra, muğamlarımıza etinasızlıq göstərilməyə başladı. Muğamlarımızın keçmişin primitiv musiqi nümunələri olduğunu və xalqın zövqünü korlamaq məqsədi daşıdığını deyənlər də meydana çıxdı. Xalqımızın əzəli musiqi aləti olan tara düşmən münasibət göstərilirdi. Azərbaycan şairlərindən birinin "Oxuma, tar!" şeiri geniş təbliğ edilirdi. Deyirdilər ki, Avropa gitarası olan yerdə Azərbaycan tarına ehtiyac varmı?
Sovet hökumətinin apardığı "Dəmir pərdə" siyasəti musiqimizin dünya arenasında səslənməsinə qadağa qoymuşdu. Həmin dövrdə Qərb aləmində Şərq musiqisinə marağın artdığı bir zamanda (20-ci əsrin ilk onilliklərində) xalqımızın çox istedadlı musiqiçilərinin Avropaya çıxış yolu tamam bağlanmışdı. Qərbin bədii bazarında ərəb, İran və türk ənənəvi musiqisi təbliğ olunurdu.
20-ci illərdən başlayaraq 70-ci illərin başlanğıcına qədərki dövrədək Azərbaycan cəmiyyətində muğama primitiv incəsənət nümunəsi kimi baxılmasına baxmayaraq, xalqımızın muğama olan sevgisi azalmırdı. 20-ci əsrin 70-ci illərindən başlayaraq YUNESKO-nun hima-yəsi altında keçirilən beynəlxalq ənənəvi musiqi simpoziumları və festivallarından sonra muğam incəsənətinə münasibət yaxşılığa doğru dəyişdi. Muğam musiqisi yüksək professional incəsənət nümunəsi kimi dəyərləndirilməyə başlandı. 20-ci əsrin 90-cı illərindən etibarən Azərbaycanın muğam incəsənəti bütün dünyanın dinləyicilərinin, mütəxəssislərinin və menecerlərinin maraq dairəsində özünə yer tapdı. Bizim Alim Qasımov kimi və digər fenomenal xanəndələrimizin dünya səhnələrində uğurları xalqımıza başucalığı gətirir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondunun Prezidenti kimi fəaliyyətə başladığı vaxtdan incəsənətimizin bir çox sahələrinin, xüsusilə də şifahi xalq incəsənətinin incisi sayılan muğamlarımızın vətənimizin sərhədlərini aşaraq dünya miqyasnda sevilməsinə yönəldilmiş təşəbbüsləri uğurla nəticələndi, Azərbaycan muğamı YUNESKO-nun "Qeyri-maddi irs dünyası" siyahısına salındı. Ölkə daxilində gənclərimizin muğam biliciləri səviyyəsinə qalxması üçün musiqi məktəblərində xüsusi muğam şöbələri açıldı. Muğamlarımızın sorağını alan əcnəbi ölkə musiqiçiləri bu sahədə ilk addımlarını atdılar. Onlardan biri də muğamlarla çoxdan maraqlanan ABŞ vətəndaşı Cefri Verbok idi. Cefri hazırda xarici ölkələrdə və vətəndaşı olduğu ABŞ-da muğamlarımızın qızğın təbliğatçısıdır. Bu yaxınlarda Rəşid Behbudov adına Mahnı Teatrında Cefri Verbokla keçirilmiş görüşdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Ders iki ölkə arasında münasibətlərin inkişafından danışmış, Verbokun Azərbaycan muğamlarının təbliğində əməyini xüsusi vurğulamışdır. Azərbaycana sonsuz məhəbbət bəsləyən, muğamlarımızı yüksək professionallıqla ifa edən Cefri Verbok verdiyi konsertdə tarda, kamançada və udda "Bayatı-Şiraz", "Şur", "Şüştər" muğamlarını və s. çalmışdır. Amerikalının bu ifaçılıq məharəti onu dinləyənləri heyran qoymuşdur. Cefrinin ana dilimizdə də səliqəli danışığı ona ümumxalq sevgisi qazandırmışdır.
Azərbaycanda muğam ifaçılığını qeyri-peşəkarların da malı etmək, habelə istedadlı gənc xanəndələri üzə çıxarmaq üçün muğam müsabiqələri keçirilir. Heydər Əliyev Fondunun dəstəyilə Azərbaycan Mədəniyyəti Dostları Fondunun layihəsi əsasında keçirilən bu müsabiqələrdə bölgələrdən - Şamaxı, Şəki, Gəncə, Bərdə və Lənkərandan seçilib gətirilmiş gənclər gözəl ifaçılıq nümunələri göstərdilər. Əlamətdar bir hadisə də sonuncu televiziya müsabiqəsinin SMS əsasında keçirilməməsi idi. Ona görə ki, SMS seçimi bu və ya digər istedadın ifa qabiliyyətini düzgün müəyyənləşdirməyə imkan vermir. Arxası güclülər ifaçı kimi zəif olsalar da, SMS bolluğuna görə "qalib" sayılırdılar. Bu isə ədalətin boğulması deməkdir.
Bu müsabiqələr həm də oxumağın sirləri açıqlanan məktəb kimi də dəyərləndirilə bilər. Çünki istedadların müsabiqənin gedişi zamanı professionallıq xüsusiyyətlərinə nail olduqları göz qabağındadır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə muğam sənətinin inkişafı istiqamətində atılan daha bir addım isə Bakıda Muğam Mərkəzinin yaradılmasıdır. Dənizkənarı Milli Parkda tikilməkdə olan bu mərkəz muğamlarımızın təbliği işini daha da gücləndirməyə imkan verəcək.
Bir sözlə, hazırda Azərbaycanda muğamın inkişafı heç də ölkənin ümumi inkişafından geri qalmır. Ümumilikdə milli mədəni dəyərlərimizin qorunması sahəsində görülən işlər isə göstərir ki, Şərq musiqisinin təbliği sahəsində hər zaman öndə gedən azərbaycanlılar indi də bu liderliyi qoruyub-saxlamaqdadırlar.
MƏSLƏHƏT GÖR: