
ÜMİD MUSİQİSİ
Firəngiz Əlizadənin "Qarabağnamə" operasına ictimai baxış barədə düşüncələr
Müəllif: Natəvan FAİQQIZI Bakı
İncəsənət əsərinin ta-leyi insan taleyinə oxşayır. Onlar da insanlar kimi, əhəmiyyətli tarixlərə malikdir - yaranma, formalaşma, yol... Və tez-tez elə alınır ki, uğursuz şəraitlə bağlı, bu tarixlər müxtəlif, bəzən dramatik də ola bilir. Firəngiz Əizadənin "Qarabağnamə" operasının prem-yerasında, daha dəqiqi, ictimai baxışında məhz bu haqda düşü-nürdüm.
"Opera nəfəsi"
Çoxları bilmir ki, onun ideya ilhamçısı (bu rəsmi söz birləşməsi burada nə qədər hüquqidir) dahi maestro Mstislav Rostropoviç olub. Görüşlərinin birində məhz o, Azərbaycan bəstəkarına təklif edib ki, dünyanın soyuq "Qarabağ konflikti" termini ilə işarələdiyi xalq faciəmizi təsvir edə biləcək opera yazsın. Maestro Slava operanın Bakı premyerasında dirijor olmaq, musiqinin yaradılmasında şəxsən iştirak etmək arzusunda idi, onlar ssenoqrafiyanın və orkestrovkanın detallarını uzun-uzadı dəqiqləşdirirdilər. Təəssüf... Amma Firəngiz xanım operaya ictimai baxışı Rostropoviç adına festivalın keçirilməsi günlərinə salmaqla premyeranı onun adı ilə əlaqələndirməyi bacardı. Opera - musiqi - səhnə incəsənətinin bu monumental janrı hər gün yaranmır. Hətta "opera nəfəsi" deyilən bir termin var və o, eyni dərəcədə, həm vokalçılara, həm də bəstəkarlara münasibətdə istifadə olunur. Firəngiz Əlizadənin irimiqyaslı istedadı ilə bu nəfəsə malik olduğu öncədən də şübhə doğurmurdu, çünki o, qlobal düşüncə sahibidir, yəqin ki, bu iddianın arqumentlərə ehtiyacı yoxdur, yoxsa bəstəkar dünya auditoriyasını fəth edib müasirliyin ən reytinqli musiqiçilərindən birinə çevrilə bilməzdi.
Premyeraöncəsi təxminlər tamamilə gerçəkləşdi. Artıq ilk taktlardan aydın idi ki, müəllif operasını musiqi-səhnə avanqardının və güclü professionalizmin forpostuna çevirmək niyyətində olmayıb. Musiqinin "avanqardlığı" məqsədə çevrilməyərək, gərgin daxili monoloq üçün səbəb rolunu oynayır. Azərbaycanlı qəlbi qaçılmaz reallıqlar və kompromislə barışmayan izahsız məntiq barısını aşaraq özünü göstərir. Aydın idi ki, bəstəkar çox dəruni hisslərə toxunur, musiqi dramaturji baxımdan dəqiq ölçülüdür, inandırıcıdır, orkestr baxımından kulminasiyada yüksək faciəvi amplitudaya yüksələrək həyatsevər finalla bitir.
Nərgiz Paşayevanın librettosuna yazılmış "Qarabağnamə" operası lirik-qəhrəmanlıq janrındadır. O, təzad prinsipi əsasında qurulub - estetik və emosional baxımdan bir-birinə qarşı duran iki aktdan ibarətdir. Təntənəli nişan səhnəsi ilə açılan birinci akt ikinci ilə kəskin təzad təşkil edir; buna baxmayaraq, bütün bayram əhval-ruhiyyəsinə rəğmən, nəsə dəhşətli bir hadisənin baş verəcəyi və bu şən qarışıqlığın sonda qaçılmaz fəlakətlə nəticələnəcəyi hiss olunur. Və tamaşanın əvvəlində gəlinin - Mələkin bəxtəvər məsudluq ifadə edən simasından finalda heç bir iz qalmır.
Əslində, hər şey çox vaxt şüurun izah edə bilmədiyi təzadlarla dolu həyatdakı kimidir. Budur, Şuşanı donduran soyuq o yerlilərin qəlbini də eləcə dondurur.
Səhnənin dərinliyində nüma-yiş olunan faciə dəhşətlərinin sənədli kadrlarını səhnədəki aktyorlar dublyaj edirlər - budur, çiyinlərindəki nimdaş torbalarının içinə bütün avadanlıqları yerləşmiş qaçqınlar, ətrafda mənəvi iqlimi dəyişməyə nail olmuş qar örtüyü. Səhnədə hökmranlıq edən şər qüvvələri, onların "əməllərini" orkestr müşayiəti böyük ustalıqla təsvir edir. Və sabahın gələcəyi, sevinci, həqiqətin bədbinliyi, ovunmaz reallıqla əvəz olunur. Bununla bağlı, ifaçıların ünvanına xoş sözlər demək istərdik.
Respublikanın əməkdar artisti Gülnaz İsmayılovanın ifasında hadisələrin baş, "ön plan" qəhrəmanı Mələk psixoloji baxımdan inandırıcı, affektasiyadan və lüzumsuz patetikadan uzaqdır. Onun işıqlı-nurlu, təbii yatımlı səsi səhnədəki roluna üzvi surətdə uyğun gəlir. Özgə rolunu ifa edən Əvəz Abdullayev də qüsursuz görünür. Partiya-rolunun birinci dərəcəli olmadığına baxmayaraq, o, vokal potensialının miqyasını, həm də qeyri-adi aktyor keyfiyyətlərini uğurla nümayiş etdirir. Digər ifaçılar arasında Mələkin anası rolunda Qərinə Kərimova vokalının sirayətedici istisi və insan həyəcanlarının dərinliyini ifadə etmək bacarığı ilə, əməkdar artistlər Həsən Enami Arif rolunda, Fəridə Məmmədova (rəfiqələrdən biri) sanballı vokal resursları və təbii ekspansivliyi ilə seçilirdi.
Musiqi zirvədədir
Çatışmazlıqlar vardımı? Yəqin ki, bütün böyük başlanğıclarda olduğu kimi, yox deyildi. Təkcə onu deyim ki, rejissura daha tapıntılı ola bilərdi. Dramaturgiya bir qədər özəksizdir və hadisələrin monumental əsasını tam əhatələyə bilmir, bu səbəbdən bəzən süjetdə ayrı-ayrı nömrələrin birləşdirilməsi təsiri yaranır. Səhnə ideyasının bədii əksinə gəldikdə, dekor tərtibatçısı mürəkkəb aşırımları və həll edilməmiş problemləri ilə "zəmanəni əks etdirməyə" nail ola bilməmişdi- bu, aydın görünürdü. Amma ilk tamaşa həmişə bir qədər çiy olur, o sonralar yetişir, bəstəkarın can atdığı kamilliyə qovuşur. Və o axşam məhz musiqi zirvədə idi. Firəngiz xanımın bütün əsərlərində olduğu kimi.
Burada maraqlı bir məqama toxunmaq istəyirəm - onu eşidən kimi bütün tənqidi yanaşmalar unudulur - opera cəmi iki həftəyə toplanıb. Bunun Firəngiz Əlizadəyə nəyin hesabına başa gəldiyini bir o özü, bir də yaradıcı prosesin bilavasitə iştirakçıları - dirijor və rejissor, librettoçu və vokalçılar bilir. Bu müddət ərzində səhnə mizanlarını və partiyaların öyrənilməsini təşkil etmək, kostyumları tikmək, başqa ölkədən "Qarabağnamə" üçün dirijor dəvət etmək... Bəli, bəli, məhz bu məqsədlə dəvət olunmuş Sankt-Peterburq Filarmoniyasının dirijoru Arkadi Matveyeviç Şteynluxt özü ilə beş konsertmeyster də gətirmişdi. Əlizadənin partiturası ilə tanışlıqdan sonra onlar musiqiyə heyran qalaraq etiraf etdilər ki: "Belə bir şey gözləmirdilər - fikirləşmirdilər ki, bu gün haradasa, dağılmış ölkənin ucqarlarında kimsə bu cür opera yaza bilər". Elə belə də dedilər: "Son 25-30 ildə postsovet məkanında bu səviyyəli və miqyaslı musiqi olmayıb".
Məşqlər sürətinə görə rekord müddətə başa çatdı - piterlilər əməksevərlik möcüzəsi nümayiş etdirərək, musiqini 15 günə öyrəndilər və orkestri "ayaq üstə qaldırdılar". Firəngiz xanımın dediyinə görə, "Arkadi Matveyeviç pult arxasına keçəndən 10 dəqiqə sonra aydın oldu ki, iş gedəcək, - o, çox müxtəlif, o cümlədən, gözlənilməz iradlar tutur, təkcə orkestrlə işləməklə kifayətlənmir, həm də xorun hər bir ifadəsini cilalayırdı".
İlk tamaşada iştirak edən Qalina Vişnevskaya özü "operanın nəhəng musiqi potensialını" qeyd edərək, onu bütün səhnələrdə tamaşaya qoymağın mümkünlüyünü vurğuladı. Primadonna dedi ki, "Musiqi çox gözəldir, təkcə ssenoqrafiyanı sona qədər qurmaq qalır".
Musiqi - insanların ağlına və hisslərinə tektonik güclə təsir edə bilən incəsənətdir, bu iddia şübhə doğurmur. Yaradıcılığı vaxtilə İtaliyanın birləşməsi uğrunda mübarizədə çox böyük rol oynamış Verdini xatırlamaq kifayətdir. Firəngiz Əlizadə də Azərbaycan həqiqətlərini yaymaq üçün ən kiçik imkandan belə istifadə edir. Nümunə gətirək.
Bu yaxınlarda o, musiqisinə yazılmış tamaşanın premyerasının baş tutduğu Romadan qayıdıb. Tamaşa kifayət qədər qeyri-adi idi - incəsənət vasitəsilə xalqlar arasında anlaşma yaradılması mövzusuna həsr olunmuşdu, burada israillilər və fələstinlilərin ümumi dil tapmasında musiqinin rolundan bəhs edilirdi. Premyeradan əvvəl mətbuat konfransı keçirildi və burada yaranmış imkandan istifadə edən Firəngiz Əlizadə öz xalqına saysız bəlalar gətirmiş Qarabağ münaqişəsindən danışdı. Ona kimsə etiraz etmədi - orada, ümumiyyətlə, bu mövqe və mənsəbli sənətkarlara etiraz etmək qəbul olunmayıb. Onlarla etirazsız razılaşırlar. Beləliklə, Firəngiz xanım onlara dedi ki, "Bu qəbilli barışıq cəhdləri edilməsi çox yaxşıdır, bunu ancaq alqışlamaq olar, amma bizdə bu, baş vermir, mən öz vətənimi nəzərdə tuturam, o belə haqsızlıqlara məruz qalıb, dünya isə susur. Vətənimin bir hissəsi işğal altındadır, amma heç kim - bəsdir! - demir. Bizim bir milyon qaçqınımız var, dünyada heç kəs onlarla maraqlanmır". Bəstəkardan bu cür mövqeyi heç kim gözləmirdi - orada onlar məsələlərin belə konkretləşdirilməsindən və sualların birbaşa qoyuluşundan qaçırlar. Konformist Qərb, ümumiyyətlə, sualları sevmir, o, sakit və həyəcansız yaşamağa üstünlük verir. Və bu barədə məlumatı olan "bizim adamlar" buradakı şəraitə uyğun davranmağa çalışırlar ki, heç kimi "qıcıqlandırmasınlar".
Vətənpərvərlik axı müxtəlif olur: ani, zooloji, sutkaboyu, sərfəli - bu "kateqoriyalar" sayca, həqiqətən, çoxdur. F.Əlizadənin yaradıcılığı həqiqi, fiziki ağrıya bənzər təsirli vətənpərvərlik bəxş edir.
Qəhrəmanlardan biri - "Ocaqlar söndü", - deyir, yox, haray salır və nəfəs çəkmədən dinləyən zalda qeyri-ixtiyari əks-səda doğurur. Beləliklə, opera teatrının səhnəsi həyat səhnəsinə çevrilir. Həyat həqiqəti incəsənət həqiqətinə zidd olmur.
Şəhid obrazlarının təsiri ilə yaranmış musiqi... Özünüifadənin yüksəkliyi və harmonikliyi, aydınlıq və təmizlik poeziyası, improvizənin üsyankar ruhu...
Opera faciə ilə - qəhrəmanın ölümü ilə bitir, lakin burada ürək parçalayan kədər, məhkumluq yoxdur, xalqın ruhuna, nəhayət, Uca Ədalətə inam var. Vaxtaşırı səhnədə görünən oğlan isə məhz həddən artıq inanmaq istədiyimiz ümid cücərtisinin rəmzinə çevrilir. Firəngiz Əlizadə bizi buna inandırır, həm də əmin edir ki, onun yaradıcılıq imkanlarının potensialı hələ tükənməyib.
Ağ atlı süvari
Rostropoviç festivalına qatılmış Gürcüstanın və SSRİ-nin xalq artisti Giya Kançeli "R+" müxbirinə deyib ki, xaricdə Firəngiz Əizadə çox yüksək nüfuza malikdir. "Onun yeni əsərləri ilə tanışlıq məni həmişə maraqlandırır. Hesab edirəm ki, onun musiqisində parlaq əks olunmuş fərdi üslub əsasdır, yeni operaya tamaşa etdikdən sonra mən bir daha buna əmin oldum. Mənə elə gəldi ki, quruluş baxımından quruluş-təsviri planda hər şey lazımi dərəcəyə çatdırılmayıb. Düşü-nürəm ki, musiqi və librettoda tanış milli motivlər artıq mövcuddursa, onları quruluşda və ssenoqrafiyada vurğulamaq o qədər də düzgün deyil. Buna baxmayaraq, yeni operanı Firəngizin böyük uğuru sayıram".
Vaxtı əks etdirmək, onun mürəkkəb mahiyyətini öz daxilindən, yaradıcı baxımından keçirmək sənətkarın vəzifəsi olub və olacaq. Və burada ustalıq, onun keyfiyyəti, bu həddi keçmək üçün arzu və real imkanın uzlaşması ön plana çıxır. Firəngiz Əizadə bunu bacarıb.
Təsirlilik baxımından ən güclü epizod - donmuş qəhrəmanın ölüm səhnəsidir. Onun ölümqabağı ariyası, ananın göz yaşları, ifası orkestr mətninə üzvi surətdə qoşulmuş kamançanın "psixoloji" naləsi və ağlasığmaz müdrikliyi ilə səsləşmə - bütün bunlar səsyazma ustalığı ilə birlikdə son səhnəni mümkünsüz ağrılı edir.
Görüşlərimizin birində Firəngiz xanımın dediyi sözləri xatırlayıram: "Yaradıcı məqsədim - dünyaya baxışlarımı, daim ümid və ümidsizlik arasında çırpınan qəlbimin durumunu əks etdirən musiqi yaratmaqdır. Axı musiqi faciədən danışanda da gözəllik daşıyıcısı olmalıdır. Musiqi həmişə emosional olmalıdır... İnsanların özlərinə, qələbəyə inanması çox mühümdür". Və operanın sonunda zurna səbəbsiz uşaq bəxtəvərliyi ilə ümid carçısı kimi səslənir. Eyni zamanda ekranda hələlik aydın seçilməyən Ağ atlı Süvari obrazı işıqlanır. Bu, himn və sədadır. Çağırış və andvermədır. Yaddaşımda isə Mstislav Rostropoviçin Firəngiz haqqında onun yubiley ilində Almaniyada çapdan çıxmış kitaba yazdığı ön sözdən sətirlər canlanır: "Mən demişəm və deyəcəyəm: Firəngiz Əlizadə fövqəladə istedadlı bəstəkardır, bu gün o hər şeyə qadirdir - həm janr, həm də əhatə anlamında!".
Səhnənin dərinliklərində Şuşa günəşi doğurdu. Bizim ümid günəşimiz...
MƏSLƏHƏT GÖR: