15 Mart 2025

Şənbə, 00:31

QƏLƏBƏ YAXINDADIR

Azərbaycanın iqtisadi qüdrətinin artması ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki mövqelərini də möhkəmləndirir

Müəllif:

01.02.2008

Artıq 15 ildir Ağdam rayonu iki hissəyə bölünüb. Rayon ərazisinin böyük bir hissəsi Ermənistan tərəfindən işğal edilib, bir sıra kəndlər isə Azərbaycanın nəzarətindədir. Cəbhə xəttinin bir tərəfində xarabalıq və soyğunçuluq, digər tərəfində isə inkişaf və quruculuq hökm sürür. Hər dəfə sən-gərin müxtəlif tərəflərindəki vəziyyət barədə məlumat alanda göz önündə məhz belə bir mənzərə canlanır. Bu ilin yanvarında isə dünya bir daha Ağdama və ümumilikdə, Qarabağa nəzər salmaq imkanı qazandı: bir tərəfdən ATƏT-in Minsk Qrupu həmsədrlərinin, digər tərəfdən isə Azərbaycan prezidenti İlham Əliyevin gözü ilə.

"Bu gün rayonun əksər hissəsində bütün binalar, bütün infrastruktur dağıdılıb, erməni talançıları tərəfindən bütün əmlak oğurlanıb aparılıb. Bunu həm biz bilirik, həm də beynəlxalq ictimaiyyət bilir. ATƏT-in faktaraşdırıcı missiyası iki il bundan əvvəl bölgəyə səfər etmişdi və o missiyanın məruzəsində bütün bu acınacaqlı həqiqətlər öz əksini tapmışdı. Erməni vandalları tərəfindən şəhər, demək olar ki, tamamilə dağıdılıb. Orada bir dənə salamat bina qalmayıb və insanların bütün əmlakı, bizim maddi və mənəvi irsimizin inciləri aparılıb," -  deyə prezident İlham Əliyev Ağdama növbəti səfəri zamanı bildirib.

Bu sözlər beynəlxalq səviyyədə təsdiqini tapmasaydı, bəlkə də, Azərbaycan prezidentinin verdiyi qiymət qərəzli və ya şişirdilmiş görünə bilərdi. Amma dövlət başçısının ardınca ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza da işğal olunmuş ərazilərdəki acınacaqlı durumdan bəhs etdi. Rusiyalı və fransalı həmkarları ilə birlikdə Ağdam rayonunun işğal olunmuş hissəsində silahlı qüvvələrin təmas xəttində yenicə monitorinq aparan amerikalı diplomatın qənaəti ürəkaçan deyildi.

"Sizin prezidentinizin söylədiyi kimi, bu rayon xarabalığa çevrilib. Mənə ən çox təsir edən gördüklərim yox, görmədiklərim oldu. Mən orada insanlar, normal evlər, ümumiyyətlə, heç bir həyat görmədim", - deyən M. Brayza ANS teleşirkətinə müsahibəsində ürək ağrısını gizlədə bilməyib: "Ağdamı öz gözlərimlə görən zaman ürəyim ağrıdı. Mən azərbaycanlı olmasam da, gördüklərimdən çox təsirləndim. Bunların sizdə - azərbaycanlılarda niyə belə qüssə yaratdığını anlayıram. Orada qarşıdurmanın səviyyəsinin necə yüksək olduğu da hiss edilir. Ağdamda başa düşürsən ki, gərginlik necə yüksəkdir və biz daha heç zaman müharibənin olmaması və bu problemin birdəfəlik həllinə nail olmaq üçün hər şeyi etməliyik. İnsanların öz torpaqlarında, evlərində yaşaya bilməməsi ədalətli deyil. Bu çox böyük ədalətsizlikdir...".

M.Brayzanın səmimiliyinə şübhə ilə yanaşmağa heç bir əsas yoxdur. Ən azından ona görə ki, o, əslən polyakdır və Ağdamda gördükləri diplomata müharibədən sonrakı Varşavanı xatırladıb. Lakin acınacaqlı olan yalnız insanların öz torpaqlarında dinc şəraitində yaşaya bilməməsi deyil. Ən ağrılısı odur ki, bu ədalətsizlik beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verir və o, hələ də özünün ikili standartlarına sadiq qalmaqdadır. Bundan əziyyət çəkən isə günahsız insanlar, özü də yalnız azərbaycanlılar yox, həm də ermənilərdir.

Hətta azərbaycanlılarla müqayisədə, ermənilərin ikiqat artıq əziyyət çəkdiklərini də söyləmək mümkün-dür. Çünki bu gün Ermənistandan fərqli olaraq, Azərbaycan öz qaçqın və məcburi köçkünlərini normal həyat şəraiti, iş yerləri və ərzaqla təmin etmək iqtidarındadır. Artıq çadır-şəhərcikləri öz məktəbləri, tibb məntəqələri və yaşayış üçün vacib olan digər infrastrukturla təmin edilmiş yeni qəsəbələrlə əvəzlənib. Yalnız Ağdamın işğaldan azad edilmiş ərazisində 12 yeni qəsəbə salınıb. Dövlət başçısının bildirdiyinə görə, Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində 86 min insan yaşayır ki, bu da rayonun ümumi əhalisinin yarısı deməkdir.

Regiona səfəri çərçivəsində İ.Əliyev Ağdamda daha bir neçə obyektin açılış mərasimində iştirak edib. Onların sırasında Olimpiya İdman Kompleksi də var. Bu yaxınlarda isə ön cəbhədə yerləşən Ağdam qonşu Ağcabədi rayonunda olduğu kimi qazla da təmin ediləcək. 

Lakin Ermənistan barədə eyni sözləri demək çətindir. Xarici yardımların hesabına birtəhər çulunu sudan çıxaran Ermənistanda vəziyyət bütünlüklə fərqlidir. Öz hakimiyyətlərinin və havadarlarının başladığı müharibə üzündən doğma ocaqlarını tərk etməli olan ermənilər normal həyat axtarışında bütün dünyaya səpələnməli olublar. Onların yenidən bu yerlərə qayıdacağı da inandırıcı görünmür. 

Azərbaycanda isə əmindirlər ki, Metyu Brayzanın da dediyi kimi, haqq-ədalət gec-tez zəfər çalacaq və yeni qəsəbələrdə müvəqqəti yerləşdirilən insanlar doğma torpaqlarına qayıdacaqlar. Bunu Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib. "Azərbaycanın uğurlu iqtisadi və xarici siyasəti, onun nüfuzu və regionda artan rolu, iqtisadi potensialımız və enerji baxımından güclü olmağımız, sürətli ordu quruculuğu danışıqlar prosesinə müsbət təsir göstərən amillərdir", - deyə İ.Əliyev qeyd edib.

Şübhəsiz, irəliləyiş olmasaydı, İlham Əliyev danışıqların bəzi məqamlarını da açıqlamazdı. İlk dəfə olaraq, prezident hökumətin yanvarda keçirilən iclasında ermənilərin ilk növbədə azad etməli olduqları rayonları adbaad sadaladı. Buradan da açıq-aydın görünür ki, hazırda danışıqlarda söhbət ermənilərin qaytarılmasını mümkün saydığı 4 rayondan yox, Azərbaycanın tələb etdiyi 7 rayondan, daha sonra isə ümumilikdə Dağlıq Qarabağdan gedir. "Əgər vaxtilə 4 rayonun Azərbaycana qaytarılması məsələsi müzakirə olunurdusa, daha doğrusu, Ermənistan tərəfindən irəli sürülürdüsə, bu gün artıq bu da keçmişdə qalıb. İndi 7 rayonun, bütün işğal olunmuş torpaqların Azərbaycana qaytarılmasından söhbət gedir. Bunu Ermənistandan beynəlxalq vasitəçilər, ATƏT-in Minsk Qrupu tələb edir və Ermənistan rəhbərliyi məcbur olub bunu qəbul edir. Yəni bu çox böyük irəliləyişdir, çox böyük uğurlardır", - deyə prezident Ağdamdakı çıxışı zamanı bildirib.

Bunu, bir qədər ehtiyatla da olsa, M.Brayza təsdiqləyib: "Ümumilikdə, prezidentlər qaçqınların daimi yaşayış yerlərinə qayıtması, Ermənistanla Dağlıq Qarabağ arasında müəyyən münasibətlərin qalması, ordunun oradan çıxarılması ilə razıdırlar". Amerikalı diplomatın sözlərinə görə, prinsipcə, bununla bağlı vahid konsepsiya mövcud olsa da, bütün məsələlərin razılaşdırılmaması ümumi razılıq haqda danışmağa imkan vermir.

Bununla yanaşı, tərəflərin danışıqlar prosesinin davam etdirilməsinə sadiqliyi və onlara Madriddə təqdim olunan baza prinsipləri üzərində işləməyə razı olmaları vasitəçiləri ümidləndirir. Regiona səfərlərinin yekunlarına dair APA agentliyinə müsahibə verən M.Brayza bildirib ki, hazırda söhbət təkmilləşdirilərək daha anlaşılan dildə yazılan və bütün baza prinsiplərini özündə əks etdirən sənəddən gedir. Bununla yanaşı, həmsədr deyib ki, danışıqlarda iştirak edən tərəflər baza prinsiplərinin hamısı üzrə razılıq əldə edənədək, hansısa konkret maddə ətrafında razılıqdan danışmaq olmaz. Yəni, ayrı-ayrılıqda bütün məqamlar üzrə razılıq yoxdursa, demək, ümumiyyətlə, razılaşmadan danışmaq tezdir.

Vasitəçilər isə artıq Ermənistanda keçiriləcək prezident seçkisinədək müəyyən irəliləyişin əldə edilməsinə ümid bəsləyirlər. Lakin diplomatlar kifayət qədər praqmatik zümrədir və hesab edirlər ki, Ermənistanın yeni prezidenti ilə daha böyük işlər görülməli olacaq. Onlar Ermənistanın yeni dövlət başçısının hər şeyə sıfırdan başlamaq istəyinin ola biləcəyinə dair narahatlıq keçirsələr də, Yerevana səfər nəticəsində məlum olub ki, ölkə prezidentliyinə əsas namizədlərin hər biri prosesi artıq mövcud olan baza prinsipləri əsasında davam etdirməyə razıdırlar.

Konkret olaraq, söhbətin hansı prinsiplərdən getdiyinə gəlincə, açıqlamalardan belə aydın olur ki, "Madrid planı" məhz Praqa prosesi çərçivəsində müəyyənləşmiş bir sənəddir. Amerikalı diplomat bildirib ki, hazırkı prinsiplər əsasında iş son 3 il ərzində davam etdirilib. Bu müddət ərzində isə, məlum olduğu kimi, danışıqlar Azərbaycanın daim sadiqliyini bəyan etdiyi Praqa prosesi çərçivəsində aparılıb.

Bununla yanaşı, həmsədrlərin heç də bütün təklifləri Azərbaycanı qane etmir. Lakin prezident İlham Əliyevin də dediyi kimi, danışıqların ümumi gedişi pozitivdir.

Bir sözlə, Azərbaycan prezidentinin ölkənin ərazi bütövlüyünün bərpa ediləcəyinə dair əminliyinin arxasında konkret iş - həm iqtisadi və hərbi, həm də diplomatik sahədə görülənlər dayanır. Və artıq indi - qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, onların doğma torpaqlara qaytarılması və müharibədən əziyyət çəkmiş bütün rayonların bərpasına hazırlaşmaq üçün kifayət qədər əsas var.


MƏSLƏHƏT GÖR:

351