
SHOW MUST GO ON
Dünya avtomobil sənayesinin liderləri 2008-ci ildə bazara yeni modellərlə çıxacaq
Müəllif: Alyona SALAYEVA Bakı
2007-ci ilin yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda 700 minə yaxın avtonəqliyyat vasitəsi, o cümlədən 27 mindən çox avtobus, 97 minə yaxın yük avtomobili və 550 minə yaxın minik avtomobili qeydiyyatdan keçib. Ölkəmizdə hər min nəfərə düşən avtomobillərin sayının artım dinamikası müşahidə olunur. Belə ki, 2000-ci ildə hər min vətəndaşa 55 avtomobil (o cümlədən avtobus, yük və minik avtomobilləri, qoşqulu avtonəqliyyat vasitələri və motosikllər) düşürdüsə, 2007-ci ilin əvvəlində bu rəqəm 81-ə çatıb. Artım 47,2 % təşkil edib. Son üç ildə avtomobil parkının 30 % artaraq 230 min avtomobil təşkil etdiyi paytaxtda hazırda hər 10 nəfərə bir avtomobil düşür, cəmi on il öncə isə bu göstərici yalnız 20 adama 1 avtomobil təşkil edirdi. Başqa sözlə, bu gün Azərbaycan MDB məkanında ən "avtomobilləşmiş" ölkədir.
Bu amil həm də onunla izah olunur ki, Azərbaycanda adambaşına düşən gəlir durmadan artır, bu da ölkənin avtomobil bazarının potensialını yüksəldir, minik avtomobilləri parkının sürətlə genişlənməsinə səbəb olur. Bazardakı artım həmçinin istehsalçı ölkələrdəki proseslərlə qırılmaz tellərlə bağlıdır. Bakının küçələrində bahalı xarici, yəni Rusiya istehsalı olmayan maşınların sayı getdikcə çoxalır. Deməli, yerli avtomobil sahiblərini bu gün dünya bazarındakı yeni tendensiyalar daha çox maraqlandırır. Bütün bunlar isə rəqabətin güclənməsi, istehsalata və avtomobillərə qoyulan ekoloji tələblərin yüksəlməsinə gətirib çıxarır.
İndi avtomobil istehsalçıları məhsulun heç olmasa, bir hissəsini inkişaf etməkdə olan ölkələrin bazarlarında istehsal etməyə can atırlar. Misal üçün, avtomobilin son qiymətində əmək sərfinin payı Çində 5%, Rusiyada isə 6% təşkil edir. Avropada bu göstərici 13%-ə, ABŞ-da 14%-ə, Yaponiyada 19%-ə isə bərabərdir. Avtomobillərin inkişafda olan ölkələrdə istehsalı güzəştli şərtlərə nail olmaq imkanı verir və dünya avtomobil sənayesinin gələcək inkişafı üçün real stimullar yaradır. Bu gün Hindistan, Çin və Meksika kimi ölkələr bu sahədə faktiki liderləridir.
Lakin avtomobil istehsalçılarının rəqabətə davamlılığını təmin edən daha bir vacib amil var ki, bu da model sırasının daim yeniləşdirilməsinin vacibliyidir. Azərbaycanda ən tanınmış avtomobil markalarının diler şəbəkəsinin fəaliyyəti nəticəsində ölkə yollarında bütün məşhur avtolara - Mercedes-Benz, BMW, Lexus, Bentley və s. rast gəlmək olar.
Dünya avtomobil bazarının yenilikləri ilə maraqlanan yerli maşın həvəskarlarına avtomobil dünyasında "İlin hadisəsi" barədə məlumat verək - martın 6-da işə başlayan Cenevrə Beynəlxalq Avtosalonunu (Geneva International Motor Show), məhz belə adlandırırlar. Bu il Cenevrə avtosalonu ilk dəfə olaraq Avropadakı dünya premyeralarının miqdarına görə Detroytu ötəcək. İndiyədək əksər istehsalçılar ən son modellərini hər ilin əvvəlində ABŞ-da keçirilən sərgiyə çıxarırdı və yalnız bura çatdıra bilmədiklərini Avropada nümayiş etdirirdi. Bu il isə əksinə, Amerikada artıq hamıya tanış olan modellər nümaiş etdirilirdi. Bəzi Avropa şirkətləri, məsələn, "Citroen" isə bu avtosalona, ümumiyyətlə, etinasız yanaşaraq, Belçikadakı ikinci dərəcəli avtosalonda premyeraya üstünlük verib.
Cenevrə avtosalonunun tamaşaçılarını, hər şeydən əvvəl, avropalı istehsalçılar sevindirəcəklər. Burada onlara ilk dəfə olaraq 2009-cu model ilinin yeniləşdirilmiş "Mercedes SL-Class" təqdim olunacaq. Bu maşını artıq indidən, internetdə yayılmış şəkillərdə görmək olar. "Şkoda" özünün super-sedanının ikinci nəslini təqdim edəcək, Alfa Romeo, nəhayət ki, 147-ci modeli əvəz edəcək kiçik modellə təşrif buyuracaq, yenicə "ilin avtomobili" seçilmiş Fiat-500-ün isə üstüaçıq şəkildə avtomobil həvəskarlarının qarşısına çıxacaq.
Alfa Romeo tarixində ən gözəl avtomobillərdən birini nümayiş etdirəcək və yəqin ki, məhz bu model bütün sərginin ən maraqlı yeniliyi sayılacaq. Bu, "8C Competizione" super-karının bazasında quraşdırılmış rodster olacaq. Texniki baxımdan üstüaçıq versiya kupedən heç nə ilə fərqlənməyəcək. Güman olunur ki, ilk "Alfa Romeo 8C Spider" alıcılara 2009-cu ildə çatdırılacaq. Lakin qarajınızda belə avtomobil görməyi planlaşdırırsınızsa, tələsməyi məsləhət görürük - italiyalılar cəmi 500 "8C Spider" hazırlayacaqlar.
Cenevrə avtosalonuna BMW şirkəti də yeniliksiz gəlməyib. Şirkətin təqdim etdiyi "X5 Vision Efficient Dynamics" elektoromotorla yanaşı işləyən benzin mühərrikli deyil, dizel yanacaqlı olacaq. Hibrid avtomobilin yanacaq sərfi cəmi 6,5 l solyarka olacaq. BMW X5 həm də əyləci basarkən alınan enerjini toplayan xüsusi akkumulyatorla təchiz olunacaq. Bu enerji maşında rahatlığı təmin edən müxtəlif elektron sistemlərin: hava tənzimlənməsi, musiqi və s. xidmətlərin fəaliyyətini tənzimləmək üçün istifadə olunacaq. Üstəlik avtomobilin damında günəş batareyası da quraşdırılacaq ki, onun sayəsində yanacaq sərfini bir qədər azaltmaq mümkün olacaq.
"Audi" Cenevrədə yeni universal "Audi A4 Avant" modelini təqdim edəcək. Həmişə oluduğu kimi, universalın dizaynı ötən nəsil modelindən o qədər də fərqlənməyəcək, lakin "A4 Avant" çox gözəgəlimlidir - o, əvvəlki avtomobillərdən 123 mm uzundur.
"Volkswagen" də pərəstişkarlarını yeni "Scirocco" kupe ilə sevindirəcək. Bu modelin əsasını "Golf" platforması təşkil edəcək, kapotun alında isə 120-200 at gücündə mühərriklər yerləşəcək. Bu model artıq payızda satışa çıxarıla bilər.
"Peugeot" nümayəndələri təkcə universal "308 SW" deyil, 308-ci modelin ən müasir versiyasını təqdim edəcək. Bu maşın "308 GT" adlanır. GT versiyası standart "Peugeot 308"-dən yeni aerodinamik pərdə, bir qədər yeniləşdirilmiş salon, daha sərt asma, eləcə də daha güclü mühərriklə fərqlənir.
Cenevrədə həm də yayda satışa çıxarılacaq və böyük "XC90"-dan bir pillə aşağıda dayanan "Volvo XC60" krossoverinin kütləvi versiyasının rəsmi təqdimetməsi baş tutacaq. Amma isveçlilər əmin edirlər ki, bu maşının da içi böyük "Volvo" kimi rahat olacaq. "XC60" modellərində bir neçə mühərrikin - benzinlə işləyən 1,8, 2,5 və 3,2 l, həmçinin 1,8 və 2,3 həcmli dizellərin quraşdırılması nəzərdə tutulur.
"Ford" nümayəndələri isə Cenevrədə "Kuga" krossoverinin kütləvi versiyasını nümayiş etdirəcəklər; onun əsasını "Ford Fokus" platforması təşkil edəcək. Baza komplektasiyasında ötürücü qabaqda yerləşəcək, amma alıcılar Haldex muftalı tamötürücülü maşınlar da sifariş edə bilərlər.
"Ford" həm də yeni stildə hazırlanmış "Fiesta" modelini təqdim edəcək. Yeni Fiesta payızda satışa çıxarılacaq, həm də o, ikikuzovlu, 3 və 5 qapılı hetçbek olacaq. Avropa bazarında sedan gözlənilmir. Belə kuzov tipli avtomobil yalnız Çində, Cənubi Amerikada və güman ki, ABŞ-da satılacaq (kiçik Fiestanın Şimali Amerika bazarına çıxarılması haqqında qərar hələ qəbul olunmayıb).
Dünyanın avtomobil nəhənglərindən olan "Toyota" avtosalonda Avropa bazarı üçün çox vacib olan iki yenilik təqdim edəcək. Bu, Avropada ən kiçik 4 yerli, kiçik tutumlu mühərriklə təchiz olunmuş avtomobil və "Uçban Cruiser" modelləridir. Krossover "RAV 4" modelindən bir pillə aşağıda duran son modelin Avropa bazarında əsas rəqibi "Nissan Qashqai" olacaq.
Cenevrədə çoxdan gözlənən, "Chevrolet" də yeni nəsil "Aveo" hetçbekin 3 qapılı yeni versiyasını nümayiş etdirəcək. Bu maşın artıq ilin ikinci yarısında dilerlərə çatdırılacaq.
Avtohəvəskarları yeni nəsil "Accord" universalla heyrətləndirməyə hazırlaşan "Honda" da rəqiblərindən geri qalmır. Avtomobil əvvəlkindən daha geniş və alçaqdır, bu isə modeli daha "idman tipli" və "əzələli" edir. Yeni "Accord" üç mühərriklə: 2,0 və 2,4 həcmli 156 və 200 at güclü iki benzin motoru, həmçinin 2,0 litrlik, 150 a.g. dizellə və 350 Hm maksimal fırlatma anı ilə təchiz olunacaq. Avropada satışlar ilin ortasında başlayacaq.
Cenevrədə tək-tək avtomobillər istehsal edən çoxlu kiçik şirkət də təmsil olunacaq. "Giorgetto Giugiaro's Italdesign" da belə şirkətlərdəndir. O, "Ferrari GG50", "Maserati 5000", "Aston Martin DB4", "Alfa Canguro" və s. üzərində işləməsilə məşhurdur. "Giorgetto Giugiaro's Italdesign" Cenevrə avtosalonuna şirkətin 40 illiyi münasibətilə yaradılan konsept-karı gətirmək niyyətindədir. Bu avtomobil alternativ qidalanma mənbələri sahəsində ən son nailiyyətlərin tətbiqilə hazırlanıb.
Ekzotikasız da ötüşməyəcək. "Pininfarina" və "Maserati" müvafiq olaraq, futuristik "Sintesi" və "Chicane" konseptlərini nümayiş etdirməyə söz verirlər. "Loremo" qənaətcil və o qədər də baha olmayan kabriolet konseptini təqdim edəcək, İsveçrənin "Rinspeed" şirkəti isə yeni "sQuba" "ixtiandrı" ilə təəccübləndirəcək. Bu möcüzəli rodsterin əsas xüsusiyyəti... suyun altında üzə bilməsidir! Bundan başqa, bu avtomobil yerin üzərində sürücünün köməyi olmadan hərəkət edə bilir. Rinspeed sQuba elektrik mühərriki vasitəsilə hərəkətə gətirilir (bunun sayəsində avtomobilə tüstü borusu lazım deyil, onun yerinə isə suda üzmək üçün vintlər quraşdırılıb). Mühərrikinin gücü 73 a. g. təşkil edir. İlk baxışdan, o qədər də çox olmasa da, 2 yerlik yüngül maşın üçün bəsdir. Hər halda, o, asfalt üzəində kifayət qədər sürətlə irəliləyir, suda isə sürəti 6 km/saata çatır. Suyun altında "sQuba" bir saata 3 km qət edə bilir.
Mühəndislər avtomobilin sürücüsü ilə sərnişinin suyun altında nəfəs almaları barədə də fikirləşiblər (axı "sQuba" damı olmayan rodsterdir). Odur ki modelin komplektinə kreslolarda quraşdırılan 2 akvalanq da daxildir.
Göründüyü kimi, bu gün dünya avtomobil sənayesi əldə olunanlarla kifayətlənmir və istehlakçılara yeni-yeni avtomobillər təqdim edir. Öz növbəsində indiki və gələcək avtomobil sahibləri "dəmir atların" istehsalçılarına müəyyən tələblər ünvanlayırlar. Bunlara təkcə tam ötürmə, möhkəm konstruksiya, rahat salon, səsdən təcrid deyil, həm də sərnişinlərin ən müasir standartlara cavab verən təhlükəsizliyi sistemi də aiddir. Üstəlik, istehsalçılar ekoloji baxımdan təhlükəsiz yanacaq növlərindən istifadə olunmasını çoxdan xahiş edirdilər və dünyanın ən iri avtosalonlarında təqdim olunan yeni modellər göstərir ki, onların xahişi eşidiləcək...
MƏSLƏHƏT GÖR: