
YOXSULSUZ ÖLKƏ
Azərbaycan hər bir kəndin problemlərini ayrıca həll edəcək
Müəllif: Nurlanə QULİYEVA Bakı
4 il bundan ƏvvƏl - 11 fevral 2004-cü ildə qəbul olunmuş «Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı»nı prezident İlham Əliyevin əsas iqtisadi proqramı adlandırmaq olar. Axı bu proqramın ilk konturlarını o, hələ 2003-cü ildə - prezident seçkiləri ərəfəsində təqdim etmişdi. Məhz bu proqramın qəbulu ölkəmizin inkişafında yeni mərhələnin təməlini qoydu, bölgələrin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Prezidentin ən əsas sosial vədinin - 600 min yeni iş yeri açılmasının yerinə yetirilməsi də elə məhz bu proqram çərçivəsində həyata keçirilməli idi.
Odur ki 11 fevral 2008-ci ildə həmin Dövlət Proqramının 4 illiyinə həsr olunan konfransda çıxış edərkən, İlham Əliyev prezidenliyinin ilk 4 ili ərzində öz iqtisadi siyasətinin nticələrinə yekun vurdu və qarşıda duran vəzifələri müəyyənləşdirdi desək, səhv etmərik.
Vəzifə 1: işsizliyi və yoxsulluğu aradan qaldırmaq
Məhz bu 4 ildə Azərbaycan iqtisadiyyatı müstəqillik dövrü ərzində görünməmiş inkişaf templəri nümayiş etdirdi - ölkənin ümumi daxili məhsulu (ÜDM) ikiqat artdı. 2007-ci ilin nəticələrinə görə, Azərbaycanda adambaşına düşən ÜDM $3700 təşkil etdi, 2008-ci ildə isə bu göstəricinin $4500-ə qədər yüksələcəyi gözlənilir.
Hazırda ölkənin təxminən $7,3 mlrd valyuta ehtiyatı var. İ.Əliyevin qeyd etdiyi kimi, 2008-ci ildə bu məbləğ, ən azı, 2 dəfə artacaq. 4 il ərzində Azərbaycanın dövlət büdcəsi 10 dəfə artıb, bu il sərbəst büdcənin həcmi $12 mlrd təşkil edir.
Eyni zamanda, yuxarıda da qeyd olunduğu kimi, Dövlət Proqramının prioritet məqsədlərindən biri sosial problemlərin həlli - işsizliyin və yoxsulluğun aradan qaldırılması ilə bağlıdır. 2003-cü ildə bildirilmişdi ki, Azərbaycanda işsizlik və yoxsulluğun aradan qaldırılması üçün 5 il ərzində 600 min yeni iş yeri açılmalıdır. 3 il ərzində artıq 650 min yeni iş yeri açılıb ki, bunlardan 480 mini daimi iş yerləridir. Dövlət Proqramı çərçivəsində ən əsas nailiyyət də elə məhz budur. İ.Əliyev 2003-cü il seçkiləri ərəfəsində xalqa verdiyi vədə əməl edərək, iqtisadiyyata uğurlu rəhbərlik vasitəsilə, ilk baxışdan, əlçatmaz olan məqsədlərə də yetişməyin mümkünlüyünü sübut etdi.
Ardıcıllığa nəzər salaq: yeni iş yerləri və əhalinin gəlirlərinin artması (təkcə minimal əmək haqqı bu illər ərzində 6,7 dəfə artıb) yoxsulluğun azalmasına əsaslı təsir göstərərək, son 4 ildə onu 49%-dən 16%-ə endirib.
Prezident İ.Əliyev nəticələri aşağıdakı kimi şərh etdi: «Sözün düzü, mənim üçün yoxsulluğun azaldılması daha böyük əhəmiyyət daşıyır, nəinki iqtisadi göstəricilər. Çünki iqtisadi göstəricilərin səbəbləri bəllidir. Burada həm neft amili var, həm də əlbəttə, bizim uğurla apardığımız iqtisadi islahatlar. Ancaq, ilk növbədə, biz xalq haqqında düşünməliyik, biz xalq üçün yaşayırıq. Elə etməliyik ki, Azərbaycan xalqı yaxşı yaşasın, Azərbaycanda kasıblar təbəqəsi olmasın, işsizlər olmasın, işləmək istəyənlər mütləq işlə təmin edilsinlər. Bu proses artıq gedir».
Bütün deyilənlərin nəticəsi kimi, Dövlət Proqramının daha bir önəmli nailiyyəti də formalaşdı - ölkədən işçi qüvvəsinin kənara axını dayandırıldı. Üstəlik, əks proses müşahidə olunmaqdadır - indi artıq başqa dövlətlərin vətəndaşları qazanc üçün Bakıya gəlməyə can atır, vaxtilə vətənlərini tərk edən insanlar geri qayıdırlar.
Beləliklə, İ.Əliyevin dediyi kimi, Dövlət Proqramında qarşıya qoyulan vəzifələr onun həyata keçirilməsinin başa çatdırılmasına 1 il qalmış artıq 98% yerinə yetirilib. Bu illər ərzində proqrama önəmli əlavələr edildiyini, ölkənin konkret bölgələrinin inkişafı barədə 13 sərəncam imzalanmasını da nəzərə alsaq, əminliklə deyə bilərik ki, hazırda bu dövlət proqramı respublikanın iqtisadi inkişafının təməlini təşkil edən ən güclü və çoxvektorlu sənəddir.
Vəzifə 2: infrastrukturun inkişaf etdirilməsi
Proqramda ölkənin Sovet İttifaqının süqutundan sonrakı iqtisadi böhran nəticəsində dağılan infrastruktur təsərrüfatının bərpası ayrıca blok kimi nəzərdə tutulub. İndi neft gəlirlərinin artması sayəsində infrastruktur layihələrinin gerçəkləşdirilməsinə sərmayə yatırmağa imkan yaranıb və bu sahəyə artıq nəhəng dövlət investisiyaları qoyulmaqdadır. Bu il onların həcmi təxminən $3,5 mlrd təşkil edəcək.
Hökumətin qarşısında, ilk növbədə, əhalinin normal yaşaması üçün onun elektrik enerjisi, qaz və içməli su ilə təmin olunması vəzifəsi dururdu. Sirr deyil ki, yaxın keçmişə qədər bütün bunlar bir çox bölgələrin sakinləri üçün yalnız əlçatmaz bir arzu idi.
Məhz Regionların İnkişafı üzrə Dövlət Proqramı çərçivəsində 2004-2009-cu illərdə 3 min meqavat gücündə elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulurdu. Artıq 700 meqavat gücündə stansiyalar fəaliyyət göstərməkdədir, yaxın 2 ildə isə onların gücünün 3 min meqavata çatdırılması planlaşdırılıb. İndiyədək Azərbaycanda cəmi 4,5 min meqavat gücündə elektrik stansiyalarının yaradıldığı nəzərə alınarsa, deməli, 5 il ərzində ölkə enerji potensialını, demək olar ki, 2 dəfə artırmış olur. Üstəlik, İ.Əliyevin dediyi kimi, Azərbaycan nəinki elektrik enerjisinə olan tələbatını 10-15 il ərzində tam təmin edəcək, həm də onun ixracatçısına çevriləcək ki, bu da ölkəmizin bölgədəki iqtisadi nüfuzunu bir qədər də artıracaq.
Hazırda Dövlət Proqramı çərçivəsində, bir-iki rayon mərkəzi istisna olmaqla, qalanları təbii qazla təmin edilib. Qaz paylayıcı şəbəkələr hətta indiyə qədər qaz verilməyən bölgələrdə də yaradılıb. İndi Azərbaycanda qazlaşdırma 80% təşkil edir ki, bu da Azərbaycandan daha çox həcmdə qaz hasil və ixrac edən bir sıra ölkələrin fonunda kifayət qədər yüksək göstəricidir. Lakin qarşıya vəzifə qoyulub - Azərbaycan əhalisini qazla maksimum səviyyədə təmin etmək. «Beləliklə, 2008-2009-cu illərdə qazlaşdırma prosesi daha yüksək templərlə davam etdirilməlidir», - deyə İ.Əliyev bildirib.
Bundan əlavə, artıq bu gün Azərbaycan həm öz bölgəsi, həm də Avropa üçün iri qaz tədarükçüsünə çevrilib.
Bölgələrin, elə paytaxtın özünün də keyfiyyətli içməli su ilə təminatına gəldikdə, artıq bu istiqamətdə işə başlanılıb, lakin onun pik nöqtəsi yaxın bir neçə ilə təsadüf edəcək. Belə ki, hökumətin planlarına görə, bütün rayonlarda su kəmərləri və kanalizasiya xətlərinin çəkilməsi nəzərdə tutulur. Bakının yüksək keyfiyyətli içməli su ilə təmin edilməsi üçün Oğuz-Qəbələ-Bakı kəməri inşa edilir, həm də bu kəmər Neft Fondunun vəsaiti hesabına çəkilir. İ.Əliyev: «Bu, bir daha onu göstərir ki, Azərbaycan nefti Azərbaycan xalqına xidmət edir», - deyə vurğulayıb.
Yol infrastrukturuna gəldikdə, burada, necə deyərlər, fakt göz qabağındadır. Son zamanlar, demək olar ki, hər ay yeni yol qovşaqları, körpülər, yeraltı keçidlər açılmaqdadır. Bakını bölgələrlə və bütövlükdə Azərbaycanı qonşu ölkələrlə birləşdirən magistral yollar çəkilir. Eyni zamanda, şəhərlərarası magistralların inşası layihələri hazırlanır. Prezident İ.Əliyevin fikrincə, indi əsas məqsəd Azərbaycanın bütün yollarının - həm magistralların, həm də kəndarası yolların ən yüksək dünya standartlarına cavab verməsidir. Yol tikintisinin bugünkü templəri bu vəzifənin yerinə yetiriləcəyinə heç bir şübhə olmadığını göstərir.
Əlbəttə, bu infrastruktur layihələri Azərbaycanda sahibkarlığın inkişafına müsbət təsir göstərəcək. Elektrik enerjisi və ya qaz verilməsi təmin olunduqdan, yollar çəkildikdən sonra bölgələr dirçəlir, turizmin inkişaf etdirilməsi imkanları artır və sahibkarlar bundan öz işlərini qurmaq, yaxud inkişaf etdirmək üçün yararlanırlar. Bu isə yeni iş yerlərinin açılması və kasıblıq səviyyəsinin daha da azaldılması deməkdir.
Sahibkarlığın inkişafına yardım prezident İ.Əliyevin iqtisadi siyasətinin əsas istiqamətidir. O, iş adamlarına siyasi dəstəyini dəfələrlə açıqlayıb, bu istiqamətdə həm xüsusi dövlət proqramlarının qəbulu, həm bir sıra vergi və gömrük güzəştlərinin tətbiqi, həm də sahibkarlıq subyektlərinin qeydiyyatı üçün «Bir pəncərə» sisteminin tətbiqi barəsində qərar şəklində ciddi addımlar atıb.
Əməli maliyyə yardımı da göstərilib - Azərbaycanda Sahibkarlığın Dəstəklənməsi Fondu vasitəsilə dövlət xəttilə 2004-2007-ci illərdə iş adamlarına 235,6 mln manat həcmində güzəştli kreditlər ayrılıb və bu vəsait 6194 layihənin kreditləşdirilməsinə yönəldilib. Təkcə cari ildə bu məqsədlər üçün fonddan daha 95 mln manat ayrılacaq.
Ümumiyyətlə, əvvəldə də qeyd olunduğu kimi, 2008-ci ildə Bölgələrin İnkişafının Dövlət Proqramı çərçivəsində gerçəkləşdirilən bütün proqramlar daha güclü maliyyə dəstəyi alacaq. Həm də təkcə ona görə yox ki, bu il Dövlət Proqramının son ilidir. Prezident İ.Əliyev növbəti 5 illik proqramın hazırlanması barədə artıq çoxdan göstəriş verib və çox güman ki, o, ilin sonuna qədər qəbul ediləcək.
Dövlət başçısının özü isə ikinci mərhələnin əsas məqsədini ölkənin bütün sosial-iqtisadi problemlərinin həllində görür. Bundan başqa, ölkə ilyarım bundan əvvəl qoşulğudu Avropa qonşuluq siyasəti proqramında nəzərdə tutulduğu kimi, həm siyasi, həm iqtisadi, həm regional, həm də infrastruktur meyarlarına görə Avropa Birliyi standartlarına çatdırılmalıdır.
Nəhayət, ən əsası: «Mən bu barədə artıq dəfələrlə demişəm: yeni proqramda bütün məsələlər, hər bir kəndin problemləri öz əksini tapmalıdır. Biz mümkün olan hər şeyi etməliyik ki, Azərbaycan xalqını narahat edən bütün məsələlər 2009-2013-cü illərdə öz həllini tapmış olsun». İ.Əliyev seçkiönü 2008-ci ildə öz iqtisadi siyasətinin yeni mərhələsini məhz belə müəyyənləşdirdi.
MƏSLƏHƏT GÖR: