
ALIŞ-VERİŞ ÜÇÜN İNTERNETƏ!
Azərbaycan alıcıları hələ də elektron ticarətə etibar etmirlər
Müəllif: Alyona MOROZ Bakı
Son illƏrdƏ informasiya texnolo-giyaları (İT) əsaslı şəkildə məişətimizdə və işgüzar fəaliyyətimizdə möhkəm yer tutub. Özünüz fikirləşin. Əvvəllər ayrı-ayrılıqda çalışan fərdi kompyuterlər lokal, sonra isə beynəlxalq şəbəkələrdə birləşirdi. Tədricən dünya şəbəkəsi - İnternet inkişaf etdi. Bu gün, XX1 əsrin əvvəllərində İT-nin istənilən, hətta kiçik biznesin fəaliyyətinə təsiri o qədər böyükdür ki, bu texnologiyaları tərəddüd etmədən sahibkarlığın inkişafının ayrılmaz hissəsi saymaq mümkündür. Kompyuterlər artıq "seçilmişlər"in istifadəsindən çıxaraq adi məişət cihazları kimi qəbul olunur. Bundan əlavə, xaricdə "elektron kommersiya" anlayışı gündəlik həyatda möhkəmlənib və elektron biznesin ən vacib elementlərindən sayılır.
Bütün günahlar maliyyə piramidalarındadır
Elektron ticarətin ("e-commerce") funksiyaları kifayət qədər genişdir. Onlar İnternetdə marketinq, mal və xidmətlərin alğı-satqısı imkanlarını əhatə edir. Əslində, istehlakçılara bu və ya digər əmtəəni təqdim edən istənilən şirkət elektron bizneslə məşğul olmağı qərarlaşdırarsa, öz işini keyfiyyətçə yeni inkişaf mərhələsinə çıxarmağa qadirdir. Şirkət bir sıra üstünlüklərlə yeni iş texnologiyalarını mənimsəməyə başlayır. Bu həm müştərilərə xidmətin yaxşılaşdırılması sayəsində rəqabət qabiliyyətinin yüksəlməsi, həm də personalın sayının və mağazanın icarə haqqının azaldılması nəticəsində məsrəflərin kiçilməsidir və s. Nəhayət, Ümumdünya şəbəkəsi həddindən artıq əhatəlidir və deməli, əmtəəni satmaq üçün yeni kanallar da tapmaq mümkündür. Lakin təcrübə göstərir ki, Azərbaycanda elektron biznes vasitəsilə ticarətə müraciət etməyə meyilli sahibkarları barmaqla saymaq olar. Və bunun bir neçə səbəbi var.
Bir il öncə öz malını İnternet vasitəsilə satmağa qərar vermiş yerli iş adamlarından biri, iri mağazalar şəbəkəsinin sahibi "R+" müxbirinə müsahibəsində bu faktı xüsusi vurğulayıb: xarici sahibkarların ciblərini çoxmilyonlu gəlirlə dolduran "e-commerce" ona yalnız ziyan verir. "Əslində, biznesin "on-line" mağaza üsulu Azərbaycanda sadəcə olaraq işləmir. Belə ki, bizim internet-mağazada mallar endirimlə satılır. İstənilən İnternet istifadəçisi evə çatdırılma üçün 1 ABŞ dolları civarında pul ödəyib bu malları ala bilər. Sifarişin qiyməti 40 dolları ötərsə, malın çatdırılması pulsuz həyata keçirilir. Həm də biz müştərilərə malların pulsuz hədiyyə bağlanmasını təklif edirik. Lakin hətta belə düzgün marketinq gedişi də özünü doğrultmur. Əminəm ki, bizim vətəndaşlar həm belə alış-verişə adət etməyiblər, həm də burada psixoloji amilin rolu nəzərə çarpır. İnsanlar nədənsə qlobal şəbəkəyə etibar etmirlər. Mağazada vaxt itirib malı virtual yox, canlı satıcıdan almaq onlara daha asan görünür. Qeyd etmək olar ki, 1990-cı illərin çoxsaylı maliyyə piramidaları və vətəndaşların rifahı ilə bank oyunları insanların şüurunda əks olunub və öz neqativ rolunu oynayıb". Lakin bununla belə, "R+"un müsahibi ümid etdiyini bildirib ki, "world wide web" (www) Ümumdünya Kompyuter Şəbəkəsində və İnternetdə fəaliyyət göstərən, həm də yalnız bu xidmətlərin xarici istifadəçilərinin deyil, sahibkarların və ekspertlərin də artan marağına səbəb olan kommersiya gec-tez Azərbaycanın biznes məkanında da özünə layiqli yer tutacaq. Onun fikrincə, "tam əminliklə demək olar ki, elektron biznesi böyük gələcək gözləyir".
Azərbaycan İnternet Forumunun prezidenti, İnformasiya Texnologiyaları və Sistemlərinin Multimedia Mərkəzinin direktoru Osman Gündüz də bu fikirdədir. Bununla yanaşı, o, bir faktı da vurğulayır ki, xarici şirkətlər üçün elektron biznes dinamik inkişafda olan sahədirsə, Azərbaycan müəssisələrinin əksəriyyəti elektron bazarlara yenicə qədəm qoymağa başlayır. "Bu həmin sahəni tənzimləyən əsas qanunverici aktlar - "Elektron ticarət haqqında" və "Elektron imza haqqında" qanunlar qüvvəyə mindikdən sonra baş verib. Amma təcrübə göstərir ki, "e-commerce"in inkişafı üçün yalnız qanunverici bazanın olması kifayət etmir. Bu prosesə bank və kredit strukturları cəlb olunmalıdır. Başqa sözlə, "e-commerce" yalnız sahibkarların özündən, bank strukturlarından və internet-resurslardan ibarət zəncirin halqalarının nizamla işləməsi sayəsində fəaliyyət göstərə bilər. Hazırda bizneslərini genişləndirmək arzusunda olan sahibkarlar var, lakin bank strukturları ilə internet-resurslar arasında əlaqələndirici halqa yoxdur, axı "e-commerce" ilə məşğul olmaq üçün bankın yalnız hüquqi şəxslərə hesab açması kifayət etmir, həmçinin, onun elektron kommersiya ilə məşğul olan internet-saytların müəyyən kodlarını verməsi də vacibdir. Göründüyü kimi, bizdə səmərəli elektron ödəniş sistemi (yuxarıda nümunə gətirdiyimiz internet-mağaza "çatdır, pulunu al" prinsipi ilə işləyir - müəl.), yəni elektron kommersiya vasitəsilə qazanmaq imkanı verən "on-line" sisteminin özü yoxdur".
"R+"un müsahibi qeyd edib ki, bəzi aviaşirkətlər artıq Azərbaycanda biletlərin "on-line" satışı ilə məşğuldur. "Mobil bank" adlandırılan qurum da yaranıb. "Məndə olan məlumata görə, "e-commerce" sisteminin yaradılması üzərində iki yerli bank işləyir. Lakin Azərbaycanda elektron kommersiyanın kifayət qədər inkişaf etdiyini demək üçün bu çox azdır". Ekspertin fikrincə, "e-commerce"in tammiqyaslı tətbiqi üçün mövcud qanunverici aktlardan əlavə, müvafiq infrastruktur və texniki-texnoloji təchizatı formalaşdırmağa yardım edə biləcək əlavə qanuni aktların qəbulu vacibdir. Həm də burada banklar gələcək sistemin informasiya təhlükəsizliyi, yəni virtual ticarət əməliyyatlarının təhlükəsizliyinin təmin olunması istiqamətində xeyli iş görməlidirlər.
Zamanla ayaqlaşaraq
Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Eldar İsmayılov isə bizimlə söhbətində qeyd etdi ki, "Azərbaycanın bank strukturları zamanla ayaqlaşmağa can atır. Yerli bankirlər geniş yayılmış "əmtəə - pul - əmtəə" iqtisadi doktrinasının yeni həyata keçirilmə üsullarının əhəmiyyətini çox gözəl dərk edirlər. Əmtəə pula istiqamətlənməlidir; fərqi yoxdur, pul elektrondur, ya yox. Elektron ticarət hazırda çox aktualdır və məndə belə bir informasiya var ki, Azərbaycan bankları, həmçinin Milli Bank onun tətbiqi istiqamətində kifayət qədər ciddi və intensiv iş aparır. Lakin bizdə hələ bunun üçün vacib olan mexanizmlər yoxdur. Hələlik isə "e-commerce"i əhatə edən bazar seqmentlərinin hamısı diqqətlə öyrənilməlidir. Hesab edirəm ki, dünyanın bir çox ölkələrində uğur qazanmış bu biznes üsulu gec-tez Azərbaycanda da lazımi tətbiqini tapacaq. Həm də hazırda İnternetdə bizneslə xeyli xarici şirkət məşğul olur və bu biznes kifayət qədər demokratikdir. Eyni zamanda, yüksək texnologiyalar biznes-proseslərin mühüm hissəsinə çevrilir və mürəkkəbliyinə baxmayaraq, rəqabət qabiliyyətini saxlamağa can atan şirkətlər bu texnologiyaları öz fəaliyyət sahələrinə daxil etməlidir".
Beləliklə, deyilənlərdən bu nəticəyə gəlmək mümkündür ki, elektron ticarətin Azərbaycanda inkişafına həm bankların öz xidmətlərini internetləşdirməyə hazır olmaması, çek və bank kartlar vasitəsilə ödəniş mexanizmlərinin inkişaf etməməsi, ölkə əhalisinin informasiya texnologiyaları sahəsində biliklərinin aşağı olması, həm də normativ-hüquqi bazanın qeyri-təkmilliyi mane olur. Bundan əlavə, "on-line" mağazaların yaradılması ilə elektron kommersiyanın peşəkarları deyil, veb-dizayner mühitinin həvəskarları məşğul olurlar. Həm də "on-line" ödəmə sistemlərinin olmaması bütün hesablaşmaların alğı zamanı həyata keçirilməsi ilə nəticələnir ki, bu da xidməti təqdim edənlər üçün bir sıra narahatlıqlar yaradır. Bura iri biznesin hələlik internet-ticarəti öz inkişafının real istiqaməti kimi nəzərdən keçirmədiyini də əlavə etmək olar.
Lakin bütün bu mənfiliklərə baxmayaraq, artıq Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində respublikada "e-commerce" təşkil etmək məqsədilə tövsiyələr paketi hazırlanır. Ölkə üzrə "e-commerce" ehtiyaclarını tədqiq etmək hüququ olan işçi qrup yaradılıb, bu tədqiqatlar nəticəsində müvafiq işlərə start veriləcək. Həm də yerli ekspertlərin fikrincə, bu, qısa müddətdə ölkə miqyasında büdcə vəsaitlərinin qənaəti sahəsində hissolunan səmərə əldə etməyə imkan verən ən perspektivli fəaliyyət istiqamətidir.
Bu gün bütün dünyada İnternetdə kommersiya coşğun templərlə inkişaf edir. Bəzi məlumatlara görə, İnternet istifadəçisi olan 40-70% avropalı üÜmumdünya şəbəkəsində alışlar edib. İnternet-mağazaların xidmətlərindən istifadə edənlərin sayı ilbəil artır. Məsələn, dünya şəbəkəsi ilə müqayisədə elektron kommersiya bazarı daha ləng templərlə inkişaf edən Rusiyada təkcə ötən il İnternet vasitəsilə 4 mlrd dollarlıq əmtəə və xidmət satılıb. Qeyd edək ki, hələ 2004-cü ildə bu göstərici 950 mln dollara bərabər idi. Həm də son zamanlar Rusiyada İnternet vasitəsilə ticarət sabit templərlə - ildə 40-50% inkişaf edir. Və indi Rusiyada internet-ticarət ölkədə qeyri-ərzaq pərakəndə satışının ümumi həcminin 0,7%-ni təşkil edirsə, İnternet vasitəsilə satışların daha populyar sayıldığı uzaq Amerikada onun payı 2,5%-dir.
Tezdir, yoxsa gec?
Prinsipcə, Azərbaycanda "e-commerce"in inkişaf potensialı kifayət qədər böyükdür. Ölkəmizdə İnternet istifadəçilərinin sayı ilbəil durmadan artır. Tələb təklifi şərtləndirir, deməli, hər il artan auditoriyanın biznesin diqqətini cəlb edəcəyi gün uzaqda deyil. Bu prosesdə əhalinin böyük hissəsinin yaşadığı ölkə regionlarının qlobal şəbəkə ilə təchiz olunması da az rol oynamayacaq. Ekspertlərin rəyincə, məhz bu amillər internet-satışların sürətli inkişafına təkan verir. Deməli, haçansa İnternet vasitəsilə alış-verişə istehlakçının ehtiyacı yalnız Bakıda deyil, regionlarda da yaranacaq. Bu müsbət tendensiya ilə yanaşı, digərləri də meydana çıxacaq - daha çox sahibkar mallarını İnternet vasitəsilə satışa çıxaracaq, bunun ardınca xidmətlərin elektron ödəmə üsulları - müxtəlif ödəniş sistemləri, kredit kartları və s. inkişaf edəcək. Yeri gəlmişkən, qlobal şəbəkə vasitəsilə on-layn alğıların populyarlığının artması ilə internet-şirkətlər müştərilərini itirməmək üçün servisin səviyyəsinə diqqəti artırmalı olacaqlar, bu isə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının daha da inkişafına şərait yaradacaq.
Yekunda vurğulayaq ki, artıq bu gün yerli biznesmenlər İnternet istifadəçilərinin artan sayından əlavə, daha bir əhəmiyyətli üstünlüyə malikdirlər. Məsələ ondadır ki, sənayesi inkişaf etmiş çoxsaylı ölkələrin təcrübəsi Azərbaycana özgə "səhv"lərini tələsmədən təhlil edib internet-kommersiyanın tətbiqi və fəaliyyəti üçün optimal variantı seçmək imkanı yaradır. Bu, ölkəmizin durumuna daha adekvat marketinq siyasəti işləyib-hazırlamağa kömək edəcək. Deməli, bu gün elektron bazarın mənimsənilməsində Azərbaycan müəssisələrinin xaricilərdən açıq-aydın geri qalması müsbət nəticə də verə bilər. Axı Qərb təcrübəsindən istifadə bizi xarici şirkətlərin bütövlükdə elektron biznes və elektron bazarın mənimsənilməsində buraxdıqları səhvləri təkrar etməkdən yayındıra bilər.
MƏSLƏHƏT GÖR: