
TƏHLÜKƏLƏR ƏLEYHİNƏ
Risklərin qeydə alınması, təhlili, qiymətləndirilməsi və proqnozlaşdırılması məsələləri enerji təhlükəsizliyinin təmin edilməsində getdikcə daha önəmli rol oynamaqdadır
Müəllif: Eldar ŞAHBAZOV Bakı
Hazırda dünya qlobal ekoloji böhran təhlü-kəsi qarşısındadır. Bu, ilk növbədə, təbiətə sağalmaz ziyan vuran karbon tullantılarının atmosferi həddindən artıq çirkləndirməsi nəticəsində yaranmış qlobal istiləşmə problemi ilə əlaqədardır.
Neft və qaz hasilatı və istehlakının daim artması atmosferin çirklənməsi və istilik effektinin yaranmasının qarşısını almaq üçün ən son tədbirlərə əl atmağı qaçılmaz edir. Bu məqsədlə Kioto protokolunda neft hasil edən əsas ölkələr üçün xammalın çıxarılması və istehsalı kvotaları nəzərdə tutulub. Vəziyyəti gərginləşdirən isə odur ki, nəzərdə tutulan məhdudiyyətlərə baxmayaraq, 2030-cu ilə qədər enerji daşıyıcılarının əsas mənbəyi neft və qaz olacaq, onların istehlakı isə ildə 1,6 %-dən az olmayaraq artacaq. Bu problemdə əsas rollardan birini Xəzər neft regionu oynayır: artıq indi burada sutkada 1 mln barelə yaxın neft hasil olunur, 2012-ci ildə isə bu göstərici 5 mln barelə çatacaq.
Neft və qazın artan hasilatı və dünya bazarlarına ötürülməsi ilə teraktlar, ekoloji fəlakətlər, siyasi və iqtisadi gərginliklər nəticəsində nefti ixrac və idxal edən ölkələrin məhsulu magistral və transkontinental neft-qaz kəmərlərində itirməsi risqinin artması arasında birbaşa əlaqə müəyyənləşdirilib.
Enerji təhlükəsizliyi həm kifayət qədər təbii karbohidrogen ehtiyatına malik olan, həm də enerji daşıyıcılarını istehlak edən ölkələr üçün ən kəskin və mürəkkəb problemlərdən biridir.
Dövlətin milli təhlükəsizlik konsepsiyasının əsas hissələrindən biri olmaqla, enerji təhlükəsizliyi, həmçinin, siyasi müstəqillik və iqtisadi inkişafın qarantı sayılır.
Həm daxili, həm də dünya bazarlarında karbohidrogen növlü yanacağın hasili və istehlakı həcminin daimi artımı, artıq qeyd olunduğu kimi, tranzit zonalarda teraktlar, ekoloji fəlakətlər, siyasi və iqtisadi vəziyyətin pisləşməsi səbəbindən neft və qaz itkisi risklərinin yüksəlməsinə səbəb olur.
Göstərilən amillər neft və qaz sənayesində böhranın yetişməsini sürətləndirir, bu isə bütün iqtisadiyyat üçün ciddi nəticələrə gətirib çıxara bilər. Bunun qarşısını almaq və böhran vəziyyətindən çıxmaq üçün diqqəti neft-qazçıxarma sənayesində uçot, təhlil, risklərin qiymətləndirilməsi və proqnozlaşdırılması sahəsində tədqiqatlar istiqamətinə yönəltmək və böhranın başlanmasını maksimum müddətə uzaqlaşdıraraq onun nəticələrini yumşaltmağa çalışmaq vacibdir.
Təəssüf ki, neft-qaz sənayesi sistemlərinin həyatımızın bütün mərhələlərini əhatə edən, risklərin və mümkün böhranların qiymətləndirilməsinin vahid, qarşılıqlı əlaqələndirilmiş və elmi əsaslandırılmış metodologiyasına kifayət qədər diqqət yetirilmir.
Buna görə investisiyaöncəsi mərhələdən başlayaraq, gercəkləşdirilən layihələrin istismarının yekununa qədər neft-qaz kompleksinin bütün texnoloji sisteminin risklərinin tədqiqi, qiymətləndirilməsi, proqnozlaşdırılması və idarə ediməsi çox mühüm əhəmiyyət kəsb edir.
Müəyyən olunub ki, energetikanın vacib rol oynadığı cəmiyyətin bütün sisteminin sabit inkişafı energetikanın özünün sabit inkişafının vacibliyini şərtləndirir.
Energetika bazasının etibarlılığı və təhlükəsizliyi, onun XX1 əsrdə iqtisadiyyatın tərəqqisi naminə öz tarixi missiyasını yerinə yetirmək qabiliyyətində olması çox əhəmiyyətlidir. Bununla əlaqədar, yeni strateji yanaşmalar və konkret yeni layihələr, əsas məqsədə nail olmaq üçün fəaliyyətlərin koordinasiyası vacibdir.
Müasir dünyada enerji təhlükəsizliyinin mühüm şərtləri cəmiyyətin demokratikləşdirilməsi və enerji siyasətinin humanistləşdirilməsi ilə bağlıdır. Bununla əlaqədar, enerji səmərəliliyinin artırılması, məhsul istehsalında xalis enerji istehlakının azaldılması, ətraf mühitin mühafizəsi, resurslara qayğılı münasibət və əlbəttə, risklərin fasiləsiz qiymətləndirilməsi və idarə edilməsi vasitəsilə enerji sistemlərinin təhlükəsiz fəaliyyətinin təmini xüsusi əhəmiyyət kəsb edir.
Sadalanan meyarlar müasir kontekstdə energetika və enerji təchizatı problemlərinin həlli üçün müəyyənləşdirilib. Eyni zamanda, başlıca meyarların əsas göstəricilərinə təsir edən amillərin tədqiqi də yerinə düşərdi.
Demoqrafik amil
İnkişaf etmiş ölkələrdə enerji istehlakının miqyası böyükdür və iqtisadiyyatın enerjiyə tələbatını məhdudlaşdırılması sahəsində görülən tədbirlərə rəğmən, onun azaldılması çox problematik gö-rünür. Artıq dünya əhalisinin, təqribən, 80%-nin yaşadığı Asiya regionunda enerji istehlakının artması tendensiyaları dəqiq müşahidə olunur. Beləliklə, enerji istehlakında demoqrafiya başlıca amillərdən biridir və o, arzuolunmaz böhranların yaranmasında əsas rol oynaya bilər.
Ekoloji amil
Hər il toplanan və yandırılan üzvi yanacağın həcmi 300 mlrd tona yaxın qiymətləndirilir. Bu rəqəm yaxın 30-50 ildə 2 dəfə arta bilər. Müəyyən olunub ki, texnoloji tədbirlər artıq qlobal iqlimə təsir edən və ekoloji tarazlığın pozulmasına səbəb olan istilik qazları tullantılarının artımını dayandıra bilməyəcək. Buna görə ekoloji amil ənənəvi enerji daşıyıcılarının mövcud üsul və formalardan istifadə etməklə idarə olunması üçün ciddi maneəyə çevrilir. Məhz bu, "ilgəkvari" böhranın yaranmasına təsir edən əsas amillərdən biridir.
Geosiyasi amil
Sovet İttifaqı və birləşmiş energetika sistemi dağıldıqdan sonra, enerji bazarı uğrunda siyasi mübarizə daha da gücləndi və planetin müxtəlif guşələrində qaynar nöqtələrin və böhranların yaranmasına təkan verdi. Enerji istehlakına görə dünya birliyi bir neçə qrupa ayrılır. İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrdə əhalinin hər nəfərinə düşən enerji istehlakı başqa dövlətlərin səviyyəsindən, orta hesabla, 10 dəfə çoxdur. Bu təşkilata daxil olmayan ölkələrin əhalisi dünya əhalisinin, demək olar ki, 80 %-ni təşkil edir. Hazırda 2 mlrd.-a yaxın insan hələ də enerji şəbəkələrinə çıxışdan məhrumdur. Bu, enerji istehlakının gələcək artımından və enerji böhranlarının yaranması ehtimalından xəbər verir. Asiya regionu ölkələri, o cümlədən, enerji istehlakı göstəricilərinin bu gün üçün ən aşağı olduğu Çin və Hindistan üzrə statistik məlumatlar da bunu təsdiqləyir.
Enerji daşıyıcılarının qiymətlərinin artması məsələsi tez-tez ölkələr arasında ən yüksək səviyyəli mübahisələrə səbəb olur ki, bu da əksər hallarda enerji daşıyıcılarının qiymətlərinin idarə edilməsi sahəsində OPEK qarşısında yeni vəzifələr qoyur. Mövcud neft və qaz yataqlarının tükənməsi səbəbindən az öyrənilmiş və çətin keçilən rayonlarda - Şimal dənizində, Arktikada, Saxalində və planetin ən ucqar cənub regionlarında tədqiqatlar aparılır, enerji daşıyıcılarının axtarışına, kəşfiyyat və hasilatına çəkilən xərclər sürətlə artır.
Bəzi proqnozlara görə, tezliklə neftin qiyməti 100 dollar göstəricisini ötə bilər. Dövlət xadimləri və politoloqlar bunu daha çox, zəngin neft-qaz yataqları olan ölkələrin əksəriyyət təşkil etdiyi regionlarda yeni "qaynar nöqtələr"in yaranması ilə əlaqələndirirlər. Bununla yanaşı, ötən əsr kimi cari yüzillik də dünya neft bazarında hakimiyyət uğrunda sərt mübarizə arenasına çevrilib, bu isə dünya neft sənayesində risklərin artması və böhranın dərinləşməsində dominant amil sayılır.
XX əsrin sonu və XX1 əsrin əvvəllərindəki neft həyəcanı ölkələrarası siyasətdə yeni təfəkkür tərzinin əsasını qoydu və bu, Cənubi Qafqazda özünü aydın büruzə verir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri kimi iri layihələrin həyata keçirilməsindən sonra Azərbaycan, ərazisindən kəmərlər keçən və bilavasitə bu neft və qazı alan tranzit ölkələrin mühüm strateji tərəfdaşına çevrilib ki, bu da onlarla qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və yaxşılaşmasına səbəb olub. Bu, bir tərəfdən, risklərin azalması və böhranların yumşalması ilə şərtlənib, digər tərəfdən, dünya bazarlarına enerji daşıyıcılarının iri ötürücüləri olan rəqib ölkələrlə münasibətlərdə gərginliyi artırıb.
Hazırda bəşəriyyəti və bütün sivilizasiyanı təhdid edən təhlükə elə böyük miqyas alıb ki, iri teraktlardan, sönməyən etnik münaqişələrdən və lokal müharibələrdən dəyən ziyan on və yüz milyard dollarlarla ölçülür. 2001-ci il 11 Sentyabr teraktı milli təhlükəsizlik, kəşfiyyat xidmətləri və strateji obyektlərin mühafizəsi infrastrukturlarının mövcudluğuna rəğmən, bu təhlükənin qaçılmazlığını sübut etdi.
Beləliklə, enerji təhlükəsizliyinin təmin olunması strateji aspekt kəsb edir ki, burada başlıca rol müxtəlif risk və təhlükələrin təsirinə məxsusdur. Təhlükəsizlik strategiyasının işlənməsi canlı və cansız sistemlərdə mümkün təhlükələrin, risk və böhranların qarşısının alınması və aradan qaldırılması üzrə mövcud təcrübənin diqqətlə öyrənilməsinə, həmçinin risklərin təhlili, qiymətləndirilməsi və proqnozlaşdırılması üzrə müasir üsul və metodologiyanın yaradılmasına əsaslanmalıdır.
Bu isə o deməkdir ki, əvvəlki təcrübə nəzərə alınmaqla, risklə mübarizə və onun qarşısının alınmasının yeni üsullarının işlənməsi, gələcəkdə mümkün böhranların baş verməsinin nəzərdə tutulması şərtilə təhlükəsizlik təminatının vahid strategiyasını hazırlamaq vacibdir.
MƏSLƏHƏT GÖR: