
YENİ MÜHASİBAT
Beynəlxalq maliyyə uçotu standartlarına keçid intensivləşdirilib
Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Azərbaycanın dünya iqtisadiyya-tına inteqrasiyası onun təsərrüfatla məşğul olan subyektlərinin fəaliyyətinin beynəlxalq standartlara keçirilməsini qaçılmaz edir. Bu, maliyyə "dilinə", yəni indyə qədər müəssisələrimizin çoxunda hələ sovet dönəmində qəbul olunan üsulla aparılan mühasibat uçotuna da aiddir. İndi yerli müəssisələrə sərmayə yatırmaq niyyətində olan xarici sərmayədarlarla anlaşmanı xeyli çətinləşdirən də elə məhz bu amildir. Onlar maliyyə sənədlərini sadəcə anlamırlar və audit müqaviləsinin onlar üçün aydın olan maliyyə "dilində" bağlanmasını tələb edirlər.
Hazırda yeni uçot formasına yalnız banklar tam keçiblər, halbuki 2004-cü ilə qədər onlar Milli Banka hesabatları iki - beynəlxalq və yerli standartlarla təqdim edirdilər. 2008-ci ildən etibarən bu sahədə durum, demək olar ki, kökündən dəyişməlidir.
Nazirlər Kabinetinin siyahısı
Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya görə, 1 yanvar 2008-ci ilə qədər ictimai əhəmiyyət kəsb edən 20 təşkilat beynəlxalq standartlar əsasında mühasibat uçotu aparmalı və maliyyə hesabatı təqdim etməli idi.
Belə təşkilatlar üçün seçim meyarları onların aktivləri (100 mln manatdan çox), illik gəlirləri (5 mln manat) və əməkdaşların sayıdır (1000 nəfərdən artıq).
Bu meyarlara ARDNŞ, "Azərenerji", "Bakıelektrikşəbəkə", Azercell BM, ARDNŞ-nin neft boruları, marketinq və iqtisadi əməliyyatlar üzrə idarələri, H.Əliyev adına neftayırma və "Azneftyağ" neftayırma zavodları, Dövlət Dəmir Yolu İdarəsi, Bakı Metropoliteni, AZAL Dövlət Konserni və onun Milli Aviasiya Şirkəti, Xəzər Dəniz Gəmiçilik İdarəsi, "Azəriqaz", "Azəriqaznəqliyyat", "Azərsu", "Aztelekom" İB, "Azərkimya" Dövlət Şirkəti və onun tərkibindəki etilen-polietilen zavodu cavab verir.
"Mühasibat uçotu haqqında" qanuna görə, milli kommersiya təşkilatlarında beynəlxalq mühasibat uçotu standartlarının tətbiqi 2007-ci ilin sonuna qədər başa çatmalı idi. Bununla əlaqədar, Mühasibat Uçotunun Milli Standartlarının Tətbiqi üzrə Dövlət Proqramında 2005-2008-ci illər ərzində standartların tətbiqi ardıcıllığı göstərilib. Büdcə və qeyri-dövlət təşkilatları bu prosesi 2008-ci ilin sonuna, kiçik və orta müəssisələr 1 yanvar 2006-cı ilə qədər başa çatdırmalıdır. Bələdiyyələr, büdcə təşkilatları, dövlət fondları üçün isə ən son tarix 1 yanvar 2009-cu ildir.
Milli standartların hazırlanması isə Maliyyə Nazirliyinə həvalə edilib. Nazirlikdən bildirirlər ki, ictimai baxımdan önəmli təşkilatlar mühasibatın yeni sisteminə keçdikdən sonra (1 yanvar 2008-ci il), Azərbaycanda maliyyə hesabatının beynəlxalq standartları (IFRS) üzrə ilk hesabatların verilməsinə bu il mayın 1-dən başlanılacaq.
Həmin günə qədər maliyyə hesabatının daha 10 milli standartı təsdiq edilməlidir. Keçid qrafikinə riayət etməyən təşkilatlar cərimələrə məruz qalacaqlar. Artıq bu məqsədlə monitorinqlərə hazırlıq da başlanıb. Qeyd edək ki, hazırda dünyada 41-48 standartdan fərqli olaraq, 28 IFRS mövcuddur.
ARDNŞ liderdir
Maliyyə Nazirliyinin maliyyə siyasəti və uçot şöbəsinin rəisi Elxan Cəfərov hesab edir ki, Azərbaycan IFRS-ə keçid prosesinə gec başlasa da, bu istiqamətdə iş dinamik şəkildə irəliləyir: "IFRS-ə keçməyə başlayan təşkilatlar arasında ən yaxşı nəticələr Azercell, ARDNŞ, "Azərenerji" və "Azəriqaz" SC-lərdə qeydə alınıb. Bu təşkilatlar IFRS üzrə hesabatları 1 may 2008-ci ilə qədər təqdim etməlidir. Digər təşkilatların isə IFRS sisteminə keçmək üçün daha 3 ay vaxtı var".
IFRS-ə keçid istiqamətində ən sürətli iş ARDNŞ-də aparılır. Bu prosesdə şirkətə məsləhət xidmətlərini "Pricewaterhouse Coopers" auditor şirkəti göstərir. Onun dəstəyilə plan, informasiya texnologiyalarının və müvafiq proqram təminatının tətbiqi, treninqlərin keçirilməsi, biznes-proseslərin planlaşdırılması, 2007-ci ilin nəticələrinə görə IFRS-ə müvafiq maliyyə hesabatlarının hazırlanması üçün zəruri metodologiya işlənib hazırlanıb.
Lakin şirkətin hesabatının beynəlxalq standartlarına keçməsi heç də onun hər il beynəlxalq auditdən keçməsi demək deyil. ARDNŞ-də bunun zəruri olmadığını düşünürlər. Yeri gəlmişkən, əvvəllər şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin dünyanın məşhur auditor təşkilatları tərəfindən yoxlanmasında israrlı olan beynəlxalq maliyyə institutları (məsələn, Avropa Yenidənqurma və İnkişaf Bankı "Şahdəniz" yatağının işlənmə layihəsi çərçivəsində belə bir tələb irəli sürmüşdü) indi artıq bunu tələb etmirlər. ARDNŞ-də hesab edirlər ki, neft-qaz layihələri üzrə müqavilələrin bağlanmasında birbaşa iştirak edən Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin hər il beynəlxalq auditdən keçməsi kifayət edir. ARDNŞ müəssisələri də beynəlxalq auditorları dəvət edə bilərlər. Şirkətin bütün təsərrüfatının auditinin keçirilməsi isə böyük məsrəflər tələb edən kifayət qədər ağır bir işdir.
Dünya Bankı burada da köməyə gələcək
Cari ildən DB Azərbaycanın korporativ və dövlət sektorlarında dəyəri $25 mln olan hesabat layihəsinin (KAPSAP) də gerçəkləşdirilməsinə başlayır. Bank layihə üçün Beynəlxalq İnkişaf Assosiasiyasının xəttilə $11 mln həcmində kredit təqdim edəcək. Layihənin qalan hissəsinin Yaponiyanın PHRD fondunun, İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Seco Dövlət Katibliyinin və Avropa Birliyinin qrantları, həmçinin dövlətin payı hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. DB təmsilçiliyindən bildirildiyi kimi, sonradan direktorlar şurasının təsdiqinə verilmək üçün fevralın axırında layihənin kredit razılaşması üzrə rəsmi danışıqlar başlanacaq.
Layihə özündə üç komponenti ehtiva edir. Birinci komponentə korporativ sektorda mühasibat uçotunun yenidən qurulması, o cümlədən ictimai baxımdan önəmli təşkilatlarda maliyyə hesabatının beynəlxalq standartlarının tətbiqi, "Audit haqqında" yeni qanunun hazırlanması və qəbuluna, Auditor Palatasının inkişaf etdirilməsi və yenidən qurulmasına dəstək göstərilməsi daxildir. İkinci komponent dövlət sektorunda mühasibat uçotu sisteminin yenidən qurulmasını nəzərdə tutur. Üçüncü komponentə isə Azərbaycanda Mühasibatın Araşdırılması, Tədrisi və Peşəkar Öyrədilməsi Mərkəzinin yaradılması, İFRS-in tərcüməsi, mühasibat uçotu milli standartlarının hazırlanması, İFRS-ə keçid proqramının dəstəklənməsi, mühasiblər və auditorların yeni vasitələrlə təmin edilməsi, treninqlər keçirilməsi üzrə xüsusi proqramın dəstəklənməsi daxildir.
Hökumət layihənin gerçəkləşdirilməsinin sürətləndirilməsində həm də İFRS-in tətbiqi qrafikinin müəyyənləşdirilməsilə əlaqədar da maraqlıdır, çünki artıq beynəlxalq standartlar üzrə hesabatların hazırlanması müddətlərini 2008-ci ilin mayına qədər uzatmaq məcburiyyətində qalıb.
Kadrlar hər şeyi həll edir
Yeni standartlara keçidlə əlaqədar, kadr hazırlığı son dərəcə önəmli məsələlərdəndir. Avrasiya Sertifikatlaşdırılmış Mühasiblər və Auditorlar Şurası (ECCBA) artıq Azərbaycanda Sertifikatlaşdırılmış Peşəkar Mühasiblər Assosiasiyası yaradılmasını təklif edib. Şuranın icraçı direktoru Dmitri Şoltsun Bakıda olarkən dediyi kimi, bu məqsədə yetişmək tamamilə realdır.
"ECCBA üzvləri arasında bir Azərbaycan təşkilatı da var - Auditor Palatası. Biz onların köməyilə Azərbaycanda Sertifikatlaşdırılmış Peşəkar Mühasib və Auditorlar Assosiasiyası yaratmaq və bu məqsədlə bir sıra görüşlər keçirmək niyyətindəyik. Azərbaycan belə bir təşkilat yaradılması üçün böyük potensiala və imkanlara malikdir", - deyə D.Şolts bildirib.
Artıq Azərbaycanda təxminən 30 peşəkar sertifikatlı mühasib var. Onların bir çoxu CAR (sertifikatlaşdırılmış mühasib-praktik) sertifikatı alıb ki, bu da CIPA (sertifikatlaşdırılmış beynəlxalq peşəkar mühasib) sertifikatlaşdırılmasının ilkin səviyyəsidir. Azərbaycanda CIPA statusuna nominasiyaya cəmi 8 mühasib çıxıb.
CIPA sertifikatlaşdırılması 2001-ci ildə Sertifikatlı Mühasib və Auditorların Avrasiya Şurası (SMAAŞ) tərəfindən təsis edilib. Təşkilat MDB ölkələrindən olan peşəkar mühasib və auditor assosiasiyalarını birləşdirir. Bunların məqsədi isə assosiasiya üzvlərinin yüksək peşəkarlığıdır. Hazırda SMAAŞ 23 peşəkar assosiasiyanı birləşdirir.
Azərbaycanda CIPA proqramının tətbiqinə 2007-ci ildən başlanılıb. Hazırda bu proqram iqtisadi fəaliyyətin bütün sahələrini ehtiva edir. CIPA sertifikatlaşdırılmasını keçən mühasiblər dünya səviyyəsində qəbul edilir.
Beləliklə, ümid etmək olar ki, bu metodologiya ilə işləməyi bacaran kadr potensialının qıtlığı yerli müəssisələr üçün maliyyə hesabatının beynəlxalq standartlarına keçmək məsələsində elə böyük problemə çevrilməyəcək.
MƏSLƏHƏT GÖR: