
ƏFSANƏ BAŞA ÇATDI
Yarım əsrə yaxın Kubaya rəhbərlik etmiş Fidel Kastro hakimiyyəti qardaşına təhvil verdi
Müəllif: Eldar PAŞAYEV Bakı
"Kuba inqilabının əfsanəvi lideri", "Azadlıq adası"nın baş naziri və prezidenti, "sınmaz komandante", Kuba hökumətinin bildirdiyinə görə, 600-dan artıq sui-qəsdlə üzləşmiş, "inanılmaz dərəcədə güclü və cazibədar şəxsiyyət", "mərd və təmiz insan", parlaq hüquqşünas, "romantik qəhraman", qloballaşma əleyhdarı və qəti antiamerikaçı, "qorxunc diktator". Bütün bunlar ona aiddir - 1959-cu ildən sonra Kubanın dəyişməz lideri olan Fidel Kastroya.
O, əbədi görünürdü. Adanın əhalisinin 60%-i onun gözləri qarşısında böyüyüb. Prezidentlər gedib-gəlib, dövlətlər dağılıb və qurulub, "soyuq müharibə" keçmişdə qalıb, Kastro isə hələ də Kubaya rəhbərlik edirdi.
"Son məktub"
Ancaq qocalıq və xəstəlik uzun illərdən bəri Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) edə bilmədiyini etdi - 2008-ci il fevralın 19-da Kuba Kommunist Partiyasının "Granma" ("Qranma") qəzetində Fidel Kastronun məktubu dərc olundu. Məktubda o, bundan sonra ali dövlət vəzifəsini tutmaq fikrində olmadığını bildirirdi. Sənəddə deyilirdi ki, komandante dövlətin məsuliyyətini üzərinə götürə bilməz. Çünki bunun üçün çevik olmaq və var gücü ilə işləmək tələb olunur, bu keyfiyyətlər isə fiziki cəhətdən artıq Kastroda yoxdur.
Düzünə qalsa, bu xəbər heç kəs üçün sürpriz olmadı. Hələ ötən ilin dekabrında "daimi Fidel"in dilindən yayılmış ilk məktubda komandante ilk dəfə olaraq istefaya getməsinin mümkünlüyünü bildirmişdi. Bundan başqa, ötən ilin yayında bağırsağından cərrahiyyə əməliyyatına məruz qalan Kastro ölkəyə rəhbərliyi müvəqqəti olaraq kiçik qardaşı Raula həvalə etmişdi və həmin vaxtdan ölkəyə faktik olaraq kiçik Kastro rəhbərlik edirdi.
Lakin bununla yanaşı, hökumət hələ də Fidelin 2008-ci ildə keçiriləcək seçkiyədək səlahiyyətlərinin icrasını bərpa edəcəyini bildirirdi.
O, həqiqətən də, parlament seçkisində namizədlər siyahısında idi. Yanvarın 20-də isə komandante növbəti dəfə Kuba parlamentinə - Milli Assambleyaya üzv seçildi. Fevralın 24-də ilk toplantısını keçirən parlament Dövlət Şurasını və onun rəhbərini (yəni dövlət başçısını) seçməli idi. Lakin buna bir neçə gün qalmış, Kastro hakimiyyətdən getdiyini bəyan etdi.
Nəticədə parlament Dövlət Şurasının rəhbəri postuna 76 yaşlı Raul Kastronu seçdi. Onun birinci müavini postunu isə Kuba Kommunist Partiyasının liderlərindən olan Xose Ramon Maçado Ventura tutdu.
"Geriyə yol yoxdur!"
Fidel Kastro 1926-cı ildə Biran yaşayış məntəqəsi yaxınlığındakı (Oryente əyaləti) Mayari malikanəsində doğulub. Məktəbdə əla oxuması ona hələ 13 yaşında atasına məxsus şəkər plantasiyasında işçilərin üsyanına qoşulmasına mane olmayıb (bəlkə də, əksinə, kömək edib). Şahidlərin sözlərinə görə, artıq o vaxt gələcəyin "romantik inqilabçısı"nın liderlik xüsusiyyətləri özünü büruzə verirdi.
1950-ci ildə Fidel Havana Universitetinin hüquqşünaslıq fakültəsini bitirsə də, karyerasını bu sahədə davam etdirmədi. O hələ təhsil aldığı dövrlərdə Kuba Xalq Partiyasına (Ortodokslar) qoşulmuşdu. 1952-ci il kampaniyası zamanı isə o, Havananın rayonlarının birində Nümayəndələr Palatasına namizəd göstərildi. Lakin 1952-ci il martın 10-da general Fulhensio Batistanın dövlət çevrilişi nəticəsində prezident Karlos Prio Sokkarasın devrilməsi seçkinin təxirə salınmasına səbəb oldu. Məhz bu hadisə Fideli hüquqşünasdan inqilabçıya çevrilərək, diktatoru devirmək məqsədilə gizli təşkilat yaratmağa vadar etdi. Amma Santyaqodakı Monkada kazarmasına uğursuz basqın Fidelin həbsxanaya atılmasına səbəb oldu. Məhz o zaman məhkəmədə Fidel məşhur "Tarix mənə bəraət verəcək" şüarını səsləndirdi və bundan sonra Kubada xalq üsyanı vüsət aldı, nəticədə "26 İyun" inqilab hərəkatı yarandı.
1955-ci ildə Kastro amnistiyaya düşdü və Meksikaya mühacirət etdi. 1956-cı il noyabrın 25-i gecə isə cəmi 10 nəfər üçün nəzərdə tutulmuş, o qədər də böyük olmayan "Qranma" yaxtasına 82 inqilabçı ilə birlikdə, özü də onların rəhbəri kimi əyləşərək, Kubaya yola düşdü. Qarşıda onu Batistanın ordusu ilə ağır döyüş gözləyirdi. Lakin 1958-ci il dekabrın 31-də general ölkədən qaçdı.
Bununla da 1959-cu ilin fevralında Fidel Kubanın hökumət başçısı postuna yiyələndi. 1976-cı ildə o, özünü Kuba Milli Assambleyasının Dövlət Şurasının rəhbəri elan etdi və bununla da baş nazir və prezident vəzifələrini birləşdirdi.
"Soyuq müharibə"nin ən kəskin vaxtı, dünyanı az qala nüvə müharibəsi ilə üz-üzə qoyacaq dövr də Kastronun adı ilə bağlıdır. 1961-ci ilin yanvarında Havana və Vaşinqton diplomatik əlaqələrə son qoydular. ABŞ Kubadakı Amerika mülkiyyətinin milliləşdirilməsindən və bu ölkə rəhbərliyinin Sovet İttifaqı ilə sıx əlaqələrindən ciddi şəkildə narazı idi.
Həqiqətən də, Fidel Kastro hakimiyyətə gəldikdən sonra bütün sənayenin, nəqliyyat, rabitə, kütləvi informasiya vasitələri və torpaq sahələrinin böyük bir hissəsinin milliləşdirilməsi haqda göstəriş verdi. Bunadək isə Kubanın şəkər sənayesinin yarıdan çoxuna, elektrik enerjisinin 90%-dən artığına, neft emalı və istehsalı sənayesinə, rabitə və turizm biznesinə Amerika kapitalı nəzarət edirdi.
Bundan başqa, 1961-ci il aprelin 14-də Kuba ölkədəki inqilabı "sosialist inqilabı" elan etdi.
Karib dənizindəki qonşular arasındakı fikir ayrılıqlarının pik həddi isə tarixdə "Kuba" və ya "Karib" böhranı adı ilə yadda qaldı.
O vaxtdan indiyədək bir çox ekspertlər hesab edir ki, həmin dövrdə yalnız möcüzə nəticəsində nüvə müharibəsindən qaçmaq mümkün oldu. ABŞ prezidenti Con Kennedi ilə SSRİ lideri Nikita Xruşşov arasında gərgin keçən danışıqların sonunda Sovet İttifaqı Kubanın sahil sularındakı raketlə yüklənmiş gəmilərini oradan çıxarmağa, ABŞ isə Kastro rejimini devirmək cəhdindən imtina etməyə və Türkiyə ərazisindən nüvə silahını çıxarmağa razılıq verdi...
Fidel Kastronun rəhbərliyi dövründə kubalılar Boliviya və Venesuela ilə partizan müharibəsi aparıb, Anqolada sovetpərəst qüvvələr tərəfində vuruşub (1975-ci il), 1978-ci ildə Efiopiyaya Somalinin hücumunun qarşısının alınmasında kömək edib, həmçinin Qana, Əlcəzair, Mozambik, Nikaraqua və Salvador kimi ölkələrdə üsyançılara kömək edib. 1968-ci ildə isə Kastro Varşava Müqaviləsi ölkələrinin Çexoslovakiyaya hücumuna dəstək verib.
Bu müddət ərzində Kubanın daxilində də bir neçə antihökumət üsyanları baş verib, komandantın siyasəti ilə razı olmayan çox sayda vətəndaş həbsə atılıb. Ümumilikdə, Kubadan mühacirət edən insanların sayı 2 milyondan artıqdır və onlar əsasən ABŞ-a üz tutublar.
Yeri gəlmişkən, 1993-cü ildə Kastronun qızlarından biri də ölkədən qaçanlar sırasına qoşulub.
Ölkədə iqtisadi çətinliklər və qaçqınların sayının artması SSRİ-nin dağılmasından sonra daha da ciddi nəzərə çarpmağa başlayıb. Çünki Sovet İttifaqının dağılması ilə Havana yalnız əsas siyasi müttəfiqini yox, həm də əsas ticarət tərəfdaşını itirdi. Nəticədə çoxdan Vaşinqtonun iqtisadi təzyiqlərinə məruz qalan Kastro hökuməti ciddi güzəştlərə getməli oldu və iqtisadiyyatın bir hissəsini, xüsusilə turizm sahəsini xarici investisiyalara açıq elan etdi. Bir qədər sonra isə hətta ölkədə xarici valyutanın dövriyyəsinə də imkan yaradıldı. 2000-ci ilin dekabrında Rusiya prezidenti Vladimir Putinin Kubaya səfərindən sonra Kastro Moskva ilə iqtisadi münasibətlərin bərpasına qərar verdi. Lakin iki ölkə arasında əlaqələr hələ də sərin olaraq qalır.
"Buş, aclıq və ölüm"
Kubanın ABŞ-la münasibəti ayrıca mövzudur. "Karib böhranı"ndan 15 il sonra bu dövlətlər yenidən diplomatik əlaqələr qurmağa çalışsalar da, bütün cəhdlər iflasa uğrayıb. 2000-ci ilin oktyabrında ABŞ-ın Nümayəndələr Palatası Kubaya qarşı ticarət embarqosuna yenidən baxaraq, bu ölkəyə ərzaq və dərman ixracına qoyulan məhdudiyyəti bir qədər yumşaldıb. Kastro isə öz növbəsində 2001-ci ilin 11 Sentyabr terrorunu pisləsə də, ABŞ-ın Əfqanıstan və İraqdakı müharibəsinə qarşı çıxıb.
Kastro ABŞ hakimiyyətinin ünvanına tənqidlərini "Buş, aclıq və ölüm" adlı məqaləsində bir daha dilə gətirib.
Ümumiyyətlə, komandante 1950-ci ilin sonlarından başlayaraq, daim Ağ evin sahiblərinə qarşı barışmaz mövqe tutub. Vaxtilə o, Amerikanın siyasi sistemi haqda deyirdi: "Orada iki partiya var. Amma əslində onlar üsul, məqsəd və hədəflər baxımından o qədər oxşardırlar ki, faktik olaraq ölkədə, dünyada analoqu olmayan mükəmməl birpartiyalı sistem yaradılıb. Bütün siyasət mövcud iqtisadi və sosial sistem çərçivəsində mübahisələrdən ibarətdir".
Əlbəttə ki, Vaşinqton heç kimə borclu qalmır. Corc Buşun da bir zaman söylədiyi kimi, Ağ ev "Kubada dəyişiklikləri gözləməyərək, bu istiqamətdə fəal iş görür". Ekspertlərin sözlərinə görə, burada söhbət əsasən, məsələn, kubalıların İnternet vasitəsilə informasiya əldə etməsinin maliyyələşdirilməsi, ölkədə mövcud olan senzuradan yan keçməklə, peyk rabitəsinin yaradılması kimi məsələlərdən gedir.
Bundan başqa, Amerikada bəzi qanunlar da birbaşa Kastro rejiminin zəiflədilməsinə yönəlib. Məsələn, ABŞ-da yaşayan kubalılar Kubadakı qohumlarına ildə 3 dəfədən artıq baş çəkə, bir ay ərzində isə onlara 100 dollardan çox pul göndərə bilməzlər.
Maraqlıdır ki, ABŞ-ın prezidentliyə ən şanslı namizədlərindən sayılan Barak Obama qələbə qazanacağı təqdirdə bu qaydaların ləğv olunacağını vəd edib. Obamanın fikrincə, Kubadan olan miqrantlar üçün "məhdudiyyətsiz hüquqlar" onların həmvətənlərinə demokratik quruluşun üstünlüklərini nümayiş etdirməyin ən yaxşı yoludur. Əlbəttə ki, Obama əslində heç də kubalıların qeydinə qalmır və daha çox qarşıdan gələn seçkidə onların səslərini əldə etməyə çalışır. Qeyd edək ki, rəsmi məlumata görə, ABŞ-da təxminən milyon yarım kubalı yaşayır (hələ 1980-ci ildə Amerikada belə bir qanun qəbul edilib ki, bu ölkəyə gələn kubalılar ABŞ sahillərinədək üzüb çata biliblərsə, ölkədə qalmaq hüququna malikdirlər).
ABŞ demokratlarından prezidentliyə digər namizəd Hillari Klinton isə bu məsələyə son dərəcə ehtiyatla yanaşır. O, əmindir ki, Havana ilk olaraq insan haqlarına hörmət istiqamətində irəliləyişə nail olduğunu göstərməli, siyasi məhbusları azad etməlidir.
Vaşinqtonda Kastronun ölümünü çoxdan gözləyirlər. Bir müddət əvvəl Dövlət Departamentinin rəsmisi Şon Makkormak açıq şəkildə bildirmişdi ki, "Fidel Kastronun iş qabiliyyətini itirməsi və ya ölümü Kuba xalqı üçün dönüş nöqtəsi olardı".
2005-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı məxfi məruzədə isə bildirilirdi ki, Fidel 1998-ci ildən parkinson xəstəliyinə düçar olub və yaxın zamanlarda onun səhhəti kəskin şəkildə pisləşəcək. O zaman Fidel amerikalılara 5 saatlıq çıxışında cavab verərək, özünü "heç zaman indiki kimi yaxşı hiss etmədiyini" bəyan etmişdi.
İndi isə o getməli oldu...
2007-ci ilin yayında ABŞ administrasiyası Kubada hakimiyyət dəyişikliyinin mərhələli planını açıqlayıb. Məruzə dövlət katibi Kondoliza Rays və ticarət naziri Quterresin həmsədrləri olduqları Azad Kubaya yardım komissiyası tərəfindən hazırlanıb. Sənəddə Fidel Kastronun ölümündən sonrakı 180 gün ərzində adanın "demokratikləşdirilməsi" təklif olunur. Komissiya ABŞ hökumətinə Kubada yeni hakimiyyətin seçiminə 80 milyon dollar ayrılmasını təklif edir. Adaya amerikalı ekspertlər getməli, orada azad seçkilərin keçirilməsini təşkil etməlidir. Özü də bu işdə ABŞ-da hazırlanmış hakimlər və polis əməkdaşları da yaxından iştirak etməlidir...
Kubasuela?
Görünür, Fidelin varisi Raul Kastro indi bütün səylərini bu planların reallaşmasının qarşısını almağa yönəltməli olacaq. Onun kommunizmin "Çin modeli"ni bəyəndiyi, həmçinin ölkədə bəzi iqtisadi islahatların həyata keçirilməsinin əleyhinə olmadığı bildirilir. Kiçik Kastro özü də Dövlət Şurasının rəhbəri seçildikdən dərhal sonra bu niyyətini açıqlayıb. Raul Kastro onu da bildirib ki, onun üçün əsas prioritet xalqın ən mühüm problemlərinin həlli olacaq. Bununla yanaşı, müdafiə, beynəlxalq siyasət və ölkənin sosial-iqtisadi inkişafına dair bütün məsələlərdə o, əvvəlkitək, böyük qardaşı ilə məsləhətləşmək fikrindədir.
Lakin Raul Kastronun hakimiyyətdə nə qədər qala biləcəyi bəlli deyil. Bir tərəfdən, Amerikanın "demokratikləşdirmə planları", digər tərəfdən isə, Raulun səhhətindəki problemlər... Yeri gəlmişkən, Raulun orqanizminin Fideldən də zəif olması haqda fikirlər səslənir. Üstəlik, o, yaşca komandantedən o qədər də kiçik deyil...
Belə olduğu təqdirdə, Kubanın yeni liderini haradan gözləmək lazımdır? Raul Kastro müdafiə naziri və silahlı qüvvələrin ali baş komandanı kimi, Kubanın bütün biznesini əldə saxlayan İnqilabçı Silahlı Qüvvələrin elitasına nəzarət edir. Odur ki, bəlkə də, yeni komandanteni məhz bu dairələrdə axtarmaq lazımdır.
Bundan başqa, əvvəllər Fidel Kastronun varisinin Dövlət Şurasının İcraiyyə Komitəsinin katibi Karlos Laxe ola biləcəyi söylənilirdi. Qeyd edək ki, son il yarımda o, ölkəni dəfələrlə beynəlxalq forumlarda təmsil edib. Analitiklər hesab edir ki, 56 yaşlı Karlos Laxe Kuba rəhbərliyində əhəmiyyətinə görə üçüncü şəxsdir. Kuba parlamentinin Konstitusiya islahatları keçirəcəyi, dövlət başçısı və baş nazirin səlahiyyətlərini bölüşdürəcəyinə dair də məlumatlar dolaşmaqdadır. Belə olarsa, Dövlət Şurası və Nazirlər Kabinetinin rəhbəri postları iki müxtəlif şəxsə həvalə ediləcək.
Hələlik bu baş verməsə də, yaxın gələcəkdə hər şey ola bilər.
Bu kontekstdə o da qeyd edilməlidir ki, son zamanlar Kubanın 1998-ci ildən Uqo Çavesin rəhbərliyi altında olan Venesuela ilə son dərəcə yaxınlaşdığı müşahidə olunur. Təsadüfi deyil ki, çoxları meydanı tərk etməkdə olan Kastronun əlindəki "inqilab bayrağı"nın məhz Uqo Çavesə ötürüldüyünü düşünür. Burada komandantenin Çavesə ünvanladığı teleqramın məzmununu xatırlatmaq yerinə düşər: "Mən rahat şəkildə dünyamı dəyişə bilərəm. Bilirəm ki, ömrümün böyük bir hissəsini həsr etdiyim işlər etibarlı əllərdədir".
Hazırda Venesuela Kubanın yaxın tərəfdaşı və strateji müttəfiqidir. 2004-cü ilin dekabrında iki ölkə arasında əməkdaşlıq haqda indiyədək qüvvədə olan razılaşmaların daha da genişləndirilməsi və dərinləşdirilməsinə dair saziş imzalanıb.
Bu eyni zamanda Amerikaya Bolivarian Alternativi (ALBA) sənədinin əsasını qoyub. Artıq Boliviya, Nikaraqua və Dominikan Respublikası da buraya qoşulub. Bu Alternativ ABŞ administrasiyasının təşəbbüsü olan Ümumamerika Azad Ticarət Zonasına qarşı qoyulacaq güc kimi yaradılıb. Bir müddət əvvəl isə Uqo Çaves ABŞ təhlükəsinin qarşısının alınması məqsədi ilə ALBA Antiimperiya Hərbi Alyansının yaradılması təklifi ilə çıxış edib. İdeyaya əsasən, ABŞ və ya onun müttəfiqlərinin ALBA-ya daxil olan dövlətlərdən hər hansına hücumu qurumda birləşən bütün ölkələrə təhlükə hesab olunacaq.
Bir çox ekspertlər hesab edirlər ki, Uqo Çaves xarici faktorlara (ABŞ, Aİ, xaricdəki Kuba diasporu) qarşı duruş gətirmək, Azadlıq adasındakı siyasi sistemin Fidel Kastronun dönəmində olduğu formada qorunub-saxlanmasına nail olmaq iqtidarındadır. Çoxları üçün regional lider artıq Uqo Çavesdir. Eyni zamanda, Kastro kimi, Çaves də qeyri-adiliyi ilə diqqəti cəlb edir. Hər halda, onun da enerjisi aşıb-daşır.
Nəticədə hətta belə söz-söhbət dolaşır ki, gələcəkdə ya "VenKuba", ya da "Kubasuela" adlanacaq federasiyanın yaradılması da mümkün-dür.
Nəhayət, daha bir məqam: müxtəlif hesablamalara görə, Kubanın neft ehtiyatları 9 milyard barrelə çatır və söhbət yüksək keyfiyyətli neftdən gedir. Lakin hazırda Havananın "qara qızıl"ı ixrac etmək imkanları yoxdur. Ölkədə liman və hasilat imkanları, neft anbarları və s. məhdud saydadır. Bu məsələdə də Kuba Karakasla dostluqdan yaralana bilər. İki ölkə arasında artıq 100 milyon dollarlıq razılaşma imzalanıb və sənəddə SSRİ dövründən qalmış neft terminalı və Neft Emalı Zavodunun təkmilləşdirilməsi nəzərdə tutulub.
Aydındır ki, zəngin neft ehtiyatları beynəlxalq arenadakı digər nəhəng oyunçuları da cəlb edə bilər. Hazırda sadəcə hadisələrin inkişafını gözləmək qalır.
Bu hadisələr isə olduqca maraqlı məcraya yönələ bilər.
MƏSLƏHƏT GÖR: