15 Mart 2025

Şənbə, 00:38

NAĞDSIZ HESABLAŞMALARIN MİLLİ ÖZƏLLİKLƏRİ

Bu il mal və xidmət haqlarının ödənilməsində nağdsız hesablaşmaya keçid prosesinin fəallaşması gözlənilir

Müəllif:

01.02.2008

Son 2 ildƏ AzƏrbay-canda hər yerdə mal və xidmət haqlarının nağdsız ödənilməsinə keçid prosesi gedir. Demək olar ki, bütün dövlət müəssisələri və bir çox özəl strukturlarda işçilərin əmək haqqı bank kartlarına köçürülür, təqaüdçülər pensiyalarını bankomatlar vasitəsilə alırlar.

Kart biznesi bankların gəlirinin önəmli sahələrindən birinə çevrilib və onlar bu istiqaməti məmnuniyyətlə inkişaf etdirirlər. Əgər əvvəllər yalnız bir prosessinq şirkəti bütün bazarı kartlarla təmin edə bilirdisə, indi ölkədə artıq 2 belə şirkət uğurla fəaliyyət göstərir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanda bu kartlardan ticarət məntəqələrində istifadə hələ də ciddi problem olaraq qalmaqdadır.

 

POS-terminallara alışmamağımızın üç səbəbi

Azərbaycan prezidentinin "Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 24 noyabr 2005-ci il tarixli sərəncamına əsasən və 2005-2007-ci illərdə Milli Ödəniş Sisteminin İnkişaf Etdirilməsi Proqramı çərçivəsində mağazalarda və obyektlərdə POS-terminallar quraşdırılması tövsiyə edilmişdi. Nazirlər Kabinetinin 3 fevral 2006-cı il tarixli qərarı da var ki, orada POS-terminalların quraşdırılması meyarları, həmçinin, 2006-2007-ci illərdə ərazilər üzrə mərhələli tətbiq qrafiki müəyyənləşdirilıb (cədvəl).

Lakin bütün bunlara baxmayaraq, bu proses hələ də başa çatmayıb və çətin ki cari ilin axırına qədər də başa çatsın. Bunu vergilər naziri Fazil Məmmədov da təsdiq etdi. Məlum oldu ki, bu sahədə problem həddən artıq çoxdur.

F.Məmmədov və onun müavini Natiq Əmirovun fikrincə, bu sırada, ilk növbədə, ticarət və məişət xidməti obyektlərinin banklara ödəməli olduqları yüksək komisyon haqqı dayanır. Hazırda onların həcmi dövriyyədən 1,5-2% təşkil edir. Əlbəttə, o qədər də böyük dövriyyəsi olmayan kiçik obyektlər bir yana, orta obyektlərin özləri üçün də bu qəbildən olan "əlavə" xərclər kifayət qədər arzuolunmazdır.

İkincisi, o da təkzibolunmaz faktdır ki, hazırda işləyənlərin və təqaüdçülərin bir çoxu əməkhaqqı və pensiyalarını kart vasitəsilə alsa da, əksəriyyəti elə həmin gün bankomatlarda nağdlaşdırmağa üstünlük verir və kartlardan mağazalarda istifadə perspektivinə kifayət qədər inamsız yanaşırlar. "Belə çıxır ki, ticarət obyektlərinin sahibləri pul verərək, lazımsız aparat almalı olurlar. Odur ki onları buna məcbur etmək çətindir", - deyə  N. Əmirov bildirib. 

Üçüncüsü, bu gün Azərbaycandakı bazar münasibətlərinin daha bir gerçəkliyi ondan ibarətdir ki, Vergilər Nazirliyinin bütün nəzarət tədbirlərinə, yüksək cərimə sanksiyalarına və i. a. baxmayaraq, indi ticarət məntəqələri və xidmət sahəsi müəssisələrinin bir çoxu ver-giyə cəlb olunmaqdan yayınmağa nail olur. Əgər əvvəllər bu məqsədlə ticarət əməliyyatlarının əksəriyyəti, sadəcə, kassa aparatında qeydiyyatdan keçirilmirdisə, bu gün başqa üsul tətbiq olunur: alıcılara verilən çeklərdə real rəqəmlə müqayisədə dəfələrlə az məbləğ göstərilir. Alğı-satqı əməliyyatı POS-terminal vasitəsilə aparıldıqda isə bütün belə halların qarşısı alınacaq.

Odur ki hətta Bakının mərkəzindəki nüfuzlu mağazalarda da bank kartı təqdim etdikdə, əksər hallarda "rabitə işləmir" ifadəsini eşitmək olar. Baxmayaraq ki prezidentin sərəncamında POS-terminal aparatlarının quraşdırıldığı obyektlərdə keyfiyyətli və sabit rabitənin təmin olunması üçün tədbirlər görülməsi tövsiyə edilir.  

Lakin bütün bunlarla yanaşı, sadalanan problemlərin həlli, əlbəttə, mümkündür.

 

İşə Vergilər Nazirliyi başlayır

Demə, istək də varmış. Hər halda, F.Məmmədovun qeyd etdiyi kimi, POS-terminalları quraşdırılması ticarət və xidmət obyektlərilə banklar arasında baş verən prosesdir, Vergilər Nazirliyi isə ona yalnız nəzarət edir. Lakin 2008-ci ildən etibarən, nazirlik bu prosesin canlandırılması üçün bir sıra tədbirlər görəcək. 

Belə ki, nazir vergi orqanlarının üzərinə qoyulan səlahiyyətlər çərçivəsində bu il nəzarət-kassa aparatlarından istifadəsi və POS-terminalların tətbiqi ilə bağlı nəzarətin gücləndiriləcəyini bildirib. Bu o deməkdir ki, POS-terminal olmadığı halda, vergi əməkdaşları iş adamlarının kassa aparatlarını qeydiyyata götürməyəcəklər. Nazir deyib: "Hesab edirəm ki, bu, Azərbaycanın indiki gerçəkliklərinə uyğundur və nağdsız hesablaşmaların səviyyəsinin yüksəldilməsi 2008-ci il üçün əsas tələblərdən biridir. Bu, banklarla sıx əməkdaşlıqda təmin edilməlidir".

Daha əvvəl Vergilər Nazirliyi xidmət sahəsində birgə kassa aparatı və POS-terminal tətbiq edilməsi barədə planlarını açıqlasa da, görünür, bu ideyadan imtina edib, çünki iş adamları vahid qurğuların quraşdırılmasında maraqlı deyildilər. 

Nazirlik birgə aparatları xüsusi proqram çərçivəsində güzəştli qiymətlə quraşdırmaq niyyətində idi.

Hazırda Bakıda 5,5 min, bütün respublika üzrə isə, təxminən, 6 min POS-terminal quraşdırılıb. Bakının bütün ticarət obyektlərində aparatlar quraşdırıldıqdan sonra, onların sayı daha 20 min artacaq. POS-terminallar mehmanxanalar, beynəlxalq və şəhərdaxili sərnişindaşıma üçün bilet satışı müəssisələrində, avtovağzallarda, əyləncə obyektlərində tətbiq olunacaq. Təbii ki, obyektlər Nazirlər Kabinetinin təsdiq etdiyi tələblərə cavab verdiyi halda.

"Çətin ki bu proses 2008-ci ilin sonuna qədər başa çatsın. Lakin bu il yaradılan bütün ticarət obyektlərində, birmənalı şəkildə, POS-terminallar quraşdırılacaq, əks halda, onlar qeydiyyata dura bilməyəcəklər", - deyə vergilər nazirinin müavini Natiq Əmirov bildirib. POS-terminalların səmərəli işləməsi üçün hazırda Vergilər Nazirliyi banklarla yüksək komissiya haqqının azaldılması barədə danışıqlar aparır. Bankların özündə isə müəyyənləşdirdikləri komissiya haqqının dünyanın başqa ölkələrindəkindən xeyli az olduğunu və bu sahədə nəyi isə dəyişməyin hələ çox tez olduğunu hesab edirlər. N.Əmirovun fikrincə, bu proses əhalinin kartlardan istifadə fəallığından da asılıdır, çünki nağdsız ticarət dövriyyəsi artdığı halda, banklar üçün güzəştlər etmək də asanlaşacaq.  

 

Hər şey yaxşı olacaq!

Bundan başqa, ticarət obyektləri və digər xidmət sahələri obyektlərdə uzaq nöqtələrdən kassa aparatlarına telefon xətti çəkmək tipli problemləri həll etmək məcburiyyətilə də üzləşirlər. Paytaxtdan kənarda terminalları telefon xətlərinə qoşarkən də problemlər yaranır. Sahibkarların büdcəsinə ziyan vura biləcək əlavə məsrəflərə yol verməmək məqsədilə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələrilə terminallar üçün xüsusi kanal qurulması barədə danışıqlar aparılıb. Bu imkan verəcək ki, paytaxtdan kənardakı obyektlərdə rabitə sisteminin yaradılması cüzi ödənişlə başa gəlsin.

Hazırda ölkənin bölgələrində hər ay 10-30 POS-terminal quraşdırılır. Bu prosesdə Azərbaycan Beynəlxalq Bankı və "Kapitalbank" fəal iştirak etsələr də, enerji təminatı ilə bağlı problemlər aparatların səmərəli işinə mənfi təsir göstərir.

Onların daha geniş tətbiqi üçün ictimai nəzarət də zəruridir. Yəni plastik kartları olan istifadəçilər xidmət obyektlərindən hesablaşmaları nağdsız aparmalarını tələb etməlidirlər.

Vergidən yayınma halları ilə mübarizəyə gəldikdə, F.Məmmədovun dediyi kimi, 2008-ci ildə də vergi orqanları vergi qanunvericiliyini pozan müəssisələrdə kölgə iqtisadiyyatı və bu kateqoriyaya aid olan qanunsuz sahibkarlıqla mübarizə çərçivəsində monitorinqlər və yoxlamalar aparmaq niyyətindədir. Onun sözlərinə görə, belə hallar hələ də var və 2007-ci ilin nəticələrinə əsasən, qanunsuz sahibkarlıqla məşğul olan 4 mindən artıq müəssisə aşkarlanıb. Zərərin həcmindən asılı olaraq, vergi qanunvericiliyinə müvafiq şəkildə, onlara cərimələr tətbiq olunub, barələrində, təxminən, 180 cinayət işi qaldırılıb və məhkəmə orqanlarına verilib. Belə cinayətlərə görə 38 nəfər azadlıqdan məhrumetmə şəklində cəza alıb. 

Bütün bu tədbirlər nağdsız hesablaşmaya keçid prosesini sürətləndirəcəkmi? "Azerikard prosessinq" mərkəzinin təmsilçilərinin fikrincə, bu sahədə müəyyən canlanma 2006-cı ildə - məhz prosesə bank işçilərindən savayı, vergi müfəttişliyinin də qoşulmasından sonra müşahidə edilib. Odur ki yalnız Vergilər Nazirliyinin planlaşdırdığı bütün tədbirlərin gerçəkləşdirilməsini gözləmək lazımdır.


MƏSLƏHƏT GÖR:

506