15 Mart 2025

Şənbə, 00:45

AMERİKADA "ÇƏRŞƏNBƏ AXŞAMI SUNAMİSİ"

O, respublikaçıların liderini müəyyənləşdirdi - Con Makkeyn. Demokrat namizədlər arasında isə hələ ki hesab "heç-heçədir"

Müəllif:

15.02.2008

NƏhayƏt, ABŞ-da "super-çərşənbə axşamı" - eyni vaxtda 24 ştatda keçirilən partiyadaxili seçkilərin nəticələri məlum oldu. Və ABŞ-ın prezident seçkisi tarixində ən bahalı kampaniyanın (proqnozlara görə, kampaniya-2008-in gedişinə 1 milyard dollardan artıq vəsait xərclənəcək) demokratik nominasiya üzrə,  demək olar ki, ən şiddətli mübarizə ilə yadda qalacağına dair proqnozlar doğrulmaqdadır: demokratlar Hilari Klinton və Barak Obama "super-çərşənbə axşamı"nı heç-heçə başa vurdular. 13 kiçik ştatda qələbə qazanan qaradərili namizəddən fərqli olaraq, sabiq birinci ledi 8, amma ən iri və siyasi baxımdan əhəmiyyətli ştatlarda birinci oldu.

Respublikaçılar cəbhəsində isə mübarizə, demək olar ki, bitdi: çox güman ki, onların prezidentliyə namizədi müstəqil seçiciləri birləşdirə və istənilən demokrat namizədə qalib gəlmək iqtidarında olduğunu bəyan edən Con Makkeyn olacaq.

 

Praymeriz nədir və orada səsvermə necə keçirilir?

İlkin seçkidə mübarizə formal olaraq partiya qurultayının nüma-yəndələrinin səsi uğrunda gedir. Prezidentliyə namizədin adı məhz həmin qurultaylarda açıqlanacaq. Namizədin öz partiyasından rəsmən ABŞ prezidentliyinə iddiaçı olması üçün respublikaçı namizədə ən azı 1191 qurultay iştirakçısının dəstək verməsi vacibdir. Demokrat Parti-yasından isə bu statusu əldə etmək üçün minimum 2025 belə nüma-yəndənin dəstəyinə ehtiyac var. 

Bir məqam da mütləq nəzərə alınmalıdır ki, demokratlar seçkidə hər yerdə proporsional sistemdən, respublikaçılar isə əsasən, mojaritardan istifadə edirlər. Bu o deməkdir ki, demokratlarda deputat mandatlarının yekun sayı namizədin ştatlarda əldə etdiyi qələbələrdən yox, bu qələbələrin hansı səs faizi ilə əldə olunmasından asılıdır (hərçənd, qələbə qazanılan ştatların sayı da simvolik olaraq, az əhəmiyyətli məsələ deyil).

Respublikaçılarda isə bu və ya digər konkret ştatda qalib əsasən bütün nümayəndələrin dəstəyini qazanır. Məhz bu səbəbdən onlarda ilkin mərhələnin nəticələri daha tez müəyyənləşir. 

"Super-çərşənbə axşamı"ndan danışarkən, Missuri ştatında namizədlərin göstərdiyi nəticələrə xüsusi diqqət ayırmaq lazımdır. Məsələ ondadır ki, artıq 100 ildir bu ştatın seçiciləri prezident seçkisinin qalibini düzgün seçir. Mətbuatın yazdığına görə, bu il də missurililər namizədləri diqqətlə izləyiblər. Nəticədə ştatda demokratlardan Obama, respublikaçılardan isə Makkeyn qələbə qazanıb ki, bu da onlar üçün vacib psixoloji qələbə ola bilər.

 

Namizədlər - nümayəndələr - partiya qurultayları

Amerika ənənələrinə görə, respublikaçılar və demokratlardan prezidentliyə namizəd irəli sürmək haqqı partiyaların qurultayına aiddir. Qurultaylar isə seçkiyə bir neçə ay qalmış keçirilir: bu il respublikaçılar sentyabrın 1-4-də Minneapolisdə, demokratlar isə avqustun 25-28-də Denverdə toplaşacaqlar. 

Lakin bu qurultayda hansı namizədin üzərində dayanılacağı əvvəlcədən bəlli olur. Məsələ ondadır ki, bütün il ərzində ABŞ-ın ştatlarında keçirilən praymerizin gedişində seçicilər prezidentliyə namizədlərə səs versə də, əslində partiya qurultayının gələcək nümayəndələrini seçirlər. Daha sonra isə həmin nümayəndələr payızda yerlilərinin üstünlük verdikləri namizədi dəstəkləyirlər. 

Əlbəttə ki, müxtəlif ştatların çəkisi də müxtəlifdir. Məsələn, Kaliforniya kimi böyük bir ştat Demokratlar Partiyasının qurultayına hamıdan çox - 441 nümayəndə göndərir. Qurultayın ümumi iştirakçılarının sayı isə 4049 nəfərdir. Seçici nümayəndələrin ümumilikdə 10%-ni verən bu böyük ştatda qələbənin əhəmiyyəti də məhz bu məqamla bağlıdır.

Respublikaçıların qurultayı isə daha az nümayəndə ilə baş tutur - 2380 nəfər. Burada da nümayəndə sayına görə Kaliforniya birinci yerdədir - 173 nəfər. 

Digər ştatların bu məsələdə payı xeyli azdır. Məsələn, Nyu-York demokratlar və respublikaçıların qurultaylarına müvafiq olaraq 281 və 101 nümayəndə, kiçik Dalaver ştatı isə cəmi 23 və 18 nümayəndə göndərir. 

"Super-çərşənbə axşamı"nın va-cibliyi də məhz bununla bağlı idi. Bəzən "meqa çərşənbə axşamı", bəzən isə hətta "sunami çərşənbə axşamı" adlandırılan həmin gündə demokratların 1681, respublikaçıların isə 1020 qurultay nümayəndəsi seçilməli idi.

 

Demokratlar "heç-heçə" etdilər

Demokratlar "super-çərşənbə axşamı" günündə 22 ştatda ilkin seçki keçirdilər. Qeyd edək ki, partiyasının prezidentliyə rəsmi namizədi olmaq üçün Hilari Klinton və ya Barak Obamanın demokratların qarşıdan gələn qurultayında adi səs çoxluğu qazanması kifayətdir. Konkret desək, bunun üçün minimum 2025 səs tələb olunur. 

Səsvermə ərəfəsində əksəriyyət Barak Obamanın qələbəyə daha yaxın olduğunu bildirirdi. Buna görünməmiş seçici fəallığı da təsir göstərə bilərdi. Belə ki, Obamanın ölkədə dəyişikliklərin vacibliyi haqda şüarı rekord sayda gənclərin və əsasən seçkilərdə iştirak etməyən, siyasətlə maraqlanmayan seçicilərin də seçki məntəqələrinə üz tutmasına səbəb olub. Barak Obama həqiqətən də uğurlu çıxış etdi və 22 ştatdan 13-də qələbə qazandı. Qaradərili namizədin ən möhtəşəm nəticəsi doğma İllinoys ştatında qeydə alındı - burada o, Klintonu 30%-lə üstələdi. Obamanı təbii olaraq, afroamerikalıların çoxluq təşkil etdiyi cənub ştatları - Alabama və Corcia da dəstəklədi. Bundan başqa, Obama Alyaska, Kolorado, Konnektikut, Delaver, Aydaho, Kanzas, Minnesot, Missuri, Şimali Dakot və Yuta ştatlarında da qələbə qazandı.

Hilari Klintona gəlincə, o, say baxımından cəmi 8 ştatda rəqibindən üstün oldu. Lakin bunlar daha böyük və siyasi baxımdan daha əhəmiyyətli ştatlardır. Hollivudun bir çox ulduzlarının, həmçinin Kaliforniyanın milyonluq erməni icmasının üzvlərinin də Obamanı dəstəkləməsinə baxmayaraq, sabiq birinci ledi bu ştatda rəqibindən üstün oldu.

Demokratların praymerizinin nəticələri göstərir ki, Obama demokratların respublikaçılarla müqayisədə daha az yaşadığı və qaradərili seçicilərin fəal olduğu ştatlarda qələbə qazanır. Klintonu isə qadınlar, ispandilli amerikalılar və əhalisi daha çox olan ştatın nümayəndələri dəstəkləyir. 

Başqa sözlə, "super-çərşənbə axşamı" qaradərili senator və tərəfdarlarının qaçmağa çalışdığı ənənəni bir daha möhkəmləndirdi: B.Obamanın bütün Amerikanın namizədi olmaq cəhdlərinə baxmayaraq, ictimai şüurda o, qaradərili Amerikanın ənənəvi nümayəndəsi kimi qəbul edilir. Amerikalı şərhçi, vaxtilə prezidentliyə namizəd olmuş Patrik Byukenenin dediyi kimi, hazırda Obamanın "gettolaşması" prosesi gedir və o özü də istəmədən, yalnız bir qrup seçici - afroamerikalılarla assosiasiya edilir. Perspektivdə bu, qaradərili namizəd üçün problemlər yarada bilər. Çünki afroamerikalılar ona nə qədər dostcasına səs verərsə, ağdərili seçicilər və latın amerikalılar Obamadan o qədər üz döndərə bilərlər. Sonuncuların sayının daha çox olması isə Hilari Klintonun qələbə şansını artırar.

Hələliksə, "super-çərşənbə axşamı"nın göstərdiyi kimi, demokrat namizədlər arasında mübarizə hələ qabaqdadır. Klintona simpatiya bəsləyən nüfuzlu "The New York Times" qəzetinin hesablamasına görə, fevralın 5-də seçicilərin səsi, demək olar ki, yarı bölünüb - ABŞ-ın sabiq birinci ledisinə 7,427 milyon (50,2%), Obamaya isə 7,370 milyon (49,8%) seçici səs verib. Ümumilikdə isə "super-çərşənbə axşamı"nın ardınca Luiziana, Nebraska, Vaşinqton (ştat), həmçinin Virqin adaları və Men ştatında qazanılan qələbələr Obamanın Klintona çatmasına səbəb oldu. Hazırda ümumilikdə qaradərili namizədin hesabında 1121 səs və 19 ştatda qələbə, Klintonda isə 1148 səs və 12 ştatda birincilik var. 

Odur ki demokratlar arasında yaşanan intriqa üzündən namizədlərdən hansınınsa qələbəsi avqustun 25-28-də Denverdə keçiriləcək qurultayadək uzana bilər. Məhz bu qurultayın partiyanın tarixində ən gərgin toplantılardan biri olacağı istisna deyil. Namizədlər arasında rəqabətin getdikcə daha sərt və proqnozlaşdırılması mümkün olmayan xarakter aldığını düşünsək, Demokratlar Partiyasının rəhbərliyində artıq partiya sıralarında birli-yin pozulması ilə əlaqədar narahatlıqlar yaranır. Partiya nümayəndəsi Hovard Din bəyan edib ki, o, Klintonla Obamanın belə sərt mübarizəni partiyanın avqustda keçiriləcək qurultayınadək davam etdirməsini məqsədəuyğun hesab etmir. "Biz öz namizədimizi ya martın ortalarına, ya da aprelədək müəyyənləşdirməliyik", - deyə o, "NY-1" telekanalına müsahibəsində qeyd edib. - "Əks halda, onlar arasında hansısa razılaşmaya nail olunmalıdır. Biz qurultay üzvlərinin arasında belə kəskin parçalanmanın yaranmasına imkan verməməliyik. Bu, bütünlükdə partiyaya zərbə ola bilər".

 

Con Makkeyn finalda

Respublikaçılar Partiyasında qurultay üzvlərinin seçilməsi qaydaları demokratlarla müqayisədə bir qədər fərqlidir. Demokratlarda praymeriz üçün səslər 15%-dən artıq səs toplamış namizədlər arasında proporsional qaydada bölüşdürü-lürsə, respublikaçılarda "hər şey qalibindir" qaydası qüvvədədir - ştatın bütün nümayəndələrinin səsləri məcburi şəkildə burada birinci yeri tutmuş namizədə verilir. Bu qayda isə Arizona ştatından senator olan Con Makkeynin xeyrinə işləyib. O, hələ "super-çərşənbə axşamı"nadək respublikaçılar arasında lider idi və fevralın 5-də eyni vaxtda 9 ştatda qələbə qazanmaqla (ümumilikdə respublikaçılar 21 ştatda praymeriz keçirirdi) bu mövqeyini daha da möhkəmləndirdi. Makkeyn doğma Arizona ştatı ilə yanaşı, Kaliforniya, Konnektikut, Delaver, İllinoys, Missuri, Nyu-Cersi, Nyu-York və Oklahomada da üstünlük qazanıb. Bu praymerizdən sonra Makkeyn ümumilikdə qurultay üzvlərinin 613-nün dəstəyini əldə edib. Onun partiyadan olan əsas rəqibi Mitt Romnidə bu göstərici 269-dur. Məhz bundan sonra Massaçusets ştatının sabiq qubernatoru Romni məğlubiyyətini etiraf etdi və "super-çərşənbə axşamı"ndan iki gün sonra prezidentlik yarışından çəkildiyini açıqladı. 

Hazırda formal olaraq Makkeynin iki rəqibi (Mayk Xakabi və Ron Pol) qalsa da, Romninin qərarı Arizonadan olan senatorun seçki kampaniyasındakı işini kifayət qədər yüngülləşdirdi və artıq 2008-ci ilin prezident seçkisində Respublikaçılar Partiyasını məhz Makkeynin təmsil edəcəyinə şübhə ilə yanaşanlar, demək olar ki, yoxdur. Hazırda Makkeyn respublikaçıların yarışında birmənalı liderdir və ona dəstək verən qurultay üzvlərinin sayı 714 nəfərdir. 

Respublikaçıların Ağ evə sahiblik etmək üçün rəsmi namizədi olmaq üçün isə artıq qeyd edildiyi kimi, qurultayın 1191 üzvünün səsini qazanmaq kifayətdir. 

Ümumilikdə praymerizin gedişində Makkeyn artıq 13 ştatda qələbə qazanıb və 4,7 milyon respublikaçı seçicinin səsini alıb.

 

Praymeriz və Azərbaycan

ABŞ-da keçirilən "super-çərşənbə axşamı" Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Məsələ ondadır ki, "daban-dabana" gedən Klinton və Obama demokratlar üçün tamamilə tipik olan ermənipərəst mövqeləri ilə tanınırlar. Xüsusilə Obama Amerika-Ermənistan münasibətlərilə bağlı fikrini açıq şəkildə ifadə edib və 2008-ci il yanvarın 19-da verdiyi bəyanatda bildirib ki, o, "terrorizm və ekstremizmlə mübarizədə daim ABŞ-ın etibarlı tərəfdaşı olmuş Ermənistana dəstəyi davam etdirəcək". "Mən Ermənistanın təhlükəsizliyinin təmin olunmasına, onun Türkiyə və Azərbaycan tərəfindən alındığı blokadanın aradan qaldırılmasına çalışacağam, Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflər üçün qəbul edilən, ABŞ-ın fundamental əsas hesab etdiyi demokrtiya və öz müqəddəratını həlletmə prinsipləri əsasında möhkəm və uzunmüddətli həllinə nail olmaq üçün səy göstərəcəyəm", - deyə qaradərili namizəd qeyd edib. 

Sözügedən sənəddə Obama onu da vurğulayıb ki, o, Amerika ermənilərinin "erməni soyqırımı"nın qurbanlarının xatirəsinin əbədiləşdirilməsilə bağlı mövqeyini tam bölüşür.

Həqiqətən də, bu məsələdə Obamanın böyük "təcrübəsi" var. Amerikalı senator qismində o, ABŞ-ın erməni icmasının Türkiyənin "erməni soyqırımı"nı tanıması tələblərini dəstəkləyib. İki il əvvəl isə Obama ABŞ-ın Ermənistandakı səfiri Con Evansın Dövlət Departamentinin təlimatını pozaraq, Osmanlı İmperiyasında minlərlə erməninin qətlini "soyqırım" adlandırmasına görə vaxtından əvvəl geri çağrılmasına etiraz edib, hətta bu qərarla bağlı Birləşmiş Ştatların dövlət katibinin ünvanına tənqidlər səsləndirib. İllinoysdan senator olan Obama hesab edir ki, "erməni soyqırımı əsassız iddia, kiminsə şəxsi mövqeyi və ya fikri yox, çoxsaylı sənədlərlə və tarixi şahidlərlə təsdiqini tapmış faktdır". "Erməni soyqırımı"nın tanınmasını özündə əks etdirən 106 saylı qətnaməni dəstəkləyən Obama prezident olacağı təqdirdə qondarma soyqırımı tanıyacağını da vəd edir: "Amerika erməni soyqırımı ilə bağlı həqiqəti söyləyən, soyqırıma dair bütün faktlara qəti reaksiya verən prezidentə layiqdir. Mən məhz belə prezident olmaq fikrindəyəm".

Qaradərili namizədin rəqibi Hilari Klintonun da sözügedən məsələ ilə bağlı mövqeyi açıqdır. Onun ABŞ-Ermənistan münasibətləri ilə bağlı mövqeyində də "erməni soyqırımı"nın tanınmasına dəstək açıq sezilməkdədir. 2002-ci ildən başlayaraq o, bununla bağlı qətnaməyə dəstək verir. Prezident statusunda isə Klinton ABŞ-la Ermənistan arasında ticarətin artırılması, iqtisadi əlaqələrin möhkəmləndirilməsi, terrorizmlə mübarizə, demokratik institutların gücləndirilməsi, hərbi əməkdaşlığın davam etdirilməsi, NATO ilə əməkdaşlıq kimi ümumi maraqların təmin olunması məqsədilə əlaqələrin genişləndirilməsi fikrindədir. Sabiq birinci ledi Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin demokratik və ədalətli həlli kimi əhəmiyyətli regional məsələdə də qarşılıqlı fəaliyyətə hazır olduğunu bildirir. Klintonun sözlərinə görə o, ABŞ prezidenti seçiləcəyi təqdirdə, ölkəsinin Ermənistan və "Dağlıq Qarabağ xalqına" yardım proqramları genişləndiriləcək. 

Demokrat namizəd daxili və xarici siyasətlə bağlı bir çox digər sahələrdə də ABŞ-ın erməni icması ilə işləri davam etdirməyi düşünür.

Nəticədə Amerikanın erməni milli komitəsi (ANCA) yanvarın 30-da Kaliforniya ştatının Qlendayl şəhərində keçirilən mətbuat konfransında Barak Obamanı qurumun ABŞ prezidentliyinə rəsmi namizədi elan edib. ANCA-nın rəhbəri Ken Xaçikyan bildirib ki, kamitə "Barak Obamanın ABŞ prezidentliyinə namizədliyini fəxrlə dəstəkləyəcək". "Onun öz postundakı fəaliyyəti zamanı göstərdiyi xidmətləri, namizəd qismində cəsarətli bəyanatlarını və prezident qismində hansı işləri görəcəyinə dair bizim verdiyimiz qiyməti nəzərə alaraq hesab edirik ki, Obama Amerikanın erməni seçicilərinin baxışlarını və dəyərlərini digər demokrat namizədlərin hər birindən daha yaxşı ifadə edəcək", - deyə Xaçikyan qeyd edib.

"Ermənilər Obama uğrunda" hərəkatının rəhbəri Nora Ovsepyan isə daha da irəli gedərək, qaradərili namizədin ağzından çıxmayan fikirləri belə onun adına yazmağa çalışıb. Sözügedən mətbuat konfransında o bildirib ki, "erməni icması üçün ən əsas məsələ ilə bağlı Obama gözəl mövqe ortaya qoyub. Bu, erməni soyqırımının tanınması, Ermənistana yardımla yanaşı, həm də Qarabağın öz müqəddəratını həll etməsi və müstəqilliyidir". "Barak Obama bütün bu məsələlərdə bizi dəstəkləyir", - deyə Ovsepyan iddia edib.

ANCA-nı xüsusi qane edən məqamlardan biri də Obamanın 2005-ci ilin avqustunda Azərbaycana səfəri çərçivəsində jurnalistlərin suallarını cavablandıran zaman "erməni soyqırımı" ilə bağlı söylədiyi fikirdir. Həmin vaxt "Nəyə görə prezident Buşu qondarma soyqırımı tanımağa çağırırsınız?" sualını qaradərili senator belə cavablandırmışdı: "Çünki erməni soyqırımını tarixi fakt sayıram".

Bütün qeyd olunanları və demokrat namizədlərin qarşıdan gələn seçkidə qələbə şansının yüksək olmasını nəzərə alaraq, Azərbaycan artıq indidən okeanın o tərəfində demokrat-namizədlərin açıq ermənipərəst yanaşmaları və proqramlarının qarşısını almaq üçün fəaliyyətə keçməlidir.



MƏSLƏHƏT GÖR:

440