
BİR TƏXRİBATIN TARİXİ
Sumqayıt hadisələrinin sifarişçilərini Moskva və Yerevanda axtarmaq lazımdır
Müəllif: NURANİ Bakı
ƏnƏnƏvi olaraq, bütün ölkələrdə seçkiqabağı kampaniya kompromat müharibəsi ilə yadda qalır. Bu baxımdan, Ermənistan da istisna deyil və yerli hakimiyyət özünə yaxın mətbuatdan istifadə edərək, eks-prezident Levon Ter-Petrosyanın imicini korlamağa çalışır. Bunun üçün, iqtidara yaxın KİV-lər onun "Qarabağ hərəkatı"nın ilk illərindəki fəaliyyəti haqda maraqlı məlumatlar yaymaqla məşğuldur. Mətbuatda, xüsusilə, Ermənistanda 1988-89-cu illərdə kənardan həyata keçirilən "kütləvi zəhərləmələr" kampaniyasının detallarına yer ayrılıb.
Xatırladaq ki, o vaxt hər şey "Vremya" proqramındakı "qorxulu" reportajla başlamışdı: guya Ermənistanın parça fabriklərindən birinin işçiləri Sumqayıtdan gətirilmiş ip taralarından birini açan zaman kəskin qoxu hiss ediblər. Bir qədər sonra isə kütləvi zəhərlənmə halı baş verib. Təbii ki, baş verənlərə görə dərhal Azərbaycan ittiham olunmuşdu.
Sonradan isə hadisələr lap gülməli məcraya yönəldildi: rayon mərkəzlərindən birinə Azərbaycanda bir erməni ailəsi gəlmişdi. Özü də Bakını tərk edərkən, həmin ailə bütün mülkiyyətini, o cümlədən "Çinar" soyuducusu və... bişirdiyi toyuğu belə özləri ilə gətirmişdi. Həmin qızardılmış toyuğu artıq Ermənistan ərazisində yeyən ailə üzvləri, bu nahardan sonra gözlənilən simptomlarla üzləşdilər - "ürəkbulanması" başladı... Nəticədə, qəsəbə sakinləri "Zəhərləyənləri tapın!" şüarı ilə mitinqə başladılar.
Ümumilikdə, "qısa zaman kəsiyində (1988-ci il dekabrın 1-dən 1989-cu ilin sentyabrınadək) müəssisə işçiləri və xidmətçilər arasında 80-dən artıq kütləvi zəhərlənmə halı qeydə alınıb". Onlardan cəmi 7-də Azərbaycana məxsus xammal tapılıb.
Həmin vaxt adamları erməni "inqilabçıları" zəhərləyirmiş. Onlardan biri, Vova Xaratyanın xatirələrinə nəzər salaq. Qeyd edək ki, Xaratyan "milli maraqlar haqda çox səhv təsəvvürü olduğuna görə fabrikin işini pozmaqla insanlarda hakimiyyətə qarşı narazılıq yaratdığı üçün" mühakimə edilib. O deyir: "Bizim fabrikimizdə 800-dən artıq insan çalışırdı. Azərbaycandan xammal almırdıq. Müəssisə rəhbərliyi baş verə biləcək qiyamdan ehtiyat etdiyi üçün digər şirkətlərin işləməməsinə baxmayaraq, fabrikin fəaliyyətini davam etdirməsi tələbini irəli sürürdü. Mən özüm də ailəmlə birlikdə tez-tez mitinqlərə qatılırdım. Teatr meydanında isə hərəkatdan olan uşaqlarla tanış oldum. Bir neçə dəfə biz səhər işə gələrkən fabrikin ərazisinə quru ot səpələndiyinin şahidi olduq. Düşünürəm ki, bununla bizi mal-qara hesab etdiklərinə eyham vururdular, çünki biz ətrafda mitinqlərin getdiyi bir vaxtda işləyirdik. Bir dəfə isə mənim əlimə üzərində belə bir fikir yazılmış vərəq keçdi: "Siz türklərə işləyirsiniz və inqilabda iştirak etmirsiniz"".
Məhz bundan sonra Xaratyan fəaliyyətə keçməyə qərar verib: "Bizdə fabrikin bağında ağaclara səpilmək üçün istifadə edilən "B-58" maddəsi var idi. Onun yerləşdiyi qabın ağzını açdıqdan dərhal sonra ətrafı dəhşətli üfunət bürüyürdü. Bu kimyəvi zəhər ikinci mərtəbəyə aparan pilləkənin altında yerləşirdi. Yeri gəlmişkən, həmin maddə fabrikdə daim olurdu və hər il yazda onun səpilməsi həyata keçirilirdi. Mən, təxminən, 200 qram çəkisi olan flakonun ağzını açdım, onu pilləkən meydançasında yerə qoydum və dərhal üfunət ətrafa yayılmağa başladı. İnsanlar isə sevinməyə başladılar ki, guya zəhərlənirik və bu səbəbdən işləməyəcəyik. Bu, sadəcə, bəhanə idi. Bu qoxudan heç kim zəhərlənə bilməzdi. Məqsəd işləməmək, səs-küy qaldırmaq, ajiotaj və çaxnaşma yaratmaq, insanların bayıra çıxmasına nail olmaq idi. Və 2-3 saatdan sonra mən insanları Operanın qarşısına apardım".
Maraqlı xatirədir, deyilmi? Amma bəzən insanları, həqiqətən də, zəhərləyirdilər. 800 nəfər həkimə müraciət etmişdi, 158 nəfər isə hətta xəstəxanaya yerləşdirilmişdi. Nəticədə, hüquq-mühafizə orqanları belə qənaətə gəldi ki, bu, vahid mərkəzdən təşkil olunmuş xüsusi kampaniyadır. Ozamankı Ermənistanda baş verənlərin arxasında Azərbaycanın dayanmasına şübhə ilə yanaşmağa, belə demək mümküsə, kimsə risk etməzdi.
Qeyd etmək lazımdır ki, Ermənistanda kütləvi zəhərlənmə ilə bağlı baş verənlər hər şeydən əlavə, düşünmək üçün ciddi əsas verir. Hər halda, erməni "inqilabçıları" "xalqda ruhun yüksəldilməsi üçün", hətta soydaşlarını qurban verməkdən belə çəkinmirlərmiş!
Erməni millətçilərinin 1988-ci il fevralın 26-da Sumqayıtda törətdikləri təxribatlar da məhz bu cür həyasızlığın üzərində qurulmuşdu.
Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın dediklərinin əksinə olaraq, Sumqayıt hadisələri qətiyyən "Qarabağ münaqişəsinin başlanğıcı", hətta "ilk qan" belə olmayıb. Ermənistandakı azərbaycanlıların qırğını hələ 1985-ci ildə başlamışdı. Rəsmi versiyaya görə, bu proseslərin ilk qurbanı Xocalıdan, o zaman Əsgəran rayonundan olan iki kəndli olub: üzümlükdə işləyən kişi və ona kömək edən oğlan uşağı. Təbii ki, onların hər ikisi silahsız olub. Heç şübhəsiz, dinc kəndlilərin qətlində yalnız bir məqsəd ola bilərdi: qonşu Ağdam rayonunda ehtirasların coşmasına nail olmaq.
Lakin həmin vaxt üsyanın ilk dalğasının qarşısını almaq mümkün oldu. Sonradan Henrix Borovikin məşhur "Mövqe"yində bildirdiyi kimi, kolonlardan birinin qarşısını yerli molla, digərinin isə Bakıdan olan partiya əməkdaşı ala bilmişdi. Daha sonra isə, demək olar ki, bütün qəzetlər Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovanın yaylığını yerə necə atdığını və heç kəsin qədim ənənəni pozaraq, ana yaylığının üzərindən keçmədiyini yazırdı.
Ermənistanda isə "Azərbaycanda ermənilərin kütləvi şəkildə öldürülməsi"ndən artıq fakt kimi danışırdılar. Lakin insanlarda "ehtirasları sakitləşdirmək üçün" Yerevanda keçirilən mitinqdə şəxsən SSRİ-nin baş prokurorunun müavini, baş hərbi prokuror A.Katusev bəyan etdi ki, o, öldürülən iki nəfər haqda dəqiq məlumata malikdir və onların arasında ermənilər yoxdur. Rəsmi versiyaya görə, məhz bu məlumat 32 nəfər - 26 erməni və 6 azərbaycanlının həlak olduğu Sumqayıt faciəsinin "start düyməsi" rolunu oynadı. Həmin hadisələr zamanı ən azı 400 nəfər yaralandı, şəhərə isə ciddi maddi ziyan dəydi.
Yalnız bundan sonra bir çox, xüsusilə də mərkəzi KİV-lərin jurnalistləri etiraf edirdilər ki, Sumqayıtda sosial-iqtisadi situasiya faciəvi həddədir. Sakinlərin böyük hissəsi məşhur "naxalstroy"da məskunlaşmışdı. Şəhərdə "xüsusi kontingent"ə aid olanların - yəni həbsxana həyatı yaşamış şəxslərin sayı-hesabı yox idi. Onlardan bir qismi 101-ci kilometrdə məskunlaşmışdı, bəziləri isə vaxtından əvvəl azadlığa buraxılaraq, kimya sənayesinə cəlb edilmişdi. Üstəlik, şəhər, faktik olaraq, nəhəng bir "qaz kamerası"nı xatırladırdı...
Bununla yanaşı, qeyd etmək lazımdır ki, artıq 1987-ci ilin sonlarında Azərbaycanda M.S.Qorbaçova çox yaxın olan Abel Aqanbekyanın Paris səfəri haqqında narahatlıq yaradan informasiya dolaşmağa başlamışdı. Xatırladaq ki, məhz həmin səfər zamanı imkanlı ermənilərlə görüşlər keçirən Aqanbekyan Kremlin fikrini açıqlamışdı: Dağlıq Qarabağın Yerevanın nəzarətinə verilməsi daha məqsədəuyğun olardı.
Bunun ardınca isə yenə də Kremlin qəbul etdiyi qərara istinad edərək, unudulmaz Zori Balayan dolaşmağa başladı.
Maraqlısı isə o idi ki, Moskva bunları təkzib etməyi ağlına belə gətirmirdi.
Artıq DQMV-də fevralın 13-də ilk mitinqlər başlanandan, vilayət şurasında isə Ermənistana birləşmək haqda qərar çıxarılandan sonra da Moskva proseslərə birmənalı və qəti mövqe bildirməkdən çəkindi: Kremlin mövqeyi yalnız ondan ibarət oldu ki, hələlik respublikaların sərhədləri dəyişdirilməyəcək, sonradan isə "problem yenidənqurmanın gedişində həll olunacaq".
Sumqayıtın isə spesifik xüsusiyyəti var idi. Şəhərdəki "naxalstroy"ların, həmçinin Saray və Fatmayı kəndlərinin əsas sakinləri Ermənistandan qaçqın düşənlər - 1985-ci ildə Zəngəzurda baş qaldıran ilk talanların qurbanları idi. 1988-ci ildə yaşanan "ikinci dalğa" zamanı da Ermənistandan olan qaçqınlar buraya üz tutdu və Sumqayıtda onların sayı ən azı 11 minə çatdı. Azərbaycan hakimiyyətinin bu problemi aradan qaldırmaq üçün fəaliyyətə keçməməsi isə ehtirasları daha da qızışdırırdı.
Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Sumqayıtda yaşayan ermənilər arasında "erməni işi" üçün könüllü olaraq "milli rüsum" toplanması artıq ənənə halını almışdı. Bu prosesə əvvəllər məhkum olunmuş Edik Qriqoryan adlı birisi rəhbərlik edirdi. Məhz o, fevralın 26-da "Paşa" ləqəbi altında gizlənərək, ilk 5 qətl və iki zorlamanı həyata keçirdi. Daim karate təlimlərinin keçildiyi gizli klublarda olan Qriqoryanın xuliqanlar arasında nüfuzu yüksək idi. Bu səbəbdən də o, asanlıqla ətrafına quldur dəstəsi toplaya bilmişdi.
Sonradan hadisələrin iştirakçıları ifadələrində etiraf ediblər ki, Qriqoryan hələ o zaman spirt və narkotiklərə aludə idi.
Lakin daha bir maraqlı fakt var: talançıların qurbanına Sumqayıtda məhz "milli haqq"ı ödəməkdən imtina edən ermənilər çevrilirdi! Onların dəqiqləşdirilmiş siyahısı talançıların əlində idi. "Səhv"lərdən sığortalanmaq üçün isə - axı qapılardakı ad-soyad lövhəciyindən də istifadə etmək mümkün idi - bir çox erməni ailələri hələ bir il əvvəl Sumqayıtı tərk etmişdilər.
Azərbaycanda yaşayan ermənilər arasında fəaliyyət göstərən "Qarabağ" komitəsinin fəalları isə hələ hadisələrin başlanmasından iki ay əvvəl kütləvi şəkildə şəhəri tərk edir, əmanət banklarındakı hesablarından vəsaitlərini çıxarır və mülkiyyətlərini satırdılar.
SSRİ Baş Prokurorluğunun istintaq qrupunun təhqiqatçısı Qriqori Kotenko sonradan baş verənləri belə xatırlayırdı: "Hələ Sumqayıt hadisələrinədək Qarabağ problemilə əlaqədar olaraq, iki gündən bir Qarabağa, oradan isə Yerevana yerli qurum və təşkilat üzvlərinin baş verənlərə reaksiyası haqda məlumat gəlirdi. Bu informasiyanı onlara kim gətirirdi? Azərbaycanlılar? Xeyr. Ruslar? Bu, onların nəyinə gərək idi? Əlbəttə ki, ermənilər, daha dəqiqi erməni qızları. Onların başında isə Stella adlı qadın dayanırdı. Bütün məlumatlar ona verilirdi, o isə öz növbəsində rabitə şöbələrində çalışan erməni rabitəçilərin vasitəsilə informasiyaları Stepanakert və Yerevana ötürürdü. Bu xidmətinə görə, Stella böyük həcmdə qonorar alırdı. Həmin pulları isə o, qızlar arasında bölürdü. Lakin komendant saatının elan edilməsindən sonra hərbçilər Stellanı Sumqayıtdan yığışdırdılar və o, naməlum istiqamətdə yoxa çıxdı. Əvvəlcə biz onu axtarmağı düşünsək də, işlərin çox olması üzündən sonradan Stella unuduldu. Qeyd etmək lazımdır ki, Stella yalnız informasiya əldə etməklə məşğul deyildi. Sumqayıtda onun bir neçə ictimai obyektləri var idi. Hər axşam 15-25 yaşlı erməni qızlar orada müxtəlif müştəriləri qəbul edirdilər. Onlardan Naira adlı biri tərəfimizdən dindirilib. Nairanın sözlərinə görə, onlar Stelladan qorxurdular. Bunun səbəbi isə Stellanın qızları hədələməsi, milislə qorxutması idi. Belə çirkin işlərlə məşğul olan qadına heç kim irad tutmurdu. Sumqayıtda bu haqda çoxları məlumatlı olsalar da, susmağa üstünlük verirdilər. Bundan başqa, söhbət zamanı Stellanın böyük nüfuza sahib olduğu da müəyyənləşdirilib. O, hara gedirmişsə, hörmətilə qarşılanırmış. Bir sözlə, gənc oğlanlar və qızlar Qarabağ komitəsi ilə idarəedici qüvvə arasında vasitəçilik edirdilər. Problem baş qaldırdıqdan dərhal sonra isə onlar azad oldular. Əgər Sumqayıtın Partiya Komitəsinin birinci katibinin sürücüsü və şəhər prokurorunun katibəsi erməni millətinin təmsilçiləri idilərsə, əlavə izaha ehtiyac yoxdur".
Bütün bunlarla yanaşı, Sumqayıtla bağlı əsl həqiqətlərin açıqlanmasını nə Moskva, nə də Yerevan istəyib. Onlar, sadəcə, "barbar azərbaycanlıları" versiyasını irəli sürərək, onların guya erməniləri qətlə yetirdiklərini bildirir, qaçqınlar, talançılar arasındakı erməni təxribatçılar haqda bir kəlmə də olsun söyləmirdilər. Tək Yerevan yox, həm də Moskva qarşıya qoyduğu məqsədə çatmalı idi: azərbaycanlılar "ikiayaqlı vəhşilər", "barbarlar" kimi təqdim edilməli idilər. Elə "vəhşilər" ki onlarla yalnız silah gücünə danışmaq mümkün olsun (bu gün Qərbin Azərbaycana olan marağını nəzərə alanda, o vaxtlar Kremlin nəyə görə azərbaycanlıları dünyanın gözündə ləkələmək istədiyi aydınlaşır). Ermənilər isə əksinə, "zərərçəkən" və "başıbəlalı" xalq kimi qələmə verilirdi. Əsas hədəf Qarabağ münaqişəsini tam qızışdırmaq idi... Məqsəd isə bir idi: milli zəmində "böyük qan" töküldüyünü əsas götürərək, geniş reklam olunmuş "yenidənqurma və aşkarlıq" siyasətini dayandırmaq, bazar iqtisadiyyatına "güclü əl"lə getmək... Təsadüfi deyil ki, məhz həmin ərəfədə SSRİ-də "Çili və Cənubi Koreyadakı iqtisadi möcüzə" haqda söhbətlər özünün pik nöqtəsində idi.
Təəssüf ki, həmin vaxt Aqanbekyanın, Balayanın və digərlərinin verdiyi vədlərin arxasında, həqiqətən də, heç nəyin dayanmadığına zəmanət yox idi. Çünki Azərbaycanın əvvəlcə Rusiya imperiyası, sonradan isə SSRİ-nin tərkibində olduğu bütün tarix, əslində, Moskvanın xeyir-duası ilə Azərbaycan torpaqlarının ermənilərə verilməsi tarixidir.
MƏSLƏHƏT GÖR: