
FEVRALIN QIZMAR "GÜNƏŞİ"
Müəllif: Redaksiya
Fevralın son ongünlüyündə Türkiyə Ordusunun elitar bölmələrinin 10 minlik hissəsi yenidən İraqla sərhədi keçərək, "Günəş" şərti adı altında antiterror əməliyyatlarına başlayıb. General Həsən İqzisin komandanlığı altındakı ordu hissəsinin əməliyyatına aviasiya da dəstək verir və Türkiyə qırıcıları Kürd Fəhlə Partiyasının (PKK) bazalarına yüzlərlə zərbə endirib. Ordu hissələri isə İraqın içərisinə doğru 15 kilometr irəliləyib.
Əməliyyatın gözlənilmədən başlanılması ilk günlərdəcə yüzlərlə terrorçunun məhv edilməsinə imkan versə də, sonrakı günlər daha "az səmərəli" olub. Hava şəraitinin pisləşməsi və ərazinin yaxşı tanış olmaması, əlbəttə ki, əməliyyatların nəticəsinə öz təsirini göstərir.
Ordu hissələri tez-tez sıx duman üzündən reydlər edə bilməyən aviasiyanın dəstəyini gözləməli olur. Bu isə terrorçuların liderlərinə İraq ərazisinin dərinliklərinə çəkilməyə, mobil qruplara isə dağlardakı bazalarda gizlənməyə imkan verir.
Bununla yanaşı, əsas zərbələr terrorçuların əksər bazalarının yerləşdiyi güman edilən Kandil dağına endirilir.
Hazırda Türkiyə Ordusunun yerüstü əməliyyatlarının gedişi ilə müqayisədə, onun siyasi və psixoloji rezonansı daha çox maraq kəsb edir. Şübhəsiz ki, türk ordusunun Şimali İraqa girməsi bəzi siyasi nəticələrə gəlməyə əsas verir.
Birincisi, hərbi əməliyyatların davam etməsi göstərir ki, Vaşinqtonun Ankaranın PKK ilə mübarizə planlarına münasibəti dəyişib və bu dəyişiklik Türkiyənin xeyrinə baş verib. Hələ ötən ilin sonlarında bundan əvvəlki dövrlərdə İraqda transsərhəd əməliyyatlarının aparılmasına qarşı çıxan Ağ ev ilk dəfə olaraq bu məsələdə Türkiyəyə açıq siyasi dəstək vermişdi. Əlbəttə ki, Ankaranın Kosovo məsələsində ABŞ-la yekdil mövqe nümayiş etdirməsi də bu dəstəyi artıran amillər sırasındadır.
İkincisi, Amerika administrasiyasının yüksək rütbəli şəxslərinin Ankaraya ardıcıl səfərləri göstərir ki, Türkiyənin ABŞ-ın İraqa müdaxiləsi zamanı öz ərazisindən istifadəyə razılıq verməməsinin ardınca yaranmış ziddiyyət artıq arxada qalıb. Əlbəttə, bu, müvəqqəti də ola bilər. Tərəflər arasında həmin dövrdə münasibətlərin gərginləşməsinin daha bir səbəbinin ABŞ Konqresində qondarma "erməni soyqırımı"nın tanınmasına dair qanun layihəsinin müzakirəsi olduğu da sirr deyil.
Nəhayət, Türkiyə diplomatlarının çox səbirlə və incə işləməsi də müsbət nəticələrini verib və dünya ictimaiyyətinin tənqidi minimum həddə enib. İraq kürdlərinin "Şimali İraqın işğalına hazırlıq getməsi" haqda bəyanatlarına isə heç kim ciddi yanaşmayıb. Vaşinqtonun Türkiyə Ordusunun Şimali İraqda əməliyyatlara başlamasını dəstəkləməsi PKK-nın Qərbin müəyyən dairələrindəki dəstəyini itirdiyini də üzə çıxarıb.
Məsələnin psixoloji tərəfi daha maraqlıdır. Bu əməliyyatlarla Ankara faktik olaraq İraq kürdlərinin silahlılarının (peşmərqə) Türkiyə Silahlı Qüvvələrinə ciddi müqavimət göstərə biləcəyi haqda təbliğatın effektini yox etdi. Məsud Bərzaninin rəhbərlik etdiyi silahlı kürdlər nizami ordu hissələrinə müqavimət göstərməyə cəsarət etmədi. Hərçənd, yerli kürdlər yaralı terrorçuları Türkiyə tərəfinə verməkdən imtina edirlər.
İllərlə PKK qruplarının dağlıq ərazilərdə sürətlə yerlərini dəyişməsi haqda mif də məhv edildi. Qətlə yetirilmiş çoxlu sayda yaraqlının olması məhz bunun göstəricisidir.
"Günəş" əməliyyatı Şimali İraqın artıq kürd terrorçuları üçün "təhlükəsiz zona" olmadığını nümayiş etdirdi. PKK-nın Türkiyə ərazisində yaz əməliyyatları keçirmək planının reallaşmayacağını da söyləmək mümkündür. Bundan sonra onların özlərinə gəlməsi üçün xeyli vaxt lazımdır.
Şübhəsiz ki, hərbi əməliyyatların müəyyən riskləri də var. Xüsusilə də, nəzərə alsaq ki, Vaşinqton PKK üzvlərinin müəyyən qədər "dəstəklənməsi" üçün "əlyeri" qoyub. Hazırda heç kim İrana qarşı mübarizə aparan və ABŞ-ın terrorçu təşkilat saymadığı "PEJAK" kürd qruplaşmasının PKK-ya Amerika istehsalı olan silah-sursat ötürmədiyinə zəmanət verə bilməz.
Türkiyənin iri şəhərlərində PKK tərəfdarlarının fəallaşacağını da istisna etmək olmaz. Əməliyyatların ilk günlərində baş verənlər bu təhlükənin olduğunu göstərdi. Diyarbəkirdə və Türkiyənin digər cənub-şərq şəhərlərində keçirilən etiraz aksiyaları buna ən bariz nümunədir.
Terrorçuların dinc sakinlərdən "canlı sipər" kimi istifadəsi, həmçinin peşmerqe ilə türk əsgərləri arasında qarşıdurmanın yaşanması da mümkündür. Bu isə Ankara üçün son dərəcə arzuolunmaz haldır. Bu, terrorçulara İraqda antitürkiyə əhvalının gücləndirilməsinə əsas verə və "Günəş" əməliyyatının uzanmasına gətirib çıxara bilər.
Səhv bombardman və ya yerli sakinlərlə təsadüfi toqquşma münaqişənin böyüməsinə səbəb olar.
Türkiyə Ordusu İraqın içərisinə doğru nə qədər çox hərəkət edərsə, itki və Ankaranın beynəlxalq imici üçün təhlükə o qədər artacaq. Məhz bu səbəbdən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əməliyyatın "qısa müddətli" olduğunu bəyan edib. Həqiqətən də, Ankara üçün İraq ərazisində ilişib qalmaq və yerli kürd liderləri ilə silahlı münaqişəyə girmək olduqca böyük risk olardı. Bu kontekstdə İraqın milliyyətcə kürd olan prezidenti Cəlal Təlabaniyə ünvanlanmış dəvət regionda və İraq hökumətindəki antitürkiyə qüvvələri arasında parçalanmaya səbəb ola bilər.
Ankaranın bundan sonrakı addımlarının nədən ibarət olacağı hələ ki məlum deyil. Məlum olan odur ki, PKK probleminin bir hərbi əməliyyatla aradan qaldırılması mümkün deyil və Türkiyə bunu yaxşı anlayır.
MƏSLƏHƏT GÖR: