
NABUCCO AVROPA BİRLİYİNİN YADINA DÜŞDÜ
Moskvanın fəal enerji diplomatiyası və Ankaranın şantaj siyasəti brüssel məmurlarını bu layihənin dəstəklənməsində daha fəal olmağa məcbur edir
Müəllif: Roma NEYMAN Bakı
2008-ci ilin əvvəli "Nabucco" və "Cənub axını" regional qaz kəməri layihələri arasında rəqabətin növbəti dəfə qızışması ilə əlamətdar oldu. Fevralın 7-də "Gaz de France" mənzil-qərargahından verilən məlumata görə, Fransa şirkəti "Nabucco" qaz kəmərinin inşası layihəsində tərəfdaşlıqdan imtina edib. Bu qərar qondarma "erməni soyqırımı"nın tanınması və Türki-yənin Avropa Birliyinə qəbulu məsələlərində tutduğu mövqeyə görə Fransanı dəfələrlə tənqid atəşinə tutan Ankaranın fəaliyyətinin nəticəsi idi. Bu dəfə Ankara Fransa şirkətinin layihədə iştirakının qarşısını almaq, bununla da Fransa parlamentinin Osmanlı İmperiyasında "erməni soyqırımı"nı tanımasına etirazını bildirmək qərarına gəlmişdi. Bu versiyanı Türkiyədə çıxan "Turkish Daily News" nəşri də təsdiqləyib və Türkiyə Energetika Nazirliyindəki mənbənin açıqlamasını diqqətə çatdırıb. Açıqlamada deyilir ki, Ankara Fransa şirkətinin konsorsiumda iştirakının əleyhinə çıxacaq, çünki "Fransa erməni məsələsinə görə Türkiyənin AB-yə buraxılmaması işində flaqmandır". İndi Fransa şirkəti Rusiyadan Balkanlara və Avropanın digər ölkələrinə Qara dəniz akvatoriyası vasitəsilə təbii qaz tranziti və tədarükü üçün nəzərdə tutulan "Cənub axını" rus-italyan qaz kəməri layihəsində "iştirak imkanlarını öyrənmək" fikrindədir. Fransa mətbuatının verdiyi məlumata görə, hətta Fransanın xarici ticarət üzrə dövlət katibinin Ankaraya səfəri də Türkiyə tərəfinin bu məsələyə dair mövqeyinin dəyişməsinə gətirib çıxarmadı.
Ankara çox gözəl başa düşür ki, AB-nin "ağrılı yeri"nə toxunub - Fransa olmadan bu layihənin mövqeləri, ilk növbədə, siyasi baxımdan zəifləyəcək. Lakin ortaya başqa bir sual çıxır - bəs Türkiyə öz mövqeyində israrlı olduğu halda layihə, ümumiyyətlə, hansı perspektivlərə malik olacaq? Axı onsuz da Mərkəzi Asiya və İran qazının layihəyə qoşulması ilə bağlı xeyli problem var. Bu baxımdan Ankaranın demarşı ilə "Nabucco" layihəsinin operatoru "Gas Pipeline International GmbH" şirkətinin kəmərin istismara verilməsinin 2011-ci ildən 2013-cü ilə keçirilməsi barədə qərarının, demək olar ki, üst-üstə düşməsi görünür təsadüfi deyil. Bununla da layihə artıq rəqabət apardığı "Cənub axını" layihəsilə müqayisədə malik olduğu 2 illik üstünlüyünü itirir. Şirkətdə borunu təmin edəcək qədər qaz olmayacağından narahatdırlar: "The Wall Street Journal" Orta Asiyadan təbii qaz tədarükünün kəsilməsinin AB ölkələrində böyük təlaş doğurduğunu yazır. Kifayət qədər məlumatlı olan bu nəşrin fikrincə, 2007-ci ilin sonu - 2008-ci ilin əvvəllərinin hadisələri Türkmənistanın qaz tədarükçüsü, Türkiyənin isə tranzit Avropa enerji magistralı qismində etibarlı tərəfdaş olmasını şübhə altına aldı.
Ankaranın "Qazprom"un Avropa istiqamətində artmaqda olan fəallığı ilə üst-üstə düşən demarşı AB məmurlarını "Nabucco" layihəsini daha ciddi dəstəkləməyə məcbur etdi. Bu layihə üzrə AB koordinatoru Yozias van Aarsten layihənin gerçəkləşdirilməsi və onda Türkiyənin rolu ilə bağlı məsələlər kompleksini müzakirə etmək məqsədilə fevralın ortalarında təcili olaraq Ankarya uçdu. 2 günlük danışıqların nəticəsi kimi, Aarsten bildirdi ki, layihənin iqtisadi əsaslandırması yayda və ya sentyabrda başa çatdırılacaq. O həm də qeyd etdi ki, cari ilin yazında Nabucco-ya dair dövlət başçıları səviyyəsində beynəlxalq konfrans çağırılması barədə razılıq əldə edilib və Türkiyənin baş naziri Ərdoğan vitse-prezident rolunda çıxış edə bilər. "Nabucco-nun yaxın gələcəyin məsələsinə çevrildiyini vurğulamaq istərdim", - deyən Aarsten onu da əlavə edib ki, bu layihə AB üçün prioritet təşkil edir və türk rəsmiləri də onun gerçəkləşdirilməsinə tərəfdar olduqlarını bildiriblər.
Maraqlıdır ki, "Gaz de France" öz qərarını Almaniyanın RWE şirkəti Nabucco qaz kəmərinin inşası ilə məşğul olacaq beynəlxalq şirkətin altıncı üzvü olandan iki gün sonra açıqladı. Başqa sözlə, layihənin gerçəkləşdirilməsinə tezliklə start verilməsinə siyasətçilər və sərmayədarların marağını gücləndirmək üçün real şans yarandı. Almaniyanın RWE enerji konserni layihəyə qoşulduğunu rəsmən 5 fevral tarixində açıqladı. Layihənin operatorunun - Avstriyanın OMV şirkətinin başçısı Volfhanq Ruttenstorfer isə deyib: "Bu, layihəni əhəmiyyətli dərəcədə gücləndirəcək. Konsorsium üzvləri yekdilliklə bəyəndikləri halda, səhmdarlar yeddinci tərəfdaşın qəbuluna da hazırdır". Bu zaman Avstriyanın iqtisadiyyat naziri Martin Bartenştaynın təklifi diqqət mərkəzinə çəkilir: Bakıya noyabr ayında etdiyi səfər zamanı nazir ARDNŞ-nin də layihəyə daxil olmasının mümkünlüyünü bildirmişdi. Analitiklər RWE şirkətinin qərarını onunla əlaqələndirirlər ki, AB dairələrində Avropanın Rusiyadan qaz tədarükündən artmaqda olan asılılığı fonunda Almaniya və onun biznesi Brüsselin Rusiya qazının idxalından asılılığın azaldılması və "Cənub axını" layihəsinə rəqib kimi çıxış edən layihəni dəstəkləmək çağırışından kənarda qala bilməzdi. Nabucco-da fikir ayrılıqları qaz istehlakçısı olan bir sıra Avropa ölkəsilə "Cənub axını"na dair danışıqları kəskin fəallaşdıran Moskvanın qaz diplomatiyasının uğurları fonunda inkişaf edirdi. "Cənub axını"na Bolqarıstanın qoşulması, Serbiyanın NIS dövlət neft şirkətinin səhmlərinin 51%-nin və Avropada Avstriyanın Baumharten şəhərində yerləşən ən iri qaz satışı meydançalarından birinin - "Central Europe Gas Hub" şirkətinin (OMV şirkətinin törəmə strukturu) səhmlərinin 50%-nin "Qazprom"a verilməsindən sonra bu layihənin gerçəkləşdirilməsi, daha dəqiq desək, Bolqarıstan - Serbiya - Macarıstan - Avstriya qolunun fəaliyyət göstərməsi yolunda yeganə maneə kimi Macarıstan qalır. "Cənub axını" layihəsinin iştirakçılarının tərkibinin hər yeni genişlənməsi onun Nabucco ilə müqayisədə rəqabət mövqelərini sonuncunun zəifləməsi hesabına möhkəmləndirir. Bu səbəbdən, Macarıstan rəqabət aparan qaz layihələri arasında özünəməxsus "döyüş meydanı"na çevrilir və indi bütün diqqət məhz ona cəlb olunub. 2007-ci il dekabrın əvvəllərində Budapeştdə olan Rusiyanın baş naziri Viktor Zubkov macar həmkarını "Cənub axını"na qoşulmağa inandırırdı. Rusiyanın sənaye-energetika nazirinin müavini İvan Materov Budapeştdə bu layihə üzrə texniki-iqtisadi əsaslandırmanın (TİƏ) artıq 2008-ci ildə işlənib hazır olacağını, ilk qaz tədarüklərinin isə 2013-cü il üçün nəzədə tutulduğunu iddia edirdi. Macar-rus danışıqlarına maraq həm də ona görə daha da güclənirdi ki, lap bu yaxınlarda "Qazprom" "Cənub axını"nın birgə inşası barədə İtaliyanın ENI şikəti ilə deyil, Macarıstanın MOL şirkəti ilə razılığa gəlməyə cəhd göstərirdi. Lakin dekabrın 6-da - Viktor Zubkovun Budapeştə gəlməsindən bir gün əvvəl MOL Mərkəzi və Cənubi Avropanın 8 ölkəsinin iştirakı ilə "New Europe Transmission System" (NETS) adlanan alternativ nəqliyyat şəbəkəsinin yaradıldığını bəyan etdi. Layihənin məqsədinin Nabucco qaz kəmərinin inşası üçün kredit alınmasının olduğu bildirildi. Viktor Zubkovun təyyarəsi Budapeştdə yerə endiyi vaxt Brüsseldə NETS layihəsini AB adından AB icra hakimiyyətinin təmsilçisi Ferran Tarradelyas Espuni dəstəklədi. Onun sözlərinə görə, bu layihə Avropa Komissiyasının enerji siyasətinə zidd deyil, paylayıcı şəbəkələrə sərmayə cəlb edilməsinə və Avropanın qaz təchizatı sisteminin yaxşılaşdırılmasına yardımçı olacaq. Budapeştdəki danışıqlarda İvan Materov macar nümayəndə heyətini inandırmağa çalışırdı ki, Nabucco "Cənub axını"na nə alternativ, nə də əlavə layihə qismində nəzərdən keçirilə bilməz, çünki Nabucco kəmərilə qaz nəqli baha başa gələcək. Onun sözlərinə görə, "Cənub axını"nın işə salınması ilə Nabucco-nun taleyi çox problematik olacaq".
Lakin Macarıstanın Nabucco layihəsindən dərhal imtina etməsi üçün bu dəlillər bəs etmədi. Budapeştdə Macarıstan İqtisadiyyat Nazirliyinin dövlət katibi Balaş Felsmann Rusiya nümayəndə heyətinə bildirdi: "Biz heç də piroq bölüşdürmürük, əksinə, yeni piroq bişirir və ən iri tikələri hamı üçün saxlayırıq". Onun sözlərinə görə, Nabucco-nun gücü ildə 20-30 mlrd kub. m, yəni ekspertlərin qiymətləndirmələrinə görə, 2020-ci ildə Avropanın təbii qaza əlavə tələbatının yalnız yarısı qədər olacaq. Macarıstanın baş naziri Ferents Dürçan da nə Nabucco, nə də "Cənub axını"ndan imtina etmədi. Rusiyalılarla danışıqlarda o, öz mövqeyini çox ehtiyatla ifadə etdi: "Macarıstanın bütün tarixi göstərir ki, müxtəlif dövrlərdə Bizansla latın dünyası, xristian aləmilə İslam dünyası arasında olmaqla, ölkəmiz öz yerini axtarıb və biz belə bir qənaətə gəlmişik ki, sülh şəraitində yalnız dialoq olduğu halda yaşamaq mümkündür". Cənab Dürçan "Rusiya ilə münasibətlərdə iqtisadiyyatın və praqmatik yanaşmanın daha çox olmasına can atıldığını" bildirdi. O, Viktor Zubkova da elə məhz bu yanaşmanı nümayiş etdirdi: Rusiya baş naziri öz macar həmkarından yalnız Macarıstanın təkcə bir mənbədən qaz almaq istəmədiyi barədə konkret açıqlama və "Macarıstana aidiyyəti ola bilən istiqaməti işləmək" kimi mücərrəd bir təklif almağa nail oldu.
Macarıstanın "Qazprom"la apardığı oyun cari ilin əvvəlində də davam etdi. Yanvarın axırında "Serco" şirkətinin (paritet əsaslarla MOL və "Qazprom"a məxsusdur) koordinasiya komitəsinin qaz kəməri üçün TİƏ işlənib-hazırlanmasına dair toplantısı keçirilib. Rusiya monopoliyasının danışıqların gedişindən xəbərdar olan meneceri: "Bolqarıstan, Serbiya və Avstriya ilə sazişlər imzalandıqdan sonra qaz kəməri ideyası nisbətən dəqiq cizgilər qazandı, artıq daha sürətlə irəliləmək olar", - deyib. MOL şirkətinin mətbuat katibi Katalina Roman təsdiq etdi ki, "MOL "Qazprom"la "Serco" çərçivəsində mütəmadi görüşür və növbəti görüş mart ayına təyin edilib". Fevralda Macarıstan və Yunanıstanla hökumətlərarası səviyyədə ilk məsləhətləşmələr keçirilməsi planlaşdırılır.
Qeyd etmək vacibdir ki, "Qazprom"un fəal enerji diplomatiyası Nabucco əleyhinə əlaqələndirilmiş təbliğat kampaniyası ilə müşayiət edilir və həmin kampaniyanı Rusiya parlamentariləri, hökumət üzvləri və ölkənin aparıcı investisiya şirkətlərinin təmsilçiləri həyata keçirirlər. Məsələn, Rusiya Dövlət Dumasının vitse-spikeri, Rusiya Qaz Cəmityyətinin prezidenti Valeri Yazev hesab edir ki, "Cənub axını"na dair bir sıra danışıqlardan sonra ötən ilin sonu və cari ilin əvvəllərində Nabucco-nun mövqeləri "ciddi şəkildə sarsılıb". "Bu layihənin məqsədəuyğunluğu getdikcə daha çox şübhə doğurmaqdadır",- deyə deputat qeyd edir. O dəqiqləşdirir ki, fərq "Cənub axını"nın ehtiyat bazasının olması, Nabucco-da isə olmamasındadır. Bi çox rus eksperti hesab edir ki, bölgədə artıq qaz yoxdur və bu səbəbdən də "Cənub axını"nın şansları artmaqdadır, halbuki Nabucco-nun ehtiyat bazası məsələsi həllini tapmır.
"Cənub axını"nı dəstəkləyən "rus xoru"nun səsinə Moskvaya loyal avropalı siyasətçilər səs verirlər. Onların fikrincə, Avropanın Rusiya qazından asılılığını ciddi şəkildə azaltmalı olan Nabucco layihəsi sürətlə puça çıxmaqdadır. AB Enerji Xartiyası Katibliyinin baş katibi Andre Mernye oktyabrın 25-də AB rəhbərlərinin Rusiyanın iştirakı ilə Lissabonda keçirilən sammitinin gedişində Nabucco layihəsini "ölü doğulan uşaq" adlandırıb. Gözlənilmədən bu mövqeni Avstriya elektrik enerjisi bazarının monopoliyaçısı "Energie Allianz Austria" (EAA) dəstəkləyib. Onun Vyanada təşkil etdiyi "dəyirmi masa"nın gedişində şirkətin ekspertləri Nabucco layihəsinin gerçəkləşdirilməsi yolundakı iki ciddi maneəni göstriblər - ehtiyatların qıtlığı və istənilən an İraqla sərhəddə hərbi əməliyyata başlaya bilən Türkiyənin ərazisində tranzitlə əlaqədar terror aktları risqi. Həmin "dəyirmi masa"da İnsbruk Universitetinin (Avstriya) politologiya professoru Herhard Manhott qeyd etdi ki, Nabucco "həyata keçirilmədən məhv olacaq", çünki AB layihəni, "ilk növbədə, siyasi, antirusiya layihəsi" kimi nəzərdən keçirir və yanlış olaraq güman edir ki, "Avropanın qazla təmin edilməsi onun Rusiyadan asılı olmamamasını formalaşdıra bilər". OPEK-in energetika üzrə məsləhətçisi Karin Knaysl ehtiyat qıtlığına diqqət yetirib. "Nabucco-nun təmin edilməsi üçün ildə 30 mlrd. kub m qaz tələb olunur, halbuki Azərbaycan yaxın 5-7 ildə hər il maksimum 11 mlrd kub. m qaz tədarük edə bilər. Üstəlik, bü ölkənin daxili tələbatı ödəmək və Gürcüstana vermək üçün ilbəil daha çox qaza ehtiyacı var", - deyə xanım Knaysl izah edib. Onun fikrincə, Nabucco gerçəkləşdirilməyəcək, çünki "AB-nin ümumi xarici siyasəti olmadığından, Avropa enerji siyasəti də yoxdur və olmaycaq".
Vyanada "dəyirmi masa"da Nabucco layihəsinin müdafiəçisi qismində "Nabucco Gas Pipeline International GmbH" şirkətinin icraçı direktoru Mitşek çıxış etdi: "2020-2025-ci illərdə Avropa 500 mlrd kub/. m qaz idxal etməlidir (2006-cı ildə - 300 mlrd kub m). Odur ki, müxtəlif qaz kəmərləri lazımdır". Həmin vaxt üçün Azərbaycanda qaz hasilatının ildə 50 mlrd. kub m (2006-cı ildə - 10 mlrd. kub m), Türkmənistanda isə 180-200 mlrd kub. m (2006-cı ildə -70 mlrd kub/. m) səviyyəsinə qədər artacağı proqnozlaşdırılır. Cənab Mitşek qeyd etdi ki, Nabucco-nu həmin mənbələr hesabına xammalla təmin etmək olar. "Biz İranda siyasi durumun da bu qədər gərgin olmayacağını təxmin edir və gələcəkdə Nabucco üçün İran qazından da yararlana biləcəyimizi düşünürük",- deyə o, əlavə edib.
MƏSLƏHƏT GÖR: