16 Mart 2025

Bazar, 00:11

TOPLANANLARIN YERİNİN DƏYİŞMƏSİNDƏN CƏM DƏYİŞƏCƏKMİ?

Azərbaycanda opek-in neftin avro ilə satılmasına keçməsinin müsbət və mənfi cəhətləri nəzərdən keçirilir

Müəllif:

01.03.2008

Neft İxrac Edən Ölkələr Təşkilatı - OPEK ən yaxın gələcəkdə nefti dollarla satmaqdan imtina edə bilər. Qurumun baş katibi Abdulla əl-Bədrinin bu yaxınlarda verdiyi bəyanata görə, Amerika valyutasını Avropa valyutası əvəz edəcək. Bunun bir neçə səbəbi var.

Əvvəla, ondan başlayaq ki, dolların qiymətinin bütün ötən il ərzində müşahidə olunan daimi azalması Amerika valyutasının nüfuzunu əsaslı şəkildə  zəiflətdi. Dolların kursunun aşağı düşməsi nəticəsində dünyanın, demək olar ki, bütün ölkələrini inflyasiya bürüdü, neftin qiyməti isə qalxdı. 

Qeyd etmək lazımdır ki, OPEK təmsilçiləri başqa valyutaya keçəcəklərilə artıq çoxdan hədələyirlər. Lakin ötən illərin təcrübəsinin göstərdiyi kimi, hələlik bu istiqamətdə real addımlar atılmayıb. OPEK baş katibinin özü də güman edir ki, yeni hesablaşma sisteminə keçid bir anda yox, uzun sürən 10 il ərzində baş verəcək. Beynəlxalq Hesablaşmalar Bankının yaxın günlərdə açıqlanan rüblük icmalında isə qeyd edilir ki, OPEK ölkələri öz aktivlərini tədricən dollardan avro, yena və funt-sterlinqə çevirir, eyni zamanda, daxili yatırımlara böyük diqqət yetirirlər. Və neftin qiymətinin artmasına baxmayaraq, OPEK dövlətlərinin dollar hesabları durmadan azalmaqdadır. 

 

ABŞ həyəcan təbili çalır

Üstəlik, ən iri neft ixracatçılarından olan İran neft, neft məhsulları və qaz kontraktlarının satılacağı xammal birjası açıb. Həm də bu zaman hesablaşmalar İran rialı və istisna deyil ki, avro ilə aparılacaq. Birja hansısa ucqar bir yerdə yox, azad iqtisadi zonada - Fars körfəzindəki Kiş adasında açılıb. Doğrudur, sxemi sınaqdan çıxarmaq üçün əvvəlcə burada neft məhsulları satışa çıxarılacaq, lakin cəmi bir neçə aydan sonra İranın ixrac etdiyi bütün neft məcburi şəkildə məhz bu birjada satılacaq, həm də heç də ABŞ dolları ilə yox. 

Xatırladaq ki, Tehran birja yaradılması məsələsini hələ 2002-ci ildə ortaya qoymuşdu. 2004-cü ildə isə artıq onun yeri - Kiş adası müəyyənləşdirilsə də, işə başlayacağı gün daim təxirə salınırdı. Görünür, bu struktur artıq təşəkkül tapıb və Avropanın bəzi treyderləri İran strukturları ilə birgə müəssisələr yaradılması barədə danışıqlar da aparırlar.  

Qeyd edək ki, Rusiya da hesablaşmaların rus rublu ilə aparılacağı neft-qaz birjasının yaradılmasına hazırlaşır.

Çoxsaylı ekspertlərin fikrincə, təkcə bir ölkənin öz neftini avroya, yaxud ABŞ dolları istisna olmaqla, hər hansı bir digər valyutaya satması dünyanın dollarla hesablaşmalara əsaslanan ticarət aləmini dəyişdirməyəcək. Həqiqətən, ciddi nəticələr bütün neft bazarı avroya keçdikdən sonra meydana çıxacaq. Aydındır ki, belə bir durumdan ən çox sarsıntıya məruz qalan ABŞ olacaq. Odur ki OPEK-in neftin avro ilə satılmasına 10 il ərzində keçmək fikrində olduğunu açıqlamasına baxmayaraq, Birləşmiş Ştatlar artıq indidən həyəcan təbili çalır. Axı sirr deyil ki, bir çox ölkənin, o cümlədən Fars körfəzi dövlətlərinin qızıl-valyuta ehtiyatlarının strukturunda məhz ABŞ dolları önəmli paya malikdir. Buradan da belə bir nəticə çıxır ki, dünya bazarlarında dolların kursunun aşağı düşməsi təlaş doğurur, həm də təkcə ABŞ-da yox. Əgər iri neft ixracatçısı olan ölkələrdən bir neçəsi gəlirini avroya çevirmək fikrinə düşərsə, dünyanın aparıcı valyutası qismində dolların taleyi üçün böyük təhlükə yaranar. Başqa sözlə, dollar dünyanın aparıcı valyutası mövqeyini itirər və "neft dollarları" anlayışı "avrodollar" anlayışı ilə əvəzlənər.

Lakin başqa bir sual da verək: neft alverinin avro ilə aparılmasına keçmək neft hasil edən ölkələr, o cümlədən Azərbaycan üçün sərfəlidirmi? Yəni alıcı tapılacaqmı?

 

Yalnız idxalla bağlı problemlər olacaq?

Hazırda neftə olan tələbatın təklifi üstələdiyini nəzərə alsaq, alıcı tapılacaq. Məsələn, OPEK ölkələrinin nefti üçün, çünki kartelin əsas ticarət tərəfdaşının Avropa Birliyi olduğu sirr deyil.

Enerji daşıyıcılarının ixracına, o cümlədən Avropa bazarına istiqamətlənən Azərbaycan üçün də durum eynidir.

Məsələnin daha bir müsbət cəhətinə belə bir fakt da dəlalət edir ki, Avropa iqtisadi zonasına daxil olan ölkələr Azərbaycanın əsas tərəfdaşlarıdır. Belə ki, ölkəmizin ümumi xarici ticarət dövriyyəsində AB-nin xüsusi çəkisi təxminən 40% təşkil edir. Avronun kursu yüksəldiyi halda, Avropa zonası ilə istənilən ixrac əməliyyatları Azərbaycan üçün sərfəli olacaq. Neft vahid Avropa valyutası ilə satıldığı halda isə bu, qaçılmazdır. Yeri gəlmişkən, OPEK baş katibinin avroya keçidin perspektivləri barədə açıqlaması avro ilə dolların nisbətinə dərhal təsirini göstərdi - Avropa valyutasının qiyməti 1,45 dollar/avrodan 1,4547 dollar/avroya qədər qalxdı.    

Problemlər yalnız idxal əməliyyatları ilə olacaq, çünki Azərbaycan tam bir sıra adda  Avropa məhsullarını yüksək qiymətə alacaq. Lakin bu halda da təsirli "kompensasiya" mexanizmlərini işə salmaq mümkün olacaq.

Azərbaycan Milli Bankının (AMB) təmsilçiləri vur-ğulayırlar ki, bu gün xarici valyutaya tələbat təklifdən xeyli aşağıdır və iqtisadiyyatın, əsasən, qeyri-neft sektoru hesabına formalaşır. Amerika valyutasının kursunun aşağı düşməsi hələ ötən il Azərbaycanın idxal və ixrac əməliyyatları strukturunda onun payının azalmasına təsir göstərdi, avronun payı isə artdı. Eyni durum ölkənin daxili bazarında da müşahidə edilməkdədir.

Yeri gəlmikən, İraq və Norveç kimi neft ixracatçıları artıq kontraktlarının ödənişini avroya keçiriblər. Ekspertlərin fikrincə, enerji daşıyıcıları tədarükünə dair ayrı-ayrı kontraktları istənilən valyutada bağlamaq mümkündür və bu, hansısa həlledici önəmə malik deyil. Lakin əgər söhbət kütləvi şəkildə dollardan avroya keçməkdən gedərsə, ortaya qiymətyaranmanın baza sistemində dəyişkliklər məsələsi çıxacaq.

 

Qərar hələ qəbul edilməyib!

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov hesab edir ki, OPEK ölkələri və digər neft tədarükçüləri dolların kursunun avroya və başqa daha möhkəm pul vahidlərinə nisbətən aşağı düşməsindən, şübhəsiz, zərər çəkirlər. S.Bağırovun dediklərindən: "Lakin digər tərəfdən, karbohidrogen xammalı tədarükçülərinin əksəriyyəti valyuta ehtiyatlarının xeyli hissəsini məhz dollarla saxlayırlar. Məsələn, Fars körfəzi ixracatçılarının valyuta ehtiyatlarının, demək olar ki, dörddən bir hissəsi dollarla saxlanılır, yaxud ABŞ iqtisadiyyatına yatırılıb. Odur ki OPEK-in hesablaşmaları avroya keçirmək barədə qərarı dərhal dolların daha da ucuzlaşmasına, deməli, ixraçatçı ölkələrin valyuta ehtiyatlarının real dəyərinə də təsir göstərəcək".

"R+"un müsahibi vurğuladı ki, OPEK hələlik dollarla hesablaşmalardan tam imtina barədə qərar qəbul etməyib. "Əgər qərar hazırlanırsa, onun dolların kartel iştirakçılarının valyuta ehtiyatlarında əhəmiyyəti daha çox azaldıqdan sonra qəbul ediləcəyini gözləmək olar",- deyə ekspert bildirib.

Qeyd edək ki, indi dollar dünyanın əsas valyutası olaraq qalmaqdadır və neft ixrac edənlər də daxil olmaqla, istənilən ölkə bu faktla hesablaşmağa məcburdur.  S.Bağırovun sözlərinə görə, ərəb neft ixracatçıları dollarda həm də ABŞ neft idxalçılarının tətbiq etdikləri xüsusi şirnikləndirmə siyasətinə görə də maraqlıdırlar. Hələ ötən əsrin 50-ci illərindən etibarən Amerikadan olan "qara qızıl" idxalçıları hər il bonuslar - ixrac qiymətlərinə xammalın keyfiyyəti, tədarükün mütəmadiliyi, dollarla ixrac və s. görə əlavələr ödəyirlər. OPEK və ABŞ Energetika Nazirliyinin məlumatlarına görə, bu əlavələr neftin Ərəbistan yarımadası və Şərqi Aralıq dəniz limanlarında yüklənmə (göndərilmə) qiymətinin 20%-i qədər təşkil edir. Mükafatlar sistemi onunla şərtlənir ki, ABŞ neft emalı və neft-kimya sənayesinin 65%-ə qədəri Ərəbistan neftinə istiqamətlənib.

Azərbaycanın qızıl-valyuta ehtiyatlarına gəldikdə, S.Bağırov qeyd etdi ki, ölkə hökuməti dünyadakı valyuta konyukturası və meyllərini, əlbəttə, nəzərə alacaq. Onun sözlərinə görə, Azərbaycan hökuməti ehtiyatların real dəyərinin qorunub saxlanması üzrə müvafiq addımlar atır. Məhz bu səbəbdən fondun ehtiyatlarının saxlandığı əsas valyutaların nisbətinə mütəmadi olaraq yenidən baxılır. 

 

Azərbaycan dəyişikliklərə hazırdır

Həqiqətən, indi dollar Azərbaycanın strateji valyuta ehtiyatları strukturunda çox böyük yer tutur. Bir qədər əvvəl AMB İH sədri Elman Rüstəmov bildirmişdi: "Bu gün AMB-nin valyuta ehtiyatlarının 90%-i dollarladır və bu vəsaitlərdən ölkənin xarici borcuna xidmət göstərilməsi, onun ödənilməsi və digər əməliyyatlar aparmaq üçün istifadə edilir".  Onun sözlərinə görə, hazırda Azərbaycan hökuməti respublikanın valyuta ehtiyatlarının ən yaxşı kompozisiyası variantlarını müzakirə edir".

Qeyd edək ki, indi qeyri-neft sektoru əmtəə və xidmətlərinin xarici valyuta hesabına maliyyələşdirmə müddəti beynəlxalq normalardan 5 dəfə artıqdır. 2007-ci il ərzində AMB-nin valyuta ehtiyatları 2 dəfə artaraq,  $4 mlrd. səviyyəsinə çatıb və onların idarə olunması sayəsində AMB $150 mln. gəlir əldə edib. Bu zaman 2007-ci ildə valyuta bazarının həcmi  $12 mlrd səviyyəsini ötüb. E.Rüstəmov deyib: "Bazarda təklif tələbi $2 mlrd üstələyib. Milli Bank bu vəsaitləri sterilləşdirib və milli valyutanın kəskin güclənməsinin qarşısını alıb. Bütövlükdə, milli valyutanın il ərzində möhkəmlənməsi 3% təşkil edib".

Öz növbəsində, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) da hazırda dünya bazarlarında cərəyan edən böhran olaylarına - fond böhranı və ABŞ dollarının kursunun aşağı düşməsinə optimist şəkildə yanaşır. Fondun icraçı-direktoru Şahmar Mövsümovun dediyi kimi, bu amillər ARDNF aktivlərinə, şübhəsiz, öz təsirini göstərəcək. "Lakin bu təsir müsbət olacaq. Artıq 2007-ci ildə valyuta aktivlərinin yenidən qiymətləndirilməsindən  $15 mln qazanmışıq. Dünya bazarlarında səhmlərin kursunun aşağı düşməsi isə bizə təsir göstərməycək, çünki biz yalnız hökumətlərin və agentliklərin borc öhdəliklərinə yatırımlar edirik. $2101,3 mln investisiya portfelinə malik olmaqla, fond bank səhmlərinə $934,53 mln, hökumətlərin borc öhdəliklərinə - $271,81 mln, digər agentliklərin qiymətli kağızlarına isə $646,32 mln yerləşdirib. Həm də portfelin 95%-i "A", qalan hissəsi isə "B" reytinqli kağızlara qoyulub", - deyə Ş.Mövsümov bildirib.

2008-ci ildə ARDNF-nin gəlirləri 3,5 mlrd manat, yaxud $4,5 mlrd səviyyəsində planlaşdırılır. Onların 95%-nin mənfəət neftinin satışından formalaşacağı proqnozlaşdırılır. 2008-ci il üçün dövlət büdcəsi tərtib olunarkən neftin bir barrelinin qiyməti  $50 kimi nəzərdə tutulub.

Eyni zamanda, maliyyəçilər vurğulayırlar ki, dünya iqtisadiyyatında cərəyan edən hadisələr, şübhəsiz, Azərbaycana da təsir göstərir, çünki ölkəmiz ümumdünya iqtisadi məkanına inamla inteqrasiya etməkdədir. Bununla yanaşı, respublikanın iqtisadiyyatı bu və ya digər neqativ proseslərin neytrallaşdırılmasına artıq hazırdır. Güman ki, avro dünya neft valyutası qismində təşəkkül tapdığı və deməli, onun mövqeləri daha da möhkəmləndiyi halda, Asiya mərkəzi bankları və neft ixracatçıları kimi, Azərbaycan da öz valyuta ehtiyatlarında Avropa valyutasının payını artıra biləcək. Lakin hazırda dövlətlərin strateji valyuta ehtiyatları strukturuna əsaslı şəkildə yenidən baxılmasına gətirib çıxara bilən amillər müşahidə edilmir. 


MƏSLƏHƏT GÖR:

465