15 Mart 2025

Şənbə, 00:31

"KOSOVO BOMBASI" İŞƏ SALINDI

Bunun zərbəsi beynəlxalq hüquq və BMT nizamnaməsinə dəyə bilər

Müəllif:

01.03.2008

Serbiyanın Kosovo bölgəsinin birtərəfli qaydada müstəqilliyini elan edəcəyinə şübhə ilə yanaşanlar o qədər də çox deyildi.  Və çoxdan gözlənilən bu hadisə fevralın 17-də həqiqətən də baş verdi. Düzdür, özü-özlüyündə məsələnin mahiyyətində müstəqilliyin elan olunması dayanmır. Çünki indiyədək dəfələrlə müxtəlif separatçı rejimlərin öz müstəqilliyini elan etməsi halları ilə  rastlaşmışıq. Əsas məsələ odur ki, beynəlxalq hüquqa görə tam qanunsuz olan bu yeni törəmə dünyanın ayrı-ayrı aparıcı dövlətləri tərəfindən tanınmağa başlanıb.

İndiyədək bütün oxşar hadisələrə birmənalı olaraq mənfi qiymət verilirdi. Hətta ayrılmağa cəhdin etnik xarakter daşıdığı və həmin millətin digər ərazidə dövlətə malik olmadığı hallarda belə. Məsələn, Gürcüstan ərazisindəki Abxaziya və Cənubi Osetiya münaqişələrində olduğu kimi...

Dini-etnik separatizmin qəbul edilməməsinin ən son nümunələrindən biri isə Çeçenistanın Rusiyadan ayrılmaq cəhdi idi. Bu məsələdə çeçenlərə ürəyi yanan dövlətlər çox olsa da, heç bir ölkə "suveren İçkeriya"nı tanımaq fikrinə düşmədi. Özü də məsələ yalnız sözügedən hadisənin Rusiya kimi nəhəng dövlətin ərazisində baş verməsi ilə əlaqəli deyil. Sadəcə, həmin vaxt hazırda Kosovo separatizmini dəstəkləyən Qərb dövlətləri BMT Nizamnaməsini və dövlətlərin hamı tərəfindən qəbul edilən ərazi bütövlüyü prinsipini ayaqlar altına atmaga hazır deyildilər. Yeri gəlmişkən, Kosovo ilə bağlı məsələdə ABŞ, Avropa İttifaqı və onlara dəstək verən Əfqanıstan, Kosta-Rika kimi ölkələrin tutduğu mövqeni, istənilən halda "xalqların öz müqəddəratını təyinetməsi" prinsipinə əsaslanmaq kimi qəbul etmək olmur. Əvvəllər "müstəqilliyin elan edilməsinə" neqativ yanaşma dünyada separatizm dalğasının yayılmayacağına (Kosovonun tarixi göstərdi ki, bunun üçün digər dövlətlərdə də zəmin var) əminlik yaradırdı. Özü də belə bir təhlükə ilə hətta Belçika, İspaniya, İtaliya, Kanada kimi uzun illərdir ən yüksək yaşayış səviyyəsinə malik dövlətlər də üzləşə bilər. İqtisadi və siyasi baxımdan daha zəif dövlətlər haqda isə heç danışmağa belə dəyməz...

 

Hərənin öz "hüququ" var

Bu yerdə politoloq Fuad Axundovun nüfuzlu "Rossiə v qlobalğnoy politike" (Foreign affairs, 2008, №1) jurnalında dərc olunmuş "Qarabağ dalanında günahkar kimdir?" adlı çox maraqlı məqaləsindən böyük bir hissəyə nəzər salaq:

"... Bir çox tədqiqatçıların, o cümlədən Yuri Reşetovun qeyd etdiyi kimi, millətlərin öz müqəddəratını təyinetmə hüququ heç də "ayrılmaq hüququ" demək deyil. Millətlərin öz müqəddəratını təyinetmə hüququ muxtariyyət, yerli özünüidarəetmə və s. formalarda təmin edilə bilər və edilməlidir də. Burada xüsusilə xalq, millət və etnik qrup anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. Elə Rusiya prezidenti Vladimir Putin də millətlərin öz müqəddəratını təyinetmə hüququnun bu fərqlərə varmadan "ümumiləşdirilmiş təqdimatı"nın keçmiş sosialist federasiyaları ərazilərindəki lokal münaqişələrin həlli üçün təhlükəli olduğunu vurğulayıb. 

Qərbin Serbiya hakimiyyətinin iradəsinə zidd olaraq Kosovonun müstəqilliyinin tanınmasına can atmasını şərh edən Putin belə bir sualla müraciət edib: "Sizin ağlınıza gəlmirmi ki, millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin əldə əsas edilməsi neqativ proseslərə təkan verəcək? Özü də təkcə postsovet məkanında deyil". "Buna təhrik etmək nəyə lazımdır? Hesab edirəm ki, bu, son dərəcə zərərli və təhlükəlidir", - deyə Rusiya prezidenti bildirib.

Məsuliyyətli siyasətçi və diplomatlar öz müqəddəratını təyinetmə hüququnun ümumiləşdirilmiş formada təqdim olunmasının nə qədər təhlükəli olduğunu yaxşı anlayırlar. Beynəlxalq hüququn əsas istinad nöqtəsi olan BMT nizamnaməsində elə bir müddəa yoxdur ki, orada dövlətlərin sonsuzadək bölünməsi, hətta "küçələrin öz müqəddəratını təyin etməsi" və "məhəllələrin suverenlik" elan etməsi üçün millətlərin öz müqəddəratını təyin etməsi prinsipi yetərli əsas sayılsın.

Millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin necə inkişaf etdiyini BMT Nizamnaməsinin formalaşması prosesində izləmək mümkündür. Dumbarton-Oks konfransında müzakirə edilən təkliflərə 1-ci maddənin öz müqəddəratını təyinetməyə dair müddəaları daxil edilməmişdi. Bu müddəalar Nizamnaməyə San-Fransisko konfransında fövqəldövlətlərin düzəlişləri kimi daxil edilib.

Bu zaman duzəlişlərin müzakirəsinin gedişinə yekun vuran materiallarda qeyd ounurdu ki, xalqların bərabərliyi və öz müqəddəratını təyin etməsi prinsipləri "vahid bir normanın iki tərkib elementidir".

Konfransın materiallarında həmçinin vurğulanırdı ki, xalqların bərabərliyi və öz müqəddəratını təyin etməsi prinsipləri BMT Nizamnaməsinin məqsədlərinə uyğunlaşdırılır, çünki bu, özündə xalqların "ayrılmaq hüququnu" deyil, yalnız özünüidarəetmə hüququnu ehtiva edirdi. Beləliklə, xalqların bərabərliyi və öz müqəddəratını təyin etməsi prinsipinin mənbə və məzmunu açıq-aydın göstərir ki, bu prinsip özünün reallaşma forması kimi ayrılmanı istisna edirdi. Öz müqəddəratını təyinetmə hüququ Ümum-dünya İnsan Haqları Deklarasiyasında da nəzərdə tutulmurdu.

Bu prinsip dünyada kolonial sistemin dağılması zamanı inkişaf etməyə başladı. O zaman Britaniya Tanzaniyası, Belçika Konqosu və s. bu kimi böyük müstəmləkələr kolonial əsarətdən azad olmağa başlamışdılar. Dənizin o tayında, min kilometrlərlə uzaqlıqda yerləşən hökumətlər vaxtilə nəzarət etdikləri ərazilərdə hakimiyyət funksiyalarını səmərəli həyata keçirə bilmirdilər. Nəticədə xeyli əhalisi olan böyük ərazilər tamamilə dövlət tənzimlənməsi mexanizmlərindən məhrum olur və bu proses üçün qanunverici çərçivə "yaratmaq" zərurəti meydana çıxırdı. Belə olan halda isə öz müqəddəratını təyinetmə hüququ yeganə hüquqi zəminə çevrilirdi.  

Lakin artıq Afrikadakı "xammal müharibələri" (məsələn, keçmiş Belçika Konqosunun Katanqa əyalətindəki üsyanlar və Nigeriyanın Biafra əyalətindəki qanlı çəkişmələr) zamanı məlum oldu ki, uzaq Avropa metropoliyalarının burada hakimiyyətlərini itirməsindən sonra millətlərin öz müqəddəratını təyin etməsi hüququna istinad nələrə gətirib çıxara bilər. Nəticə isə göz qabağında idi: qanlı və dağıdıcı müharibələr, dövlətlərin parçalanması, knyaz, tayfa başçıları və digər bu kimi hakimiyyət formalarının qurulması və s.

İstənilən halda "antikolonial" və ən əsası, postkolonial təcrübə BMT-nin strukturlarında aşağıdakı qənaəti bir daha təsdiqlədi. 

Birincisi, xalqın öz müqəddəratını təyin etməsi hüququnu milli azlıqların hüquqları ilə qarışdırmaq olmaz, çünki BMT Nizamnaməsinin müəllifləri öz müqəddəratını təyin etmək hüququnu milli azlıqlara şamil etmək niyyətində deyildilər. 

İkincisi, bir xalqın öz müqəddəratını təyinetmə hüququ millətin bütövlüyünü pozmağa yönəlməməli və ya bu bütövlüyün təmin olunması üçün milli suverenliyə zidd olan əngəllər yaratmamalıdır.  

Və nəhayət, 1981-ci ildə BMT çərçivəsində hazırlanan "Xalqların öz müqəddəratını təyinetmə hüququ" adlı tədqiqatda vurğulanır ki, "BMT Nizamnaməsində müəyyən edilmiş bərabərlik və öz müqəddəratını təyinetmə prinsipi müstəqil və suveren dövlətin ərazisində yaşayan hər hansı bir əhali qrupunun ayrılması üçün qeyri-məhdud hüquqlar vermir və bu hüquq "lex-lata" (mövcud qanunvericilik-Red) müddəası sayıla bilməz. Xarici dövlətlərin dəstəklədiyi və təşviq etdiyi ayrılmaq hüququ dövlətlərin bərabərlik hüququnun əsaslandığı ərazi bütövlüyünə hörmət prinsipinə hər zaman kəskin ziddiyyət təşkil edəcək". 

Daha sonra tədqiqatda deyilir: "Beynəlxalq hüquqda ümumi və qeyri- məhdud ayrılmaq hüququnu tanımaq təhlükəli olardı, çünki hər hansı bir dövlətin ərazisində yaşayan əhalinin hüquqları həmin dövlətin milli konstitusiya hüququ ilə tənzimlənir".

Elə həmin tədqiqat müəllifləri qeyd edirlər ki, "bərabərlik və xalqların öz müqəddəratını təyinetmə hüququ millətlərin könüllü və demokratik əsaslarla birləşməsinə xidmət etməli, mövcud milli qurumların parçalanmasına xidmət etməməlidir. Bu prinsipin əhatə dairəsini genişləndirən və onun müstəqil və suveren dövlətin tərkib hissəsi olan xalqlara münasibətdə istifadəsini şərtləndirən təqdimat formalarından yayınmaq lazımdır. Əks- halda, bu, suveren dövlətlərdəki separatçı hərəkatların dəstəklənməsi demək olardı və həmin suveren dövlətlərin milli birliyi və ərazi bütövlüyünün təhlükə altına alılnmasına şərait yaradardı". Bundan başqa, alimlərin fikrincə, xalqların öz müqəddəratını təyinetmə hüququ beynəlxalq sənədlərə ona görə daxil edilməyib ki, "separatçı və ya millətçi hərəkatları həvəsləndirsin". Tədqiqat müəllifləri həmçinin əmin olduqlarını bildiriblər ki, "dünya ictimaiyyəti kifayət qədər yetkin bir vəziyyətdədir ki, əsl öz müqəddəratını təyinetməni ayrılma aktını pərdələməyə xidmət edən müqəddəratı təyinetmədən fərqləndirsin".

Beynəlxalq hüququn nəzəri inkişafı və dünya ictimaiyyətinin bilavasitə yaşadığı siyasi təcrübənin ən uğurlu izahını isə Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin sədr müavini, Dumanın insan hüquqları və əsas azadlıqların təmin olunması təcrübəsinin öyrənilməsi, onların xarici dövlətlərdə həyata keçirilməsinə nəzarət üzrə komissiya sədri Nataliya Naroçnitskaya verib: "Millətlərin öz müqəddəratını təyinetmə hüququna istinad etmək olmaz. İlk növbədə ona görə ki, illüziyalara rəğmən, beynəlxalq hüquq belə bir hüquq tanımır. Əks halda, bu, istənilən federativ və çoxmillətli dövlət üçün quraşdırılmış bomba ola bilərdi. Bu, dərhal presedent xarakteri yaradır, dərhal analogiya axtarmağa əsas verir: məsələn, Rusiyada Çeçenistan, İspaniyada basklar. Beynəlxalq birlik heç vaxt bunu qəbul edə bilməz, xüsusən də ona görə ki, bu hüquq, doğrudan da, beynəlxalq hüquq tərəfindən tanınmır. Bu gün beynəlxalq hüquqda öz müqəddəratını təyinetmə hüququ mədəni muxtariyyət hüququ kimi başa düşülür. Bu isə hər hansı bir millətin hətta digər bir millətin dominantlıq etdiyi dövlət çərçivəsində milli yaşam tərzini davam etdirmək hüququ deməkdir".

Rusiyanın Xalqlar Dostluğu Universitetinin beynəlxalq hüquq kafedrasının professoru Valentin Romanov deyirdi: "BMT Nizamnaməsində öz müqəddəratını təyinetmə anlayışı prinsip adlandırılsa da, o, maddə 2-yə görə Təşkilat və onun üzvlərinin fəaliyyəti üçün əsas götürülən prinsiplər arasında yer almayıb. Öz müqəddəratını təyinetmə prinsipi mütləq bir konsepsiya deyil, sadəcə millətlər arasında dinc və dostluq münasibətlərin əsaslarından biridir. Bundan başqa, BMT Nizamnaməsində öz müqəddəratını təyinetmə xalqların bərabərlik hüququ ilə bərabər işlədilir. Bu isə o deməkdir ki, öz müqəddəratını təyin edən icma ilə yanaşı, əhalinin "müqəddəratını təyin etməyən" hissəsinin hüquqlarına da hörmətlə yanaşılmalıdır. Çünki bir icmanın öz müqəddəratını təyin etməsi onların da həyatına və gələcək taleyinə təsir göstərir...".

Fikrimcə, məqalədən sizə təqdim etdiyimiz bu hissəyə nəzər yetirmək kifayətdir ki, 10 ildər artıqdır "parçala, hökm sür" kimi təhlükəli siyasət yürüdən Vaşinqtonun və onun seçimini dəstəkləyən fövqəldövlətlərin beynəlxalq hüququn hansı prinsiplərini ayaqlar altına atdığı açıq-aydın görünsün.

 

Real siyasət

Bu sətirlərin müəllifi qətiyyən antiamerikalı və ya Allah eləməsin, "rusiyapərəst element" deyil. Sadəcə, baş verən hadisələrə görə bir çoxları kimi, mən də Vaşinqtonun hərəkətlərindən, yumşaq desək, təşviş və təəssüf hissi keçirirəm. Çünki bu gün ABŞ faktik olaraq, özünün müttəfiqi elan etdiyi yeni separatçı rejimin "atası" rolunda çıxış edir.

Yeri gəlmişkən, rəsmi Bakının Kosovonun müstəqilliyini tanımamasını "faciəyə" çevirən və Azərbaycanı "qardaş Türkiyə" və "strateji müttəfiq ABŞ"a qarşı çıxmaqda günahlandıran bəzi "siyasətçi" və "politoloq"larımızın mövqeyi də məyusedicidir. 

Bu cür plebey mövqeyində dayananlar, əvvəla, Azərbaycanın müstəqil dövlət olduğunu və öz xarici siyasətini xaricdən "işarə" gözləmədən, yalnız özünün milli maraqlarına uyğun şəkildə qurduğunu anlamırlar. Halbuki əsl vətənpərvərlər buna yalnız sevinməlidirlər.

İkincisi, özü separatçılıqdan əziyyət çəkən ölkə digər separatçı rejimi tanımağı özünə necə rəva bilər?!

Bəli, yaxın müttəfiqimiz olan Türkiyə Kosovonun müstəqilliyini tanıdı və yeri gəlmişkən, bunu bizim mövqeyimizi və Azərbaycanın durumunu nəzərə almadan etdi. Dünyada məşhur olan real politic (real siyasət) elə budur. Türkiyənin Kipr problemi var və Kosovo münaqişəsinin həlli hesabına o, türk Kiprinin də müstəqilliyinin tanınmasına və sonradan onun Avropa İttifaqına qoşulmasına ümid edə bilər. Bu isə öz növbəsində, Türkiyənin özünün də bu strukturun üzvünə çevrilməsinə böyük köməklik göstərə bilər. 

Bundan başqa, Ankara hazırda Amerikanın dəstəyindən yararlanır və istər öz ərazisində, istərsə də Şimali İraqda kürd terrorçuları ilə mübarizədə ona Vaşinqtonun dəstəyi vacibdir. 

Üstəlik, Ankara öz hərəkətinə bəraət qazandırmaq xatirinə, Kosovonu tanıyan digər "ata-banilər" kimi, bunun presedent ola bilməyəcəyini söyləyir. 

Bəli, hazırda bu, həqiqətən də, belədir. Lakin onun presedent olub-olmadığına bir qədər aşağıda nəzər salacağıq...

Beləliklə, Azərbaycanın da Türkiyə kimi, yalnız öz maraqlarından çıxış etməsində və suveren xarici siyasət yürütməsində təəcüblü, xüsusilə də pis heç nə yoxdur və ola da bilməz. Unutmaq olmaz ki, söhbət bir millətdən getsə də, ayrı-ayrı iki dövlətdən də gedir və onların maraqları bəzi hallarda üst-üstə düşməyə bilər. Bu gün bizim mövqeyimiz Rusiya, Çin, İspaniya, Venesuela, Gürcüstan, Moldova və digər dövlətlərin mövqeyi ilə üst-üstə düşürsə, demək, bu, Türkiyənin, ABŞ və ya Böyük Britaniyanın nə düşünməsindən asılı olmayaraq, belə olmalıdır.

 

"Pandora qutusu"

Amerikanın Serbiya ilə bağlı siyasətinə gəlincə, şəxsən mənim üçün situasiya kifayət qədər şəffafdır. Bu il səlahiyyət müddəti başa çatacaq kiçik Corc Buşun ölkəyə rəhbərliyi dövründə ABŞ administrasiyası Birləşmiş Ştatların dünyadakı mənəvi-psixoloji və güc üstünlüyünü düzgün qiymətləndirə bilmədi. Ölkənin hədəfləri və imkanlarını düzgün dəyərləndirməyən, nə qədər simvolik olsa da, rəmzi fil olan respublikaçılardan ibarət ABŞ administrasiyası özünü elə əsl fil - özü də qab-qacaq dükanına girmiş fil kimi apararaq, dünyanın siyasi xəritəsində xaos yaratdı.

Zorakı üsullar, avtoritar göstərişlər, sanki biri daxil, digəri xaric üçün nəzərdə tutulmuş "amerikasayağı demokratiya" və ikili standartlar ən pis nəticələrə gətirib çıxartdı: dünyanın əksər sakinlərinin beynəlxalq ədalət və haqqa inamı itdi.

"Fillər" administrasiyası faktiki olaraq BMT kimi beynəlxalq qurumların rolunu devalvasiya etdi və onu öz siyasətinin qeyri-müəyyən və eybəcər alətinə çevirdi. Bu gün artıq BMT insanların nəzərində haqq-ədaləti bərpa və təmin etməli olan ali arbitraj instansiyası yox, bacarıqsız və effektsiz mexanizmə malik, yalnız bir tərəfin siyasi iradəsinə tabe olan, bu iradə  olmadıqda isə tam siyasi gücsüzlük nümayiş etdirən bir strukturdur.

İstər ABŞ-ın İraqa hücumu, istər Balkanlardakı hadisələr, istər ərəb-İsrail qarşıdurmasına yanaşma, istərsə də keçmiş SSRİ ərazisindəki münaqişələrin həllinə münasibətdə BMT-nin əsl siması məhz bu cür olub. 

Kosovoya gəlincə, bu məsələdə BMT özünün bacarıqsızlığını və effektsizliyini boynuna alaraq, səlahiyyətlərini ABŞ və Avropa İtifaqı adlanan "xristian klubu"na təhvil verdi. Yəni, ABŞ-ın təzyiqi ilə dünyanın yeganə beynəlxalq arbitraj qurumu olan BMT bütün dünya üçün son dərəcə əhəmiyyətli olan bir problemin həllini böhranın birtərəfi "həllində" maraqlı olanların ixtiyarına buraxdı. Bunun hansı total və faciəvi nəticələrə gətirib çıxara biləcəyi isə, ümumiyyətlə, nəzərə alınmadı.

Görünür, amerikalılar doğrudan da "Pandora qutusu"nun ağzını açıblar. Nəyə görəsə, bu gün Amerikanın dediyi ilə razılaşaraq, Kosovonun unikal hal olması və presedentə çevrilməsinin mümkünsüzlüyü barədə fikirləri təsdiqləyənlər düşünmək istəmirlər ki, sabah onların özləri Serbiyanın yerində ola və separatizmlə üz-üzə qala bilərlər. Onlar bu gün əmindirlər ki, ərazilərindəki separatçılar heç kim tərəfindən tanınmayacaq. Amma nədənsə unudulur ki, həmin rejimlərin tanınmaması separatizmin aradan qalxması demək deyil, problem istənilən halda qalmaqdadır.

Belçikada olmuş hər bir şəxs bu ölkənin ört-basdır edilməsi mümkün olmayan tarixi bir problemi - fransız və fələməng əhali arasındakı qarşıdurmadan yaxşı xəbərdardır. Eyni sözləri Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya haqda da söyləmək olar. Burada da çoxsaylı şotlandlar, valliyalılar və irlandlar ingilis Londonunun nəzarəti altında yaşamaqdan heç də məmnun deyillər. Kosovonun müstəqillik qazanmasına İspaniyanın şimal əyalətlərində yaşayan baskların necə şövqlə yanaşdığını, korsikalı və siciliyalıların bununla bağlı hansı bəyanatlar səsləndirdiklərini də hamı bilir. 

Kosovonun Serbiyadan ayrılması ilə bağlı hətta Kanada da müəyyən daxili reaksiya ilə üzləşib. 

Və bu, çox güman ki, hələ başlanğıcdır.

Beləliklə, ABŞ Avropa Birliyinin, həmçinin özünün günü-gündən siyasi və iqtisadi cəhətdən daha ciddi rəqiblərinə çevrilən Rusiya və Çinin gələcəyinə mina qoydu. Amerika administrasiyası hamıya nümayiş etdirdi ki, təkbaşına hegemoniya naminə parçalamaq və hökm sürmək siyasəti hələ də aktualdır. Bu, elə Ağ evin  gələcəyə hesablanmış strategiyasıdır və perspektivdə biz onun acı nəticələrini görəcəyik.

Amma axı hadisələrin bu cür inkişafının qarşısını almaq olardı! Axı Serbiyada vəziyyət onsuz da NATO və Avropa İttifaqının nəzarəti altında idi. Bu ölkəni Aİ-yə qəbul etməklə, kosovarlarla serblərin münasibətlərindəki gərginliyi indiki kimi ayrı-ayrılıqda və ciddi problem yaratmaqla deyil, birdəfəyə aradan qaldırmaq mümkün idi...

Bundan sonra isə beynəlxalq hüquq "Kosovo hüququ"na dəyişdirildi. Və heç kəs də iddia edə bilməz ki, o, başqa problemlər üçün presedent sayılmayacaq. Çünki bu, ən azı, hansısa dövlətin ərazisinin, onun özünün razılığı olmadan, birtərəfi qaydada onun tərkibindən çıxarılması presidentidir. Vəssalam! 

Sonda Britaniyanın nüfuzlu "Qardian" qəzetinin 21 fevral tarixli nömrəsində yer almış "Kosovonun müstəqil olmayan müstəqilliyi" məqaləsindən bir hissəni nəzərinizə çatdıraq:

"...Bu, bəzilərinin ehtiyat, digərlərinin isə ümid etdiyi presedenti yaradacaqmı? Əlbəttə ki, bəli. Müstəqilliyin istənilən bəyannaməsi presedentdir. Rusiyanın dəstəklədiyi Cənubi Osetiya və Dnestryanı Respublikanın liderləri Amerikanın dəstəklədiyi kosovarlardan nümunə götürülməli olduğunu bəyan edir. Bask və katalon separatçıları baş verənləri diqqətdə saxlayır və məhz buna görə İspaniya Kosovoya müstəqillik verilməsinə sərt etirazla yanaşır... Məsələyə BMT-də təmsil olunmayan 69 üzvün - Abxaziyadan Zinzibaradək - birləşdiyi UNPO-nun (Millətlər və Xalqlar Təşkilatı) saytında da xüsusi diqqət ayrılıb. 

Kosovonun müstəqillik bəyannaməsində deyilir: "Kosovo xüsusi haldır". Elə həmin sənəddəcə qeyd olunur ki, o, presedent deyil. Lakin UNPO-nun digər 68 üzvü ilə bağlı vəziyyət də xüsusi haldır. Liberallar fərdlərlə münasibətlərdə universal yanaşma qaydalarına üstünlük verirlər, amma qruplarla münasibətlər qurmaq lazım olanda dalana dirənirlər. Liberallar millətçinin sualına əsaslı cavab verə bilmirlər: "Nəyə görə siz mənim ölkəmdə azlıq ola biləcəyiniz halda, mən sizin ölkənizdə azlıq olmalıyam?" Müstəqil olmayan müstəqil Kosovo bəyannaməsi - irəliyə doğu getmək üçün ən pis variantların ən yaxşısıdır. Lakin onun presedent ola bilməyəcəyi haqda görüntü yaratmaq lazım deyil. Hər iki fikir düzgündür: həm Kosovo xüsusi haldır, həm də bu cür "Kosovolar" hələ çox olacaq..."

Odur ki, qalır növbəti "unikal situasiya"ları gözləmək. O situasiyaları ki, onların həllində "ağıllı başlar" yenidən beynəlxalq hüququ bir kənara qoyub, hansısa başqa hüquqları üstün tutacaqlar. 



MƏSLƏHƏT GÖR:

483