
SERJİN "QƏLƏBƏSİ"
Ermənistan müxalifəti təkrar prezident seçkisi tələb edir
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Ermənistan prezidenti Robert Köçəryanın səlahiyyət müddətinin başa çatması ilə əlaqədar fevralın 19-da bu ölkədə prezident seçkisi keçirildi və ilk turdaca hakim Respublika Partiyasının namizədi, baş nazir Serj Sarkisyanın qələbə qazandığı elan olundu. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Qaregin Azaryanın açıqladığı rəqəmlərə əsasən, S.Sarkisyana 863 min 544 nəfər (52,8%) səs verib. MSK sədri sabiq prezident Levon Ter-Petrosyana 351 min 306 (21,5%), müxalifətçi "Orinas Yerkir" partiyasının lideri Artur Baqdasaryana 272 min 256 (11,7%), "Daşnaksütun" partiyasının namizədi Vaan Ovannisyana isə 100 min 876 (6,1%) nəfərin səs verdiyini açıqladı.
Digər namizədlər isə cüzi səs toplaya biliblər.
Ümumilikdə, seçkidə 1 milyon 670 min 656 nəfər iştirak edib (müxalifət yarım milyonadək "ölü canlardan" hakimiyyətin namizədinin xeyrinə istifadə olunduğunu bildirir). Bundan başqa, 34 min 849 bülleten etibarsız sayılıb.
Protokolu isə MSK-nın altı üzvü imzalayıb. "Orinas Yerkir" və "İrs" partiyalarının təmsilçiləri sənədi imzalamayıb, "daşnaqlar"ın təmsilçisi isə xüsusi mövqe ortaya qoyub.
Bunlara baxmayaraq, Serj Sarkisyan təbriklər qəbul etməyə başlayıb və artıq Fransa, Rusiya, Gürcüstan, Belarus və hətta Türkiyə prezidentləri onu qələbə münasibəti ilə təbrik ediblər.
Fransa rəhbərliyinin Köçəryan-Sarkisyan duetinə xüsusi münasibəti bəllidir.
Rusiya da seçkidə favoritinin məhz Sarkisyan olduğunu gizlətmirdi.
Bir müddət əvvəl keçirdiyi şübhəli seçkidə ermənilərin yaşadığı rayonlardan da tam dəstək alaraq yenidən prezident seçilmiş Mixail Saakaşvilinin tələskənliyi də anlaşılır: erməni həmkarı da onu tələm-tələsik təbrik etmişdi.
Amma simptomatikdir ki, ABŞ, Böyük Britaniya, Almaniya kimi ölkələr Sarkisyanı təbrik etməyə hələ tələsmirlər. ABŞ Dövlət Departamentinin mətbuat katibi Edqar Vaskeza bildirib ki, Vaşinqton "Ermənistanda keçirilmiş prezident seçkisində baş verən problemlərlə bağlı müxtəlif məlumatların öyrənilməsi ilə məşğuldur". O qeyd edib ki, ATƏT-in məruzəsində seçkinin "əsasən beynəlxalq standartlara uyğun şəkildə keçirildiyinin" əks olunmasına baxmayaraq, ABŞ seçki məntəqələrinin 16%-də səslərin sayılması prosesinin "pis" və ya "çox pis" qiymətləndirilməsindən narahatdır. Amerika bütün bu şikayətlərin ciddi şəkildə araşdırılacağına ümid edir.
Öz növbəsində nüfuzlu qeyri-hökumət təşkilatı olan "Human Rights Watch" seçki ilə bağlı hazırladığı məruzədə parlamentin deputatlarına, müşahidəçilərə və curnalistlərə qarşı kobud zorakılıq hallarına dair onlarla fakta yer ayırıb və bu halların hakim recim tərəfindən həyata keçirildiyini bildirib. Qurum qeyd olunan faktların qərəzsiz şəkildə araşdırılmasını tələb edib.
Müxalifətin iki aparıcı namizədi - Levon Ter-Petrosyan və Artur Baqdasaryanın seçkinin elan edilmiş nəticəsini tanımamaları da təəccüblü deyil. Bununla yanaşı, "daşnaksütun"un namizədi Vaan Ovannisyan da kütləvi saxtakarlıqdan hiddətini ifadə edib.
L.Ter-Petrosyanın tərəfdardarı təkrar seçki, Artur Baqdasaryan isə səslərin yenidən saylmasını tələb edir. "Orinas Yerkir" partiyasının təmsilçiləri bildiriblər ki, onların təşəbbüsü ilə artıq bir neçə dairələrdə səslər yenidən sayılır. Lakin Ermənistan MSK-nın fəaliyyətsizliyi şikayət prosedurunun da pozuntularla həyata keçirilməsinə gətirib çıxarıb. Məsələn, 3, 8, 21, 23, 24 və 38 saylı seçki komissiyaları ərizələri qəbul etməkdən imtina edib. Sənədlərin qəbul olunduğu komissiyalarda isə (№ 5, 12, 24, 34, 35) onların baxılmasına süni əngəllər yaradılıb. Digər hallarda şikayətlərə baxılma prosesi güya kvorumun olmaması üzündən yarımçıq qalıb.
Səslərin təkrar sayılmasına nail olunan ərazilərdə isə Serj Sarkisyanın xeyrinə saxtakarlıq faktlarının olduğu təsdiqlənib. Özü də məlum olub ki, hakimiyyət yalnız opponentlərinin deyil, həm də hökumət koalisiyasına daxil olan "daşnaklar"ın səslərini oğurlayıb. Məntəqələrin birində Ovannisyana verilmiş 120 səsin Sarkisyanın xeyrinə saxtalaşdırılması faktının üzə çıxması birincinin etirazına və istefasına səbəb olub.
Qeyd edək ki, Respublika Partiyasının qərargahından belə bir faktı təsdiqləyiblər ki, yalnız 9/31 saylı məntəqədə səslərin yenidən sayılması zamanı Sarkisyanın 709 səsi 396-ya düşüb.
Bu cür faktların sayı isə artmaqdadır. Təkrar hesablama zamanı o da bəlli olub ki, Ter-Petrosyanın xeyrinə verilmiş çoxlu sayda bülleten qeyri-qanuni olaraq etibarsız elan edilib.
Pozuntular ümumilikdə bütün seçki kampaniyasını əhatə edib. Müxalifət namizədlərinin nümayəndələrinə və qərargahlarına basqınlar edilib, insanlar hədələnib və həyasızcasına ələ alınıb. Seçkiqabağı kampaniya zamanı Levon Ter-Petrosyana çıxış üçün 2-4 dəqiqəlik efir vaxtı verilməsi ilə yanaşı, onun neqativ şəkildə göstərilməsinə də "simiclik" edilməyib. Serj Sarkisyana isə hər gün bütün telekanallarda 4-5 saat vaxt ayırılıb və bu yalnız pozitiv nümayişlər olub.
Pozuntuların kulminasiyası isə səsvermə günü yaşanıb. Həmin gün saysız-hesabsız bülletenlərin qutulara doldurulması, ölkədə olmayan vətəndaşların yerinə səsvermə halları, "karusel" üsulundan istifadə və digər saxtakarlıqlar qeydə alınıb. Baş verənlərə etiraz edən müşahidəçilər seçki məntəqələrindən uzaqlaşdırılıb, bəziləri isə hətta döyülüb də.
Exit-polls keçirən qurumların nəticələri də ziddiyyətlidir. "Alfa-QA"nın açıqladığı nəticələrdə Levon Ter-Petrosyanın 54,2%, Serc Sarkisyanın isə 24,4% səs qazandığı bildirilir.
"Alyans" şirkətinin sorğusunda isə ikinci turun qaçılmazlığı üzə çıxır: Ter-Petrosyan 37,7, Sarkisyan isə 34,5%.
Amma hakimiyyətin nəzarətində olan İctimai Televiziyanın sifarişi ilə keçirilən analoji sorğuda baş nazirin 57,0% səs topladığı açıqlanıb.
Seçkidən bir gün sonra Yerevanda müxalifətin çoxminlik mitinqinin başlanması isə qətiyyən təəccüblü deyil. Qeyd edək ki, aksiya fevralın 21-dən etibarən fasiləsiz elan edilib. Azadlıq meydanında çadırlar qurulub, oraya qida gətirilib, müxtəlif natiqlər mütəmadi çıxışlar edirlər. Hakimiyyət isə aksiyanın qanuna zidd olduğunu bəyan etsə də, hələ ki müxalifət tərəfdarlarına qarşı güc tətbiqindən çəkinir. Bununla yanaşı, polis xüsusi rejimdə işləyir.
Bu günlərdə isə R.Köçəryan və S.Sarkisyanın Müdafiə Nazirliyi, polis, Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyinin iştirakı ilə keçirdikləri müşavirədə ölkədə baş verənlər hakimiyyətin zorla ələ keçirilməsinə cəhd kimi qiymətləndirilib. Güc strukturları formal olaraq ali baş komandana loyallıqlarını bəyan ediblər, onun əmrinə tabe və ölkədə konstitusion recimin bərpasına hazır olduqlarını bildiriblər.
Müxalifət isə məsələnin güc yolu ilə həllinə də hazır olduğunu bəyan edib. "Nəsə baş versə, biz onları yerlərinə otuzduracağıq", - deyə Dağlıq Qarabağda döyüşmüş keçmiş hərbçilərin "Erkrapa" təşkilatı bəyan edib. Hərbi təcrübəyə malik olan bu insanların müharibədən qalma silahları hələ də özlərindədir. Onların Ermənistanın hərbi strukturlarına da müəyyən təsiri var.
Ümumiyyətlə, Ter-Petrosyanın ətrafında hazırda istefada olan çox sayda yüksək rütbəli hərbçilər toplaşıb. Misal kimi, prezidentin sabiq məsləhətçisi və baş hərbi müfəttiş, general-polkovnik Q.Dalibaltyanı, sabiq müdafiə naziri, general-leytenant V.Arutyunyanı və digərlərini göstərmək olar.
Hazırkı müdafiə nazirinin müavinləri Manvel Qriqoryan və Qaqik Melkonyanın L.Ter-Petrosyanın tərəfinə keçdiklərini bəyan etmələri isə nazirlik tərəfindən rəsmən təkzib olunsa da, necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz...
L.Ter-Petrosyanın bildirdiyinə görə, hakimiyyət strukturlarında təmsil olunanların çoxu müxalifətə qoşulmaq istiqamətində danışıqlar aparır. Hələlik isə ölkənin baş prokurorunun müavini Qagik Jangiryan seçkinin saxtalaşdırıldığını bəyan edərək, rəsmən müxalifət tərəfə keçdiyini açıqlayıb. Xarici işlər nazirinin müavini Armen Bayburdyan, Ermənistanın İtaliya, İspaniya və Portuqaliyadakı səfiri Ruben Şuqaryan, Qazaxıstan və Qırğızıstandakı səfiri Levon Xaçatryan, Ukrayna və Moldovadakı diplomatik nümayəndəsi Ramzik Xumaryan da daxil olmaqla, bir qrup diplomat da xüsusi bəyanatla çıxış edərək bildiriblər ki, ölkə qarşısında dayanan xarici siyasi problemləri yalnız legitim seçilmiş prezident həll edə bilər. Sənəddə hüquq-mühafizə orqanlarına xalqa qarşı hər hansı bir zor aksiyasıv törətməmək çağırışı da var. Eks-prezidentin rəhbərlik etdiyi müxalifət hərəkatına 7 parlamentari də qoşulub (onlardan ikisi sonradan bundan imtina edib). "Regnum" İA-nın məlumatına görə, onlar hökumət tərəfdarları çoxluğundan çıxmış deputatlar - Seyran Saroyan, Qrant Qriqoryan, Armen Mxitaryan, Rustam Qasparyan və Manvel Kazaryandır.
Hakim elitanın daxilindən baş verən bu korroziyanın nələrə gətirib çıxara biləcəyini anlayan Köçəryan-Sarkisyan tandemi repressiyalara başlamağa qərar verib. Adları çəkilən bu diplomatların hamısı vəzifələrindən kənarlaşdırılıb və onlara verilmiş yüksək diplomat ranqlarından məhrum ediliblər. Baş prokurorun müavini Jangiryan isə nəinki vəzifədən kənarlaşdırılıb, hətta həbs olunub. Müxtəlif mənbələrin məlumatına görə, hüquq mühafizə orqanlarının daxilində profilaktik tədbirlər keçirilir və qarşı tərəfə keçmə hallarının qarşısını almaq məqsədilə elan edilməmiş həbslər də baş verir.
Bir sözlə, hökumət qüvvələri ilə müxalifət arasında əsəb müharibəsi gedir. Tərəflərdən hər biri rəqibini səhvə təhrik etməyə çalışır. Köçəryan-Sarksiyan tandemi Ter-Petrosyanın tərəfdarlarını meydanlarda uzun müddət saxlaya bilməyəcəyinə ümid edir. Onlar düşünür ki, sonda insanlar yorularaq evlərinə dağılışmağa başlayacaqlar və ya hansısa qanunsuz hərəkətlərə yol verəcəklər ki, bu da hökumətə zor tətbiq edərək mitinqi dağıtmağa əsas yaradacaq.
L.Ter-Petrosyana gəlincə, o, hakimiyyət daxilində erroziyanın davam etməsinə çalışır. Polis və ordunun cinayətkar qərarlara əməl etməkdən imtinası isə Köçəryan-Sarkisyan rejiminin dinc şəkildə çökməsinə gətirib çıxara bilər. Mitinqdə çıxış edən L.Ter-Petrosyan bildirib ki, təxribatçılar hökumət qüvvələri ilə müxalifət tərəfdarları arasında tezliklə qarşıdurmanın olacağına dair məlumatlar yaymaqla, sadəcə insanları qorxutmaq və haqq işi uğrunda mübarizədən çəkindirmək istəyirlər. Ter-Petrosyan öz tərəfdarlarını təxribata uymamağa çağırıb və bildirib ki, yalnız birlik və səbir hakimiyyətlə xalq, həmçinin Ermənistanla "DQR" arasında uçurum yaratmış hazırkı hakimiyyətdən yaxa qurtarmağa imkan verəcək. Eks-prezident bununla əlaqədar olaraq, Ermənistanın daxili işlərinə qarışmadığı üçün "Dağlıq Qarabağ Respublikasının" "lideri" Bako Saakyanı alqışlayıb və onun sələfi Arkadi Qukasyana bənzəmədiyini söyləyib: Ter-Petrosyan Qukasyanın 2003-cü ildə Qarabağdakı xüsusi təyinatlı ordunun Ermənistana gəlməsinə imkan yaratdığını xatırladıb.
Beləliklə, Levon Ter-Petrosyanın Ermənistanın hakim elitası üçün problemə çevrildiyinə artıq şübhə yoxdur. Onun böyük siyasətə dönməsi hakimiyyətin "varis" əməliyyatını səs-küysüz həyata keçirmək planını tamamilə pozub. Hələ mayda Respublika Partiyasının (birinci şəxs Serc Sarkisyan olmaqla, Köçəryanın isə ona açıq dəstəyi ilə) parlament seçkisində qələbə qazanması gələcək prezident məsələsinin artıq həll olunduğu görüntüsü yaratmışdı. Adama elə gəlirdi ki, indi yalnız texniki məsələləri həll etmək və məsələyə sadəcə demokratik don geyindirmək qalır. Lakin Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın mübarizəyə qatılması bu planı tamamilə alt-üst etdi. O, seçkiqabağı kampaniyasını elə inamla və effektiv qurdu ki, Köçəryan-Sarkisyan tandemi əməlli-başlı əsəbiləşməyə başladı. Ter-Petrosyan narazı elektoratın böyük hissəsini bir araya gətirə və öz ətrafında birləşdirə bildi. Onun ətrafında əsasən parlamentdə təmsil olunmayan partiyalar birləşsə də, sonradan sabiq xarici işlər naziri Raffi Ovanesyanın rəhbərlik etdiyi və parlamentdə fraksiyaya sahib olan "İrs" partiyası da onlara qoşuldu. Bundan başqa, bir çox məşhur biznesmenlər, mədəniyyət və incəsənət xadimləri, həmçinin hərbçilər də L.Ter-Petrosyana dəstək vermək qərarına gəldilər.
Əlbəttə, Serj Sarkisyan da baş nazir postunu tutmaqla, maliyyə, inzibati və mətbuat resurslarından istifadədə böyük üstünlüklərə malik idi. O və Köçəryan "Rusiya kartı"ndan da fəal şəkildə öz xeyirlərinə istifadə edir və özlərini Moskvanın dəstəklədiyi qüvvə kimi göstərirdilər. Seçkidən sonra isə Rusiya prezidenti Vladimir Putin Sarkisyanı ilk təbrik edən dövlət başçılarından oldu. Hətta ölkədəki hakimiyyət-müxalifət qarşıdurmasına baxmayaraq, Kreml sahibi onu Moskvaya səfərə də dəvət etdi.
Lakin bütün bunlar qələbə üçün kifayət etməyə bilər. Bundan sonra Ermənistanda hadisələrin inkişafı daha çox Köçəryan-Sarkisyan tandeminin möhkəmliyini qoruyub saxlaya bilib-bilməyəcəyindən asılı olacaq. Çünki onların nümayiş etdirdikləri birlik elə də möhkəm deyil. Əgər cəmiyyətdəki "qarabağlılar-bakılılar" və "Yerevan erməniləri" parçalanması hakimiyyətə də keçsə, hadisələr gözlənilməz axarda inkişaf edə, hətta vətəndaş müharibəsinə gətirib çıxara bilər.
Təbii ki, hadisələrin belə inkişafının qarşısının alınması üçün bütün tədbirlər görüləcək.
Müxalifətin mitinqinin kobudluq və zorakılıqla dağıdılması ssenarisi də mümkündür. Lakin Ermənistanın maliyyə baxımından tamamilə Qərb sponsorlarından asılılığını və "demokratiklik" yarışında Azərbaycan üzərində guya əldə etdikləri "süni üstünlüyü" itirmək qorxusunu nəzərə alsaq, hadisələrin belə ssenari ilə inkişafı ehtimalı nisbətən azdır. Əlbəttə, bir şərtlə ki, müxalifətin özü bunun üçün şərait yarada bilən kobud səhvə yol verməsin.
Üçüncü ssenari müəyyən kompromisin əldə edilməsidir. Qarşı-qarşıya dayanmış qüvvələr arasında artıq çoxsaylı vasitəçilər işləməkdədir və onlar yaranmış böhrandan çıxmaq üçün müxtəlif yollar axtarır. İlk baxışdan, ən sadə çıxış yolu konkret dairələrlə bağlı verilən şikayətlərə ədalətli şəkildə baxılması, səsvermənin nəticələrinin həqiqətən vətəndaşların iradəsinə uyğun formaya salınmasıdır. Lakin S.Sarkisyanın xeyrinə sayılmış səslərin cəmi bir neçə min ədəd azaldılması belə prezident seçkisinin ikinci turunun keçirilməsi zərurətini ortaya çıxarır.
İstənilən güzəşt zəiflik əlaməti kimi qəbul edilsə və hakim elitadan qarşı tərəfə keçmələrin sayının artması ehtimalını yaratsa da, Köçəryan-Sarkisyan tandemi müxalifətin heç olmasa bir hissəsini öz tərəflərinə çəkmək üçün rıçaqlara malikdir. Məsələn, "Orinas Yerkir" partiyasının lideri Artur Baqdasaryan bir müddət əvvələdək parlamentin spikeri postunu tuturdu və onun partiyası hakim koalisiyada təmsil olunurdu. Odur ki onun yenidən yüksək vəzifə tutma perspektivi xeyli cəlbedici ola bilər.
Hakimiyyətin "daşnaklar"ın narazılığını aradan qaldıracaq və seçki kampaniyasının digər iştirakçılarını da öz tərəfinə çəkəcək "şirin qoğalı" da var.
Ermənistanda qarşı-qarşıya duran qüvvələr arasında kompromis axtarışına beynəlxalq strukturlar da qoşulub. Fevralın 25-də Avropa Şurasının Nazirlər Komitəsinin sədri, Slovakiyanın xarici işlər naziri Yan Kubiş, həmçinin ATƏT-in fəaliyyətdə olan sədri İlkka Kanerva birgünlük səfərlə Ermənistanda olublar.
Bəlkə də, curnalın bu sayının nəşrinədək Ermənistanda situasiya aydınlaşacaq.
Azərbaycanı bu seçki ilk növbədə Dağlıq Qarabağ münaqişəsi baxımından maraqlandırır. Levon Ter-Petrosyan mübarizəyə qoşulmaqla erməni ictimaiyyətində münaqişənin qarşılıqlı güzəştlərlə, sülh yolu ilə həllinin qaçılmazlığı ilə bağlı diskussiyaları aktuallaşdırıb.
Əlbəttə ki, Ter-Petrosyanın qalib gələcəyi təqdirdə, rəqiblərinin ittiham etdiyi kimi, o, Dağlıq Qarabağı "satmayacaq", amma hər halda, sülhə nail olmaq üçün iradə nümayiş etdirmək iqtidarındadır.
Lakin digər tərəfdən, hakimiyyət dəyişikliyi, hökumət aparatına nəzarət uğrunda mübarizə və Qarabağ ermənilərinin mövqeyi onun bu istiqamətdəki səylərini heçə endirə bilər. Serj Sarkisyan isə hazırkı komandanın üzvü kimi, prezident seçiləcəyi təqdirdə "Praqa prosesi"ni Minsk Qrupu çərçivəsində fasiləsiz davam etdirə bilər. Və bu, məsələnin müsbət tərəfidir. Ələlxüsus da nəzərə alsaq ki, onun qəbul edəcəyi qərarlar Qarabağ erməniləri tərəfindən də dəstəklənəcək.
Amma hazırkı komanda ilə on il davam edən danışıqlar prosesi təcrübəsi tərəfləri razı sala biləcək sülhün əldə edilməsinə olan inamı azaldır. Azərbaycan torpaqlarını silah və qan gücünə zəbt etmiş, zorakılıqla hakimiyyəti ələ keçirmiş Köçəryan-Sarkisyan tandemi siyasətdə yalnız qüvvə dilində danışmağa üstünlük verir. Bu isə o deməkdir ki, Ermənistandakı seçkilərin nəticələrindən asılı olmayaraq, Qarabağ nizamlanması prosesini dalandan çıxarmaq üçün Azərbaycan öz iqtisadiyyatını və hərbi qüdrətini artırmalı, Ermənistana beynəlxalq təzyiqi daha da gücləndirməlidir.
MƏSLƏHƏT GÖR: